Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb.
Sozcu.az xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar.
TIR sürücüsü olan türkiyəli Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”.
Təkcə Türkiyə və İrandan gələn deyil, digər ölkələrdən olan sürücülər də növbə gözləyirlər. Onlar deyirlər ki, burada qaldıqca, xərcləri də çox çıxır. Ona görə də bir an öncə yola düşmələrini istəyirlər.
“Qırmızı körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir.
“Vəziyyətlə bağlı bildiririk ki, son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ləngimələrlə əlaqədar olaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri alternativ yol kimi ölkəmizin “Qırmızı körpü” gömrük postuna yönləndirilmişdir. Nəticə etibarilə həmin nəqliyyat vasitələrinin ölkəmizin ərazisinə daxil olması sıxlığın artması ilə nəticələnib. Bununla əlaqədar bildirmək istəyirəm ki, gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov əlavə edib.
Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir.