Bizə qarşı hücumalar güclənir, kütləvi sürgünlər artırdı. Məmləkətin müxtəlif yerlərində isə gizli təşkilatlar fəaliyyətdəydi. Kommunistlərin və orduda qulluq edənlərin içində də bu qurluşun əlehdarları çoxalırdı. Nuxa şəhərində minbaşı Kor Bəhrəm, qəssab Hüseyn, Erkək Abdulla, Cöynükdən Əbdülrəhim və qardaşları, kiçik Dəhnədən Əbdülkərim, nəvəsi Hüseyn, Əli, Zülqədər, Böyük Dəhnədən Şüayıb, Qaraqoyunlu kəndindən Əbdülrəhim və qardaşları, Qaxdan Hacı Qədir və qardaşları, qohumları üsyana hazırlaşırdı. Bizdə də bu barədə məlumat vardı.
Üsyandan bir gün sonra biz Nuxa şəhərinə varid olduq. Həbsxananı açıb silahları üsyançılara payladıq. Şiddətli mübarizə başladı. Bir tərəfdə kiçik və yardımsız Azərbaycan, digər tərəfdə qanlı imperiya qüvvələri küçələrdə döyüşlər davam edirdi. Bağırovun ən sadiq adamlarından birinin evini tutuduq. Sahibi evdə tapılmadı. Qadın paltarında qaçmışdı. Üsyanın başında duran Bəhram yaralanmışdı. Onu şəhərdən çıxarıb müalicə edirdilər. Biz də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Üsyanın dördüncü günü şəhəri tərk etdik. Bizimlə birlikdə Osmanlı ordusundan qalıb sonra müəllimlik edən bir zabit də döyüşürdü. Adı İsmayıl Hakkı idi. O bütün gücü ilə mübarizə aparırdı.
Yaralı olan minbaşı Bəhramı öz çadırıma gətirdim. Lakin o bayırda olanda öz gülləsi ilə özünü öldürmüşdü.
İzimizə düşən bolşevik rus qüvvələri bizi öndən və arxadan təqib edirdi. Onlarla Qutqaşenin Qayıqlı kəndində üzləşdik. Bizim yerimiz yaxşı idi. Başımız üzərinə güllələr dolu tək yağırdı. Bu şiddətli döyüşlərdə “məni əsir aldılar” deyə qışqıran İsmayıl Hakkının səsini eşitdim. Ona tərəf sürünüb beş rus əsgəri ilə qarşılaşdım. Onları bir-bir öldürdüm və İsmayılı azad etdim. Ruslar xeyli tələfat verib çəkildilər. Ortalıq meyidlərlə doluydu. Bir az da vuruşub oradan sürətlə uzaqlaşdıq. Ağdaş ərazisinə gəldik. Bütün silahdaşlarımı toplayıb önəmli məsləhətlər verdim. Ərzağımız və suyumuz qalmamışdı. Tarladakı buğda dənələrini əlimizlə ovuşdurub yeyirdik. Elə orda da hər kəs öz məntəqəsinə getmək üçün görüşüb ayrıldıq.
Hadisələrin belə dözülməzliyi bizi yabançı halına salmışdı. Evlərimiz yıxılmış, uşaqlarımız pərişan olmuş, bizim də yerimiz-yurdumuz qalmamışdı. Bizim yaşamamız dövlət üçün əlverişli olmadığından təqiblər, basqılar davam edirdi. Gecəmiz-gündüzümüz tox idi. Elə bu vaxt Sadıqov adında bir kommunistin Moskvaya qədər gedib “Qasımın kəlləsini gətirməsəm, mənim başımı kəsin” deyə söz verməsi və bizə qarşı hücuma hazırlaşması xəbərini bizə çatırdı.
Bu generalın güclü qoşun topladığını, mübarizəyə hazırlaşdığını bizim olduğumuz əraziyə hücum zamanı ağaclara iz qoya-qoya irəlilədiyini də öyrənə bildik. Güclü kəşviyyat işi aparmışdı. Yanında bir mühəndis və yüzə qədər könüllü ilə gəldiyi də aydın oldu. Kəndlərə daxil olanda onlardan süd, qaymaq alıb pul təklif etsələr də kəndlilər onlardan pul almırmış. Kəndlilərdən nə üçün pul almadıqlarını soruşanda onlar : - nəyinə lazımdı sən südünü, qaymağını al, deyə cavab verirlərmiş. Sadıqov oralarda bir neçə gün dolaşıb heç kim tapmayınca çıxıb getmişdi. Bizə bu xəbəri kəndlilər çatdırırdı.
Həmin ilin Qurbam bayramında bizim evlərimizə gedəcəyimizi zənn edən Sadıqov kəndimizin yaxınlığına 300-ə qədər əsgər toplamışdı. Onlar ərazini mühasirəyə almışdılar. Bundan xəbər tutub ailəmizə baş çəkməkdən vaz keçdik. Ailəmizi, uşaqlarımızı tutub sürgünə göndərdilər. Bizə məxsus mal-qaranı və ev əşyalarımızı talan etdilər. General Sadıqovun bu hərəkətləri vəziyyətin yaxşı olmayacağından xəbər verirdi. Kür çayının bütün keçidləri də rus əsgərləri tərəfindən nəzarətə alınmışdı. Biz isə çayın o biri sahilinə keçməyə məcbur idik. İşimiz çox müşkül idi. 24 nəfərlə Qaraağaclı qəzasına gəldik. Bir may gecəsiydi. Çayın kənarındakı mal qışlağına soxulduq. Qışlağı iri çoban itləri qoruyurdu. Orada bir qayıq olduğunu bilirdik. Köpəklərdən güc-bəla ilə qorunaraq qayıqçının olduğu yerə gəldik. Qayıqçı heç nədən xəbərsiz arvadı ilə yatırdı. Tüfəngin qundağı ilə onu qaldırdım. Lakin ondan tez arvadı oyandı, məni görüb özünü itirdi. Tez ərinə qışqıraraq :
-Qalx, Qasım qardaş gəlib – dedi. Şirin yuxuda olan qayıqçı heç nə anlamamışdı. Qasım, Qasım deyə mızıldandı. Qadın qalxıb bir az yemək hazırladı. Bu adam isə hələ özünə gəlməmişdi, heyrətlə mənə baxırdı. Mən qayıqçıya : - Abdulla bizi o biri sahilə keçirəcəksən – dedim. O hələ ayılmamışdı üzünü turşutdu. Bunu hiss edən arvadı – qalx qayığını hazırla, onlar bizim üçün mübarizə aparırlar, kişi, deyilsənmi – deyə, ərinə acıqlandı. Hərif yenə durmaq istəməyəndə - qalxmasan səni öldürəcəm – dedim.
Dəstəmiz 24 kişidən ibarət olduğu üçün qarşı sahilə iki dəfəyə getməliydik. Çayda suyun çoxluğundan qarşı sahil görünmürdü. Birinci qrup sahilə çıxanda fanarla yaşıl işıq yandırmalıydı. Birinci qrup qayığa mindi və bir vaxtdan sonra yaşıl işıq saçdılar. Onlar sahildə düşdükdən sonra qayıq geri döndü. İkinci qrupun başcısı mən idim. Biz də o biri sahilə keçdik. Çaydan aralanıb nə qədər telefon dirəkləri və telləri vardıa hamısını kəsdik. Sanki tanrının bizə verdiyi bu zülm azmış kimi, şiddətli bir leysan yağmağa başladı. Bu hadisə işimizi daha da çətinləşdirdi.
Eldardan Zaman oğullarından Məhəmməd Əli, Abbasqulu, Hacı Adıgözəl və oğlu Zamanın qaçaq dəstələri aləmi dağıdıb uçururdu. Qabaqlarına çıxan bütün kommunistləri öldürürdülər. Bunu duyan və bizim üstümüzə gələn Sadıqovun dəstəsi Eldara getməyə məcbur oldu.
Biz isə qabağımıza çıxan bir mal damına girdik. Qara Məhəmməd oğlu Mustafadan bir at və bir qoyun aldıq. Qoyunu kəsib yedik, qalanını çantamıza doldurduq.
Bir az vaxtdan sonra silahdaşlarımızdan birinin, bir milis və bələdçinin – Bu, Sadıqov bir bəladı, Eldara gedib, bir azdan dönəcək və buralarda daşı-daş üstə qoymayacaq, hər yeri dağıdacaq – deyə, danışdıqlarını mənə xəbər verdi. Mən qarovulçuları ağaca çıxarıb ətrafa nəzarət etmələrini əmr verdim. Başqalarına da tapşırmışdım ki, qoyunu kəsib qızartsınlar. Onlar bu işlərlə məşğul ikən ağacdakı qarovulçu qışqırdı və o birisi sahilə 15 nəfər rus əsgərinin gəldiyini anlatdı. General Sadıqovun da onların içində olduğunu dedi.
Bu xəbər bizim üçün gözlənilməz oldu. Mən ağaca çıxdım. Əlimə durbini aldım. Onun belində 10 açılan atdan endiyini gördüm. Bu Sadıqovun özüydü. Əlində ki, qamçı ilə çəkmələrini döyə-döyə sahildə gəzişirdi. Sonra o qayığa yaxınlaşdı. Əvvəlcə özü sonra isə, əsgərlər qayığa mindilər. Bizim olduğumuz sahilə doğru üzməyə başladılar. Ağacdan düşüb 6 nəfər götürdüm, qalanlarına isə, gözləməyi əmr etdim, dedim ki, əgər bizi sıxışdırsalar köməyə gələrsiniz. Biz çayın sahilindəki səngərlərdə gizlənib onların sahilə çıxmalarını gözlədik. Qayıq sahilə çatırdı. Onlar düşər-düşməz bir yayılım atəşi açdıq. General və üç nəfər yıxıldılar. Qalanları yaralanmışdı. Yanlarına getdik. Yaralılar yalvarmağa başladılar. Bu yalvarışlara məhəl qoymadan onları öldürdük. Sadıqov hələ ölməmişdi, gözlərini açıb mənə baxırdı. Can verirdi. Onun başına çəkmə ilə qüvvətli bir zərbə endirdim. Moskvanın iti – bizim zavallı uşaqları, qadınları haraya sürdün – dedim. O yenə ölməmişdi. Qaçaqlar onu sahilə sürüdülər, tapançasını belindən çıxarıb bütün güllələrini başına sıxıb öldürdülər. Mən qaçaqlara dedim – çayın qudurmuş dalğaları bunu gözləyir. Bu sözümdən sonra qaçaqlar onu Kürə atdılar. Çayın o biri sahilində Sadıqova yardıma gələnlərin sayı artırdı. Onlar silah səslərini eşidib çaş-baş qalmış, nə edəcəklərini bilmirdilər.
Mən qışqıraraq : - niyə dayanıbsınız, çıxıb getsəniz, - dedim. Onlardan məni tanıyanlar vardı. Hara gedək, hər tərəfdən başımıza güllələr yağır dedilər. Mən onlara – General Sadıqova toy tutduq, gərdəyə qoyduq, yolunuz açıq olsun, artıq gedə bilərsiniz – dedim. Qoyun qızardılmışdı. Əyləşib doyunca yeyib, bir-birimizə nuş olsun dedik.
Yeməkdən sonra kəndləri dolaşdıq və bildirdik ki, kim Sadıqovun leşini görüb sudan çıxararsa və ya dövlətə xəbər verərsə onu da generalın aqibəti gözləyir. Kür sahilindəki Alıkənddən bir qadın su götürməyə gedəndə sabahın erkən vaxtında sahildə bir cəsəd görür və qaça-qaça ərinə xəbər verir. Əri də sahilə gəlir. Sadıqovun cəsədini tanıyır və əlindəki ağacla onu dalğaların qoynuna itələyir. Beləliklə, general məzar üzü görmədən sulara qərq oldu.
Həmin ili qış çox ağır keçdi. Dörd gözlə baharın gəlməsini gözləyib, yazı və sonbaharı yenə dağlarda, ormanlarda keçirdik. Arı komuna toxunduğumuz üçün daim bizi izləyirdilər. Təqiblər, basqınlar artırdı. Evsiz, ailəsiz dağlarda, ormanlarda, mağaralarda yaşamaq çox müşkül bir iş idi. Hökümət rəhbərləri də on ildən artıq davam edən qaçaq hərakatına son qoymaq üçün yeni tədbirlər hazırlayırdı.
Mübarizəmiz çeşidli şəkildə dəyişib davam edirdi. Kütləvi sürgünlər də əskilmirdi. O zaman Gəncənin qərbində Şəmkirin Bitdili kəndində qəribə bir hadisə baş verdi. Şəmkirin Bitdili kəndində bir mərkəz qurulmuşdu. Gizli olan bu mərkəz ziyarətgah idi. Bunu idarə edənlər Düyərli kəndindən Hacı Axund, Dövlət oğlu Mehdi, Abulla və qardaşlarıydı. Ziyarətgahın sahibi isə Düyərlidən Hüseyn adlı birisiydi.
Qısa bir zamandan sonra bura ziyarətə gələnlərin sayı artmağa başladı. Korların burada gözləri açılır, xəstələr şəfa tapırdılar. Güclü təbliğat aparıldığına görə adamlar dəstə-dəstə ziyarətgaha axışırdılar. Müsəlmanlardan başqa ruslar, ermənilər, hətta kommunistlər də gəlirdilər.
Səcdəgahda bir dam var idi. Bacadan içəri baxdıqda damın tavanında bir göyərçin, bir dənə də qılınc görünürdü. Lakin qorxudan heç kim ona yaxınlaşa bilmirdi. Burda din xadimlərilə allahsızlar arasında toqquşma gözlənilirdi. Bolşeviklər buranı mühasirəyə alanda şiddətli döyüşlər oldu. Hacı Axund və qardaşları, Qululu Abdulla, İskəndər, Temur qardaşları şəhid oldular. Biz burada da işimizi gördükdən sonra bizi axtaranların sayının gündən –günə çoxaldığını görüb Gürcüstana keçməyi qərara aldıq. Müəyyən bir vaxt üçün izimizi itirmək vacib idi.
Novruz bayramından bir həftə keçmişdi, gecə ikən Gürcüstan ərazisinə keçdik. İzimizi itirdik. Orda yolu çaşdıq. Mən dincəlmək barədə əmr verdim. O qədər yorğun idik ki, qarovulçularda yatmışdı. 24 nəfər idik. Səhər tezdən yuxudan durub gördüm ki, buralar çox təhlükəli yerdi. Həm də şose yolunun qırağıdı. Hər an tutulmaq təhlükəsi vardı. Ona görə biz ordan aralandıq, Alazan çayını keçib Dağıstana sığınmaq fikrimiz vardı. Çayın keçid yerinə çatdıqda gördük ki, qarşımızada iki heyvan sürüsü var. Onlar gürcüydülər, hamısı da təpədən-dırnağadək silahlıydı. Gürcülərdən oralarda hökümət adamı olub-olmadığını soruşsaq da dəqiq cavab ala bilmədik. Mən anladım ki, bunlar özü də bizə basqı edə bilər. Kiçik qardaşım Ələsə qarşımızdakı təpəni tutmağı tapşırdım. Bunu etməsi üçün o çayı keçməliydi. Qayıq olmadığı üçün onu bir kötüyə mindirdim. O rahatca çayı keçirdi. Tam çayın ortasında bir adacıq vardı. Ora çatıb durdu. O durmamalıydı. Mən sahildə qışqırdım. Nə üçün durursan ? O səsimi eşidib yenidən irəliməyə başladı. Sahilə çatar-çatmaz saldan düşdü. O, suyun nə vəziyyətdə axdığını bilmirdi. Ora isə çox dərin və suyun fırlandığı bir yermiş. Yalnız bunu görə bildim. Suyun üzündə təkcə onun papağı qalmışdı. Bunu təsəvvür etmək çətin idi. Ən böyük dəstəyimiz, doğma qardaşım, cəsur bir türk oğlu sulara qərq olmuşdu. İstər-istəməz özümü suya atdım. Üzə-üzə sahilə çıxdıqda qardaşımın boğulduğunu gördüm. Onu qudurğan dalğalar aparmışdı. Elə bil köksümdən güllə ilə vurulmuşdum. Əlimdən heç nə gəlmirdi. Aciz qalmışdım. Görəcəyim bir iş qalmamışdı. O birisi qaçaqlarda mənim yanıma keçmişdi. Onlar Ələsin harada olduğunu soruşduqda mən – paltarlarını qurudur – deyə yalan məlumat verdim. Qardaşım isə artıq sağ deyildi. Mənim bolşeviklərlə uzun müddət mübarizə aparmağımda ən cəsur köməkçim Ələs idi. Onun tək igid yox idi. Sanki qeybə çəkilmişdi. Ələs quşu gözündən vurmağı bacarırdı. Ancaq mənim təbəssümmündən qap-qara qaralmağımdan qaçaqlar da faciə baş verdiyini hiss etmişdilər. Onlar mənə inanmırdılar. Elə bu vaxt bir yerə toplanmalarını söylədim. Fəqət içlərində vətəni, dini, namusu qeyrətlə qoruyan Ələs yox idi.
Mən: - Qardaşlar, deyə müraciət etdim. Bu mübarizə illərində heç zaman məni ağlayan görməmisiz. Onlar da mənim gözümdə yaşı görüb qəhərləndilər. Mən – durun ağlamayın Ələsi qeyb etdik. Sizin canınız-ciyəriniz, mənim isə qardaşım idi. Lakin biz bu yoldan dönməyib mübarizəmizi axıracan aparacağıq – dedim.
Davamı var...
Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib
Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi