"Navalnı vicdan məhbusudur və o, qeyd-şərtsiz azad edilməlidir" - "Amnesty İnternational"

"Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır, biz onu və onun işini qorumalıyıq..."

"Rusiyalı müxalifətçiyə qarşı ekstremizmlə bağlı açılan yeni cinayət işi üzrə istintaq hərəkətləri aparılır..."

Rusiyanın əsas müxalifətçisi indi haradadır?..

Rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir vilayətinin Melexovodakı 6 saylı islah koloniyasından yeni cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Moskvaya çatdırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə "Baza" "Teleqram-kanal"ı öz mənbələrinə istinadən məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.

Məlumatda deyilir ki, söhbət vandalizm işi ilə bağlı istintaq hərəkətlərindən gedir. Dekabrın 1-də Navalnı onun barəsində RF CM-in vandalizmlə bağlı 214-cü maddəsinin 2-ci hissəsi üzrə yeni cinayət işinin açıldığı barədə məlumat verib.

Digər mənbələr güman edir ki, Navalnı Moskvadan sonra başqa yerə etap edilə bilər.

"Qanunla Navalnı xüsusi rejimli koloniyaya etap edilə bilərdi, məhz bu tipli müəssisədə o, 2023-cü ilin avqustunda məhkəmənin "ekstremizm"lə bağlı iş üzrə 19 il azadlıqdan məhrumetmə cəzasını çəkməlidir", - məlumatda deyilir.

Bundan öncə Navalnının mətbuat katibi Kira Yarmış bəyan edib ki, müxalifətçi koloniyadan çıxarılıb və onun harada olduğu məlum deyil.

Bu arada dünyada, o cümlədən Avropada Navalnının taleyi ilə bağlı narahatlıq artır və onun müdafiəsi üçün hərəkat genişlənir. Belə ki, avropalı deputat, Belçikanın sabiq baş naziri, hazırda AŞPA-da Liberal və Demokratlar Fraksiyasının sədri Qi Verxofstadt Avropa İttifaqı Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrelə "Rusiyadan dərhal izahat istənilməsinə" çağırış edib.

"Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır. Bizim borcumuz onu və onun işini qoruyub saxlamaqdır" - deputat "X" sosial şəbəkəsində yazıb.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Navalnı ilə bağlı bəyanat yayıb.

"İndi Navalnını zorən yoxa çıxmasının qurbanı hesab etmək olar. Kreml öz tənqidçiləri boğmaq qətiyyətində heç nə qarşısında dayanmayacaq", - bunu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bəyan edib.

"Belə ehtimal var ki, o, başqa yerə etap edilməsi prosesində həbsdədir. Rusiyada belə etap edilmə həftələrlə davam edə bilər, bu zaman qohumlarının taleyi barədə heç bir məlumat əldə edilmir, demək olar ki, həmişə məhbusların sağlamlığı və rifahını təhlükə altına atır, çünki onlar bunun gedişində qəddar davranışa məruz qalır", - Krivoşeyev əlavə edib.

"Aleksey Navalnının təqib edilməsi siyasi motivlidir və o, siyasi fəallığına görə cəzalandırılıb. O, vicdan məhbusudur və dərhal və qeyd-şətsiz azad edilməlidir. Rusiya hakimiyyəti onun taleyi və harada olması barədə açıqlama verməlidir", - Krivoşeyev vurğulayıb.

Share on Facebook