Bolşeviklər Samuxa yaxın düşə bilmirdilər. Milli hökümətimiz təslim olmuşdu. Gəncədə bolşevik hakimiyyəti qurulmuşdu. İbrahim Əliyev, Müseyib Əliyev və insan qəssabı dəmirçi Şikarov bolşeviklərin hakimiyyət başçısı seçilmişdi. Mənim adamlarımdan ikisini, Əhməd və Mürsəli Azərbaycan Kommunist hökümətinin rəhbərlərindən olan Əliheydər Qarayev və Səməd ağa həbs etdirmişdi. Bir gün Samux Qəza İcra Komitəsinin başcısı Musa Qafarov yanıma gəlib dedi:
–Səni Qarayev yanına çağırır. Əhf edəcək və vəzifə verəcək.
Mən bu oyunların nə olduğunu anlayırdım. Fəqət bu dəvətə etiraz da edə bilmədim. Fikirləşdim ki, bəlkə bu görüşümdən istifadə edib həbs olunan dostlarımı azad etdirəm. Elə bu ümidlə də bir neçə nəfər silahdaşımla Gəncəyə yollandım. Şəhər vağzalının yaxınlığında tək Yemşən deyilən yerdə yeni hökümətin milislərinin Tatoğlu Məhəmməd Həsəni, oğlanları Məcidi və Aslanı tutub apardıqlarını gördüm. Mən heç nədən çəkinmədən Məhəmməd Həsənə yanaşıb dedim :
–Bunlar sizi ölümə aparırlar. Mən onları məhv etməyə və sizi qaçırmağa hazıram. Onun elə bil ki huşu başından çıxmışdı. Mənə belə cavab verdi:
–Öldürsələr məni öldürəcəklər. Oğlanlarıma dəyməzlər. Xahiş edirəm bu təhlükəli oyundan vaz keç.
Onun bu sözlərindən sonra mən də müdaxilə etmədən onlardan aralandım. Onları Gəncəyə aparıb həbs etdilər. Biz, Vilayət Şurasına gəldik, orada bizi İbrahim Əliyevin adamları gözləyirdi.. Müseyib və kor Çaharyov da ordaydı. Mansur da onların arasındaydı. O, Gəncənin Çobanabdallı kəndindən idi. Şəmkirin Qaracaəmirli kəndində əyləşmişdi. Mansur özü də çarlıq zamanında qaçaqlıqla məşğul idi. Onunla biz səmimi dost idik. Əvvəlcə onu qəbul etdilər, xeyli söhbət etdikdən sonra rəngi solmuş halda bayıra çıxdı. Mənim yanıma gəlib dedi:
–Sənə nə təklif etsələr “baş üstə” de. Mənə də vəzifə təklif etdilər, razılaşdım.
Ona yüz nəfər köməkçi də vermişdilər. Əsas vəzifələri dağlara çəkilən qaçaqları tutub dövlətə təhvil vermək olacaqdı.Mansur ona verilən müdafiəçilərilə çox haqsızlıqlar etdi. Onlarla ailəni başsız qoydu. Ancaq qorxusundan Samuxa üz tuta bilmədi və nəhayət öz haqlı cəzasına da çatdı. 1921-ci ildə oğlanları Eyvaz və Camalla bir yerdə kommunistlər tərəfindən güllələndilər.
Mansurdan sonra yeni hökümətin vilayət rəhbərləri məni hörmət və ehtiramla qəbul etdilər. İbrahim Əliyev üzünü mənə tutub dedi:
–“Məmmədqasım sən nüfuzlu və qoçaq bir insansan. Səninlə əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtimiz var – gərək inqilaba qarşı çıxanları, ağaları, bəyləri və qaçaqları tutub bizə təhvil verəsən. Sənə köməkçilər və silah-sürsat verəcəyik. Həm də vəzifə alacaqsan”.
–Mən, Mansurun tövsiyyəsinə qulaq asıb razı olduğumu bildirdim. Mənim müsbət cavabımdan sonra İbrahim Əliyev belə bir tövsiyyə də verdi :
–Məmmədqasım, bizim aeroplanlarımız da var, onları ruslar idarə edirlər, onlarla rastlaşanda mücadiləyə girişmə, onlar sizin silahlarınızı da istəsələr verin, hətta sizi tutsalar da biz azad edəcəyik. O, ordudakı ruslara da müqavimət göstərməyin – deyə, sözünü bitirdi. Mən onları şübhəyə salmamaq üçün bütün təkliflərini – “baş üstə” deyərək razılıqla qəbul edirdim. Əsas məqsədim isə Mahal qazisi Mustafanı, Alpoutlu Molla Həmidi, Hacı Əhməd oğlu Şamili həbsdən azad etmək idi. Onların həyatı təhlükə qarşısındaydı.
Onlardan ayrılıb binadan çıxdım. Ac idim. Bu qoca şəhərdə yeməyə də bir şey tapmadıq, hər tərəf xarabaya çevrilmişdi. Son bahar mövsümüydü. Milis dəstəsinin rəisi Məhəmməd Rzanın oğlu Ədilin evinə gəldik. Onlarla dostluğumuz vardı. Yemək yedik və iki gün gizləndikdən sonra Samuxa yola düşdük. Dəmir yolunu keçdikdə mən “durun” deyə qışqırdım. Mahal qazısı heyrətlə mənə baxaraq – “ nə olub ay allahın dəlisi”. Mənim atım çox qüvvətliydi. Atımı Mahal qazısının atıyla dəyişib atın belində üzümü Gəncəyə çevirib üç dəfə tüpürüb dedim:
–Lənət olsun bunlara da, qanunlarına da”
–Bundan sonra hamınızı birlikdə öldürsələr də məndən kömək gözləməyin. Mənim yerim Kür nəhridir.
Samuxa sağ-salamat çatdıq. Hər kənddə on rus əsgəri və bir çavuş vardı. Kəndimizə gəldikdən beş gün sonra 500-dək gürcü atlısı da bizə qoşuldu. Beləcə onlarla birgə ümumi düşmənlərimizlə ölüm-dirim mübarizəsinə girişdik. Gürcülərlə əvvəlki münasibəti unudub qardaşlaşmışdıq. Bizim ərazimizdə nə qədər əsgər və kommunist vardısa hamısını məhv etdik.
Türkiyə cəbhəsindən dönən rus əsgərlərinin silahlarının alınması ilə bağlı əməliyyatdan, Gəncə üsyanında gürcülərin köməyə gəlməsindən, Azərbaycan Cümhuriyyəti rəhbərlərinin Gürcüstanda müdafiə olunmadıqlarından, erməni daşnakları tərəfindən qətlə yetirildiklərindən də məlumat aldıq. Qısa bir zamanda Gürcüstanda da qırğınlar başladığından onlar da qanlı işğalçılara qarşı mübarizəyə başlamışdılar. Gürcülərin bizim heyvanları, sonra isə biz onların qoyunlarını gətirdiyimiz barədə də məlumat vermişdim. Azərbaycanın işğal olunduğunu, mənim də dağlarda qaçaqlıq etdiyimi eşidən Qızıl oğlu Simon böyük bir dəstəylə hazırlıq işləri gördüyündən də xəbərimiz yox idi. Ona görə ki, əlaqəmiz kəsilmişdi. Biz isə Simonun qaynı Koda da misilsiz bir at olduğunu eşitmişdik. Onunla söhbət edib bu atı almağa çalışdıq. Onun atı tövləsindəydi. Gedib gətirəcəm dedi. Aradan on beş gün keçmişdi. Bir gecə yuxuda gördüm ki, dəlləyim başımı tərs qırxıb. Səhəri isə məni bir gürcü görmək istədiyini söylədilər. Mən – buraxın içəri gəlsin – dedim. İçəri girən gürcü bildirdi ki, mən Kodanın çobanıyam. Sonra əlavə etdi ki, Koda atı gətirib və məni görmək istəyir.
Çobana hörmət etdik və sabah gələcəyimizi bildirdik.
Koda bizi həmin gün gözləyirmiş, gəlmədiyimiz üçün ertəsi günə hazırlıq görür. Ertəsi gün qardaşım Ələs, əmim oğlu Məhəmməd, xalam oğlunun qohumu Əbdülhəmid Kodanın arxasınca üz tutduq. Arxaca çatar-çatmaz biz iki yerə bölündük. Ələs və Əbdülhəmid qərbdən, Məhəmmədlə mən şərqdən arxaca girməyimizi planlaşdırdıq. Əbdülhəmid arxaca girər-girməz gürcülərdən 10 nəfər üstünə atılır və silah işlətməsinə imkan vermirlər. Mənim yanımda isə Məhəmmədi güllə ilə vurdular. Mən atdan özümü yerə atdıqda güllələr başım üzərindən sel kimi yağırdı. Ələs də atdan enmiş, onlarla atışmağa başlamışdı. Mən özümü qorumaq üçün xəncərlə çuxur qazdım. Sağ qaldığımı Ələsə bildirmək üçün ona tərəf bir daraq fişəng atdım. Gürcülər bizim ətrafımızda doluydu. Onların başcısı isə Vaso idi. Arxacdan – “Qasımı vura bilmədik”- deyə hayqırtılar eşidilirdi. Mənim döyüşdüyüm yer hündürdə olduğundan ətrafı aydınca görürdüm. Əsəd isə çuxurdaydı, ətrafı görə bilmirdi. Onu qorumaq üçün arxadan gələnləri yerə sərirdim. O isə onlara göz açmağa imkan vermirdi. Vasonu yaxşı tanıyırdım. Məni nişan almaq üçün yerini dəyişmək istəyəndə o köpəyidə yerə sərdim. Voso vurulandan sonra onlar özlərini itirdilər. Atışma axşamadək davam etdi. Gürcülər bizə yaxınlaşmağa cürət etmirdilər. Qaranlıq düşəndə - “Ələs”-deyə çağırdım. O da cavab verdi. Səsindən qardaşım Ələs olduğunu dəqiqləşdirmək üçün sandığımda nə olduğunu xəbər aldım. O da parolu düzgün deyəndən sonra əmin oldum ki, qardaşımdı. Ələs yanıma gəldi. Biz həyacandan öpüşdük. İkimiz də sağ-salamat olsaq da Məhəmmədi və Əbdülhəmidi itirmişdik. Bir az dincəldikdən sonra yenə bir-birimizi qucaqlayıb öpdük. Yenidən döyüşə girmək istədik. Mən Ələsə dedim:
-Sən arxada qal məni gözlə. Onlarla yenidən döyüşmək istəyirəm. O isə mənim arxada qalmağımı tələb etdi.
Mən ona qulaq asmayıb bizi görməyən bir nəfəri də vurdum və mühasirəni yardıq. Artıq təhlükə sovuşmuşdu. Biz əyləşib bir az dincəldik. Mən Ələsə, - Siqaret çək dedim. O isə tənbəkisi olduğu halda adət-ənənəyə görə böyük qardaşının yanında siqaret çəkməmək üçün:
– Siqaret çəkmirəm – dedi. Artıq öz ərazimizə çatmışdıq. Bizi qarşılayanlar çaş-baş qalmışdılar. Onlar bizdən soruşdular. Bu nə sir-sifətdir. Siz haradan gəlirsiniz ?
Biz olub keçənləri onlara danışdıq. İki qardaşımızın öldürüldüyünü eşidib çox pərişan oldular və bildirdilər ki, biz heç bir silah səsi eşitməmişik.
Bir az dincəldikdən sonra onlarla birlikdə əvvəlki döyüş yerinə hücum çəkdik. Basonun arxacı boş idi. Onlar heyvanları ilə birgə çıxıb getmişdilər. Qayıdanda dəmir yolunda vaqonu saxlayıb soyduq, vəziyyət elə gətirdik ki, Heybət oğlu Mehti də bizdən ayrı düşdü. Bir sürü qoyun və yaxud köhnə qan davası üstündə yersiz və mənasız vuruşmalar davam etdiyi bir dövrdə işğalçılar Poylu körpüsünü keçərək digər tərəfdən Qarayazı-Soğanlı, Ağstafa, bir dəstə də Zaqatala yolu ilə hücum edib Gürcüstanı işğal etməyə başladılar. Buna görə gürcülər rusları qızışdırmamaq üçün özləri də müstəqilliklərini itirdilər. Gürcüstan işğal olunanda sonra bizim vəziyyətimiz tamam ağırlaşdı. Qüvvələrimiz az idi. Ancaq qaçaqçılıq yolu ilə özümüzü müdafiə edə bilərdik. İşğalçılar da yaxşı möykəmlənmədikləri üçün bizi sıxışdıra bilmirdilər. Samux bölgəsində daha çox qan töküldüyündən elə o vaxtdan bizim əraziyə “Qırmızı Samux” deməyə başladılar. Döyüşlərimiz qurtarmırdı. Gürcüstanda Sovet höküməti qurulan gündən Azərbaycan hökümətindən –“ Samuxlu çopur Məmməd Qasımın ya ölüsünü, yada dirisini bizə təhvil verin”- deyə müraciətlər gəlirdi. Azərbaycan höküməti isə bizim ona gücümüz çatmır, bacarırsız gəlib özünüz tutun – deyə cavablar verirdi.
Beləliklə, Gürcüstan höküməti məni yaxalamaq icazəsini aldı. Bu xəbər bizə çatan kimi biz əlimizə keçən əşyaları, uşaqları, yaşlıları və heyvanlarımızı götürüb Samuxun ormanlarına çəkildik. Kişilərin sayı çox deyildi. Günlərin bir günü biz cöngə kəsib yeyib içirdik, mən isə əlimdən silahı yerə qoymurdum. Ətrafa növbətçiləri düzmüşdüm. Biz ağacın dibində uzanıb bir az yuxulamaq istədik. Yuxuda Rüstəmin at belində bizə tərəf sürətlə gəldiyini gördüm. Mən ona:
–Sən buralarda nə gəzirsən ? Sən ölmədinmi deyə sual verdim. O isə:
–Ölmədim, yerinizi dəyişin, üstünüzə Tiflisdən böyük qüvvə gəlməkdədi – deyə, cavab verdi.
Oyandım və yuxunun təsirilə tez yerimizi dəyişdik. Sürülərimiz, mal-qara həmin yerdə qaldı. Ertəsi gün səhər saat altıda işğalçı Sovet qoşunları bizi mühasirəyə aldı. Əsgərlərin sayı 700 nəfərdən çox idi. Biz isə 9 nəfərlə müdafiə olunmağa başladıq. Ərazini yaxşı tanıdığımızdan əlçatmaz ormanlara çəkildik. Bir tərəfimizdən də Alazan çayı keçirdi. Sürülərimiz qalan yerdən xəbər gətirən bir çoban dedi – nə durursuz onlar az qala ki, sizi mühasirəyə alsınlar. Biz düzə çatanda əmir verdim ki, döyüşə hazır olun.
Qış aylarıydı, atlarımız olmadığından piyada idik. Yapıncılarımızı da qatlayıb yəhərə bağlamışdıq. Dayandığımız yerdən uzaqlaşmaq lazım idi. Çətin bir şərait yaranmışdı. Qabağa keçib qaçaqlara məni gözləmələri tapşırdım. Çarəmiz yenidən mühasirəni yarıb aradan çıxmaq idi. Bunun da asan olmayacağı hiss olunurdu. Bir tərəfdə q uduzlaşmış dalğaları ilə qayaları döyəcləyən Alazan çayı, digər tərəfdə isə üzərimizə hücuma keçən əsgərlər görünürdü. Bizi qoruyan yalnız doğma vətənimizin əlçatmaz qayalıqları idi.
Qaçdığımız zaman təsadüfən bir düzənliyə çıxdıq, 5 əsgər və bir çavuşla üz-üzə gəldik. Çavuş bizə -“Stoy”- deyə bağırdı və bizi güclü atəşə tutdular. Üzümdən yaralansamda onların hamısını gəbərdə bildik.
Vurulan əsgərlərin silah-sursatını soyduqdan sonra yenə də qaçmağa məcbur olduq. Yenidən qarşımıza böyük bir təstə çıxdı. Bunlardan biri həkim, ikisi yüzbaşı, üç çavuş, 33 nəfəri isə əsgər idi. Qayalıqlarda qaçmaqdan ayaqlarım şişmişdi. Güclə yeriyirdim. Onlardan canımızı qurtarsaq da yeni bir dəstəylə üzləşdik. Bu dəfə qarşımıza çıxanlar əvvəlkilərə nisbətən daha iri çaplı və ağır silahlarla dayanmışdılar. Əl bombaları ilə ətrafı oda-alova qalayırdılar. Onlar bizi görmədiklərinə görə hara gəldi atəş açırdılar. Yenidən qorxunc bir nərə çəkdim və ölüm-dirim savaşına girdik. Döyüşə-döyüşə palıd talası deyilən yerə çıxdıq. Düşmənlərin atları ordaydı. Oradakı atları və kişiləri öldürdükdən sonra aradan çıxa bildik.
Ormanın buz kimi soyuğu, bıçaq kimi kəsən ayazı bizi əldən salmışdı. Allah da göz yaşlarımıza məhəl qoymurdu. Əldən düşmüş halda bir kəndə çata bildik. Aclıqda bizi taqətdən salmışdı. Kəndlilərdən çörək və ərzaq vermələrini xaiş etdik. Onlar etiraz etdikdə isə zorla aldıq və Kürün o biri sahilinə keçib dincəlməyə başladıq. Qaçaqlar ocaq yandırıb ağaclarda qalmış yabanı üzüm toplamağa başladılar. Bir az yeyib-içib bir koma kimi yerdə bir-birimizə qısılıb yatdıq.
Səhər tezdən durbini götürüb ağaca çıxdım. Biz gəldiyimiz kənd Kür çayının Gəncə tərəfində qalmışdı. Diqqətlə ətrafa nəzər saldıqda gördüm ki, Gəncə tərəfdən ucu-bucağı görünməyən sovet əsgərləri bizə doğru irəliləməkdədir. Onlar bizimlə döyüşən əsgərlərə köməyə gəlirdilər. Qaçaqlar məndən nə gördüyümü soruşduqda onların ovqatını pozmamaq üçün mal-qara sürülərindən başqa heç nəyi görmədiyimi izah etdim. Axşamadək həmin yerdə gözlədik. Başımı bir ağaca söykəyib fikrə dalmışdım. Ailəmi, uşaqlarımı xatırlayırdım. Ağacın başında isə ağacdələn quşun yuvası vardı, quş öz yuvasının başına dolanır, bizdən ürkmüş kimi qışqırtı salır, arabir bizə hücum çəkərək lap yaxınlığımızdan uçurdu. Yuvasına girməyə cürət etmirdi. Zavallı quşun bu çığırtıları mənə öz dərdimi unutdurmuşdu. O qaranlıq düşdüyündən elə yaxınımdan uçdu ki, qanadları üzümü yaladı və bir anda yuvasına girib sakitləşdi. Bu hadisə məni lap çaşdırdı. Öz-özümə düşünüb dedim- ey Allahım axı sizin qarşınızda hansı bəd əməllərimiz var ki, gündüzləri bayırda gəzib gecələri yuvasına girən quş qədər də bəxtimiz yoxdu. O, yuvasına girə bilir, biz isə gecəli-gündüzlü ayazda, şaxtada, qarda, yağışda da düzlərdə qalmalı oluruq...
Davamı var...
Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib
Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi