"Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar"

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi 24 saatdan az müddət davam edən antiterror tədbirlərindən sonra regionda yeni siyasi vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və Qarabağdakı erməni sakinlərin bir çoxu könüllü şəkildə Ermənistana gedib.

Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq onlarla erməni Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib.

Qarabağda vəziyyətin sabitləşməsindən sonra orada sülhməramlıların qalıb-qalmaması müzakirə mövzusuna çevirilib. Ötən gün Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Həmçinin, Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezindenti Vladimir Putin sülhməramlıların statusundan danışıb.  "Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.

Bu gün isə Rusiyanın TASS dövlət informasiya agentliyi adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Bütün bunların fonunda Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxacağı ilə bağlı fikirlər ortaya atılıb. Həqiqətən bu mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Rusiya sülhməramlıların kimisə qorumasına ehtiyac qalmayıb:

“10 noyabr 2020-ci il tarixli sənəddə Rusiya sülhməramlılarının hansı missiyaları həyata keçirməli olduğu təsbit olunmuşdu. Lakin səmimi desək, sülhməramlılar ərazimizə gələndən öhdəliklərini həyata keçirmək yerinə, separatçıları, terrorçuları, cinayətkarları qorumaqla, onların fəaliyyətinə şərait yaratmaqla məşğul oldu. Bir sözlə, separatçılarla əməkdaşlıq yolunu tutdular. Ötən 3 il ərzində Azərbaycan ərazisinə silah-sursat daşınmasında sülhməramlılar da iştirak etdi. Azərbaycan 44 günlük müharibə ilə BMT-nin qəbul etdiyi 4 qətnaməni necə icra etdisə, eləcə də 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə sülhməramlıların həyata keçirməli olduğu işləri həyata keçirdi. Yəni erməni silahlılarını ərazidən çıxarmalı olduğu halda, Azərbaycan bunu antiterror tədbirləri ilə özü etdi. Bu gün ərazilərimizdə Ermənistana aid silahlı birləşmələr yoxdur. Separatçıların başçılarının müəyyən qismi həbs olunub, digərləri də həbs olunacaq. Bunların sayı çoxdur. Təbii ki, bunlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var.  İmkan olduqca, onlar da həbs olunacaq. Belə olan halda, Rusiya sülhməramlıları kimi kimdən qoruyacaq? Artıq kimlərinsə, təhlükəsizliyinin təmin edilməsindən söhbət gedə bilməz. Onların ərazimizdə missiyası başa çatmış hesab olunur”.

Deputat Rusiya sülhməramlılarının ərazidən nə vaxt çıxacağı ilə bağlı məsələyə də toxunub:

“Rusiya Federasiyasının Prezidenti cənab Putin Valday klubundakı çıxışında sülhməramlıların heç bir missiyasının qalmadığını deyib. Qarabağ məsələsi artıq başa çatıb. Sülhməramlıların orada daha icra edəcəyi vəzifə yoxdur. Onların nə vaxt və necə gedəcəyi artıq gedişatda, işgüzar şəraitdə müəyyən olunacaq. Ərazilərimizdə Azərbaycan Ordusundan başqa bizə qardaş və dost olan dövlətlərə aid müttəfiqlik səviyyəsində müəyyən hərbi birləşmələr ola bilər. Ancaq daha Rusiya və digər məsələlər artıq tarixdə qaldı”.

Elman Məmmədov Fransa və Ermənistanın bu məsələyə razılıq verdiyini deyib:

“Fransa və Ermənistan bu məsələni rahatlıqla qəbul edirlər. Guya ki, Rusiya  sülhməramlılarının Qarabağdan çıxması ilə yanaşı Ermənistanın tələbi və təzyiqi ilə Rusiyanın 102-ci briqadası da Ermənistandan çıxacaq.  Beləliklə, Fransa və başqa Avropa dövlətləri Cənubi Qafqaza ordu yeridə biləcək. Ancaq bu, onların  xam-xəyallarıdır. Ermənistan ərazisinə gələ bilərlər. Azərbaycan ərazisinə isə təbii ki, gələ bilməyəcəklər. Bir məsələ də var ki, Rusiya sıradan, asan həzm olunan dövlət deyil. Rusiya Cənubi Qafqazda, xüsusilə də, Ermənistanda öz mövqelərini qoruyub, saxlayacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da Qarabağdan çıxıb getməyəcək:

“Rusiya sülhməramlıları Qarabağda 20 əvəzinə, 25 post qurmuşdular. Yəni postların sayı əvvəlcədən razılaşdırılmış saydan çox idi. indi Əsgəran, Şuşa və Ağdərədə onların qalmasına ehtiyac yoxdur. Çünki həmin ərazilərdə erməni millətindən olan şəxs yoxdur. Oraya hələ Azərbaycan əhalisi də köçməyib. Boş ərazilərdir. Həmin postlarını tərk ediblər. Azərbaycan cəmiyyəti olaraq, Rusiya Prezidentinin dünən Valdayda keçirilmiş Beynəlxalq Diskusiyya Forumundakı çıxışına ciddi yanaşmalıyıq. Əgər kimsə, düşünürsə ki, noyabr ayında Rusiya sülhməramlıları gedəcək, mən həmin adama imkanım daxilində ən böyük hədiyyəni verməyə hazıram. Eyni zamanda son 3 gün  ərzində Rusiyada rəhbərlikdə təmsil olunan şəxslər sülhməramlılarla bağlı məsələni Azərbaycan ilə müzakirə aparacaqlarını dedilər. Çıxarılacağından söhbət getmədi. Əminliklə deyə bilərəm ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar. Buna heç kəsin şübhəsi olmasın. Dünən Putinin bəzi açıqlamalarından sonra qərarımı qətiləşdirmişəm. Onlar Qarabağdan getməyəcəklər”.

Hərbi ekspert Rusiya-Azərbaycan patrulunun yaradılacağını bildirib:

“Azərbaycan erməniəsilli vətəndaşların Xankəndidə saxlayacaq. Onlarla azərbaycanlılar arasında Rus-Azərbaycan patrulu yaradılacaq. Ermənilərə etimad edilib, polis kimi işləmələrinə icazə verilənə qədər bu patrul işinə davam edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

Share on Facebook