1919-cu ilin baharıydı. Cümhuriyyətimiz bir yaşını qeyd edib iki yaşına qədəm qoyurdu. Cins heyvanları ilə məşhur olan Tomulu kəndinə gürcülər basqın edib beş nəfəri öldürmüş və beş yüzə qədər inək və öküz aparmışdılar. Mənə belə bir məlumat verdilər ki, 50 nəfərlik bir oğru dəstəsinə rus ordusunda zabit olmuş Soso Sokalaşvili başcılıq edib. Mən bu hadisəni Azərbaycan hökümətinə xəbər verdim. Hökümət də öz növbəsində Gürcüstan hökümətinə nota göndərdi. Gürcüstan höküməti bu notaya cavab da vermədi. Aradan 4-5 ay keçmişdi. Öyrəndik ki, gürcü zənginlərindən Qızıl Simonun sürüləri “Dakqa bulaq” deyilən yerdədi. Qardaşım Ələs və Şirin, əmioğlum Camal, Əmir, Qaya, Cavadoğlu Məhəmməd, Yunis, Təkə, İsmayıl, oğlu Nürəddin, Molla Məhəmmədəli, Nəsib, Mədət və Çoban Məhəmmədlə sürək etdik. Onlar da silahlı olduğuna görə sürək uzun çəkdi. Onlardan beş çobanı öldürdükdən sonra 2500 qoyun və 12 qatırı kəndimizə gətirə bildik. Mübarizədə bizdən də iki nəfər yaralandı.
Bu hadisədən sonra gürcü höküməti Azərbaycana belə bir ultimatum göndərdi :
“Ya aparılan heyvanları, ya da Qasımı bizə təhvil verin”. Bizim hökümət isə Qasıma güc çatmır, nə vaxt taparıqsa onda da təhvil verərik - deyə, cavab verdi.
Ultimatumlardan sonra Gəncə vilayəti, alay komandanı Nevitski əlli süvari ilə Samuxa gəldi. Onlar Mahal Qazinin evinə düşdülər. Mahalın evi Yeni Samux deyilən yaşayış məntəqəsində idi. Polkovnik Nevitski gürcü nümayəndələri Dəli Alaksey, Kova və digər zənginlərlə gəlmişdi. Nevitskinin dəvətilə mən də beş nəfərlə onun yanına gəldim. Bir az söhbət etdikdən sonra Nevitski dedi:
– Mən buraya sənin gətirdiyin gürcü qoyunlarının qaytarılması üçün gəldim. Sən nə üçün belə iş görmüsən ?
Mən, evin pəncərəsindən, yamacda otlayan sürüləri göstərib dedim: -yaxşı eləmişəm, ona görə ki, gürcülər bizdən əvvəl basqın edib 500 inək oğurlamaqla yanaşı 5 çobanımızı öldürüblər. Onların oğurladıqları inəklərin buzovları damlarda mələşir. Heyvanlar da yazıq deyilmi deyərək sözümü bitirdim. Sonra əlavə etdim ki, onlar bizim inəkləri qaytararsa biz də onların qoyunlarını və qatırlarını qaytararıq. Mən bu məsələni həll etmək üçün iyirmi gün vaxt verdim. Bu müddət ərzində inəklər qaytarılmasa bu məsələni həll olunmuş hesab edəcəm – deyib sözümü bitirdim. Onlar öz aralarında bir az söhbət etdikdən sonra çıxıb getdilər. İyirmi gün keçdisə cavab gəlmədi. Bunu dəqiqləşdirib gətirdiyimiz qoyunları, inəkləri oğurlanan kəndlilərə payladım.
1920-ci ilin baharında, qızıl imperialistlər Azərbaycanın paytaxtı Bakını işğal etdilər. 27 aprel 1920-ci ildə iki ilə yaxın fəaliyyəti olan Milli Azərbaycan höküməti istiqlalını itirdi və rusların əsarətinə keçdi. Bunu eşidib mən də Gəncəyə gəldim. Şəhərin irəli gələnləri Sarı İmamquluoğlu Ələkbər və məşhur qaçaq Qəmbər şəhərdəydi. Şəhərin ən hörmətli vətəndaşı Gəncə qubernatoru Xudadat bəy də tutulub Bakıya göndərilmişdi. Onu təpədən dırnağadək silahlı rus əsgərləri müşayət edib vağzala aparmışdılar. O zaman gəncəlilər də ayağa qalxıb Xudadat bəyi azad etmək üçün vağzala toplaşmışdılar. Qubernatoru qurtarmaq üçün tam hazırlıq da görülmüşdü. Xudadat bəy hiss etmişdi ki, bu mübarizədə xeyli insan tələfatı olacaq. Ona görə də vaqonun pəncərəsindən başını çıxarıb xalqa müraciətlə:
–“Əziz həmvətənlərim, mən sizdən rica edirəm evinizə gedəsiniz, qan tökülməsin”.
Bu müraciətdən məyus olan xalq evlərinə dağılışır. Aradan bir müddət keçdikdən sonra Xudadat bəy də yüzlərlə mücahidlə bir yerdə Bakıdakı Nargin adasında güllələnir.
Ən dəyərli və nüfuzlu bir insanın belə vəhşicəsinə bolşeviklər tərəfindən şəhid edilməsi bütün gəncəliləri hiddətləndirir. Şəhər qaynar qazan kimi qaynayırdı. Hər yerdə bolşeviklər divan tutmaq, istilqlalımızı əldən verməmək çağrışları eşidilirdi. May ayının ortalarında hər gecə şəhər qəbirstanlığında toplantılar keçirilir, tədbir görülürdü. Bura toplananlar şəhərin ən nüfuzlu ziyalıları, hörmətli insanlarıydı. Onlar üsyanın planını hazırlayırdılar.
1920-ci il mayın 24-də bolşevik hökümətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf gəldiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq. Bu vaxt özümüzünkülər də bizi tanımadıqları üçün atəş açırdılar. Biz yalnız ağ bayraq qaldırdıqdan sonra üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Mənə Dördyol deyilən ərazini qorumaq tapşırıldı. Burada at və insan meyitlərindən tərpənmək mümkün deyildi. Taxıl zəmiləri də məhv edilmişdi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu kimi yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklər sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan – uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyid vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına maneçilik törədirdi. Şəhərin su hovuzları da qızıl qanla dolmuşdu. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaş-baş qalmış camaat hərəsi bir tərəfə qaçırdı. Doğudan gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb-daşan Quşqara çayı vardı. Daş qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb tutulur məhv olurdular.
Şəhərin quzey tərəfindən iki hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. O qudurmuş dalğalarda məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının –“ Qasım lələ - bizi qurtar” deyə nalə çəkdiklərini hələdə unutmamışam. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətlərilə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bom-boş idi.
Yenə də gəzib gözə görünənləri şəhid etdilər və belə bir ultumatum yaydılar ki, hər kəs on gün içərisində təslim olarsa onlara toxunmayacaq. Onların bu hiyləsini yaxşı bilənlər aldanmadılar. Dağların zirvələrinə çəkildilər. Qanlı tarixlərinə yeni qanlı səhifələr yazmaq üçün hazırlıq gördülər.
Məğlub olan Gəncə üsyanı yeni məcraya uğradı. Şərəfsizliyi qəbul etməyən üsyançılarımız mübarizəni davam etdirmək qərarını qəbul etdi. Dağlara çəkilib qaçaq dəstələri düzəldərək döyüşməyə, bu qanı yerdə qoymamağa söz verdi. Çanaqçı kəndindən Sarı Qafar, Saro kəndindən Məhəmmədəli, Gədəbəydən Mustafa ağa və Məlik, Yaqublu dərəsindən( Şınıxdan) Məcid ağa, Xınna dərəsindən Mıka, Həmzə, Dağbasandan Molla Zeynalın oğlu Abuzər, Ayıblıdan Abdulla, Hacılar, Qaracaəmirlidən Ramazanoğlu Rüstəm və qardaşları, Əbdülkərimin nəvələri, Hüseyn və Əli Zülqədərlilər və sülaləsi, Zaqataladan Süayib və qardaşı Məhəmməd, Çar qəsəbəsindən Hacı Bilal oğlu Abdulməcid, Qarabağın Qəzvənd kəndindən Qədir və qardaşları və on minlərlə könüllü ölüm-dirim mübarizəsinə girişdilər.
Nadir və qardaşları iki yüzədək bolşevik əsgərini pusquya salıb öldürdülər. Gəncənin Balçılı kəndindən Yunis, Eldardan Məhəmməd Əli və qardaşı Abbas, Hacı Adıgözəl oğlu Zaman, Şəkinin Göynük kəndindən Abdulla və qardaşları Temurxan-Şuradan(Dağıstandan) Uzun Hacı 3 min atlısı ilə birlikdə bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Qan və atəş içindəydi. Bu mübarizə 1920-ci ilin mayından Gəncə üsyanından başlayıb 12 il davam etdi və onlara kömək olmadığı üçün bolşevik qüvvələri tərəfindən məhv edildilər. Gəncə üsyanından sonra biz doğma obamıza Samuxa çəkildik. Bolşeviklər Samuxa gəlməyə ehtiyat edirdilər.
Davamı var...
Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib
Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi