Rusiya regiondan getməmək üçün əlindən gələni edəcək - Məhəmməd Əsədullazadə

“Paşinyanın ərazi bütövlüyümüzü tanıması haqqında bəyannaməyə imza atması birinci hal deyil”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Qranadada Avropa Siyasi Birliyinin zirvə görüşünün keçirilməsini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, “Praqada da Paşinyan Alma-Ata bəyannaməsinə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu növbəti dəfə gündəliyə gətirmək Avropa İttifaqının birbaşa planına daxil idi. Çünki Aİ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün çalışır və Ermənistanın 29,8 min kv.km ərazisinin katastrını hazırlamaq istəyir.

Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hüquqi baza formalaşdırır. Azərbaycan da həmişə qeyd edib ki, Ermənistanın ərazisinə iddiamız yoxdur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 1975-ci il xəritəsini ortaya atır.

Əgər Ermənistan 1975-ci il xəritəsinin üzərində dayanarsa, imzaladığı bəyanatlar yenidən kölgədə qalacaq. Çünki burada ərazi mübahisəsi də ortaya çıxa bilər. Azərbaycan isə indiki şərtlər daxilində delimitasiya və demarkasiyanın aparılmasında maraqlıdır. Ümumiyyətlə, Qranadada növbəti dəfə ərazi bütövlüyü məsələsi ilə bağlı bəyanata Paşinyanın imza atması Ermənistan ərazisini qoruma altına almaq, Rusiyanı sıxışdırmaq, Zəngəzurla bağlı məsələdə önləyici addım atmaqdan ibarətdir”.

Daha sonra Rusiya prezidenti Vladimir Putinin Soçidəki çıxışını şərh edən politoloqun fikirincə, Rusiya uzun müddət Qarabağdakı separatçılara dəstək verib, hətta müharibə dövründə də çalışıb ki, Qarabağ Ermənistanın tərkibində qalsın: “Putinin danışdıqlarında müsbət heç nə yox idi. Çünki geosiyasi reallıqlar dəyişib və Rusiya da məcbur olub ki, bu reallıqlarla barışsın. Amma Ukrayna müharibəsi başlamasaydı və Türkiyə faktoru olmasaydı, Rusiya hələ də regionda mövqeyini saxlayacaq və ərazilərimizin işğalı davam edəcəkdi”.

Share on Facebook