"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir"

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir".

Sozcu.az bildirir ki, bu sözləri sosioloq Lalə Mehralı deyib.

Sosioloq qeyd edib ki, son bir neçə ilin ən qızğın müzakirə və mübahisə edilən mövzularından olan yas süfrəsi mövzusu hələ də müzakirəyə açıq olaraq qalır:

"Bu qədər yazılan, müzakirə ediləndən sonra belə heç bir yas sahibi süfrəsini “kasıblatmadı”. Yenə yas süfrələri dəbdəbəsindən, təntənəsindən, cah-cəlalından geri qalmır. Hər gün dindən dəm vuran, israfçılığın günah olmasından danışan insanların öz evində olan yas mərasimlərində belə bu mənzərə kifayət qədər dəbdəbəlidir.

Heç kim qonşudan geri qalmır, qalmaq istəmir, imkanı olasa da, olmasa da.

Bu ənənə çoxdan başlayıb. İnsanlar yas mərasimlərini toya çevirdilər, süfrələr dolub-daşdı, yas evinin həyətindən toy evini xatırladan təamların növbənöv qoxuları ətrafa yayıldı, qadınlar yasa daha sadə bir don, adi bir paltar geyinmir, kimin nə qızılı, brilyantı, bahalı telefonu varsa yas mağarında nümayiş etdirirdi. Heç kim ayağını yorğanına görə uzatmırdı. Hələ ləbləbini, növbənöv şokoladları, rəngbərəng meyvə sularını, ekzotik meyvələri demirəm. Qonşunun yas süfrəsini bəyənməyib “layiqli ehsan vermədi” deyə tənə edənlər də aramızda çoxdur. Yas məclisini dəbdəbəli şəkildə təşkil etməklə insanlar, başqasının tənələrindən uzaq olmağa çalışırlar. Düşünür ki, süfrəyə az nemət qoysa deyəcəklər ki, ata-anasına hörmətsizlik etdi. Ya filankəs məclisdə üç cür şirniyyat verib deyə bu o qədər verməli, ya da ondan da artıq sayda şirniyyat növü menyuya daxil etməlidir".

Bütün ölkəmiz bu yas dəbdəbəsinin əsiridir. Borca salan, sələmə girməyə vadar edən yas mərasimləri fəlakətdən də betərdir. Yasın düşəndə bilmirsən itirdiyin əzizinə yanasan, yoxsa borca girib yas süfrəsi açmaq məcburiyyətində olmağına. Ölən qalır bir tərəfdə, sən qonaqların nə yeyəcəyini, neçə kilo ət lazım olacağını, hansı şirniyyatları bişirtdirmək lazım olduğunu hesablamalısan".

Sosioloq qeyd edib ki, qədimdə yas mərasimləri çox sadə keçirilib:

"Yas mərasimi kədərin göstəricisidir, ona görə qədimdə yas düşən evdə neçə gün ocaq tüstüləməzdi. Axı əzizi ölən yemək bişirib, süfrə qurmaq istəməz. Yası düşənə, əzizi ölənə qonşusu yemək bişirib gətirərmiş – ocağını tüstülətmədiyi, süfrəsini açmadığını bildiyi üçün. İndi isə ölən əzizimizin portretini əks etdirən tort sifariş edirik.

İndiki yas mərasimlərinin bircə xanəndə-çalğıçı heyəti çatmır. Oxuyanın yerində molla oturmasa, divardan mərhumun qara lentli rəsmi asılmasa heç kim yas yas mağarına girdiyini anlamaz.Hər məclisdə molla, axund “bu cür yas süfrəsi açmaq günahdır” deyir, amma özləri daha çox yeyir o təamlardan. Biz göstərişi, cah-cəlalı sevirik. Ən kasıbımız da, ən milyonçumuz da.

Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər.

Restoranlarda nəinki xeyir, həm də şər üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var. Əvvəllər, rayon-kənd yerlərində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü, yaxınları gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi.

Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas mərasimi təşkilatçıları tərəfindən təklif olunur. Çadırın içinin çilçırağı, xalçası, pərdələr, mikrofon-səsgücləndirmə sistemi, qab-qacaq və s. xidmətə daxildir.

Əzizinə ağlamayıb pulla ağlayan tutanlar

Yas evlərinin bir məşhur siması da var – mərsiyəxan. Daha çox şəhər mühitində fəaliyyət göstərirlər. Dini savadları olmayan, insanlarda Allaha sevgi aşılamaq yerinə daha çox Allah qorxusu və xof aşılamaqla tanınırlar. Məclis boyunca yalançı göz yaşı axıdıb dinlə əlaqəsi olmayan xurafatla zəngin əhvalatlar danışırlar".

Sosioloq yas mərasimlərinə baha qiymətə gələn mərsiyəçi və ya mərsiyəxanlardan da söz açıb:

"Məclisə yüksək qiymətə gəlirlər. Ən yaxşı halda 2 saatlıq ağlaşma mərasimi üçün 100-150 manat tələb edirlər, daha çox tanınan mərsiyəçilər məbləği yüksəldir. Əvvəllər ev sahibinin yaxını öləndə onun dərdinə şəriç çıxanlar, məclisə yığışanlar səmimiyyətlə ağlayaraq göz yaşı tökürdü. Çünki məclisdə əzizini itirən özü öz acısını dilə gətirib ağlayırdı. Amma indi ev sahibi özü dünyadan köçəninə ağlamaq yerinə mərsiyəçini ağladır. O məclislərdə mərsiyəçinin missiyası ağı deyib şüvənlik salmaq, məcburən də olsa ağlaşma yaratmaqdır. İndi heç kəs yas yerinə ağlamağa getmir. İnsanlar artıq bir-birinə yadlaşıb. Heç kəs heç kəsi tanımır. Bu yadlaşma nəticəsində isə heç kəs kiminsə ölüsü üçün göz yaşı axıtmaq istəmir.

Qısası, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb".musavat.com)

Share on Facebook