Mahaçqalada vəziyyət necədir... - İsrail hərəkətə keçib

Xəbər verdiyimiz kimi, Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb. İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına soxulub. Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz ediblər və Fələstin xalqına dəstək olaraq ifadə ediblər. Etirazçılar "Allahu Əkbər" deyə qışqırıblar. Sozcu.az xəbər verir ki, etirazçılar hava limanından çıxarılıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Mahaçqala hava limanı icazəsiz girən şəxslərdən "təmizlənib". Etirazçılara görə təyyarələrin qəbulu noyabrın 6-dək dayandırılıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və İsrail Xarici İşlər Nazirliyi isə birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, İsrail Dağıstanda baş verənləri izləyir və Rusiya hüquq-mühafizə orqanlarından yəhudiləri müdafiə etməyi gözləyir. “İsrail Rusiyanın hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını gözləyir. Onlar iğtişaşçılara və yəhudilərə və israillilərə qarşı yönəlmiş vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etməlidirlər”, - bəyanatda deyilir. Açıqlamada, həmçinin qeyd olunub ki, İsrailin Moskvadakı səfiri Aleks Ben-Zvi israillilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya hakimiyyət orqanları ilə işləyir.

ABŞ amfibiya hücum gəmisi Aralıq dənizə doğru hərəkət edir - Təcili

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Bataan" amfibiya hücum gəmisi Aralıq dənizinin şərqinə doğru hərəkət edir. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Gəmi hazırda Qırmızı dənizin sularındadır və onun tezliklə Süveyş kanalından keçərək Aralıq dənizinə çıxacağı gözlənilir. Dəniz piyadalarının yerləşdirilməsi qərarı Pentaqonun Fələstin-İsrail münaqişəsinin şiddətlənəcəyindən və bütün regionu bürüyəcəyindən ehtiyat etdiyi üçün verilib. Bölmə genişmiqyaslı təxliyə və humanitar yardım göstərmək məqsədilə 2 mindən çox dəniz piyadasından ibarətdir.

Bayden Netanyahudan sonra ona zəng etdi

ABŞ Prezidenti Co Bayden Misir Prezidenti Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, Bayden Misirin Qəzza zolağının mülki əhalisinə humanitar yardımın çatdırılmasında göstərdiyi aparıcı rola görə minnətdarlığını bildirib. Liderlər bu gündən başlayaraq, Qəzzaya axan yardımın həcmini əhəmiyyətli dərəcədə sürətləndirməyə və artırmağa razılaşıblar. Onlar həmçinin mülki insanların həyatının qorunmasının, beynəlxalq humanitar hüquqa hörmətin və Qəzzadakı fələstinlilərin Misirdə və ya hər hansı digər dövlətdə məcburi köçkünə çevrilməməsinin təmin edilməsinin vacibliyini müzakirə ediblər. Bayden və Sisi Fələstin dövlətinin yaradılması da daxil olmaqla, Yaxın Şərqdə davamlı sülhə şərait yaratmaq üçün birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər. Qeyd edək ki, Bayden bundan öncə İsrail Baş naziri Netanyahu ilə danışmışdı.

Mahaçqalada iğtişaş törədən 510 nəfər...

Mahaçqala hava limanında iğtişaşlar törədən 510 nəfərin şəxsiyyəti müəyyənləşib. Sozcu.az xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bazaları əsasında uyğunlaşdırma aparılır. Bildirilib ki, onların arasında səfərbərliyə cəlb olunan, axtarışda olan şəxslər var. Müvafiq qurumlar 17 provokatorun da kimliyini müəyyən edib.

Netenyahu üzr istədi

İsrail Baş naziri Binyamin Netenyahu kəşfiyyat orqanlarının onu HAMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib. APA-nın xəbərinə görə, Binyamin Netenyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib. İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.

Ukrayna ordusu Rusiyanın daha bir təyyarəsini vurdu

Ukrayna ordusu Rusiyaya məxsus Su-25 təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmisi Andrey Demçenko məlumat yayıb. Təyyarənin Avdeyevka istiqamətində vurulduğu bildirilir.

Hərbçimiz vəfat etdi - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Ərdoğan Qəzzadakı qatilləri Türkiyəyə aparsın - Nazir

Prezident Rəcəb Tayyib Ərdoğan qatil nasistləri Qəzza zolağından Türkiyəyə aparsın. Sozcu.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. “Ərdoğan və xalqının uşaqlarımızı, qocalarımızı və qadınlarımızı öldürən, qarət və təcavüz edən qatil nasistlərə böyük dəstəyini görürəm. Mən Ərdoğana bircə təklif edə bilərəm ki, o, onları uzaqdan dəstəkləməklə yanaşı, həm də Türkiyədə yaşamaq üçün himayəsinə götürsün”, - nazir bildirib.

İsrail Qəzzaya gedən daha bir su kəmərini açdı

Oktyabrın 28-də İsrail Qəzza zolağına gedən üç su kəmərindən ikincisini açıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “İsrail Qəzza zolağına su verən üç su kəmərindən ikincisini şənbə günü yenidən açıb”, - məlumatda deyilib. Nəşr bildirib ki, hazırda anklavda humanitar ehtiyacları ödəmək üçün yetərincə su və qida var.

İranın hədəfləri VURULDU: 900 hərbçi TƏCİLİ hərəkətə keçdi

ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə hücumlar səbəbindən İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib. Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb. Ostin hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirib: "Bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırırıq". Qeyd edək ki,  Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi. Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 hərbçi yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada bildirilib ki, Bayden İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar edib. Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım və partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər.

Astarada 18 yaşlı gənc 40 yaşlı kişini GÜLLƏLƏDİ

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdaş rayon prokurorluğundan Sozcu.az-a verilən xəbərə görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qəzzada 8 mindən çox insan ölüb - Fələstin

İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. "Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir. Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.

"Putin, şübhəsiz ki, ölüb... Cəsədi bu şəhərdə soyuducu kameradadır..."-Rusiyalı analitik

İşğalçı Rusiya prezidenti Vladimir Putin dünyasını dəyişib. Hazırda Putinin cəsədi Valdaydakı iqamətgahının soyuducu kamerasındadır. Sozcu.az "UNİAN"a istinadla  xəbər verir ki, bu sözləri məşhur Ukrayna jurnalisti Qordona müsahibəsində rusiyalı siyasi analitik Valeri Solovey söyləyib. Analitik qeyd edib ki, belə bir vəziyyət son dərəcə alçaldıcıdır, lakin Rusiya diktatoru tamamilə buna layiqdir.  Onun sözlərinə görə, Putinin fiziki ölümünə heç bir şübhə yoxdur. "O, şübhəsiz ki, ölüb. Cümə axşamı, oktyabrın 26-da saat 20:40-da ölüb. Geridönməz şəkildə, nəhayət... Alçaldıcıdır, doğrudu, lakin o, buna tamamilə layiqdir. Onun fiziki ölümünə heç bir şübhə yoxdur", - deyə analitik bildirib. Solovey qeyd edib ki, 2019-2020-ci illərin sonunda Putinə xərçəng diaqnozu qoyulub. 2020-ci ilin fevralında israilli həkimlər onu əməliyyat ediblər. Sonra onun sağqalma ehtimalının bir il yarımdan çox olmayacağını təyin ediblər. "Yazda onun müalicəsini dayandırdılar və səhhətində əvvəllər gecikdirilə bilən qaçılmaz pisləşmə başladı. Yayın əvvəlində mənə dedilər ki, onun sağ qalma ehtimalı bu ildən o yana uzanmır. Və avqustun-sentyabrın əvvəlində mənə bildirdilər ki, o, yıxıldıqdan sonra sağ qalmayacaq və bu tamamilə doğru çıxdı”, - deyə Solovey diqqətə çatdırıb. “Sentyabrın sonunda mənə xəbər verdilər ki, "üfüq" yaxınlaşır və o, oktyabrdan o yana sağ qalmayacaq... Belə də oldu. Oktyabrın 26-da Putin vəfat etdi. Bundan əvvəl, bir neçə gün öncə ürəyi dayanıb, bundan sonra o, artıq intensiv terapiya palatasında, yəni reanimasiyada olub. Saat 20:00-da Putinin vəziyyəti pisləşməyə başlayıb... Əlavə briqada çağırıblar, əlavə reanimasiya tədbirləri görüblər. Lakin Saat 20:40-da o, dünyasını dəyişib”, - deyə analitik yekunlaşdırıb.

Rusiyanın itkiləri 300 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 613-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 299 080 hərbçi, 5175 ədəd tank, 9758 ədəd zirehli döyüş maşını, 7188 ədəd artilleriya sistemi, 834 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 558 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9532 ədəd avtomobil texnikası, 5399 ədəd PUA, 1544 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1012 xüsusi avadanlıq itirib.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - V hissə

   1923-cü ilin yayında Zaqatalanın Uzun Qazmalar kəndində Osman adında bir dostumuzun evində qonaq idik. O, mərd bir kişiydi. Bizi ərzaqla təmin edib mühüm məlumatlar verirdi. Onların kəndi bağlı-bağçalı cənnətə bənzər bir əraziydi. Osman mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, bu günlərdə səhər tezdən bağı yoxlamağa çıxmışdım. Gördüm ki, uzunboylu, qüvvətli bir rus meyvə ağaclarının arasında mənim dəryazımla ot biçir. Ona yaxınlaşıb soruşdum :      -Sən nə üçün icazəsiz mənim bağıma girmisən ? O, bu sözümdən hirslənib üstümə şığıdı. Əlindəki dəryazın sapı ilə məni döyməyə başladı. Başımı əyməsəydim dəryazla boğazımı üzmüşdü, qorxudan fındıq kollarının arasına girdim. O yenə sakitləşmirdi. Yenidən üstümə hücüm çəkdi. Sonra əlindəki dəryazı tullayıb əyləşdi. Cibindən tənbəki çıxarıb qəlyanını doldurdu. Mən hiss etdim ki, o çox kədərlidir. Mənə də tənbəki uzadıb, çək- dedi. Sonra mənə üz tutub – Oğlan bir yaba o nədi ki, məni təhqir etdin ? Mənim kim olduğumu bilirsənmi ? Axı, mən məşhur fabrikant, milyoner Morozovların nəslindənəm. Ölümdən qaçdım ki, izim itsin. Hər şeyimizi əlimizdən aldılar. Sən elə bilirsən ki, bu qədər bağ-bağça sənə qalacaq ? Bolşeviklər sizidə dilənçi qoyacaqlar.     Onun bu sözləri mənə çox təsir etdi. Sonralar dostlaşdıq. Ara-sıra görüşüb siqaret çəkirdik. Söhbətimiz tuturdu.     Osmanın bu söhbəti mənə də çox təsir etdi. Günlər keçir bolşeviklər isə qüvvətlənirdilər. Təslim olmaq isə ağlımıza belə gəlmirdi. Gəncənin Gədəbəy nahiyəsində Məcid bəy, yaxınları və oğlanları ilə qış aylarında dağların zirvəsindəki Koroğlu qalasına çəkilmişdi, fürsət düşdükcə bolşeviklərə divan tutub onlarla əsgərini məhv edirdi. Mağara ətrafında qarın hündürlüyü bir metrə çatdığından yerləri bəlli deyildi. Nəhayət onların yerlərini müəyyən edib qarı təmizlətdilər. Mağara yaxınlığında istehkam qurub xeyli qoşun gətirdilər. Məcid dəstəsiylə davaya girişdi. 12 gün çarpışma oldu. Mağara ətrafı bolşeviklərin meyidlərilə dolsa da qoşunun ardı-arası kəsilmirdi. Məcid dəfələrlə özümüzünkülərə :     -Siz, arxa tərəfdən aradan çıxın, mən qoşunun qarşısına heç olmasa bir saat saxlaya biləcəm – desə də heç bir silahdaşı onu tək buraxmadı. Lakin Məcid sonuncu dəfə onlara əmr edir. Adamlarının xeyli hissəsini aradan çıxarır və özü tək başına üç gün, üç gecə döyüşür. Silah-sürsatı qurtardığını hiss edib sonuncu gülləni ürəyinə sıxır. O öləndən sonra da bir müddət bolşeviklər mağaraya girməyə cürət etmir və nəhayət oraya bir nəfər daxil olub Məcidin öldüyünü görür və çıxıb bolşeviklərə muştuluq verir.     Yenə Gədəbəyin İnəkboğan kəndindən Məlik bəy, Qaraağac kəndindən Molla Zeynalın oğlu Abuzər, Gədəbəyin özündən Mustafa ağa eyni vaxtda bolşeviklərlə döyüşürdülər. Bizim dəstəmiz də fürsət tapıb basqın edir, bolşevikləri göz açmağa qoymurdu.     Samuxun Ocaq kəndi yaxınlığında dağ ətəyində Sarısu deyilən yerdə qoyun sürüləri vardı. Neçə müddət idi ki, bu ərazidə gəzib-dolaşırdıq. Sürülər dərənin içindəydi. Növbətçi bizə əlli nəfərlik bir dəstənin yaxınlaşdığını xəbər verdi. Biz onları görsək də onlar bizi görə bilmirdilər. Onlar sürülərə yaxınlaşıb atlardan endilər.Çobanlar gələnlərin atlarını çəkib bağladı. Onların komandiri İdrisi yaxşı tanıyırdıq. Bu canavar harda olursa-olsun qaçaqların yerini öyrənmək üçün günahsız insanlara işkəncə verir, bəzən dəmiri qızdırıb danışmayanlara heyvan kimi dağ basıb öldürürdü. O da atından endi. Çobanın çomağını alıb kəlləsinə vurmaq istəyəndə güllə ilə sağ qolunu qırdım. Sonra nərə çəkib “təslim olun” deyə bağırdım. Güllələr dolu tək yağdığını görən bolşeviklər silahlarını atıb təslim oldular. Hamısını mal damlarına doldurduq. İçərisində Mühiddin adlı bir yaşlı adam vardı. Onunla həmin sürünün sahibi mənə yalvarmağa başladı. Qasım dedi :     -Əgər bunları öldürsən bizim nəslimizi kəsəcəklər. Bu dağlarda çoban qalmayacaq. Mən bunu başa düşürdüm. Qaçaqlar İdrisi tövlədən çıxarıb xəncərlə qırılan qolunu kəsib tək qolla buraxdılar.     Aylar-illər keçirdi. Daimi yerimiz olmadığı üçün ormanlarda, dağda-daşda gəzib dolaşırdıq. Ara-sıra döyüşlərimiz də olurdu. 1927-ci ilin son bahar ayında bizimlə görüşmək üçün Moskvadan bir dəstə adamın gəldiyini xəbər verdilər. Yanıma adam göndərdilər. Mən görüş yeri təyin etdim. Bizə təslim olmağı da təklif etdilər. Əgər təklif qəbul olunsa bizə toxunulmayacağına və vəzifə verəcəklərinə də söz verdilər. Onların içərisində Şükrü Köçərli adlı bir vəzifəli adam da vardı. Mən hiss etdim ki, onun mənə deyəsi məxfi sözü var. Bir az kənara çəkildim.     Ələs də yanımdaydı. Şükrü ona şübhə ilə baxdıqda – doğma qardaşımdı, dedim. O isə sakitcə dedi :     -Qasım bəy, bu vədlərə inanma, səni tutan kimi öldürəcəklər. Heç vaxt təslim olma, yeganə ümidim sənədi.     Bu insan əsl türk qanı daşıdığını sübut edirdi. Əgər kommunistlər içərisində Şükrü kimilər olmasaydı allah bilir ki, xalqımızın taleyi necə olardı. Fəqət belələrini də qısa zamanda “rus mujikləri”, “erməni dığaları” ilə əvəz etdilər. Axırda Şükrü bizi toplayıb nitq söylədi: - Yoldaşlar, təslim olun, əks təqdirdə məhv olacaqsınız. Hələ ki, imkan var.     Onun bu nitqini dinlədikdən sonra yollarımız ayrıldı. Onlar Gəncəyə, biz isə ormanlara üz tutduq.     Ceyran düzü deyilən böyük bir ərazidə “Qanlıdərə” adlı bir yer vardı. Mənbəyini Gürcüstan ərazisindən götürən çay yağışlı havalarda aşıb-daşır, hər il həmin yüzlərlə adam sulara qərq olurdu. Ona görə də həmin yerə “Qanlıdərə” deyirdilər. Həmin dərənin kənarı münbit olduğundan otların hündürlüyü bəzən bir metrə çatırdı. Biz ora gəldik. Ərzağımız tükənmişdi. Suyumuz da yox idi. Ümidsiz halda otlaq sahələrinin içərisində gəzməyə başladım. Birdən ayağıma nəyinsə ilişdiyini hiss etdim, aşağı əyildikdə gözlərimə inanmadım. 10-12 kiloqramlıq qarpız idi. Yəqin ki, ötən il kimsə burada qarpız yeyib tumunu da torpağa basdırıb, arzulayıb ki, qismət olsa gələn il gəlib dərərəm. İndi isə həmin qarpızlar bizim ruzimiz oldu. Hər tərəf yetişmiş qarpızla doluydu. Mən ayağımın altındakı dərib qucağıma aldım. “Qarpız satıram, alan varmı” deyə çığırdım. Zavallıların susuzluqdan ağızları qurumuşdu. Onlar da mənə tərəf gəlib hərəsi bir dənə qarpız dərdi. Əyləşib doyunca yedik. Allahın bizə qismət etdiyi nemət idi.     Dövlət adamları ilə görüşümüzdən bir ay keçmişdi. Yerimizi dəyişmək üçün sallarla Kürü keçib gecə düşdüyünə görə dincəlmək istədik. Ağacların dibində yapıncıları salıb uzandıq. Qardaşım Əsədlə Fidail növbətçiydi. Məni yuxu apardı və yuxuda gördüm ki, əzrayıl gəlib bir nəfərin canını almağa, qışqırıb ayıldım. Qaçaqlar yorğun olduğundan hamısı yatmışdı. Ayağa qalxıb növbətçiləri yoxladım. Onlar da şirin-şirin yuxudaydı. Əsədlə Fidailin qamçılarını və silahlarını götürüb gizlətdim. Sonra isə - “təslim olun”- deyə qışqırdım. Onlar möhkəmcə qorxdular.     Səhər tezdən isə qoyun kəsib yemək hazırladıq. Əlavə iki atlı qonağımız da gəldi. Biz yemək hazırlamaqla məşğul olan zaman qarşımızdan dörd arabanın keçdiyini gördük. Arabalarda on nəfər əyləşmişdi. Onlara baxıb şübhələndim, qalxıb yanlarına getdim. Yaxınlaşdıqca şübhəm daha da gerçəkləşirdi. Əyinlərindəki paltarların qolları bəzisində uzun, bəzisində isə qısaydı. Bu paltarların onlara məxsus olmaması aydınca hiss olunurdu. Bunlar işçi paltarlarına bürünmüş rus əsgərləriydilər. Arabalara yaxınlaşanda isə otların altında parıldayan dəmir əşyalar gördük. Yəqin ki, iriçaplı makinalı silahlar idi. Onların başçısı zalım bir insan kimi tanınan kommunist mühəndis Vasili Fyodroviç idi. Arabanın arxasında isə Qubalı Abdullayev əyləşmişdi. Mən Abdullayevə salam verdim. O da salamımı aldı. Hara getdiklərini soruşduqda dili topuq çaldı. Başa düşdüm ki, onlar bizi mühasirəyə salıb məhv etmək üçün əraziyə gəliblər. Mənə yanlış bir məlumat verdi ki, güya Kürün üzərində yeni keçid tikəcəklər. Mən xeyirli olsun – deyib geri döndüm. Bir az uzaqlaşmışdım ki, bir əl bombasının mənə tərəf atıldığını gördüm. Xoşbəxtlikdən bomba bizdən aralı bir ağacın ətrafındakı qumsallığa düşdü və orda ağaca bağladığımız bir at param-parça oldu. Elə bu zaman qaçaqlardan biri: - Nə durursan arxadan gələn kafiri gəbərtsənə - deyə qışqırdı. Mən arxaya dönər-dönməz onu cəhənnəmə göndərdim. Amansız mücadilə başladı. Atəş səsindən barıt iyindən durmaq olmurdu. Bizdəndə ölənlər oldu. Əmim oğlu Cəbrayıl isə ağır yaralandı. Bizim isə əsas məqsədimiz Vasili və Qubalı Abdullayevi vumaq idi. Buna da nail olduq. Onları öldürdükdən sonra milislərdən də məhv edə bildik. Sağ qalanlar isə canlarını qurtarıb qaçdılar. İki yaralımızı aparmaq üçün müsafirlərimiz öz atlarını bizə verdi. Axşam tərəfi olduğuna görə həmin yerdən aralanmağı qərara aldıq və yolda qarşımıza çıxan iki əsgəri də öldürdük. Biz doqquz nəfər idik. İki yaralı at belində biz isə piyada yol gedirdik. İçimizdən ən yaşlısı Rüstəm Ağabəy idi. O, bizlə ayaqlaşa bilmədiyindən ayaq saxlayıb soruşdum:     -Ağabəy, bəlkə nəsə olub görürəm ki, çətin yeriyirsən ?     O, qaçaqlara bildirmə, yaralıyam dedi, bağırsaqlarım da bayıra çıxıb. Onun qoluna girdim. Bir təhər Ceyran çölündə Kərbalayi Hacıların arxasınca gəldik. Hacı bizi qonaq etdi, qoyun kəsdirdi. Yeməyimizi yeyib yaralıların yaralarını sardıq və sonra yerimizi azdırmaq üçün əlimizdə olan iki atıda güllələyib dərəyə atdıq. Hacı bizə iki qatır verdi, yaralılar qatırlarda, biz isə piyada Ceyran çölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızda sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, indi çobanların arxacları görünəcək – dedi. Arxaclara yaxınlaşanda mən qurd kimi ulamağa başladım. Səsini eşidən çoban itləri hürməyə başlayanda arxacların yaxında olduğunu anladıq. Biz, bir azdan “Koroğlu mağaraları” deyilən yerə çatdıq. Çobanlarla görüşdük və izimizi yox etmək üçün onlar gəldiyimizi yolla qoyun sürülərini gəzdirdilər. Bu mağaralarda bir ay yarım dincəldik. Çobanlar bizi ətlə və ərzaqla təmin edirdilər. Havalarda tədricən isinməyə başlayırdı.     Biz həmin yerdən ayrılıb Şəmkir istiqamətinə getdik. Şəmkir stansiyası və ilə Qaracaəmirli kəndi arasında bizi təqib edən, məhv etmək istəyən yerli kommunistlərdən Əmirxan Əlirza oğlunu və dəstəsinin yerini öyrənib hamısını güllələdik. Sonra yerimizi dəyişib Quşqara çayı tərəfdəki vadidə gizlənə bildik. Ora qamışlıq idi. Baharın gəlməsi, ağacların çiçək açmasından məlum olurdu. Bir neçə gün dincəlib ulduzlarla istiqamətimizi təyin etdik. Yenidən Samuxa döndük.     Bir müddət keçdi və eşitdik ki, Gəncə yaxınlığındakı Safıkürd kəndindən Yüzbaşı Cəlal bizi yaxalayıb öldürmək, yaxud dövlətə təhvil vermək barədə tədbirlər görür. Bu barədə dövlət məmurlarına söz də verib. Bu adam həmin kənddən bir nüfuzlu imamın oğluydu. Samuxa qoşun çəkən Cəlalı atası çağırıb deyir :     -Oğlum, Samuxa gedən geri qayıtmır. Allahdan qorx, bu işdən əl çək – deyə onu fikrindən daşındırmaq istəyir. Cəlal isə - Mən Allah filan tanımıram. Mənim Allahım kommunizmdir. Söz vermişəm, gərək Qasımın kəlləsini gətirəm – deyir.     Biz, Qavrı çayının kənarında istirahət edib yeni mücadiləyə hazırlaşdığımız vaxt bir çobanın bizə tərəf gəldiyini gördük. O tanışımız idi... Mən yerimdən qalxıb onu qarşıladım. Hal-əhval tutub dedi ki, bir yüzbaşı ilə bir neçə əsgər səninlə görüşmək istəyir. Mən cavab verdim :     -Get söylə ki, ayrılıqda özü və iki əsgərilə gələrsə görüşə razıyam. Çoban bizdən ayrıldı.     Axşam üstü onlar vədləşdiyimiz yerə gəldi, mən də önəmli yerlərə adamlarımı düzüb onları gözləyirdim, yaxşılıq əvəzinə yüzbaşı yavalıq etməyə başladı. Onların planları beləymiş ki, danışıqlar bitəndə pusquda olanlar hücum edib bizi tutsunlar. Bundan da heç birimizin xəbərimiz yox idi.     Mən silah səsi eşitdim. Bunu bizimkilərin atdığını his edib :     -Bu qonağa hörmətsizlikdi – deyə qışqırdım. Sonra öyrəndim ki, qaçaqlardan biri vurulub. Cəbrayılı öldürüblər. Bu zaman növbətçi dayanan qardaşım Ələs bizə tərəf qaçıb qışqırdı – nə durursan – deyərək Əsəd də silaha sarıldı. Mən danışığa gələnlərin vurulmamaları üçün araya girdim. Elə bu vaxt hiss etdim ki, yüzbaşı məni nişan alıb. Lakin mən çevrilməmiş Ələsin gülləsi qoltuğumun altından keçib yüzbaşını yerə sərdi. Bu hadisə bir anlığa baş verdi. Gələnlərin ikisini də mən öldürdüm. Aləm cəhənnəmə bənzəyirdi. Aralıda qardaşım Əsədi gördüm. O dayanmışdı. Mən ona tərəf qışqırdım: - Niyə dayanmısan ? yaxın gəlsənə ? O, mənə - dur, dedi, məni yaraladılar. Barı siz döyüşü davam etdirin. O sonra sürünə-sürünə bizə yaxınlaşdı. Ağır yaralıydı. Bu da azmış kimi şiddətli yağışda yağmağa başladı. Elə o anda da bizlə döyüşənlər qaçıb getdilər. Mən qaçaqları yoxladım, məlum oldu ki, iki nəfər yoxdu. Belə hallarda bizim parolumuz vardı. Qurd kimi ulamağa başladım. Bir az keçdikdən sonra cavabını aldım. Onlarla qovuşa bildik, gecəni isə yaxınlıqdakı bir arxacda qalmalı olduq.     Sol ayağından yaralanan qardaşım Əsədi bir ata mindirib Alazan çayını keçdik. Sonra isə daha təhlükəli bir yerdən keçməliydik. Yaralı qardaşım Əsəd özünün bizə yük olmasına dözmürdü. Tələb edirdi ki, onu buraxıb gedək. Silahını da yanında saxlayaq. Gücü çatdığı qədər düşmənlə mübarizə aparıb son gülləsini də özünə vuracaq. Bu əl kişilik idi. Lakin biz hamımız ölsək də Əsədi qoyub getmək ağlımıza belə gəlmədi. Allah burda da bizləri qorudu. Hamımız sağ-salamat keçidi adladıq. Dağ ətəyindəki sərt qayalara sığındıq. Orada Əsədin vəziyyəti tamam ağırlaşdı. Neçə gün idi ki, yuxu yatmırdı. Qarnı da qaval kimi şişmişdi. Mən bir qoyun kəsdirib dərisini su ilə doldurdum, qamışdan da boru düzəltdik. Sonra Əsədi imalə etdik. Ona yalnız süd və su verirdik. Bu zaman Zaqataladan qaçaq Şüayib də 25 nəfərlə gəlib çıxdı. Onların arasında həkim də vardı. Mənu bunu gizlicə həkimə bildirdim və o da Əsədin müalicəsi ilə məşğul olmağa başladı. Bir iki gündən sonra Şüayib dəstəsilə çıxıb getdi. Biz isə vətənimiz Samuxa doğru yol başladıq. Ona görə ki, ordakı insanlara inamım yox idi.     Səhər erkən “təslim olun” çığırtısı bizi çaşdırdı. Üstümüzə basqın etmişdilər. Həmin gün axşamadək atışmamız davam etdi. Bir nəfərimiz yaralansa da onların çoxunu öldürə bildik. Sonda isə atışa-atışa bir kəndə girdik. Qorxusundan heç kəs bayıra çıxmırdı. Bizimlə atışanların birini tutub ağacla döyə-döyə öldürdük və yerimizi dəyişdik. Yenə də bizi məmləkətimizin xeyirxah çobanları qorudular.     Bolşeviklərin qaçaqları öldürmək üçün qızışdırıb ortaya atdıqları bir nəfər də öz qəddarlığı, namərdliyilə aləmə bəlli olan çoban Qasım idi. Bu insan öldürdüklərinin qanını içməyə hazır idi. Bizim olduğumuz yeri Qasım dövlət adamlarına nişan verdiyinə görə ətrafımıza xeyli canlı qüvvə toplamışdılar. Yerimizi dəqiqləşdirmək üçün çobanlara işgəncə verirdilər. Bu zaman Bincalı qəbiləsindən olan bir gənc qan-tər içində özünü bizə çatdırıb bəzi məqamları anlatdı. Bu xəbəri alıb ormandan keçən şose yolunu nəzarətə aldıq. Bir az irəlidəki qəsəbədən siqaret almaq məqsədilə iki silahdaşımız bizdən ayrılmışdı. Bu zaman şose yolu tərəfdən yaxşı tanıdığım Məhəmməd dayının sürüsünün bizə tərəf gəldiyini gördüm. O yanımıza çatdı. Mən hal-əhval tutsam da Məhəmməd dayı bir kəlmə də danışmırdı. Əlini ağzına qoyub susurdu. Sürü yanımızdan keçən anda arxadan bizi tutmağa gələnləri gördüm. Onlar isə bizi görmürdülər. Bolşevik qüvvələri tam yaxınlıqdaydı. Böyüklərinin adı Qəmbər idi. Onlarla atışmağa başladıq, aralarına vəlvələ düşdü. Yaxınlıqdakı kəndi çox yaxşı tanıyırdım. Onların hansı evə gedəcəklərini də zənn etmişdim. Bu vaxt Fidail bir siqaret yandırdı. Bir iki udum çəkib mənə tərəf qışqırdı :     -Gəlirlər, - Onun qımıldamağa belə halı qalmamışdı.     Çoban Qasımın və adamlarının bizə doğru gəldiyini gördük. İkimiz də eyni anda atəş açdıq. Qasımın atdığı güllə başımın üstündən boşa getdi. Mən isə hərifi düz köksündən vurmuşdum. Aləm yenə cəhənnəmə döndü. Qanlı bir döyüş başladı. Çoban Qasım ağır yaralı halda sürünüb şose yoluna çıxaraq yol ilə gedən arabaçıya yalvarırdı ki, onu aparsın. Arabaçı əvvəl tərəddüd etsə də sonra onu arabaya uzadıb üstünü samanla örtdü. Mən bunu görsəm də bir şey əlimdən gəlmirdi.     Ona görə ki, hədəfdə mən idim. Vuruşma isə şiddətli gedirdi. Yerimdən qımıldamaq məqsədə uyğun deyildi. Ormanı yaxşı tanımayanları bir-bir məhv edə bildik. Qalanlarını isə qovalaya bildik. Hacı Qurban oğlu Sarı Qafar, Saro və Faxralı Çoban Qasımı Qurutlu körpüsündə pusquya salıb öldürdülər. Sarı Qafar igid bir qaçaq idi. Hökümət onunla bacarmadığı üçün öz yaxınları tərəfindən öldürtmək niyyətinə düşdülər. Əmisi oğlu Talıb satqınlıq etdi. Alçaqlığı üzərinə götürüb Qafarı təqib etdi və yaylaqda onu yaralayıb öldürdü.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

"Putinin "ölümü" Kremlin xüsusi əməliyyatıdır" - Danilov

"Bunlar diqqəti Putinə yönəltmək, sonradan İsa Peyğəmbər kimi onun yenidən hüzur etdiyini və bütün Rusiya boyunca seçki turuna başladığını iddia etmək üçündür..." "Putinin ölümü barədə şayiələr xoş və şirin olsa da, hamımız bunu səbirsizliklə gözləsək də, bunun Beynəlxalq Tribunaldan sonra baş verməsi yaxşı olardı..." Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya diktatoru Vladimir Putinin "ölümü" barəsində məlumatı şərh edib.  Sozcu.az xəbər verir ki, bu barədə "world.comments.ua" nəşri yazıb. Məmurun sözlərinə görə, Rusiya rəhbərinin "ölümü" barədə məlumatların yayılması seçkiqabağı kampaniya ilə bağlıdır və Kremlin xüsusi əməliyyatıdır. O, deyib ki, bu üsulla Putinə diqqət çəkməyə cəhd edilir. "Onların işləyib hazırladığı texnologiyalar üsulu ilə ona diqqət çəkilir ki, sonra İsa Peyğəmbər kimi, Putinin də "hüzur edib" bütün Rusiya boyunca seçki turuna başladığı iddia edilsin", - Danilov bəyan edib və vurğulayıb ki, "belə texnologiyalar aydındır". Məmur deyib ki, diktator tez-gec o dünyaya vasil olacaq. Putinin "ölümü" barədə şayiələrə Ukrayna kəşfiyyatı da münasibət bildirib. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov qeyd edib ki, Putinin, guya, ölməsi barədə şayiələr xoş olsa da, hər halda şayiədir. "Putinin ölümü ətrafında şayiələr xoş və şirin olsa da, şayiədir. Yəni Rusiyanın anonim "Teleqram-kanal"ları yenə də belə şeylər barədə məlumatlar yaymaqdadır. Bundan sonra biz bunun kimə sərfəli və faydalı olduğunu təhlil etməliyik", -  Yusov qeyd edib. O, əlavə edib ki, ukraynalılar belə şeylərə təmkinlə yanaşmalıdır. "Əlbəttə, biz hamımız bunun imkan daxilində daha tez baş verməsini istəyirik. Lakin yaxşı olardı ki, bu, Beynəlxalq Tribunaldan sonra baş versin və bunu Rusiyanın anonim mənbələrindən deyil, mötəbər mənbələrdən eşidək", - kəşfiyyat nümayəndəsi deyib. Bu mənada Kremldə vəziyyət və şərait barədə danışarkən, Yusov əlavə edib ki, belə şayiələr elə oradakı müvafiq şəraiti səciyyələndirir. "Belə məlumatlar hətta təkcə Ukrayna auditoriyası üçün deyil, o cümlədən Rusiyanın daxilində buna reaksiyanı öyrənmək üçün yayılır. Yəni bu məlumata kimin necə, o cümlədən elita nümayəndələrinin münasibətini öyrənmək istəyirlər", - o, deyib. "Bu mövzunun müzakirə edilməsi faktının özü Kreml sakinlərində sağlam mühitin olmadığını sübut edir", - Yusov əlavə edib. O, həmçinin qeyd edib ki, diktatorun öləcəyi təqdirdə Rusiyanın Ukraynaya münasibətdə siyasəti dəyişməyəcək, çünki bu ölkə "insanlıqdan uzaq adamlarla" doludur. Xatlırladaq ki,17 mart 2024-cü ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Rusiya televiziyalarında Vladimir Putinin böyük səs çoxluğu ilə "qalib gələcəyi" barədə haray-həşir salınır. Qeyd etmək lazımdır ki, Putin 20 ildən artıqdır ki, Rusiyada hakimiyyətdədir. Putin sağdır, yoxsa yox? - bəlli olanlar 71 yaşlı Vladimir Putinin bir çox illər ərzində müxtəlif xəstəliklərdən, o cümlədən xərcəng xəstəliyindən əziyyət çəkdiyi iddia edilir. Ukrayna kəşfiyyatı iddia edib ki, Rusiya rəhbəri həm fiziki, həm də mənəvi şəhətdən xəstədir. Sosial şəbəkələrdə oktyabrın 22-də Putinin Valday iqamətgahında, guya, "ürəyinin dayanması", lakin həkimlərin onu reanimasiya etməsi barədə məlumat yayılıb. Oktyabrın 26-da axşam Putinin "ölümü" barədə məlumatlar üzə çıxıb, lakin nə Rusiya, nə də Ukrayna tərəfi bunu təsdiq etməyib.

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur. Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub. 1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi. Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub. 1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib. Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır. Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.

Şahramanyandan ŞOK: "Bakı ilə əlaqə saxladım, Babayan və Balasanyanı..."

"Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək". Bunu Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində deyib. ""Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan tərəfdən mənfi cavab aldım. Sonra danışıqlar nəticəsində biz sentyabrın 20-də hərbi əməliyyatların (qondarma rejim tərəfindən) dayandırılmasını, "Silahlı Qüvvələr"in buraxılmasını, Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, hərbi texnikanın təhvil verilməsini nəzərdə tutan sənəd qəbul etdik", - deyə o bildirib. (Publika)

Şahramanyandan SENSASİON AÇIQLAMA: sentyabrın 19-da...

"Sülhməramlılar sentyabrın 19-da döyüşlərin başlayacağını bilirdilər, biz də onlara bu barədə demişdik".  Sozcu.az xəbər verir ki, bunu Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində deyib. "Döyüşlər başlayandan sonra başa düşdüm ki, biz təkik. Rusiya tərəfi müşahidəçi statusunda idi", - Şahramanyan bildirib. 

Pentaqon Qəzza ilə bağlı elə bir MƏLUMAT yaydı ki...

“ABŞ qüvvələri İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarında iştirak etmir”. Bu barədə “TASS”a Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib. O, İranın “Tasnim” xəbər agentliyinin İsrail ordusunun cümə günü gecə saatlarında Qəzzada başlatdığı yerüstü əməliyyatında 5 minə yaxın ABŞ əsgərinin iştirak etdiyini bildirən nəşri şərh edib. Pentaqon rəsmisi xəbəri təkzib edərək: “Bu məlumat doğru deyil. Qəzzada quru əməliyyatlarında ABŞ qüvvələri iştirak etmir”. (Report)

Şahramanyan Qarabağı necə tərk etdiyini açıqladı: "Mən, "müdafiə naziri" və iki məmurum ..."

"Mən, "müdafiə naziri" və iki təhlükəsizlik məmurum helikopterlə Ermənistana gəldik". Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan KİV-lərinə müsahibəsində separatçı rejimin rəhbəri Samvel Şahramanyan deyib. O iddia edib ki, onun və yaxın ətrafının Qarabağı tərk etməsinə Azərbaycanın mərkəzi hakimiyyəti mane olmayıb. Sitat: "Azərbaycan tərəfi "artsax" liderlərinə qarşı ayrıseçkilik nümayiş etdirdi. Belə qənaətə gələ bilərəm ki, bu adamlar (həbs olunan separatçı liderləri deyir - Red.) siyasi məqsədlərlə həbs edilib, Bakıya aparılıb. Samvel Şahramanyan deyib ki, o, qondarma rejimin "müdafiə naziri" və onun iki mühafizəçisi Azərbaycanın razılığı ilə helikopterlə Ermənistana uçub.

Bakı ilə əlaqə saxladım, bunu tələb etdilər - Şahramanyan

Ermənistan bizim hansı sənədi imzalayacağımızdan xəbərdar idi. Bakının səlahiyyətli şəxsləri ilə əlaqə yaratdım. Hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara başlamalı oldum. Sozcu.az xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib. “Danışıqlardan sonra biz müvafiq sənədi qəbul etdik. Silahları təhvil vermək, "silahlı qüvvələr"in buraxılması, Yevlaxda görüş kimi məsələlər burada yer almışdı. Laçında buraxılış məntəqəsi yaradıldığı gündən etibarən biz ordan silahlarımızı və ağır texnikaları çıxara bilməzdik. Ona görə təhvil verdik. Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi. Lakin biz Azərbaycanın tələbi ilə bunu da qəbul etdik”, - Şahramyan bildirib.

"Əhalinin 99.7 faizindən çoxu işğaldan azad edilən əraziləri hələ görməyib"- Mustafa Hacıbəyli

Torpaqlar azad olunandan sonra keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 minə yaxın məcburi köçkün Qarabağa qayıdıb. Halbuki ölkədə 700 mindən artıq məcburi köçkün var.  Qarabağa səfər edənlərin sayı da azdır. Bu günədək ümumilikdə 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib (rəsmi məlumat). Onlardan biri olaraq, mən dostlarımla cəmi 4 saata yaxın müddətdə Şuşada ola bilmişəm. Yəni, əhalinin 99,7 faizdən çoxu işğaldan azad olunan əraziləri hələ heç görməyib də. Bu rəqəmlər sübut edir ki, Qarabağ erməni işğalından azad edilsə də, Qarabağ hələ azad deyil - xalqa məxsus deyil.  Qarabağa azadlıq! Mustafa Hacıbəyli, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri 

Qazaxıstanda şaxta partladı: 28 nəfər öldü

09:23 Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib: “Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”. Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur. *** Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb. Bu barədə "Kazinform" məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb. *** Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.