"Oğlum öldürüləndən əvvəl evdə siçan zəhəri tapdım" - MƏHKƏMƏ

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Öldürülən Əli Seyidlinin anası Pəricahan Seyidova, qardaşı Ayaz Seyidov və təqsirləndirilən Əzizə Seyidovanın nənəsi Həqiqət Əliyeva məhkəmədə dindirilib.

Pəricahan Seyidovanın sözlərinə görə, hadisə gününə qədər gəlini ilə oğlu arasında heç bir dava olmayıb: “Oğlum zəng edib dedi ki, hazırlaşın, gəlirəm sizi götürüm, şəhərə gedək. Əzizəyə deyəndə o, getmək istəmədiyini bildirdi. Dedi ki, uşaq yatmalıdır. Mən Əliyə bir də zəng edib dedim ki, uşaq yatmalıdır, maşından düş gəl evə. Elə bu an qışqırıq səsi eşitdim.

Çölə çıxanda Əlini həyətdə qanın içində gördüm. Qucaqladım, kimin etdiyini soruşanda Əli görmədiyini dedi. Elə bir az sonra da qucağımda öldü”.

Mərhumun anası bildirib ki, hadisədən qabaq oğlunun paltarları arasında “siçan dərmanı” tapıb: “Oğlum hamamda idi, paltar istədi. Gedib götürəndə siçan dərmanını orda tapdım. Heç ağlımdan belə bir hadisənin olacağını, Əzizənin ərini öldürmək istədiyini keçirməzdim”.

Təqsirləndirilən Əzizə Seyidova isə ona “Uşaq olan evə necə siçan dərmanı gətirə bilərəm? O dərmanın evə necə gəldiyindən xəbərsizəm”, deyə cavab verib.

Daha sonra, hadisənin digər şahidi, qətlə yetirilən şəxsin qardaşı Ayaz Seyidov ifadə verib: “Qardaşım Əzizəgili restorana aparacaqdı. Mən də evdə idim. Həyətdə işləyirdim. Küçədən səs-küy gəldi. Qışqırıq eşitdim, “məni vurdular”, dedi. Sonra qardaşım qapını açıb içəri girdi. Üstü-başı qan içində idi. Dedi ki, üç nəfər məni vurdu. Küçəyə qaçdım. O tərəf, bu tərəfə baxdım. Heç kimi görmədim. Əzizə tutulandan sonra anam mənə dedi ki, evdə siçan zəhəri tapıb".

Proses fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Share on Facebook