Tofiq Yaqublu saxlanıldı - Təcili

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Bildirilir ki, Nərimanov polis bolməsi tərəfindən evdə axtarış aparılır. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı “qafqazinfo”ya təsdiq edib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.

Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir

Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. “Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur”, - o bildirib. Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib.

Bəzi rayonlara qar yağıb, 4 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək, Naxçıvan MR-da 6-10 dərəcə, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 dərəcə şaxta olub. Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

Bakı Dövlət Universitetindən biabırçı cavab

"Hər il bir neçə dəfə Bakı Dövlət Universitetinə endirimli kitab sərgisi keçirtmək üçün müraciət edirik. Hər dəfə də təqribən cavab eyni üçün olur ki, təmir gedir, bitsin xəbər edərik. Bakı Dövlət Universitetində 20 mindən çox tələbə təhsil alır. Hardasa 15 mindən çox tələbə ödənişli təhsildədir və hər il azı 2000 manat ödəyir. Bu da ilə 30 milyon manat deməkdir. Amma bu universitet nə kitabxanasına kitab alır nə də kitab sərgisinin keçirilməsinə şərait yaradır.  Tələbələrin ödənişləri təmir- tikinti adı ilə necə gəldi xərclənir". Şahbaz Xuduoğlu

Serj Sərkisyan: Qarabağ məsələsi hələ bağlanmayıb

Vaxt gələcək, Qarabağ səhifəsinin bizim üçün bağlanmadığını deyəndə nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində deyib. Qarabağ ermənilərinin qayıtması məsələsinə toxunan Sərkisyanın fikrincə, bunu həmin adamların özlərindən soruşmaq lazımdır: “Aydındır ki, qayıdış arzuolunandır, lakin müvafiq şərtlər olmalıdır və mən onların fikrini bilmədən dəqiq nə deyə bilmərəm”, – deyə Sərkisyan bildirib. Serj Sərkisyan Şarlz Mişelin Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasına tabe olması ilə bağlı bəyanatına cavab olaraq deyib: “Bu, zəmanət ola bilməz, biz belə sözləri çox eşitmişik. Bu, sadəcə olaraq sıfır zəmanətdir”.

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir"

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir". Sozcu.az bildirir ki, bu sözləri sosioloq Lalə Mehralı deyib. Sosioloq qeyd edib ki, son bir neçə ilin ən qızğın müzakirə və mübahisə edilən mövzularından olan yas süfrəsi mövzusu hələ də müzakirəyə açıq olaraq qalır: "Bu qədər yazılan, müzakirə ediləndən sonra belə heç bir yas sahibi süfrəsini “kasıblatmadı”. Yenə yas süfrələri dəbdəbəsindən, təntənəsindən, cah-cəlalından geri qalmır. Hər gün dindən dəm vuran, israfçılığın günah olmasından danışan insanların öz evində olan yas mərasimlərində belə bu mənzərə kifayət qədər dəbdəbəlidir. Heç kim qonşudan geri qalmır, qalmaq istəmir, imkanı olasa da, olmasa da. Bu ənənə çoxdan başlayıb. İnsanlar yas mərasimlərini toya çevirdilər, süfrələr dolub-daşdı, yas evinin həyətindən toy evini xatırladan təamların növbənöv qoxuları ətrafa yayıldı, qadınlar yasa daha sadə bir don, adi bir paltar geyinmir, kimin nə qızılı, brilyantı, bahalı telefonu varsa yas mağarında nümayiş etdirirdi. Heç kim ayağını yorğanına görə uzatmırdı. Hələ ləbləbini, növbənöv şokoladları, rəngbərəng meyvə sularını, ekzotik meyvələri demirəm. Qonşunun yas süfrəsini bəyənməyib “layiqli ehsan vermədi” deyə tənə edənlər də aramızda çoxdur. Yas məclisini dəbdəbəli şəkildə təşkil etməklə insanlar, başqasının tənələrindən uzaq olmağa çalışırlar. Düşünür ki, süfrəyə az nemət qoysa deyəcəklər ki, ata-anasına hörmətsizlik etdi. Ya filankəs məclisdə üç cür şirniyyat verib deyə bu o qədər verməli, ya da ondan da artıq sayda şirniyyat növü menyuya daxil etməlidir". Bütün ölkəmiz bu yas dəbdəbəsinin əsiridir. Borca salan, sələmə girməyə vadar edən yas mərasimləri fəlakətdən də betərdir. Yasın düşəndə bilmirsən itirdiyin əzizinə yanasan, yoxsa borca girib yas süfrəsi açmaq məcburiyyətində olmağına. Ölən qalır bir tərəfdə, sən qonaqların nə yeyəcəyini, neçə kilo ət lazım olacağını, hansı şirniyyatları bişirtdirmək lazım olduğunu hesablamalısan". Sosioloq qeyd edib ki, qədimdə yas mərasimləri çox sadə keçirilib: "Yas mərasimi kədərin göstəricisidir, ona görə qədimdə yas düşən evdə neçə gün ocaq tüstüləməzdi. Axı əzizi ölən yemək bişirib, süfrə qurmaq istəməz. Yası düşənə, əzizi ölənə qonşusu yemək bişirib gətirərmiş – ocağını tüstülətmədiyi, süfrəsini açmadığını bildiyi üçün. İndi isə ölən əzizimizin portretini əks etdirən tort sifariş edirik. İndiki yas mərasimlərinin bircə xanəndə-çalğıçı heyəti çatmır. Oxuyanın yerində molla oturmasa, divardan mərhumun qara lentli rəsmi asılmasa heç kim yas yas mağarına girdiyini anlamaz.Hər məclisdə molla, axund “bu cür yas süfrəsi açmaq günahdır” deyir, amma özləri daha çox yeyir o təamlardan. Biz göstərişi, cah-cəlalı sevirik. Ən kasıbımız da, ən milyonçumuz da. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər. Restoranlarda nəinki xeyir, həm də şər üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var. Əvvəllər, rayon-kənd yerlərində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü, yaxınları gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi. Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas mərasimi təşkilatçıları tərəfindən təklif olunur. Çadırın içinin çilçırağı, xalçası, pərdələr, mikrofon-səsgücləndirmə sistemi, qab-qacaq və s. xidmətə daxildir. Əzizinə ağlamayıb pulla ağlayan tutanlar Yas evlərinin bir məşhur siması da var – mərsiyəxan. Daha çox şəhər mühitində fəaliyyət göstərirlər. Dini savadları olmayan, insanlarda Allaha sevgi aşılamaq yerinə daha çox Allah qorxusu və xof aşılamaqla tanınırlar. Məclis boyunca yalançı göz yaşı axıdıb dinlə əlaqəsi olmayan xurafatla zəngin əhvalatlar danışırlar". Sosioloq yas mərasimlərinə baha qiymətə gələn mərsiyəçi və ya mərsiyəxanlardan da söz açıb: "Məclisə yüksək qiymətə gəlirlər. Ən yaxşı halda 2 saatlıq ağlaşma mərasimi üçün 100-150 manat tələb edirlər, daha çox tanınan mərsiyəçilər məbləği yüksəldir. Əvvəllər ev sahibinin yaxını öləndə onun dərdinə şəriç çıxanlar, məclisə yığışanlar səmimiyyətlə ağlayaraq göz yaşı tökürdü. Çünki məclisdə əzizini itirən özü öz acısını dilə gətirib ağlayırdı. Amma indi ev sahibi özü dünyadan köçəninə ağlamaq yerinə mərsiyəçini ağladır. O məclislərdə mərsiyəçinin missiyası ağı deyib şüvənlik salmaq, məcburən də olsa ağlaşma yaratmaqdır. İndi heç kəs yas yerinə ağlamağa getmir. İnsanlar artıq bir-birinə yadlaşıb. Heç kəs heç kəsi tanımır. Bu yadlaşma nəticəsində isə heç kəs kiminsə ölüsü üçün göz yaşı axıtmaq istəmir. Qısası, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb".musavat.com)

Şənbə günü AXCP-nin qurultayı keçiriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat yayıb. “AXCP-nin Şənbə günü keçirəcəyimiz qurultayında çox ciddi qərarlar verəcəyik. Əvvəla, partiyanın müasir zamanın tələblərinə uyğun yeni proqramını qəbul edəcəyik. İkincisi, qurultay artıq təyin olunmuş növbədənkənar prezident seçkilərini də müzakirə edib, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək”, – deyə Ə. Kərimli qeyd edib.

Paşinyandan Qazax və Zəngəzur dəhlizi haqda kritik açıqlama

“Biz Azərbaycan və Ermənistan arasında əvvəllər mövcud olmuş bütün dəmir yolu əlaqələrini bərpa etməyə hazırıq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, magistral və dəmir yollarını bərpa etmək istədiklərini bildirib: “Bunlardan birincisi, Azərbaycanın Qazax bölgəsini Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən cənub marşrutudur. Həmçinin Azərbaycanın qərb rayonlarının şimal marşrutu ilə də Naxçıvan və xarici ölkələrlə əlaqə yarada biləcəyinə inanırıq. Ermənistan buna hazır olduğunu rəsmi şəkildə bildirib. Daha sonra şimal, orta və cənub zolağında magistral yolların salınması da var. Bunlar regionumuz üçün yeni imkanlar yaradacaq. O cümlədən Türkiyə ilə Emrənistan arasında da dəmir yollarının açılması, magistral yolun yenidən qurulmasına hazırıq”.

Türkiyə kəşfiyyatı İraqın şimalında PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) İraqın şimalında PKK terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib. Məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, Sebahat Ormanlı adlı terrorçu beynəlxalq axtarışda olub. O, bir sıra şəhərlərdə terror hücumlarının keçirilməsi, eləcə də, meşə yanğınlarının törədilməsi ilə bağlı təlimatlar verib. Məlumata görə, o, PUA ilə keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol... - Mişel

Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Prezident Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik”, - Mişel bildirib.

Yaxın vaxtlarda sülh sazişinin imzalanması… - Paşinyan

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Bəzi dərmanlar sığorta hesabına qarşılanacaq

Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq. Sozcu.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib: "İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin, dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".

Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdirildi - VİDEO

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq xəstəxanaya yerləşdirilib. Bu barədə Baku TV-nin əməkdaşı bildirib: “Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü təyin olunacaq, evə buraxılacaqlar”.

Şəhid oğlu ürəktutmadan vəfat etdi - FOTO

Tərtər rayonu, Sarıcalı kənd orta məktəbinin Coğrafiya müəllimi, 1985-ci il təvəllüdlü Elmin Məmmədov vəfat edib. Sozcu.az xəbər verir ki, o, bu gün axşam saatlarında evində qəfildən ürəktutmadan dünyasını dəyişib. E.Məmmədov 4 uşaq atası olub. Onun atası Asif Məmmədov isə Birinci Qarabağ müharibəsi şəhididir. A.Məmmədov 1992-ci ildə şəhid olub./İqtisadiyyat.az Allah rəhmət eləsin! 

Şirvanda yeniyetmə qızılcadan öldü

Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Arif Hacılı test üsulunun qərarı ilə bağlı "nala-mıxa" vuranların cavabını verdi

1992-ci lidə Azərbaycanın alı məktəblərinə qəbul  imtahanlarında ilk dəfə test üsulu tədbiq edildi.  Test üsulunun tədbiqinə Təhsil Nazirliyi işçiləri, ali məktəblərin professor-müəllim heyətinin bir qismi tərəfindən ciddi müqavimət vardı.  Çünki, bu sahələrdə çalışan minlərlə müəllim və məmurun qazancı qəbul və smestr imtahanlarına bağlı idi.  Əbülfəz Elçibəy bütün bu müqavimətə baxmayaraq test üsulunun tədbiq olunmasına təkid etdi.  Adətən iyun ayında keçirilən qəbul imtahanlarının test üsulunu tədbiqinə hazırlığın tamamlanmaması səbəbindən  payıza qədər uzadılmasına sərəncam verdi.  Təhsil Nazirliyi və test imtahanlarını sobataj etmək ehtimalı olanlara o dərəcədə inanmırdı ki, test suallarının hazırlanması üçün Zaqulbada prezidentin rezidensiyası olan öz evini ayırmışdı.  Hətta bir çox yüksək vəzifəli dövlət məmurları bu prosesdən xəbərsiz idi.  Sistem elə qurulmuşdu ki, heç kəsin, hətta prezidentin özünün də imtahanların nəticələrinə müdaxilə imkanları olmasın.  Və bu sistem Prezident Elçibəyin iradəsi və göstərişi əsasında qurulmuşdu.  İlk test imtahanlarının baş tutmasında Prezident Aparatı əməkdaşlarının, o zaman Dövlət Katibi olan Pənah Hüseynin, Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə iş  üzrə Dövlət Müşaviri olan mənim, Dövlət Müşaviri Rafiq İsmayılın, test sistemini pozmağa çalışanlar istisna olmaqla Təhsil Nazirliyi və ali məktəblərin professor-müəllim heyətinin, TQDK və onun rəhbəri Vurğun Əyyubun, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Rauf Gülməmmədovun, Bakı şəhər rayonları icra hakimiyyəti başçılarının rolu böyükdür.  Test imtahanları günü bütün təşkilati-texniki məsələlərə Ərazi İdarəetmə Orqanıarı ilə iş üzrə Dövlət Müşaviri olaraq şəxsən rəhbərlik etmişəm. Amma bu test sisteminin tədbiqində müstəsna rolumun olması anlamına gəlmir.  Yersiz və mənasız davranışları  ilə etimadı itirərək aylarla prezidentin qəbuluna düşməyə həsrət qalıb bu gün test sisteminin tədbiqinin müəllifliyindən danışanların iddiaları isə xüsusilə gülüncdür.  Azərbaycanda test sistemi prezidentElçibəyin ideyası, təşəbbüsü və siyasi iradəsi nəticəsində tədbiq olunub. Arif Hacılı, Müsavat Partiyasının başqanı

"Oğlum öldürüləndən əvvəl evdə siçan zəhəri tapdım" - MƏHKƏMƏ

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Öldürülən Əli Seyidlinin anası Pəricahan Seyidova, qardaşı Ayaz Seyidov və təqsirləndirilən Əzizə Seyidovanın nənəsi Həqiqət Əliyeva məhkəmədə dindirilib. Pəricahan Seyidovanın sözlərinə görə, hadisə gününə qədər gəlini ilə oğlu arasında heç bir dava olmayıb: “Oğlum zəng edib dedi ki, hazırlaşın, gəlirəm sizi götürüm, şəhərə gedək. Əzizəyə deyəndə o, getmək istəmədiyini bildirdi. Dedi ki, uşaq yatmalıdır. Mən Əliyə bir də zəng edib dedim ki, uşaq yatmalıdır, maşından düş gəl evə. Elə bu an qışqırıq səsi eşitdim. Çölə çıxanda Əlini həyətdə qanın içində gördüm. Qucaqladım, kimin etdiyini soruşanda Əli görmədiyini dedi. Elə bir az sonra da qucağımda öldü”. Mərhumun anası bildirib ki, hadisədən qabaq oğlunun paltarları arasında “siçan dərmanı” tapıb: “Oğlum hamamda idi, paltar istədi. Gedib götürəndə siçan dərmanını orda tapdım. Heç ağlımdan belə bir hadisənin olacağını, Əzizənin ərini öldürmək istədiyini keçirməzdim”. Təqsirləndirilən Əzizə Seyidova isə ona “Uşaq olan evə necə siçan dərmanı gətirə bilərəm? O dərmanın evə necə gəldiyindən xəbərsizəm”, deyə cavab verib. Daha sonra, hadisənin digər şahidi, qətlə yetirilən şəxsin qardaşı Ayaz Seyidov ifadə verib: “Qardaşım Əzizəgili restorana aparacaqdı. Mən də evdə idim. Həyətdə işləyirdim. Küçədən səs-küy gəldi. Qışqırıq eşitdim, “məni vurdular”, dedi. Sonra qardaşım qapını açıb içəri girdi. Üstü-başı qan içində idi. Dedi ki, üç nəfər məni vurdu. Küçəyə qaçdım. O tərəf, bu tərəfə baxdım. Heç kimi görmədim. Əzizə tutulandan sonra anam mənə dedi ki, evdə siçan zəhəri tapıb". Proses fevralın 14-də davam etdiriləcək. Qeyd edək ki, ittihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 1 dərəcəyədək şaxta olub. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda isə qar yağıb. Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 9 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 1 dərəcəyədək şaxta olub.

“Qırmızı körpü” gömrük postunda sıxlıq - mindən çox yük maşını gözləyir

Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb. Sozcu.az xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar. TIR sürücüsü olan türkiyəli Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”. Təkcə Türkiyə və İrandan gələn deyil, digər ölkələrdən olan sürücülər də növbə gözləyirlər. Onlar deyirlər ki, burada qaldıqca, xərcləri də çox çıxır. Ona görə də bir an öncə yola düşmələrini istəyirlər. “Qırmızı körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir. “Vəziyyətlə bağlı bildiririk ki, son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ləngimələrlə əlaqədar olaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri alternativ yol kimi ölkəmizin “Qırmızı körpü” gömrük postuna yönləndirilmişdir. Nəticə etibarilə həmin nəqliyyat vasitələrinin ölkəmizin ərazisinə daxil olması sıxlığın artması ilə nəticələnib. Bununla əlaqədar bildirmək istəyirəm ki, gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov əlavə edib. Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir.

"Navalnı vicdan məhbusudur və o, qeyd-şərtsiz azad edilməlidir" - "Amnesty İnternational"

"Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır, biz onu və onun işini qorumalıyıq..." "Rusiyalı müxalifətçiyə qarşı ekstremizmlə bağlı açılan yeni cinayət işi üzrə istintaq hərəkətləri aparılır..." Rusiyanın əsas müxalifətçisi indi haradadır?.. Rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir vilayətinin Melexovodakı 6 saylı islah koloniyasından yeni cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Moskvaya çatdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Baza" "Teleqram-kanal"ı öz mənbələrinə istinadən məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb. Məlumatda deyilir ki, söhbət vandalizm işi ilə bağlı istintaq hərəkətlərindən gedir. Dekabrın 1-də Navalnı onun barəsində RF CM-in vandalizmlə bağlı 214-cü maddəsinin 2-ci hissəsi üzrə yeni cinayət işinin açıldığı barədə məlumat verib. Digər mənbələr güman edir ki, Navalnı Moskvadan sonra başqa yerə etap edilə bilər. "Qanunla Navalnı xüsusi rejimli koloniyaya etap edilə bilərdi, məhz bu tipli müəssisədə o, 2023-cü ilin avqustunda məhkəmənin "ekstremizm"lə bağlı iş üzrə 19 il azadlıqdan məhrumetmə cəzasını çəkməlidir", - məlumatda deyilir. Bundan öncə Navalnının mətbuat katibi Kira Yarmış bəyan edib ki, müxalifətçi koloniyadan çıxarılıb və onun harada olduğu məlum deyil. Bu arada dünyada, o cümlədən Avropada Navalnının taleyi ilə bağlı narahatlıq artır və onun müdafiəsi üçün hərəkat genişlənir. Belə ki, avropalı deputat, Belçikanın sabiq baş naziri, hazırda AŞPA-da Liberal və Demokratlar Fraksiyasının sədri Qi Verxofstadt Avropa İttifaqı Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrelə "Rusiyadan dərhal izahat istənilməsinə" çağırış edib. "Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır. Bizim borcumuz onu və onun işini qoruyub saxlamaqdır" - deputat "X" sosial şəbəkəsində yazıb. "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Navalnı ilə bağlı bəyanat yayıb. "İndi Navalnını zorən yoxa çıxmasının qurbanı hesab etmək olar. Kreml öz tənqidçiləri boğmaq qətiyyətində heç nə qarşısında dayanmayacaq", - bunu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bəyan edib. "Belə ehtimal var ki, o, başqa yerə etap edilməsi prosesində həbsdədir. Rusiyada belə etap edilmə həftələrlə davam edə bilər, bu zaman qohumlarının taleyi barədə heç bir məlumat əldə edilmir, demək olar ki, həmişə məhbusların sağlamlığı və rifahını təhlükə altına atır, çünki onlar bunun gedişində qəddar davranışa məruz qalır", - Krivoşeyev əlavə edib. "Aleksey Navalnının təqib edilməsi siyasi motivlidir və o, siyasi fəallığına görə cəzalandırılıb. O, vicdan məhbusudur və dərhal və qeyd-şətsiz azad edilməlidir. Rusiya hakimiyyəti onun taleyi və harada olması barədə açıqlama verməlidir", - Krivoşeyev vurğulayıb.

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq”

“Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir”. Bunu Şuranın sədri Şarl Mişel Ermənistanın “Azatutyun” portalına müsahibəsində bildirib. O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır: “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”. Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişafı üçün yaxşı haldır. “Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, - o vurğulayıb.

Dünya daha bir şok yaşayır - Lemkin təşkilatı Qüdsü erməni şəhəri hesab edir

Dünyadakı bəzi beynəlxalq təşkilatlar və institutar açıq-aşkar ermənilərin maraqlarını müdafiə edir. Erməni sevgilərini gizlədə bilməyən həmin təşkilatlar ermənilərin müdafiəçiləri kimi çıxış edir və onların erməni diaporunun təsiri altında fəaliyyət göstərməsi hiss olunur. Sozcu.az xəbər verir ki, belə təşkilatlardan biri də Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutudur. Bu təşkilat oxuculara yaxşı tanışıdır. Azərbaycana qarşı aparılan kampaniyada fəal iştirak edən Lemkin İnstitutu ölkəmizi müharibə cinayətlərində ittiham edir. Ermənilərin maraqlarına xidmət edən Lemkin İnstitutu indi də Şərqi Qüdsdəki erməni məhəlləsinin dərdini çəkir. Hər gün Qəzzada həlak olan minlərlə günahsız insanı unudan faşist ideologiyasının təbliğatçıları indi də Qüdsdə erməni məhəlləsinin dağılmasından “dərin narahatdır”. Ermənilərin müadafiəçisi qismində çıxış edən Lemkin institutu beynəlxalq təşkilatları İsraildəki erməni icmasının hüquqlarını müdafiəsinə çağırıb: “Biz ABŞ-ı və İsrailin digər yaxın müttəfiqlərini bu torpaq mübahisəsində erməni icmasına lazımi hüquqi proseduru təmin etmək üçün məsuliyyət götürməyə çağırırıq. Bu ilin payızında erməni icması Qarabağı itirməklə ağır böhran vəziyyəti keçirir. Qüdsün erməni məhəlləsinin mədəni irsi, guya Fələstin ərazilərində yəhudi etnik dövləti yaratmaq məqsədi ilə buna icazə verən inşaatçılar və silahlı köçkünlərdən qorunmalıdır. Biz dinc nümayişlərlə bu torpağın işğalına qarşı müqavimət göstərməkdə davam edən və ərazini tərk etməkdən imtina edən erməni icmasını dəstəkləyirik”. Yaxın Şərqdə erməni maraqlarını müdafiə edən beynəlxalq təşkilatlar Qüdsün qədim erməni şəhəri olması haqqında iddia da irəli sürürlər. Faşist erməni ideologiyasına görə müqəddəs şəhərin təməlini ermənilər qoyub və İsa Məsih də ermənidir. Bütün dünyanı özlərinə güldürən erməni millətçiləri çox güman ki, Qüdsü də “Böyük Ermənistan”ın paytaxtı hesab edirlər.

Əsirlər harda, kimin vasitəçiliyilə dəyişdiriləcək...

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İərvan arasında bir sıra razılığın əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (İrəvanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov-red.) azad edəcək. Hər iki ölkənin ictimaiyyəti neçə gündür hərbçilərin dəyişdiriləcəyi anı gözləyir. Proses hələ ki baş verməyib. Sozcu.az-ın məlumatına görə, nə Azərbaycan rəsmiləri, nə də Ermənistan hakimiyyətinin nümayəndələri saxlanılan hərbçilərin azad ediləcəyi günü və yeri, eləcə də prosesin kimin vasitəçilə gerçəkləşəcəyini açıqlamayıblar. Ermənistan mediasının məlumatına görə, mübadilə prosesi bu gün və ya sabah baş tuta bilər. Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan KİV-ə açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma kimin vasitəsilə, bunu açıqlamayıb. Ermənistan KİV-ləri prosesə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçi olacağını ehtimal edir. Beynəlxalq Komitənin Ermənistan nümayəndəliyindən Zara Amatuni bildirib ki, “Qırmızı Xaç” tərəfləri neytral vasitəçi olmağa hazır olduqları barədə məlumatlandırıb. “Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, tərəflər bizə müraciət etsələr, prosesdə rol oynaya bilərik. Hazırda bizdə başqa məlumat yoxdur”, - Amatuni bildirib.modern)

Bakıda körpü çökdü - Tıxac yarandı

Bakıda körpü çöküb. Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətindəvə “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir. Qeyd edək ki, Milli Hodrometeorologiya Xidməti tərəfindən əvvəlcədən məlumat verildiyi kimi, bir neçə gündür paytaxtda intensiv yağış yağır. Bu isə bəzi yollarda hərəkəti çətinləşdirməklə bərabər, sıxlıq, subasma və çökmə halları ilə müşahidə edilir.