Elə dövrə gəlmişik hamı əxlaqdan danışır

Elə dövrə gəlmişik hamı əxlaqdan danışır, Qeyrəti tapdaq altda olan papaqdan danışır. Həcilər saxladığı müğənnilər hoqqa verir, Sonra da gedir həccə hicab,duvaqdan danışır. Öz halal arvadına neçə vaxtdır toxunmayıb, Yüz əza altda qalanlarla uşaqdan danışır. Millət acından ölür,gəl halına biganədir, Məmur eyş-işrətdədir,kefi-damaqdan danışır. Neftin pulunu yeyir millət haqda düşünmədən, Başlandı müharibə milli maraqdan danışır. Balası məmurun kefdədi,kasıb şəhid oldu, Şəhid övladına verdiyi bir otaqdan danışır. Verirlər fətvanı çox "başbilənlər" bu gənclərə, Övladları xaricdə, özü də qıraqdan danışır. Çox düşmənin qulağın kəsib, döndərdik küçüyə, Bütün dünya kəsilən həmin qulaqdan danışır. Müharibə göstərdi ermənidən fərqimizi, Biz şücaətdən, onlar köhnə çanağdan danışır. Özü yağ-bal içində yaşayanlar mən Elçinə Deyir çətinlik Tanrıdandır sınaqdan danışır. Elçin Rəhimzadə

Qurban ruhun təntənəsi, nəfsin tərbiyəsidir...

Hər fərdin və ya hər xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Ancaq müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və məna daşıyır. Yəni, bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mövzusudur. Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir. İbadətlərin mahiyyətini tam olaraq ancaq Allah (c.c.) bilir, amma bizə də bildirdiyi bəzi mühüm məqamlar var. Qurban ibadətinin mahiyyətini qısa şəkildə belə ifadə edə bilərik: Allahın əmri hər cür dünya nemətindən, zövqündən üstündür. Qurban kəsilən heyvan əl əməyinin, alın tərinin nəticəsidir. İnsan çalışaraq əldə etdiyi dünya nemətini Allah yolunda qurban kəsir və ehtiyacı olanlara paylayır və bununla da sübut edir ki, hər şeyin sahibi olan Allah üçün hər cür dünya nemətini fəda etmək olar. Beş növ heyvan qurban kəsmək olar: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi bir yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi görünməlidir. Qurban kəsiləcək inək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşına gəlməlidir. Bir inəyə, bir camışa və ya bir dəvəyə yeddiyə qədər adam ortaq ola bilər. Ancaq bir adam istəsə, təkbaşına bir inəyi, bir camışı, bir dəvəni qurban kəsə bilər. Əsas odur ki, Allah sənin niyyətindən, sənin əməlindən razı olsun. Qurban kəsiləcək heyvanlar xəstə, qoca və şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, ancaq bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir. Quşlardan, həmçinin ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır. Qurban ətini 3 yerə bölmək, bir hissəsini yoxsullara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq daha doğrudur. Qurban ətindən müsəlman olmayanlara da vermək olar. Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin. Allah bu gözəl bayramla yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib etsin! Qurban bayramınız mübarək olsun! (yeniavaz) Murad Məmmədov

Sovet dövlətində “ruslaşdırma”, ”qarışıq ailələr” siyasəti - Nəsiman Yaqublu yazır

1920-ci illərdə milli respublikaları işğal edib “SSRİ” adlı dövlət yaradan bolşeviklər (oxu: kommunistlər) amansız bir məzmunda “ruslaşdırma” siyasətini yürüdürdülər. Hətta “Lenini şimaldan doğan günəşə bənzədir”, “günəş Şərqdən deyil Şimaldan doğub” söyləyərək təriflər yağdırır, şeirlər poemalar, romanlar həsr edirdilər. Məqsəd insanları milli düşüncədən məhrun etmək, əsildən kökdən ayırmaq və yeni “sovet nəsli” yetişdirmək idi. Sovet  rejiminin bu siyasətinin əsasnda  “ruslaşdırma” başlıca yer alırdı. ABŞ-da yaradılmış “SSRİ-ni Öyrətmə İnstitutu”nun Münhendə nəşr etdiyi “Dərgi”  jurnalı bu problemlə bağlı  1960-cı illərə aid maraqlı məlumatlar çap edib. Məlum olur ki, 1960-cı illərin əvvəllərində Sovetlər Birliyində 198.870.514 (198 milyon 870 min 514 nəfər) insanı əhatə edən 50.333.487 (50 milyon 333 min 487 nəfər) ailə mövcud olub. Bunlardan 9 milyonu subaylar, ailə qurmayanlar idi. Şəhərlərdə 90 milyon insanı əhatə edən 24 milyon ailə, kəndlərdə isə 109 milyon insanı əhatə edən 26 milyon ailə yaşayırdı. Məlumatlara görə, Sovetlər Birliyində hər 1000 (min) ailəyə 102 qarışıq evlilik düşürdü. Bu statistikaya görə, 1959-cu ildə sovet dövlətində 5.134 min (beş  milyon yüz otuz dörd min) qarışıq ailə var idi. Ortalama olaraq hər sovet ailəsində 3,95 kişinin mövcudluğunu hesablasaq, qarışıq evlənmələrin 20 milyonu keçdiyini qeyd etmək mümkündür. Bu da sovet əhalisinin 10 faizini əhatə etdiyini qeyd edə bilərik. Beləliklə, şəhərlərdə hər 1000 (min) ailəyə 151,  kəndlərdə isə  58 qarışıq ailə düşürdü.  Beləliklə, 5.134 (beş milyon) min ailədən 3,7 milyonu şəhərlərdə, 1,5 milyonu isə kəndlərdə yaşamaqda idi. Bu nəticəyə görə şəhərlərdə qarışıq evlənmələr 13,7 milyon insanı, kənd bölgələrində 5,9 milyonu əhatə edirdi. Beləliklə, şəhərlərdə qarışıq ailələrin kəndlərə nisbətən təqribən 3 dəfə çox olduğu görünməkdədir. Maraqlıdır ki, Sovetlər Birliyində olan qarışıq ailələrin tərkibi haqqında geniş bilgilər yayınlanmırdı. Təbii ki, qarışıq ailələrdə aparıcı olan və danışılan əsas dil  rus dili idi. Bu xüsusda Sovetlər Birliyində ana dilini tamamilə qeyd edınlərin sayısının 12 milyona yaxınlaşdığı da qeyd edilməkdədir.Cənubi Qafqazda, xüsusən, Azərbaycanda ruslarla daha çox, qismən də ermənilərlə, yəhudilərlə də evlənib  qarışıq aiə sahibi  olanların sayı az deyildi.Nəticədə qarışıq ailələrdən olanlara çox məqamlarda(vəzifəyə irəli çəkilmək, etibarlılıq vəs.) “yaşıl işıq” yandırılırdı. Bu da təbii ki, sovet dövlətinin “ruslaşdırma” siyasətinə tamamilə uyğun gəlirdi. Nəsiman Yaqublu, Tarix elmləri doktoru, professor P.S. Sovet dövlətində milli respublikalardan (xüsusən müsəlmanlardan) olanların ruslarla, ukraynalılarla, belorusların (əsasən xristianlarla) evliliyinə heç bir problem yaradılmır daha çox   “yaşıl işlq” yandırılırdı. Bu  müsəlman ölkələrində respublika rəhbərliyində ikinci katiblər mütləq ruslar olur, idarələrdə rəsmi yazışma və çıxışlar rus dilində aparılır, katibələr və köməkçilər də qeyri  azərbaycanlı millətlərdən olurdu.Təbii ki, bu da bir siyasət olaraq yürüdülürdü.(moderator)

AFFA-nın yeni baş məşqçisi və… Tarazlığın pozulması

Rəşad Ergün AFFA-nın yeni rəhbərliyi işə “köhnələr”in səhvini təkrarlamaqla başladı. 70 yaşlı Fernandu Santuş Azərbaycana, Azərbaycan futboluna, Azərbaycan millisinə nə verə, nə qazandıra bilər? Yox, əslində, məsələ təkcə yaş da deyil. Çox uzaq tarix deyil ki, bir müddət əvvəl “Atalanta”nın 66 yaşlı qocaman baş məşqçisi Canpyero Qasperini 43 yaşlı Xabi Alonsoya Avropa Liqasının final matçında futbol dərsi keçmədimi? Hə, məsələ təkcə yaş deyil. Məsələ tarazlığın pozulmasıdır. Fernandu Santuş Kriştiano Ronaldolu, Bernardo Silvalı, Pepeli Portuqaliya millisi ilə Avropa çempionu olub. Adamın böyük uğuru, adı, karyerası var. Bəs, Azərbaycan millisinin nəyi var? Dünyada və Avropada heç kimin tanımadığı futbolçuları, qrup sonuncusu olmaq, bəxti gətirəndə, sonuncudan əvvəlki pilləni tutmaq kimi “şakər”i var. Vəssalam, şüttəmam. Bax, tarazlıq burda pozulur. Eynən, Almaniya millisini Avropa çempionu edən, Azərbaycan yığmasını “ağ gün”ə çıxarmaq üçün gətirilən həmin o Berti Foqtsda olduğu kimi. AFFA-nın yeni rəhbərliyi “köhnələr”in səhvlərindən, Berti Foqts nümunəsindən necə dərs çıxarmaya bilər, heyrətlər içindəyəm. Axı, sənin Fernandu Santuşun məşqçilik kimliyinə dəng gələn milli komandan, futbolçuların yoxdur, ay… AFFA rəhbərliyi! Santuşun ömrünün son gününə kimi nəvələrinə, nəticələrinə danışa biləcəyi bir hekayəsi var: Avropa çempionluğu. Bundan sonrası təfərrüatdır, vaxt keçirməkdir və qoca vaxtında pul qazanmaq imkanını əldən verməməkdir. Rövşən Nəcəfli AFFA elə ilk imtahandaca “sinifdə qaldı”. Bundan sonrası bu günə qədər olanların, yaşananların dejavüsü olacaq. Berti Fostla Azərbaycan futbolu, Azərbaycan millisi, Azərbaycan mətbuatı arasında yaşananları təkrar-təkrar yaşayacağıq. Sadəcə, adlar dəyişib: Berti Foqtsu Fernandu Santuş, Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəzləyib.(Komanda.az)

Azərbaycanın müstəqilliyinə, suverinliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir

Rusiya Xankəndidə Baş konsulluq açmaq niyyətindədir və bu istəyini 2024-cü ilin sonuna kimi həyata keçirmək istəyir. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasinin ifadə etdiyi bu istək raşizmin bütün bölgəni əsarət altında saxlamaq planın bir hissəsidir. Raşizmin təməl ideyası ondan ibarətdir ki, hətta bir “rus ruhu”nun olduğu yerlər sərhədsiz Rusiyanın tərkib hissəsdidır. Bu ideya Rusiya cəmiyyətində cücərərək onun dünyagörüşünün əsasına çevrilmişdir. Faşizm və kommunizmdən daha qəddar ideologiya olan raşizmin məqsədi Rusiya İmperiyasını bərpa etməkdir. Rusiyanın Ukraynada törətdiyi cinayətlər, elcə də Rusiya rəsmilərinin bütün dünyanı “nüvə apokalipsisi” və bəşəriyyəti nüvə külünə çevirəcəkləri ilə bağlı təhdidləri raşizmin faşizm və kommunizmdən daha təhlükəli olduğunu təsdiqləyir.  Rusiyanın Xankəndidə Baş konsulluq açmaq istəyini ərazi bütövlüyümüzə dəstək kimi təqdim etmək raşizmin məqsədinə xidmət etməkdir. Ermənistan hökumətinin təmsilçiləri dəfələrlə bu ərazilərin Azərbaycan torpağı olduğunu etiraf və elan ediblər. Heç bir dövlətin şübhə altına almadığı ərazi bütövlüyümüzün təsdiqi üçün Rusiyanın (raşizmin) dstəyinə ehtiyacmı var? Əlbətdə ki, yoxdur. Sadəcə raşizmin xidmətçiləri əsarəti azadlıq kimi təqdim edərək əsl niyyətlərini ört-basdır edirlər.   Azərbaycanın müstəqilliyinə, suverinliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir. Azərbaycan xalqının faciəsi Qafqazın Rusiya tərəfindən işğalı ilə başlayıb və hələ də davam edir. Tarixi və mədəni irsimizin beşiyi Dərbənd hələ də Rusiya işğalı altındadır.  Şanlı Ukrayna Silahlı Qüvvələrinin və bütövlükdə Ukrayna xalqının inanılmaz müqaviməti sayəsində raşizmin dişləri ovulub. Raşizm daha əvvəlki kimi güclü deyil. Artıq raşizmin başının əzilməsi vaxtı çatmışdır. Qafqaz  xalqları qarşısında tarixi, mədəni, dini və milli məsuliyyətimizi dərk edərək, raşizmin bölgəni əsarət altında saxlamaq planını pozmaq üçün Dərbənd başda olmaqla Şimal torpaqlarımızın və bütün Qafqazın azadlığını tələb etmək zamanı gəlib çatmışdır.  Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bununla bağlı təkliflərini yaxın günlərdə Azərbaycan cəmiyyətinə təqdim edəcək. Zaman raşizmə qarşı birlik və bərabərlik zamanıdır! Xəqani Cəfərli, politoloq

Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi?

Mən Azərbaycanda bu qədər boş-bekar adam olduğunu təsəvvür etmirdim. Bəs dünənə kimi deyirdiniz, çörəyimiz daşdan çıxır? Bəs işləməkdən qəddinizin əyildiyini iddia edirdiniz? Xeyirdə-şərdə görünməyəndə “iş çoxdur, vaxt yoxdur” deyib dad-aman edən siz deyildiniz? Nə oldu? İki gündür dil-boğaza qoymadan danışırsınız, yazırsınız. Kimə nəyi sübut etmək istəyirsiniz?  Mətləbə keçək. Dünyada ən çox tanınan 5-6 azərbaycanlıdan biri olan Şəhriyar Məmmədyarov bu dəfə bilmədiyi işə girişib. Şəhriyar şahmatdan deyil, qadınların cəmiyyətdəki rolundan danışıb. Sonra da kişilərlə qadınları müqayisə edib və üstünlüyü birinci tərəfə verib.  Mən bütün müqayisələri qüsurlu sayıram. Kişi ilə qadını müqayisə etmək isə yersiz və lazımsız təşəbbüsdür. Cəmiyyətdə hərənin öz yeri var. Əsas odur ki, layiq olduğumuz yeri tutaq, ortalıqda avaralanmayaq… Qadınların Şəhriyara qəzəbi anlaşılandır. Amma çox keçməz, bir-iki günə soyuyacaq. Heç kim tanımasa da, biz kişilər qadınları yaxşı tanıyırıq. Onların bir atımlıq barıtı olur. O da çox vaxt yaş olur...  Məni ən çox düşündürən, hətta narahat edən başqa məqamdır. Bığlı-saqqallı kişilər iki gündür dil-boğaza qoymurlar. Aralarında ciddi saydığım xeyli adam da var. Aralarında hətta deputat olmaq istəyən adam da var. O boyda kişi özünə seçki platforması hazırlamaqdansa, qadınları səhv çıxartmağa çalışır.  Qadın kimdir? Qadın anadır. Bizi dünyaya gətirən ana. Uşaqlarımızın anası… İndi biz onlara nəyi sübut etməyə çalışırıq? Tutaq ki, biz güclüyük, ağıllıyıq. Sonra? Guya qadınlar bunu bilmir? Onlar nə vaxt deyiblər ki, biz kişilərdən güclüyük?  Heç bir ictimai əhəmiyyəti olmayan bu cür söhbətlərə saatlarla vaxt ayırmaq boş-bekarçılıq əlaməti deyilmi?  Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi?  Dostlarımızla bir araya gələndə “Allah heç bir evi qadınsız etməsin” deyib, analarımıza, xanımlarımıza olan minnət borcumuzu dilə gətirən biz kişilər deyilikmi?  “Qadınsız evdə nəinki uşaqlar, kişi də yetimdir, ev də yetimdir” deyib bizi yetim qoymaması üçün Allaha yalvaran biz deyilikmi?  Əşşi, söhbəti uzatmağın nə mənası var?  Hərəmiz bir qadının qucağında böyümüşük… Məncə biz qadınlardan güclü olduğumuzu deyil, onlara layiq olduğumuzu sübut etməliyik...  Seymur VERDİZADƏ 

Səs-küy salmayın, qadınlar, dərk edin: siz zəifsiniz!

Zaman-zaman hansısa mövzularda qadınlar haqqında tənqidi fikirlər səslənən zaman əsəbiləşmək, təbiətin verdiyi instinkti, bioloji funksiyaları önə çəkmək, aqressiv intonasiya ilə çıxış eləmək, əlbəttə ki, bir daha qadınların nə qədər kompleksli, zəif olduğunun göstəricisidir. Üstəlik, bu arqument o qədər mənasızdır ki! Övlad dünyaya gətirmək, analıq etmək - axı bunlar təbiətin qanunudur. Buna görə qürrələnmə, minnətli intonasiyada çıxış etmək bütün tənqidləri təsdiqləyir, əslində. Qadınlar, demək olar ki, elə ancaq buna görə uduzdular: Arqumentləri qəbul etməmək, emosional çıxışlar etmək. Halbuki dinləsələr, şüvənlik etməsələr, bəlkə də nəticə çıxardacaqlar. Sözsüz, qədimdə də, indi də qadının rolu bəllidir. Bu romantik varlıqların böyüklüyü onsuz da məlum. Birmənalı bilmək lazımdır ki, qadın anadır və heç bir kişi anasından böyük, güclü deyil. Məsələn, belə danışanda həm haqlı olmaq olur, həm də söhbəti bitirmək. Amma reallıqlar var, axı. Onları necə gizlətmək olar? Ümumiyyətlə, güclü adamın gücünü sübut etməyinə ehtiyac yoxdur. Qadınların təbiətindəki natamamlıq kompleksi isə ümumiyyətlə imkan vermir ki, ola biləcək gücü də göstərə bilsinlər. Zəiflik və zərifliyin harmoniyası da buradan qaynaqlanır. Üstəlik, demək olar ki, bütün sahələrdə, məsələlərdə olduğu kimi, sözü düzgün anlamaq məsələsində də əziyyət çəkən qadınlar elmdə də geri qalırlar və ona görə də təbiətin verdiyi fiziki gücün nələrə qadir olması, kişilərin hər məsələdə üstünlüyünün bioloji səbəblərinin izahını anlamırlar. Belə məsələlərdə qadınlar məhz barmaq hesabı şəxsləri də önə çəkirlər. Məsələn, deyirsən ki, ən yaxşı yazıçılar, şairlər kişilərdir, deyirlər, bəs Aqata Kristi, Virciniya Vulf var. Deyirsən, ən yaxşı siyasətçilər kişilərdir, deyirlər, tarixin Tomrisi, dünənin Dəmir Ledisi, buğunun Briciti kimdi bəs? Hələ İngiltərə kraliçasını demirik. Deyirsən, ən yaxşı aşpazlar kişilərdir, deyirlər, ananın bişirdiyi yemək başqadır. Bəli, məhz bu cür mənasız, yüngülvari söhbətlər, misallar qadının zəifliyini bir daha sübut edir. Doğrudan da düşünmək lazımdır. Əksərən qadınlara aid olan sahələrdə belə niyə ən yaxşılar, peşəkarlar kişilərdir? Niyə dünyanın ən yaxşı, peşəkar aşpazları kişilərdir? Niyə dünyanın ən yaxşı qadın saç ustaları kişilərdir? Niyə dünyanın ən yaxşı dərziləri kişilərdir? Niyə ən yaxşı alimlər, müəllimlər, siyasətçilər, idmançılar, rəqqaslar, şairlər, yazıçılar, musiqiçilər - bir sözlə, siyahını ekvator xəttinin bir ucundan digər ucuna (40076 km) uzatmaq olar - hamısı kişilər olur və bütün bunlar nə qədər təbiidir? Saçı-baş yolmaqdan, hay-küy qoparmaqdan, “kişi, unutma, səni də qadın böyüdüb” kimi ifadələr işlətməkdən, “biz istəsək, hər şey edərik, biz güclüyük” deməkdənsə, düşünmək, təhlil etmək, təbii məsələlərlə barışmaq və bu gözəl həyatı yaşamaq lazımdır. Üstəlik, dərin anlamda zəif olmaq da problem deyil. Dünyadır, təbiətdir, yaşayıb gedirik. Bioloji olaraq hər şeyin öz rolu var. Ta qədimdən qadının gücü haradadır, necədir, bəllidir. Bu isə dəyişməyəcək. Dəyişən sadəcə funksiyalardır ki, o da zamanla əlaqədardır.(axar) Orxan Saffari

Özləri parlamentdə, övladları kabinetdə şellənirlər…

Qocalmaq hər adama qismət olmur. Bu, Allahın lütfüdür…  Ətrafınızdakı kişilərdən neçəsi pensiya alır?  Mənim çevrəm genişdir. Amma onların arasında pensiya yaşına çatmış çox az adam var. Otuz-qırx il işləyib sonra da pensiyaya çıxmaq hamıya nəsib olmur. Birini ürəyi yarı yolda qoyur, birini xərçəng içəridən “yeyir”, beşi də ya zəlzələdən, ya da vəlvələdən ölür. Buna görə də biz qoca adamlara qənimət kimi baxmalı, onların qədrini bilməliyik.  Söhbətə uzaqdan başlamağıma baxmayın. Mövzu lap yaxın günlərə aiddir. Məzahir Pənahov deyəndən sonra mən də inandım, bu yay əvvəlkilərdən daha qızmar keçəcək. Parlament seçkiləri havanın hərarətini bir az da artıracaq. Seçicidən səs istəyən də, səs verməyə gedən də əməlli-başlı tərləyəcək. Amma bəzi adamlar indidən tərləməyə başlayıblar. Söhbət qanunverici orqanda təmsil olunan yaşlı deputatlardan gedir. Seçicilərin bir qismi hesab edir ki, onların 84, lap elə 74 yaşlı deputata ehtiyacları yoxdur. Niyəsini isə belə izah edirlər: “Özünü güclə hərləyir, bizə nə gün ağlayacaq…” Mən yaşlı deputatlara qarşı xüsusi aqressiya nümayiş etdirməyin tərəfdarı deyiləm. Milli Məclisdə məndən 25-30 yaş böyük, amma məndən qat-qat sağlam olan bir neçə deputat var. Eşitmiş olarsınız; ağ gün adamı ağardır, qara gün qaraldır…  Xalq istəsə, 99 yaşlı adamı da deputat seçə bilər. Bu, onun müstəsna hüququdur. Bizim xalqın tutduğunu buraxmamaq kimi bir adəti var. Buna görə də Milli Məclisdə elə adamlar var ki, 30 ildir ara vermədən deputat seçilirlər. Vallah, nə mənim, nə də bu mövzunu gündəmdən düşməyə qoymayan digər adamların deputatlıqda gözü yoxdur. Bilirsiniz, problem nədədir? Bəzi deputat yoldaşlar bu imtiyazdan gen-bol istifadə edirlər. Yaxşı edirlər! Onların övladları da bu imtiyazdan əməlli-başlı istifadə edirlər. Amma düz etmirlər. Bu adamların yaxın-uzaq qohumları, hətta qudaları da əllərinə düşən fürsəti fövtə vermirlər. Bu yaxınlarda 64 yaşlı bir xanım qudası olan deputatın mandatına güvənərək, 11 nəfərə 200 min manata yaxın pul “atmışdı”.  Buna görə də, xalq eyni adamların üçüncü, beşinci, altıncı dəfə dəfə deputat seçilməsini istəmir. Çünki özləri parlamentdə, övladları isə kabinetdə şellənirlər. Onları seçənlər isə bir tikə çörək üçün şəraitsiz iş yerlərində eşələnirlər...  Seymur VERDİZADƏ 

Böhtançılara alət olmayın

2020-ci ilin parlament seçkilərində bir dəstə adam Müsavat Partiyasının hakimiyyətlə anlaşdığını deyib şər-böhtan kampaniyası aparırdı. Hətta parlamentdə Müsavata deputat sayı da müəyyənləşdirmişdilər. Seçki bitdi, tirajladıqları yalanların şər-böhtandan başqa bir şey olmadığı məlum oldu. Ancaq utanmadılar. Çünki vicdansız adamlarda utanma hissi olmur. Eyni abırsızlıqları 2015, 2018 və sonuncu növbədənkənar prezident seçkilərində də etmişdilər. Birinin çıxıb Müsavatdan, Müsavat rəhbərliyindən üzr istədiyini görmüsünüz? Hər Qurultayda “Müsavat bitdi”, “Müsavat dağıldı”, “Müsavat satıldı” deyib üfunət iyi verirlər. Nə olur bəs? Bir partiya, təşkilat dağılırsa, bu, bir dəfə olur da. Yox, əgər sizlər bu kampaniyanı hər seçkidə, hər Qurultayda aparırsınızsa, demək Müsavat dağılmayıb, satılmayıb, sadəcə siz şər-böhtan kampaniyası aparmaqla məşğulsunuz. Təəssüf ki, çox az sayda adam da bu axına düşüb, o böhtanlara qoşulur, alət olur. Müsavata qarşı kin qusanların bu qədər irəli getməsinin günahkarları içərisində bəlkə də biz müsavatçılar da varıq. Çünki uzun illərdir bu adamlara baş qoşmuruq, üzvlərimizə heç kimi təhqir etməməyi, ağayana davranmağı, belə adamları boş verməyi tapşırmışıq. Ancaq görünən odur ki, bu adamlara öz dillərində də cavab vermək lazımdır. Yəqin ki, bundan sonra da elə olacaq. Həm də çox ağır formada! Ədalət Vəliyev ilk dəfə siyasi partiyalarla görüş keçirəndə Müsavat Partiyası belə görüşdə iştirak etməyib. 2020-ci ildə Vətən Müharibəsi başlayarkən yenidən Müsavat Partiyasına görüş təklif olunub, hansı məsələ müzakirə olunacaq sualı verilib, ümummilli məsələ olduğu, Qarabağ məsələsi olduğu bildirilib. Bu görüş baş tutub. Müsavat Partiyasının Vətən Müharibəsində dəstəyi bildirilib və partiya tərəfindən müəyyən işlər də görülüb. O vaxt da Müsavat Partiyasına “satılıb” damğası vurmaq istədilər. Elə bildilər 5-10 günlük hərbi əməliyyatlar olub dayanacaq. Gördükdə ki, bu artıq müharibədir, ordumuz irəliləyir, əleyhlərinə işləyəcəklərini görüb kampaniyanı dayandırdılar… Hakimiyyət tərəfindən ikinci görüş təklifi mən, Fərəc Kərimli 44 günlük müharibədən döndükdən bir neçə gün sonra Müsavata təklif olunub. Müzakirə olunacaq məsələ də müharidən sonra görüləcək işlər, Müsavat Partiyasının verə biləcəyi təkliflər olub. Müsavatdan Başqan Arif Hacılı və mən iştirak etmişik, prezident aparatından da iki rəsmi şəxs. Görüş Müsavat Partiyasının qərargahında keçirilib. Bildirilib ki, verdiyiniz təkliflər şəxsən ölkə başçısına məruzə olunacaq. Siyasi məsələlər, beynəlxalq siyasətlə bağlı təkliflər Başqan tərəfindən səsləndirilib, orduyla bağlı partiyanın təklifləri mənim tərəfimdən. Professional orduya keçiddən tutmuş, zabit-gizirin, MAXE-nin “belinə” vurulan xarab olmuş maşınlar, orduda ruh düşkünlüyü yaradan başqa məsələlərin həllinə qədər təkliflərimizi səsləndirmişik. İndi hakimiyyət nə dərəcədə əməl edib, ciddi yanaşıb-yanaşmayıb bu onların öz işidir… Siz heç görmüsünüz yuxarıda qeyd etdiyim məsələ ilə bağlı Müsavata hücum olsun? Eşitməmisiniz. Bilirsiniz niyə? Çünki müharibə yeni bitmişdi, o zaman bu məsələyə görə Müsavata hücum etmək cəmiyyətdə yaxşı qarşılanmazdı, hətta partiyanın xeyrinə işləyərdi. Vicdanı, ləyaqəti olan, özünə hörmət edən adamlar əmin olsun ki, Müsavat Partiyasına qarşı son günlər aparılan kampaniya da növbəti böhtan kampaniyasıdır. Bir müddət sonra özünüz də buna şahid olacaqsınız. Odur ki, belə böhtançılara alət olmayın. Fərəc Kərimli, Müsavat başqanının müavini

92 il əvvəl verilən proqnoz: “Rusiya parçalanacaq”

“Fəqət əminiz: Bolşevizm düşüncə – siz bunu istəsəniz də, istəməsəniz də həpsi birdir – Rusiya parçalanacaq və dünyanın bu geniş kıtasındakı əsir millətlər bu dəfə artıq əbədiyən kurtulacak, kəndi müqəddəratlarına sahib, hür və müstəqil olacaqlardır!” (“İstiqlal” qəzetəsi, I-ci Kanun-20 – Dec. 1932, yıl 1, № 22). Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin “Əski nəqərat – “Bütün və parçalanmaz Rusiya” adlı məqaləsi siyasi uzaqgörənliyə nümunə olan bu cümlə ilə başa çatır. Yaranış mahiyyəti ilə şər qüvvə sayılan müstəmləkə rejimi əsrlər boyu qonşu xalqları, millətləri əzab-əziyyətlərə düçar edib. Onların mənəviyyat ulduzları olan düşüncə, zəka sahiblərini amansızcasına məhv edib. Nəticədə bu zorakılıq vasitəsi ilə əsarətdə saxladığı xalqların bütün maddi və mənəvi sərvətlərini istismar edib. Gənc nəsli isə qeyri-sağlam istiqmətlərə yönəldərək vətənpərvərlik, millətçilik kimi hisslərdən məhrum edib. 92 il əvvəl səsləndirilən bir fikrin indiki halda gerçəkliyinə baxın. Həmin Rusiyadır – Qarabağı 30 il əsarətdə saxladı ki, bəlkə Azərbaycanı yenidən müstəmləkə rejiminə qaytara bildi. Bu ssenarinin davamı olaraq Ukrayna prosesi göz önündədir. Gündəlik xəbərlərin məzmunu yalnız neftə emalı müəssisələri, elektrik enerji bazalarının raketlərlə dağıdılması, yandırılması, yaşayış obyektlərinin tarımar edilməsindən ibarətdir. Ağlasığmaz sayda şəhid hesabına hökmranlıq iddiasının haradan, nə ilə qaynaqlandığını adam təsəvvürünə gətirə bilmir. Bütün bunlar insanlarda bəzən bədbinlik də yaradır. Rəsulzadənin proqnozunu oxuyanda isə bir ümid yaranır.(Basta) Nəzakət Muradova

Səməd Qurbanovun dəyişməkliyi

Rəşad Ergün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda futbol camiəsini yaxından maraqlandıran bir məsələyə nəhayət, aydınlıq gəlib. Şükür, axır ki, AFFA-da da idman prinsiplərinin qorunmasının vacibliyini anladılar və Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”yə güzəşt edilməməsi qərara alındı. Qaydalara, reqlamentə hörmət edilməlidir və doğrusu bu idi. Bu arada, AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanovun bir açıqlaması diqqətimi çəkdi. Keçmiş futbolçu İcraiyyə Komitəsinin qərarlarını şərh edərkən bildirib ki, “idman prinsipləri önəmlidir”. And içə bilərəm ki, AFFA rəhbərliyi fərqli qərar qəbul etsəydi, komanda sayının artırılmasına, “Qəbələ”nin Premyer Liqada qalmasına “yaşıl işıq” yandırmış olsaydı, hörmətli Səməd müəllim bu dəfə “bölgələrdə futbol olmalıdır, “Qəbələ” kimi infrastruktura, akademiyaya malik klub elitadan kənarda qalmalı deyil” kimi açıqlama verərdi. Necə deyərlər, “Pir mənimdir, kəramətinə bələdəm”. Bir də… İcraiyyə Komitəsinin iclasında hesab ediblər ki, Premyer Liqada komanda sayının artırılması mərhələli şəkildə həyata keçirilməlidir. Yəni, qarşıdakı mövsümdə olmadısa da, növbəti illərdə bu məsələ aktuallaşacaq. Maraqlıdır ki, idman mediasında da Premyer Liqada komanda sayının artırılmasını dəstəkləyənlərin sayı az deyil. Niyə, hörmətli həmkarlar? “Filan klubda futbolçular aylardır maaşlarını ala bilmirlər” kimi xəbərləri tirajlamaq xoşunuza gəlir? Kəmiyyətə üstünlük verməkdənsə, keyfiyyəti qaldırmaq haqda düşünməyin vaxtı çatmayıb? Yoxsa, “Qarabağ”, “Sabah” kimi bir neçə klubu çıxmaq şərtiylə, komanda sayı artırılmalıdır və hamısı da ağızlarını, ciblərini açıb dövlət büdcəsindən gələcək pulları gözləməlidir? Əslində, bu sxem, bu gedişat özü də biabırçılıqdır və futbolun Azərbaycansayağı versiyasıdır. AFFA 2025/2026-cı illər mövsümündə legioner limitinin 8+3 olacağına da qərar verib. Şəxsən mən legioner limitinin tamamilə ləğvinin tərəfdarıyam. Futbolda “kim güclüdürsə, o oynamalıdır” prinsipinə əməl olunmalıdır. Azərbaycanlı futbolçunun potensialı və səviyyəsi aşağıdırsa, hansısa limit ona niyə layiq olmadığı imkanı tanımalıdır? Amma… Bəzi azərbaycanlı “menecerlər”in Avropada hansısa barda, pabda pivə içərkən, Afrikada hansısa ölkədə banan toplarkən yağlı vədlərlə Azərbaycana gətirdiyi “legionerlər” yox. Legioner limiti məsələsində də kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir. Özünə hörmət edən hansısa əcnəbi futbolçu Azərbaycana gəlmək istəmir? Bax, bu, artıq mənim, hətta sənin də problemin deyil, əziz oxucu.(Komanda.az)

İndi Müsavatın və gənclərin qayğısına qalan oldunuz?

Müsavat Partiyasının son qurultayı ətrafında müzakirələr və münasibətlər kifayət qədərdir. Hələ də davam edir. Təbiidir, gözlənilən idi. Müsavat Gənclər Təşkilatında olan seçkilər belə cəmiyyətdə bütün partiyaların sədr seçkilərindən daha ciddi və kütləvi müzakirə olunduğunu bildiyimiz halda, partiya başqanı seçkilərinin hansı səviyyədə müzakirə ediləcəyini hesablamaq elə də çətin deyildi. Ağlı başında olan, nəyin doğru, nəyin səhv olduğunu bilən səmimi insanlar İsa Qəmbərin yenidən Müsavat başqanı seçilməsini bəyənir, alqışlayır, təbrik edir, doğru hesab edirlər. Onların da sayı kifayət qədərdir. Az sayda insan da var, hansılar ki, Müsavat Partiyasına və İsa Qəmbərə qarşı kampaniyalarını hər zaman aparıblar. Onlar bu istiqqmətdə bir növ ixtisaslaşıblar, öz peşələrinə sadiqlik göstərib yersiz böhtan xarakterli kampaniyalarını aparırlar. Bu qara kampaniyanı aparanlar həm də mənim və Fərəc Kərimlinin üzərindən Müsavata, İsa Qəmbərə hücum edirlər deyə, hər birinə ayrı-ayrılıqda cavab verməkdənsə, hamısına bu yazıyla cavab verməyi lazım və doğru hesab etdim. Əslində bu cavabın da onları qane etməyəcəyini bilirəm.  Onların əksəriyyətinin gözünü qərəz və kin o dərəcədə tutub ki, nə cavab versək dayanmayacaq, durmayacaqlar. Yalan deyilirsə, həqiqət də mütləq deyilməlidir. İzləyənlər və obyektiv düşünənlər üçün. Bu yazı əsasən az sayda səmimi tənqidçilər və onlar kimi düşünən oxucular üçündür. Qərəzli olanlar kimlərdir, onları necə müəyyən edə bilərik? 10 ildir Müsavat Partiyasının rəhbərliyində ən yüksək səviyyədə gənclər olaraq təmsil olunuruq. Bu illər ərzində indi “gənclərə yol verilmir”, “irəli çəkilmir” deyənlərdən hər hansı birini göstərə bilərsizmi biz gəncləri dəstəkləyən, təbliğ edən, çıxışlarımızı paylaşan, bizi gənc siyasətçilər olaraq efirlərinə dəvət edən, gördüyümüz işləri qabardan, paylaşan bir fəaliyyətləri olsun? Tam əksinə! Faktlarla da deyə bilərəm ki, həmin şəxslərin önündə gedənlər bizə qarşı ən çirkin kampaniyalar aparıb, haqqımızda olmayanları danışıb, bizi də gözdən salmaqla məşğul olub. Bizə nifrət etdiklərini açıq etiraf edənlər olub. Hətta, “İsa Qəmbəri yalnız ona görə bəyənmirəm ki, Müsavatın rəhbərliyinə mənim xoşum gəlməyən insanların gəlməsinə şərait yaratdı” deyənlər olub. Müsavat Partiyasına hər hansı mövzuda müsahibə üçün, efir üçün müraciət ediləndə partiya başqanı Arif Hacılı səviyyəsində dəfələrlə onlara məni və digər dostlarımıza müraciət etmək məsləhət edilsə də, “gənc siyasətçiləri efirə dəvət edin” deyilsə də hər dəfə müxtəlif bəhanələrlə onlar bu təkliflərdən boyun qaçırıblar. “Ad çək” deyən olmasın deyə qərəzlilərindən və öndə gedənlərindən birinin adını çəkim. Sevinc Osmanqızı. Bir neçə dəfə bu kimi təkliflərdən müxtəlif bəhanələrlə imtina edib. Hətta bir dəfə təxminən belə bir cavab verdiyini xatırlayıram ki, biz yeni siyasətçilərlə deyil, tanınmışlarla müsahibələr edirik. Başqa bir faktı deyim, mitinqlərin birində obyektiv müşahidəçilərin etiraflarına görə ən parlaq çıxış edən biri olaraq mənim çıxışım video yazılardan kəsilərək müxtəlif xaricdə və daxildə fəaliyyət göstərən internet tv-lərin efirlərindən nümayiş edilmişdi. Son parlament seçkilərində ölkə üzrə ən parlaq seçki kampaniyası aparan gənc namizədlərdən biri olsam da  o mövzuda mənimlə bağlı bir cümlə səsləndirməyənlər indi güya məni və Müsavatı çox sevən oldular? Nə dəyişdi? Digərləri də gənclərə təxminən oxşar münasibət göstərib. İndi güya gəncləri düşünən, vacib hesab edən, dəstəkləyən, sevən olublar. Başqa partiyalara qarşı niyə belə münasibət yoxdur, onlarda gənclərə niyə yol verilmir deyib kampaniya aparılmır onu da bilirik. Sədr postuna da deyil, ikinci partiya vəzifəsinə, Ali Məclis sədrliyinə seçkilərdə yaşlı və heç populiyar olmayan yaşlı siyasətçiyə, nisbətən tanınan gənc siyasətçinin uduzdurulduğu partiyada da bəzi üzvlər sən demə Müsavatda gəncləri dəstəkləyirmiş, biz bilməmişik. Həmin zaman o partiyaya qarşı “gənclərə niyə yol vermirsiz?” deyə kiminsə yazdığına da rast gəlmədik. Daha hədsiz kin və nifrətlə bəslənən, həyatlarını intiriqalarla, ona buna söz atmaqla sürənlərə, onlar Müsavat və ya İsa Qəmbər əlehinə 1 gün yazmayanda təəccüblənən gənclər onların adını tağ etməklə bizə söz atıb statuslarda ələ saldıqlarına, ələ salındıqlarını başa belə düşməyənlərə cavab verməyi ümumiyyətlə lazım bilmirəm. Səmimi olaraq gəncləşmə, yenilənmə istəyənlərə tam səmimi olaraq deyirəm bizə partiya başqanı olmaq üçün ən yüksək səviyyədə təkliflər edilib, şəxsən İsa bəy də belə bir təklifi tam ciddi şəkildə şəxsi söhbətlərdə, daxili müzakirələrdə və ictimai qaydada efirlərdən səsləndirib. Bilməyinizi istəyirəm ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması təklifi ilk dəfə potensial ən gənc namizədlər, bizlər tərəfindən səsləndirilib və dəstəklənib. Eləcə də mümkün namizədlər tərəfindən bu təklif birmənalı dəstəklənib, ən doğru hesab edilib. Müsavat Partiyasının başqanlığına mən niyə namizəd olmadım? Cavabım qısa və konkretdir. Mən düşünmürəm ki, indiki çətin və mürəkkəb dövrdə mən İsa Qəmbər qədər Azərbaycan cəmiyyəti və Müsavat Partiyası üçün faydalı ola bilərdim. Sizi əmin edirəm, əgər mən və ya başqa bir gənc dostumiz Müsavat başqanlığına namizəd olsaydı, seçilsəydi İsa Qəmbərə hücum edənlər daxil olmaqla 10 dəfə çox insan indi bizim əleyhimizə döşəyirdi. Gələk sona, bir partiyanın rəhbərini həmin partiyanın üzvləri, qurultay nümayəndələri seçir. Demokratiya istəyirik deyənlərin tam demokratik seçkinin nəticələrini dartışması məncə səmimi deyil. Müsavat Partiyasının gəncləşməsini, yenilənməsini istəyən səmimi insanlara burdan müraciət edirəm, gəlin qoşulun sıralarımıza, uğurlu bildiyiniz başqa gəncləri, xanımları da dəvət edək sıralarımıza 4 il sonra qurultay nümayəndəsi seçilin, gənclərdən birinin və ya özünüzün namizədliyinizi verin təbliğat aparın dəyişiklik edin. İndi isə bu çətin mərhələdə ən doğru seçim İsa Qəmbər idi, biz də onu seçdik. Hər kəsə sevgi və hörmətlə. Səxavət Soltanlı