Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib. Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, 1988- ci il təvəllüdlü Yusifova Xatirə Əyyub qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(report)

İllinoysda bıçaqlı hücumda 4 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-nin İllinoys ştatının Rokford şəhərində dörd nəfər bıçaq yaralarından ölüb, beşi isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Associated Press” bildirib. Məlumata görə, şübhəli şəxs artıq saxlanılıb. Hadisənin səbəbləri bəlli deyil. Yaralılardan birinin vəziyyəti ağırdır.

İtaliyada zəlzələ olub

İtaliyanın şimalında 5 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzinə verilənlərinə görə, yerli vaxtla 22:19-da qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri əhalisi 8 min nəfər olan Tolmedzo kommunasından 13 km cənub-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Xatırladaq ki, İtaliyada dağıntılara yol açmış sonuncu güclü zəlzələ 2016-cı ildə qeydə alınıb. O zaman 300-ə yaxın insan həlak olmuş, 400-dən çox insan yaralanmışdı.

Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”. Budanov qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib. “Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”, – Budanov bildirib. Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib. Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”. Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”. Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar. Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”. Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub. Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər. Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.

Gecəyarısı dəhşətli CİNAYƏT: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ

Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib – red.) qətlə yetirib. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib. Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb. Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib. Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb. “Atam evdən getdi” İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: “Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar. 2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim”. “Anamla əlaqə saxlayırdım” Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: “Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: “Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü. Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi”. “Bibim dedi, rayona səhər gedərsən” Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: “Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim. Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik. Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim. Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim”. “Şans verməyimi istədi” Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: “Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01.20-də Bakıdan nömrəsini xatırlamadığım “Mercedes” markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim. Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm. Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi”. “Anam xırıldamağa başladı” Rüzgar deyib ki, anasından evdən çıxmağı tələb edib və qolundan tutaraq çarpayıdan qaldırıb: “Bu zaman o, öz istədiyi kimi yaşayacağını, heç kimin ona heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini və heç kimin sözüylə evdən çıxmayacağını dedi. Sonra qışqıraraq mənə nalayiq ifadələr işlətməyə başladı. Üzümə sağ tərəfdən şillə vurdu. Anamın boğazından iki əlimlə yapışaraq boğmağa başladım. Dizlərimi yerə qoyduqdan sonra yenə boğmağa davam etdim. Daha sonra anamı arxası üstə uzatdım, bu vəziyyətdə də onu boğdum. Bu zaman anam mənim boğaz nahiyəmə cırmaq atdı. Cırmaq atdıqda əllərimi boğazından çəkdim, anam xırıldamağa başladı”. “Meyiti iki palaza bükdüm” Rüzgar qeyd edib ki, qonaq otağında elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən ayırıb, anasını yenidən arxası üstə döşəməyə sərərək dizlərini onun üzərinə basıb, müqavimət göstərməsinin qarşısını alıb: “Naqili boğazına dolayaraq çarpaz istiqamətdə sıxdım. Təxminən bir dəqiqə həmin vəziyyətdə anamı boğduqdan sonra onun öldüyünü anladım. Özüm ayağa qalxdım, naqil anamın boğazında qaldım. Otaqda olan iki palazdan birini götürdüm, anamın üzərinə sərdim və onu palaza bükdüm. Servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki naqil götürərək palazı bağladım. Palazı dartaraq evin eyvanına, qonaq otağı ilə yataq otağının arasına çıxardım. Birinci fikrim anamın meyitini eyvanda saxlamaq oldu. Havanın işıqlandığını gördükdə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb apardım. Meyiti yataq otağının sağ küncünə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirərək meyitin üzərinə atıb otaqdan çıxdım. Otağın qapısına qıfıl keçirsəm də, açarla bağlamadım”. “Bibimə hər şeyi danışıb təslim oldum” Təqsirləndirilən şəxs deyib ki, kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən “Opel” markalı avtomobilə minib və Bakı şəhərinə gedib: “Saat 9 radələrində Bakıda "20 Yanvar" metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibimgilə getdim. Bibim məndən niyə evə gec gəldiyimi, saatlarla harada olduğumu, telefona niyə cavab vermədiyimi soruşduqda mən hirslənib ağlamağa başladım. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibimə evin arxasına keçməyi təklif etdim. Evin arxasında ağlaya-ağlaya bibimə bütün olanları danışdım. Babam Musaya zəng elədim. Amma onunla danışa bilmədiyimə görə telefonu bibimə verdim. Bibim baş verənləri babama danışdı. Daha sonra Moskvada yaşayan əmim Əliyə və digər bibim Günaya zəng edərək anamı qətlə yetirdiyimi dedim. Əmim telefonda ağlayaraq mənə gedib təslim olmağımı dedi. Bibilərim Günay və Nazilə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə getdik. Könüllü polisə təslim oldum”. “Videodakı “N” hərfinin kim olduğunu soruşdum” İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Rüzgarın bibisi Nazilənin sözlərinə görə, qardaşı Fərruxla Jalə təxminən hadisədən bir il əvvəl faktiki ayrılıblar: “Qardaşım arvadı Jaləyə nifrət etdiyini bildirərək onunla yaşamaq istəmədiyini dedi. Təxminən bir il əvvəl Ucar rayonunun kəndinə yasa gələndə camaat arasında Jalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayıldığını eşitdim. Jalənin özü də adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını dedi. Son zamanlar Jalənin vatsapda daim onlayn olduğunu görürdüm. Niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda, qızları ilə danışdığını deyirdi”. Nazilə qeyd edib ki, avqustun 12-də Jalənin Bakıda yaşayan qızı Sayalı qaynanası ilə birlikdə Ucar rayonuna yasa gedib: “Sayalı anası Jalədən ötrü darıxdığından 5-6 gün onunla qalmaq istəsə də, Jalə qızının qalmasına icazə vermədi, onu taksi ilə Bakıya yola saldı. Bundan başqa, avqustun 7-də baldızım və eyni zamanda Jalənin qudası olan Kəmalənin qızı Fatimə mənə vatsapda onun statusun ekran görüntüsünü göndərdi. Jalənin vatsapa, “Tik-tok”a qoyduğu videoda “N” baş hərfi və ürək şəkilləri vardı. Videoya görə bacım Günaya zəng etdirərək Jalədən videoda olan “N” hərfinin kim olduğunu soruşdum. Jalə həmin videonu vatsapa bilməyərəkdən qoyduğunu dedi”. “Anasının yox olduğunu dedi” Nazilə deyib ki, qardaşı oğlu Rüzgar kənddə yaşayıb böyüyüb, hərbi xidmətdən sonra Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Əlinin yanına yollanıb, meyvə-tərəvəz işi ilə məşğul olub: “Qardaşım Əli zəng edərək mənə Rüzgarın Bakıya gələcəyini, onun anası Jalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini dedi. Növbəti gün, günorta saatlarında Rüzgar Sulutəpə qəsəbəsində yaşadığım evə gəldi. Həyətdə oturub yemək yedik, söhbət elədik. Təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxdı. Saat 21 radələrində bacım Günayın oğlu Xəlil zəng edərək Rüzgarın yanında olduğunu, bir az sonra isə zəng edərək Rüzgarın Ucar rayonuna getməkdə israr etdiyini dedi. Rüzgarla telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və səhər birlikdə Ucara getməyi təklif etdim. O isə sözümə məhəl qoymayaraq gedəcəyini bildirdi. Avqustun 18-də saat 9 radələrində Rüzgar vatsapda yazaraq bizə çatdığını dedi, hamamı hazırlamağımı istədi. Saat 09.30-d Rüzgar bizə gələndə onun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını gördüm. Bunun səbəbini soruşduqda Rüzgar mənimlə birlikdə evin arxasına keçərək Jaləni pis vurduğunu, onun yox olduğunu dedi. Bundan sonra ağlamağa başladı”.  “Sevgili münasibətinin olduğunu dedi” Şahid qismində ifadə verən Sayalının sözlərinə görə, mərhum Jalə anası, təqsirləndirilən Rüzgar isə qardaşıdır: “Təxminən hadisədən bir il əvvəl atam Fərrux bizi tərk edərək evdən getdi. Bundan sonra atamı birdə heç vaxt görməmişəm. 12 avqust 2023-cü ildə qaynanamla birlikdə Ucar rayonuna yasa gəldik. Anamdan ötrü darıxdığım üçün bir həftə onun yanında qalmaq istədim. Onun yanında cəmi 2 gün qaldım. Sonra anam Bakıya getməyimi tələb edərək məni yola saldı. Anamın evində qaldığı iki gündə kənddə olan Niyaməddin adlı qonşumuz evimizə gəldi. İki gün hər axşam saat 23 radələrində Niyaməddinlə anam bizdə qonaq otağında spirtli içki qəbul edib yemək yedilər. Niyaməddin bir gecə bizdə qaldı, bir gecə isə yeyib-içdikdən sonra getdi. Anam mənə Niyaməddinlə sevgi münasibətində olduğunu, bunu yalnız bacım Sahilənin bildiyini dedi. Qardaşım Rüzgarın Azərbaycana gəlməyindən xəbərim olmayıb. Həyat yoldaşım mənə Rüzgarın Azərbaycana gəldiyini, Ucara gedərək anamı döydüyünü, anamın xəstəxanada olduğunu, Rüzgarın isə tutulduğunu dedi. Buna görə həyat yoldaşım və qaynanamla kəndə getdik. Qardaşımın anamı qətlə yetirdiyini orada bildim”. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüzgar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, xarici siyasət idarəsinin paylaşımında qeyd olunub: “Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”. Qeyd edək ki, Namiq Abbasov 84 yaşında vəfat edib.

Ukrayna SQ Belqorodu "Vampir"lə atəşə tutdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Belqorod üzərində 16 reaktiv mərmini məhv edib. Hücumlar nəticəsində xəsarət alan olmasa da, evlərə və avtomobillərə ciddi ziyan dəyib.

Bu, epidemiya kimi bütün dünyaya yayılır - İnterpol

Mütəşəkkil cinayətkarlıq epidemiya kimi bütün dünyaya yayıla bilər və miqyası getdikcə artır. Sozcu.az xəbər verir ki, bunu İnterpolun Baş katibi Yurgen Ştok bildirib. “Mənim dünyanı mümkün mütəşəkkil cinayətkarlıq epidemiyası barədə xəbərdar etmək qərarım yüngül qəbul edilmir”, - Y.Ştok qeyd edib.

Fidan açıqladı: Biz PKK-ya zərbə endirdikcə...

Biz zərbə endirdikcə, PKK küncə sıxılır. Bu dəfə isə illərdir onlara səbir nümayiş etdirən ölkələrdə terror aktları törədir. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Belçika və Almaniyada PKK tərəfdarlarının hücumları barədə açıqlamasında deyib. Nazir Belçikada Türkiyə vətəndaşlarına hücumdan sonra dərhal sonra belçikalı həmkarı ilə telefon əlaqəsi yaratdığını və olayın araşdırılmasını istədiklərini bildirib: “Dünən axşam Almaniyada Hannover Baş konsulluğumuza hücum edəcək qədər yollarını azdılar. Ankara və Berlin lazımi addımları atdı. Hücumu həyata keçirənlərin ədalət qarşısında cavab verəcəyini gözləyirik”. Qeyd edək ki, Belçikanın iki şəhərində PKK tərəfdarları Türkiyə vətəndaşlarına hücum edərək təxribata əl atıb. Bundan əlavə, Türkiyənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğunun binasına da hücum həyata keçirilib.

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Fransanın əsas turizm obyektlərindən olan Strasburq kafedralı bomba qoyulması xəbərinə görə təxliyə edilib. Sozcu.az xəbər verir ki, naməlum şəxs polisə zəng edərək kilsəyə qoyulmuş bombanın axşam saatlarında partlayacağını bildirib. Dini məbəd dərhal boşaldılıb, ərazidə axtarış aparılıb. Binanın daxilində və ətrafında axtarış zamanı heç bir təhlükəli predmet aşkar edilməyib. Bir neçə saatlıq yoxlamadan sonra kafedral yenidən ziyarətçilər üçün açılıb.

Bakının mərkəzində fantastik parklanma qiymətləri - Yarım saatı 2 manat...

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Sozcu.az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir. Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur. Parklanma qiymətləri aşağıdakı kimidir : 15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

İŞİD Putini yeni terrorla hədələdi: daha bir qətliam gözləyin!

Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı Rusiya vətəndaşlarını şoka düşüb. 139 nəfərin ölümünə, 152 nəfərin yaralanmasına səbəb olan bu hadisəni tərədən 4 şübhəli saxlanılıb. Şübhəlilərin görünüşünü əks etditən virdeokadrar onlara “işgəncə” verildiyi iddialarını gündəmə gətirib. Modern.az saytı Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlarla bağlı görüntülərdən sonra “Crocus City Hall”dakı hadisəni öz üzərinə götürmüş İŞİD terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib. Təhdid mesajında ​​“Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!" ifadə edilib. Amerikanın “Newsweek” nəşri bu mesajı oxucularına “İŞİD-dən Putinə yeni təhdid” başlığı ilə təqdim edib. İngiltərənin “Daily Mail” qəzeti məlumatı “İŞİD Putini və rusları qətl etməklə hədələyir” başlığı ilə yayıb. Başqa bir ingilis qəzeti “Daily Star” isə "İŞİD Putinə "qırğın gözləyin!" söylədi" yazıb. Böyük Britaniyanın “Mirror” nəşri bildirib ki, “İŞİD Putini “qanlı intiqam” almaqla hədələdi”. Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da “Piknik" qrupunun palanlaşdırılan konsertindən əvvəl atışma və yanğın baş verib. Bir neçə kamuflyajlı və maskasız şəxs zala daxil olub, onlar insanları güllələyiblər. Rusiya İstintaq Komitəsinin son məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 152 nəfər xəsarət alıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd ediblər. Rusiya Daxili İşlər Nazirliyi saxlanılanların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Rusiya prezidenti Vladimir Putin terrorçuların Ukrayna istiqamətinə qaçmağa çalışdıqlarını iddia edib. O, hətta "Kiyev rejiminin Rusiyaya hücumların bir hissəsi” olduğunu deyib. Bu iddia Ukrayna lideri Vladimir Zelenskini hiddətləndirib. O, Putini iftira atmaqda suçlayıb.

“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə getməlidir”

Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində bildirib, News.am məlumat yayıb. "Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycan Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, "dünyanın kəsişməsi" Şimal-Cənub marşrutudur, - Ermənistanın baş naziri deyib. Həmçinin Xəzər dənizini Ermənistan ərazisilə Aralıq dənizilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. "Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər. Bu, aşağıdakı şərtlərlə mümkündür: - Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır; - Hər bir ölkə sərhəd və gömrük nəzarətini öz ərazisindəki dövlət qurumları vasitəsilə həyata keçirir və təhlükəsizliyi təmin edir; - Sözügedən infrastrukturdan həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə oluna bilər; - Bütün ölkələr bir - birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edirlər", - Paşinyan qeyd edib.\\TURAN

Qarabağda ermənilərə məxsus dayaq məntəqəsi aşkar olundu – Video

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural" və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir. Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

Saatlıda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Saatlı rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb. Rayonun Qara Nuru kənd sakini Amil Səmədov balıq tutan zaman tilov yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyanın təsirinə məruz qalan balıqçı ölüb. Faktla bağlı araşdırma aparılır.

Binəqədidə liftdən meyit tapıldı

Binəqədidə liftdən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

MN məlumat yaydı: Ali təhsilli, 30 yaşadək olan vətəndaşlar... - RƏSMİ

Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir. “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar. Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər: - kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə; - xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; - ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; - xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd; - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd; - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd; - 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd  3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə); - psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar; - qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış; - qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış; - hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd. Qeyd edilib ki, məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi). Telefon: (012) 538-35-70. Müraciət etmə vaxtı: 2024-cü il mart 27-dən aprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.

Türkiyədə Bələdiyyə seçkilərinə 5 gün qalır - Həsən Türksoy

Mən sizə bu seçkinin siyasi tərəfindən söz açmayacam məqsədim sistem haqda danışmaqdır. Türkiyədəki Yerəl(Bələdiyyə) seçki sistemi çox unikal bir sistemdir. Seçici yaşadığı yerə görə 3 fərqli formada səs verir. Məsələn: Türkiyədə rəsmi olaraq 81 İl(Vilayət) var. Bunların da 30-nun Böyükşəhər statusu var. Deyək ki İzmirdə yaşayan seçici seçki məntəqəsinə daxil olduqda 1 yox 5 fərqli bülleten alır. Bunlar: •Böyükşəhər Bələdiyyə Başqanı •Böyükşəhər Bələdiyyə Məclisi üzvləri •Şəhər(İlçe) Bələdiyyə Başqanı •Şəhər(İlçe) Bələdiyyə məclis üzvləri •Məhəllə Başqanı (Muhtar) Böyükşəhər statusu olmayan 51 İldə(Vilayətdə) isə seçiciyə 4 fərqli bülleten verilir: •İl(Vilayət) və ya İlçe(Şəhər) Başqanı •İl(Vilayət) məclis üzvləri •İlçe(Şəhər) məclis üzvləri •Məhəllə Başqanı (Muhtar) İlçelere (Şəhər) tabe olan kəndlərdə: •İl(Vilayət) məclis üzvləri  •Kənd Bələdiyyə Başqanı  •Kənd Bələdiyyə məclisi üzvləri •Məhəllə Başqanı (Muhtar) Bir qədər bizim sistemə bənzər İcra hakimi tipində Valiliklər və Kaymakamlar(Vali nümayəndəsi) da var ki, Valiləri İllərə(Vilayətlərə) Prezident təyin edir və səlahiyyətləri elə də geniş deyil tam səlahiyyəti yalnız polis üzərində var. Kaymakamları(Vali Nümayəndələrini) isə Valilər İlçelere(Şəhərlərə) təyin edir. Kaymakamlar Bələdiyyə Başqanının razılığı olmadan ciddi bir iş görə bilməz.  Bundan başqa əgər Bələdiyyə Başqanı cinayət törədərsə prezident tərəfindən qəyyum təyin olunur. Yox Bələdiyyə Başqanı istefa verərsə və ya ölərsə məclis üzvləri arasından yeni başqan seçilir. Seçkilərdə isə Bələdiyyə Başqanları və Məhəllə Başqanları (Muhtarlar) majoritar qaydada, Məclis üzvləri isə D'hont sisteminə uyğun seçilir. Millət vəkilləri və Dövlət Məmurları Bələdiyyə Başqanı və ya məclis üzvü seçilərsə iki mandatdan birini seçməlidirlər. Yerli əhalidən toplanan vergilər, partiyaların təşkilatlarına verilən pullar,ərazilər, alqı-satqı və s. məsələlərin səlahiyyəti tam olaraq Bələdiyyələrdədir. Buda Bələdiyyə seçkilərinə xüsusi maraq qatır. Həsən Türksoy

Budanov anons etdi: Krımda əməliyyat hazırlanır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müvəqqəti işğal olunmuş Krımda ukraynalı hərbçilərin yeni əməliyyatlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb. “Bəli, belə aksiyalar hazırlanır. Tezliklə mövsüm dəyişəcək, ona görə də davam edəcəyik. Biz Krımı qaytaracağıq”, - Budanov vurğulayıb.

İrəvanda polis bölməsinə bu təşkilat hücum edib

Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə kimin hücum etdiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin rəsmisi Narek Sərkisyan məlumat verib. “Biz ilkin məlumatları yayımladıq: üç nəfər hücum edib, onların ad və soyadlarını elan etdik. Onlar Milli Demokratik Qütb təşkilatının üzvləridir”, - Sərkisyan bildirib. Qeyd edək ki, dünən 3 nəfər İrəvanın Nor Nork rayonunda yerləşən polis bölməsinə hücum etmişdi. Hücum zamanı əl qumbarasının partlaması nəticəsində iki nəfər yaralanmışdı.

Almaniya nüvə dövləti olmağı hədəfləyir

Almaniya hökuməti öz nüvə silahını əldə etmək barədə düşünməyə başlayıb. Bu ehtimal Donald Trampın Ağ Evə qayıtma şanslarının artması səbəbindən nəzərdən keçirilməyə başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. "Hazırda iki ssenariyə baxılır: İngiltərə və Fransa ilə təhlükəsizlik zəmanəti imzalamaq və ya nüvə dövlətinə çevrilmək üçün ABŞ-dan minə yaxın nüvə başlığı almaq. Mütəxəssislər birinci variantı daha real hesab edirlər. Alman siyasətçiləri və ictimai rəy liderləri israr edirlər ki, Berlin ABŞ-a bağlı olmadan dövlətin təhlükəsizliyini təmin etməlidir", - məlumatda deyilib.

BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib. Sozcu.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 14 ölkəsinin hamısı qətnamənin lehinə səs verib. Yalnız ABŞ səsvermədə bitərəf qalıb.

Bu ölkələrdə terror təhlükəsi yüksək səviyyədədir

Avstriya və İspaniyanın hüquq-mühafizə orqanları terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görmək niyyətində deyil. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Avstriya Daxili İşlər Nazirliyi bildirib ki, onlar 2023-cü ilin oktyabrından terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin hazırda onu maksimum dərəcəyə qaldırmaq üçün heç bir əsas görmürlər: "Hazırda konkret təhlükənin əlamətləri yoxdur". Oxşar məlumatı İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib: "Terror təhlükəsinin səviyyəsi dördüncü (yüksək) olaraq qiymətləndirilir, lakin onu maksimum beşinci səviyyəyə qaldırmaq planları yoxdur".