Ermənistan ilə Azərbaycan arasında Qarabağda dair məsələ tamamilə yekunlaşdı. Bu fakt öz növbəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.
Lakin indiki məqamda əsas sual budur: Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi harada və ya hansı platformada imzalanacaq? Son proseslər bunun anonsu sayıla bilərmi? Yəni Azərbaycan Qərb masasından imtina edə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda regionda və dünyada geosiyasi vəziyyət sürətlə dəyişir:
“Belə olan təqdirdə Ermənistan ilə Azərbaycan arasında yekun sülhün nə zaman və harada imzalanacağını demək çətindir. Lakin hazırda sülh müqaviləsi ilə bağlı üç platforma diqqət çəkir:
1. Brüssel formatı;
2. Vaşinqton formatı;
3. Moskva formatı;
Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərin effektivliyi azdır. Çünki Ermənistan ilə Rusiya arasında gərginlik var və proses hələlik səngimir. Belə olan təqdirdə bu formatda keçirilən görüşlərin nəticəsində sülh müqaviləsinin imzalanması çətin görünür.
Brüssel formatı isə daha çox son zamanlar Qərbin sərgilədiyi qərəzli mövqeyə görə bir qədər motivasiyanı aşağı salır. Belə ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyaların tətbiq edilməsini özündə ehtiva edən qətnamə bu formata olan inamı da azaltdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Qranadada keçirilən görüşdə iştirak etməyərək Qərbə qarşı etirazını bildirdi.
O ki qaldı Vaşinqton formatına, burada əsas məsələ Rusiya-ABŞ münasibətləridir. Moskva Vaşinqtonla rəqabət içərisində olduğu üçün bu formatda əldə edilən qərarların icrasına mane olmaq istəyir. Bu da öz növbəsində formatı qeyri-effektiv edir”.