Namizəd nə istəyir? — Alxas Məmmədov

Tanınmış jurnalist Alxas Məmmədov Facebook hesabında seçkilərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir: Namizəd nə istəyir ? Deməli, yenədə bizi aldadıb özünə beş illik iş yeri istəyirlər. Cəhənnəmə işləsin amma bizi loxlamasın. Yağlı vədlər verib sadəcə olaraq bizləri avam saymasınlar. Belədə ki, kim loxdusa, gedib təsir altında səs versin. Səs verəndə layiqli insana verin maşennikə səs verməyin. Yaxşı neçə bilək ki bu namizəd maşennik deyil? Sadə yolu var, ətrafına baxın. Görün bunun yanında kimlərdi? Qul, becələri. Rayonda bir köpüklük hörməti olmayan insanlar, kimi təbliğ edə bilər ki? Sadə sifətlə, xalqa yaxınlığı ilə yenədə şou proqramın qəhrəmanlarıdırlar.  Sonrada deyirsiniz ki, niyə biz düzəlmirik? Sən beləsinə səs verəndə elə belədə yaşamalısanda. Səni kimsə salfet kimi istifadə edirsə, sən elə ağ loxsanda. Şamaxıda məşhur, anti-qəhrəman bir şəxsiyyətsiz insan var. Ləqəbidə pambıqdır. Uzun müddət vəzifədə olub. Bu sakit və qorxaq bir insandır. Kiməsə zərəri dəyməz. Amma pambıq kimi su götürəndir. Yəni söz götürən insandır, söy, üzünə gülsün. Nə desən buna xoşdur. Vaxtı ilə bir namizədin vəkili olub. Oda sonda gedəndə buna deyib ki, mən seçilmədim, gedirəm, səndə day belə yaşama. Bir paya öz səsini satansanda. Yəni yala gedənsən.... Nəd? O kabinədə səni kimsə güdür? Onsuzda bilirsən ki, bu səni aldadır. Səndə səs verəndə bunu aldat. Qorxundan yada yaltağlığından orda da azad səs verə bilmirsəndə. Səs nədir? Ana, bacı, xanımım, sevgilim, vətənim bunları sən səslə deyirsəndə. Mən səni sevirəm ay anam, sevimli bacım, ağıllı qızım sözlərini səslə ifadə edirsəndə. Yoxsa elə deyil? İnsan fikrin səslə ifadə edir. Sən isə bunları kiməsə satırsan. Bunları satandan sonra mənliyin qalırmı? Layiqli namizəd varsa səs verin. Kimsə deyə bilərmi ki, hansısa namizəd seçiləndən sonra nəsə iş görüb? Özü üçün hə. Bəs sənə? Niyə özünə hörmət qoymursan ay seçici. Bilirsən ki, bu səni aldadır. Demli, sən konkret zəif bir insansan. P.S: Seçkilərdə fəal olun ki, feil yada tüfeyil kimi sizə baxmasınlar. Məndən bu qədər.

Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür

Bu vətəni sevməyi atamdan, doğma dilimi sevməyi Məhəmmədhüseyn Şəhriyardan, vətəndaş olmağı Bəxtiyar Vahabzadədən, xalqıma bağlılığı Xəlil Rza Ulutürkdən, dünyanı öyrənməyi, zərrələrin sirli əlaqəsini Xudu Məmmədovdan, maarifçiliyi, gələcəyə baxmağı Həsən bəy Zərdabidən, Tanrını sevməyi Nəsimidən öyrənmişəm. Elçin Əfəndiyevin M.Ə.Rəsulzadə haqqında bir oçerki var, M.Ə.Rəsulzadənin son sözü ilə - "Azərbaycan"la bitir. Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür. Hər dəfə ilk dəfə dediyimiz, ilk dəfə sevdiyimiz qədər Azərbaycan! Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə, seçicilərimin qarşısına mütərəqqi fikirlərlə gəlmişəm. Minlərlə insan sosial şəbəkələrdə məhz bunu qiymətləndirir. Şəhriyar Məcidzadə, 97 saylı Tərtər-Ağdərə-Göranboy seçki dairəsindən namizəd

Ukrayna torpaqlarını işğal edən Rusiya indi özü işğala məruz qalır

ABŞ və Qərb heç vaxt Rusiyaya, Putinə qarşı bu qədər qətiyyətli olmamışdı. Ukrayna torpaqlarını işğal edən Rusiya indi özü işğala məruz qalır - ukraynalılar tərəfdən. Mən fotolarda Rusiyadan güc alan ermənilərin Xocalıdan, Laçından, başqa rayonlarımızdan, öz yurdundan, yuvasından qovduğu, qaçqın düşən azərbaycanlıları görmüşdüm. İndi fotolarda Kurskdan - Rusiyadan qaçan rusları görürəm. Rusiya başqalarına yaşatdıqlarını az da olsa, yaşayır.  Ukraynanın Avropa, yoxsa Rusiya yolunu tutması öz seçimidir, öz haqqıdır. Özünə hörmət edən heç bir xalq Rusiya, Çin, Şimali Koreya, İran, Belarus yolunu seçməz! Özünə hörmət edən ukraynalılar ən böyük alqışlara, xoş sözlərə layiqdir. Slava, Ukrayna! Rəşad Ergün, Jurnalist

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı?

İnternet əsrində yaşamağımızın üstünlükləri çoxdur. Məsələn, hansısa yaramazın bəd əməllərini ifşa edəndə bu ləkə ömürlük onun alnında qalır.  Amma 15-20 il əvvəl belə deyildi. O vaxt yazılarımız qəzetlərdə dərc olunurdu. Mənim də yaltaq və alçaq adamlarla əvvəldən aram olmayıb. Hansısa yalançı və talançı məmuru tənqid edəndə belə deyirdi: “Pislik özünə qalacaq. Sabah sənin yazdığın qəzetə yumurta büküb mağazaya gələn hansısa uşağın qoltuğuna verib yola salacaqlar. Nə qəzet qalacaq, nə də sənin yazdıqların...”  İndi yazdıqlarımızı kiminsə “qoltuğuna vermək” mümkün deyil. Hansısa bədəməli tənqid edəndə bu, onun yeddi qatından keçir. Aradan həftələr, aylar, illər keçir, amma həmin ləkəni alından silmək olmur. İnternet resursları həmin bədəməlin bəd əməlini nəsildən-nəsilə ötürür. onlayn aptek Boş vaxtlarım olanda keçmişə ekskursiya edirəm. Səfər Əbiyev Müdafiə naziri, Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyev Gəncənin başçısı, Misir Mərdanov təhsil, Oqtay Şirəliyev səhiyyə naziri olanda yazdığım yazılar indi də qalır. Əgər kimsə internetdə Cahangir Əsgərovun adını yazsa, qarşısına mənim məqaləm çıxacaq: “Cahangir Əsgərov lotudur?!”  İnternetin sayəsində gələcək nəsillər biləcək ki, Cahangir Əsgərov ortadan bir az yuxarı ranqlı məmur olsa da, uzun illər özünü sözün həqiqi mənasında lotu kimi aparıb. Gələcək nəsillər onu da biləcək ki, Hacıbala Abutalıbov Bakının, Misir Mərdanov təhsilin, Oqtay Şirəliyev səhiyyənin anasını ağladıb. Bu adamlar dolayısı ilə bizim, yəni xalqın anasını ağladıblar... Azərbaycanda atasının yüksək məqamından istifadə edib yolunu azan, sadə insanların ayağının altını qazan xeyli bivec övlad var. Biri dədəsini çərlədib öldürdü, biri atasının vəzifədən getməsinə səbəb oldu, başqa biri isə öz yaramaz əməlləri ilə atasının çiynindəki general ulduzlarını qoparıp ayaqlar altına atdı.  Yəqin söhbətin hansı məşhur generalın “avtoş” oğlundan getdiyini xatırladınız. Sözümü bu adamların qılıncının dalının da, qabağının da kəsdiyi vaxt dediyim üçün təfərrüatlara varmaq istəmirəm. Vəzirov nahaq demirdi ki, Azərbaycan ovuc boyda yerdir. Burada kimin hansı hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir.  Dünəndən bəri sosial şəbəkələr mərhum general Polad Həşimovun oğlu Davud Həşimovun uğurları ilə çalxalanır. Bildiyiniz kimi, Davud 4 xarici ölkədə yerləşən 7 nüfuzlu universitetə qəbul alıb. O, kompüter mühəndisliyi üzrə təhsil alacaq. Deyir ki, bu, atasının arzusu olub.  Azərbaycanda general övladları daha çox ərköyün həyat tərzi ilə gündəmə gəlirlər. Sanki “avtoşluq” yüksək rütbəli zabitlərin uşaqlarının alnına yazılıb. Amma Davud “avtoş” olmadı, Azərbaycanın fəxri oldu. Çünki o, Polad Həşimovun oğludur. General ulduzlarını isti kabinetlərdə deyil, səngərdə alan mübariz bir generalın övladıdır.  Ot kökü üstdə bitir. Oğullar atalarının yolu ilə gedir. Yolun açıq olsun Davud!  Seymur VERDİZADƏ 

Baltalı müğənni, qeyri-peşəkar mühafizəçi və tibbin şalvara batırması...

Sovet sistemi təkpartiyalı idi. Tanınmış insanlar, sənət adamları ya vətən xaini kimi cəzalanır, ya da xalq şairi-xalq artisti kimi komfort həyatla əhatə olunurdu. Hər şey birmənalı qiymətləndirilirdi. Ya yaxşı, ya pis. Ya qara, ya ağ. Başqa rəng, başqa seçim yox idi. Bu mərəz otuz ildir canımızdan çıxmır. Adamlara mütləq yarlıq yapışdırıb bir səngərə atırıq. Elə bil qeyri-səlis məntiqi yaradan fikir adamının həmyerliləri deyilik. Çağdaş milli qəhrəmanlıq dastanımızın "Ağadadaş Ağayevlə baltanın əhvalatı" boyunda da eyni performansı sərgiləyirik. Adamlar iki radikal qrupa bölünüb yarısı müğənnini, yarısı mühafizəçini müdafiə edir. Əlbəttə, bu əhvalat bir çox cəhətdən cəmiyyətimizin nə qədər çürük olduğunu göstərir: yalançı ad-san və şöhrət, manıs estetikasının xalqın ruhunu zədələməsi, qudurğanlıq, qeyri-peşəkarlıq, tibb sisteminin şalvarını batırmağa davam etməsi və sair və ilaxır. Lakin məsələnin hüquqi-mənəvi tərəfi çox sadədir: Ağadadaş Ağayev balta ilə hücum etməkdə səhvə və təbii, qanun pozuntusuna yol verib, mühafizəçi isə onu yerə yıxıb zərərsizləşdirəndən sonra təpikləməkdə. Nə o sənət adamı kimi davranıb, nə bu işini bilən peşəkar kimi. Hadisədə insanlıq amili axtarmaq isə bihudədir, çünki ortada qarşılıqlı zırramalıq faktından başqa heç nə yoxdur. Mansıların öz həmkarlarını müdafiə eləməsi də başadüşüləndir, lakin müdafiə çox biabırçı şəkildə ifadə olunur. Məsələn, paylaşımların birində hüquq-mühafizə orqanlarından iki şey xahiş edirlər: işə ədalətlə baxılmasını və Ağadadaş Ağayevin ulduz olduğunun nəzərə alınmasını... Xalqın inanılmaz həddə varlandırdığı bu kütbeyinlər demokratiya cəhənnəm, ədalətin də nə olduğunu bilmirlər. Amma yaxşı da edirlər! Bilənlər hara çıxıb guya? Bir şeyin ki izi-tozu yoxdur, onu bilmək dərd-azardan başqa heç nə gətirməz. Manıs olub yaşamalı ölkədir vallah! Şərif Ağayar, yazar

ZAUR USTAC - DAĞLAR

(Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! Müəllif: Zaur USTAC

Boykot deyənlərə növbəti suallar

Əli Kərimlinin Meydan TV-yə verdiyi müsahibə ölkədə mətbuat və ifadə azadlığının, facebookda yaydığı postlar internet azadlığının olduğu görüntüsü yaradırsa, hakimiyyətin “bizdə azad mətbuat, internet azadlığı var” şoularında iştirakdırsa, Müsavat Partiyasını nəzərdə tutaraq seçkidə iştirak haqqında dedikləri də doğrudur. Dedikləri doğrudursa, hakimiyyətin tələbi ilə yeni qurultay elan etməsi hazırkı hakimiyyəti tanımaq, onu legitimləşdirmək, hakimiyyətin tələbinin haqlı olduğunu etiraf etmək deyilmi? Biz belə düşünmürük ki, o etiraflarda bulunur. Pis-yaxşı, az-çox olan sivil imkanlardan yararlanmaq çox vacibdir. Azsaylı jurnalistlərə, mətbu orqanlara müsahibə vermək, sosial şəbəkələrdə fəal olmaq cəhdləri nədirsə, bu seçkiyə qatılmaq da odur. Minimum imkanlardan istifadə edib ayaqda qalmaq, özünü və niyyətini xalqa çatdırmaq, düşüncələrini xalqla bölüşmək siyasətin əlifbasıdır. Seçkidə iştirak dəfələrlə bəyan etdiyimiz kimi bizim ölkədə dəyişiklikləri yalnız seçki yoluyla gördüyümüzün ifadəsidir. Seçkidə iştirakımız “Bizdə normal seçki var, biz də qatılırıq” demək deyil. Seçkiylə bağlı fikirlər, münasibət sənin seçkiyə qədər və seçki günü apardığın müşahidələrin nəticəsində açıqladığın yekun rəylə ölçülür. Əli bəyin dediyi kimi seçkidə iştirak seçkiyə legitimlik qazandırırsa, boykot da legitimlik qazandırır. Boykot o deməkdir ki, bu şey var, sadəcə mən boykot edirəm. Odur ki, kimsə fərqli yol tutursa öz tutduğu xəttin doğruluğunu arqummentləşdirməlidir, sübut etməlidir. Başqalarının “səhv” olduğunu sübut etmək istəyəndə yuxarıdakı sualları səsləndirməyə məcbur qalırıq, o da məcburdur ki, həmin suallara cavab versin. Səxavət Soltanlı, Müsavat başqanının müavini

Siyasətin “qızıl qaydası” iddialı olmaqdır

İddiasızsansa, seçimlərində və hərəkət trayektoriyalarında özünə, gücünə görə haqlı ola bilərsən ki, bu, çox doğru qərardır – hər kəs gücünü bilməli, buna görə addım atmalıdır. Sən seçkiyə qəti getmə. Amma bunu qəbul etmək lazımdır ki, siyasət birmənalı olduğu halda hər təşkilatda fərqli rənglərdə ola bilir. Bu da təşkilatların fərqli siyasət mexanizmləri, xüsusilə strukturlarda güc fərqi, qərarların fərdi deyil, kollegial verilməsi ilə bağlıdır. -Müsavat gücünə inanır – anormal seçki mühitinin mövcudlugunun fərqindədir, ölkədə mitinq keçirməyə imkan verilmir, 3-5 adam bir yerə toplaşıb ölkədəki siyasi mühiti müzakirə edə bilmir, öncəki seçki biyabırçılıqlarını bilir, siyasi məhbus, fundamental insan haqlarının vəziyyətindən xəbərdardır və bununla yanaşı unutmamalı olduğu yuxarıda dediyimiz qızıl qaydanı əsas tutaraq siyasətlə məşğuldur. Bu məqamda müxalif siyasi partiya nə etməlidir? -Seçkidə iştirak seçimindən asılı olmayaraq siyasətlə məşğul olan hər kəs bilməlidir ki, siyasi uğurun qızıl qaydası seçki qutusuna kimin atılmasının vacibliyidir. Əgər hazırkı çətin dövrdə Müsavat Partiyası Məclis üzvlərinin əksəriyyəti seçkidə iştiraka meyillidirsə, gücünü ortaya qoymağı vacib görürsə, həm partiya olaraq, həm sıravi müsavatçı olaraq bu siyasəti dəstəkləməliyik. Bu həm də demokratiyanın aliliyinə xidmət edir. Azlıq çoxluğa tabedir. -Vəziyyət kifayət qədər aydındır, nəticələri öncədən təxmin edirik. Bəli, bu ən maraqsız olanıdır. Ancaq namizəd olaraq hər seçicidən aldığımız səs qazandığımız bir vətəndaşdır, bunu unutmuruq, fürsət dəyərləndirməsi etməyə calışırıq. Hədəfimiz gələcəyə hesablanıb. Seçkiyə qatılma səbəbimiz hər bir halda bu gun və ya gələcək üçün elektorat qazanmağımıza xidmət edir. İştirak növbəti dövrün nəticələrini proqnozlaşdırmağa kömək edəcək. -Siyasət elə bir sahədir ki, burada “gözlənilməz nəticələr” tüğyan edir. Nə qədər bacarıqlı, praqmatik düşüncə sahibi olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, mütləq bir gün ortaya qoyulacaq. Siyasətin bu qızıl qaydasını həmişəlik pozacaqlarını düşünənlər əslində vətəndaşı iradəsiz olduğuna inandıranlardır, bu siyasəti aparanları gələcək seçkilərdə yaxşı heç nə gözləmir. Müsavatın seçkiyə qoşulan üzvlərini izləsəniz, müşahidə edərsiniz ki, onların hər biri seçici ilə görüslərində müəyyən hesablama aparır, güclərindən istifadə edir, seçkidə qutudan kimin çıxacağından asılı olmayaraq gələcək dövr üçün həm güclərini hesablayır, həm də ümumilikdə elektoratını müəyyənləşdirirlər. Bu seçkidə onların gözlədiyi nəticə müsbət mənada yoxa bərabər olsa da təqdirəlayiqdir, seçki prosesində maksimum saxtakarlıq ifşa edəcəklər, rejimin əsl simasını yenidən ortaya qoyacaqlar. Bununla da dövlətçilik üçün ən əhəmiyyətli missiyanı yerinə yetirərək hakimiyyətin demokratik don geyindirmək istədiyi seçki şousunun mahiyyətini faktlarla tarixə yazacaqlar. Siyasət çoxlu aktorların iştirak etdiyi oyundur Bütün ziddiyyətli və ya bitişik iradələr hərəkətə keçir və bilyard şarları kimi bir-birinə dəyir, yeni istiqamətlər alır. Bununla belə, siyasətin bilyarddan böyük fərqi var. Nə qədər bacarıqlı olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, nə qədər məhdudlaşdırılsa da, bir mərkəzdən müəyyənləşəcək bir şey deyil. Bilyard şarlarının iradəsi yoxdur. Buna baxmayaraq, ən təcrübəli bilyardçılar da bilirlər ki, hər zaman qalib gələ bilməzlər. Bu gün bu döyüşdən qalib çıxdığını hesab edənlər tarixdə öz adları, yanlışları, doğruları ilə qalacaqlar. Kozların paylaşıldığı bu qarışıq və həlledici məqamda boykot ən asanıdır. -Bəs isti yay günlərində istirahət etməyi, təzyiq, təqiblərdən uzaq boykotu seçənlər bu məşəqqətli prosesdə iştirakdan imtinalarına necə haqq qazandırsınlar? -Elektoratı itirmək bu yolun yolçusu olanlar üçün çox pis nəticə verəcək. Bu məqamda özlərinə rəqib hesab etdikləri təşkilatları qaralamaq işə yaraya bilərmi? Boykotu seçənlər bunu seçərkən heç uf da demirlər. -Ancaq siyasətin ən çox yayılmış, sınanmış və effektiv hesab olunan yolu mövcud elektoratı əlində saxlamağı qənimət bilib başqalarını qaralamaq yox, zoru (seçkidə iştirakı) seçib yeni elektorat toplamaqdır. Təəssüf ki, boykot deyənlər ilk ağıllarına gələn bu bəsit taktikanı sınamaqdan usanmırlar. Asanı yox, zoru seçəni qaralamaqla buna nail olmağa çalışırlar – bunun adı başqadır. Könül Alı

Mübarizədən geri çəkilməmək hər kişinin işi deyil

Nə etdiyimizi əla bilirik. Zərgər dəqiqliyi ilə ölçüb-biçirik. Ən çətin vəziyyətdə belə, ortaya iddia qoymaq, mübarizədən geri çəkilməmək hər kişinin işi deyil.  Bizə qarşı qərəzli olanlar hansı təbliğatı aparsa da, vicdanlı insanlar təsirə düşməsin,  hər kəsin keçmişini yada salsın, dəyərlərə sədaqətimizə qətiyyən şübhə etməsinlər. Mustafa Hacıbəyli, Müsavat başqanının müavini 

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki,  Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Papağımızı yerə soxmaq istəyirdilər, başlarını unitaza soxduq...

Paşinyanın Şuşada "Yallı" getməyi yadınızdadır? Kimin yadından çıxar?! Vallah, "Yadullanın müsibəti" belə olmamışdı...  Amma axırı yaxşı oldu. Şuşada içdiyi fransız çaxırını Paşinyanın və arvadının burnundan gətirdilər. Anna Şuşanı, Xocalını, Xankəndini indi ancaq AzTV-də görür. Bir də yuxusunda... Qarabağa Xarı bülbül aparmağa gəlmişdilər, igid əsgərlərimiz qoltuqlarına unitaz verib yola saldılar... SEO Xidməti Bu gün onların bayramıdır. Qarabağı bizə qaytaran qəhrəman ordumuzun bayramıdır. Bu gün xalqımızın bayramıdır. Bu bayramdan hamıya pay düşür... Çoxdanıncı, daha dəqiq desək, 90-cı illərin axırı idi. Müsahibə üçün Bakı kəndlərindən birinə getmişdim. Qayıdanda kədərli mənzərənin şahidi oldum: Avtobus yerindən tərpənındə bir nəfər əli ilə orta qapını tıqqıldatdı. Sürücü güzgüyə ani nəzər yetirib sürəti artırdı. Arvadlardan biri "a bala, gələn var* deyib haray-həşir salanda, oğlanın reaksiyası belə oldu: "Əşşi, əsgərdir də... Pul verməyəcək..." Avtobusdakı sərnişinlərdən biri dodağının altında mızıldandı, üç-dörd nəfər güldü, qalanları isə özlərini karlığa və lallığa qoydular... Çox daşınıb-düşünəndən sonra bu münasibətin səbəbini özüm üçün müəyyənləşdirə bildim: Dünyanın heç bir ölkəsində məğlub ordunun hörməti olmur...  Mən özüm də hərbi xidmətdə olanda tez-tez oxşar münasibətlə qarşılaşırdım. Ayağımızı hərbi hissədən kənara qoyan kimi kənd sakinlərinin qəzəbli baxışlarına tuş gəlirdik. Onlar iri çomaqlarını başlarının üstündə fırlayıb belə deyirdilər: "Bağa, bostana yaxın gəlsəniz, ayağınızı qırarıq".  44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı məğlub ordunu QALİB ORDUya çevirdi. İgid balalarımız papağımızı yerə soxmaq istəyənlərin başlarını unitaz soxdular. O səhnə hələ də gözümün qabağındadır: Ermənilər tankı qoyub unitazı aparırdılar... Vətən müharibəsinin 18 yaşlı şəhidi Xəyyam Məmmədovun məktubudur. Şəhadətə yüksəldiyi sonuncu döyüşdən bir neçə gün əvvəl yazıb: “Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Sən şəhid anasısan, dik dayan!”.  Bayramın mübarək şəhid anası! Bayramın mübarək şəhid atası! Əlinin arxası ilə gözünün yaşını sil. Bu gün sevinməyə ən çox sənin haqqın çatır... Seymur VERDİZADƏ 

Qazilər və şəhid ailələri rüşvətdən azaddır!

İndi hansı xəstəxanaya, dövlət qurumuna gedirsən, binanın girişində yazılır: “Qazilər və şəhid ailələri növbədənkənar qəbul olunur”.  Mənə elə gəlir ki, əgər mümkün olarsa, bu yazı “qazilər və şəhid ailələri rüşvətdən azaddır” kimi dəyişdirilsə sözügedən kateqoriyadan olan vətəndaşlar üçün daha böyük xidmət olar. Növbədənkənar qəbul o qədər də böyük anlam ifadə etmir. Növbədə dayanmaq bu insanlar üçün problem deyil. Növbədə dayanmaq onları incitməz, sındırmaz. Amma vətən üçün bədəninin bir parçasını qurban verən bu qürurlu adamlardan dirəşib rüşvət almaq onların mənliyini sındırır, qürurunu tapdaq-tapdaq edir.  Dünən bir video yayıldı. Qaradağ rayonunda yerləşən 4 saylı doğum evinin həkimi Qarabağ qazisindən açıq-aşkar rüşvət tələb edir. Qazi qardaşımız təbii ki, həkimə imkanı çatan “hörməti” etməyə çalışır. Amma həkim üzünün ən qırmızı yerinə salıb daha böyük məbləğ istəyir. Bu, həmin həkimin nə ilk, nə də son əməlidir. Sadəcə şanssız günü idi. Videosu çəkilmiş və mediada yayılmışdı.  SEO Xidməti O, tək deyil. Onun yüzlərlə, minlərlə həmkarı var ki, eyni əqidədədirlər. Onlar bu pulu təkcə özləri üçün yığmır. Təbii ki öz payları da var. Amma ondan vəzifəcə yuxarıda olanın da haqq-hesabı bu məbləğin içərisindədir. Sistem bu cür işləyir. Əgər rüşvət almağı bacarırsansa, işləyirsən, alırsan, sənə rəhbərlik edənin də payını vaxtlı-vaxtında çatdırırsan. Amma elə al ki, şikayət edən olmasın. Səs yazın, video yayılmasın. Yox əgər işlər tərs getsə, batdın. Cavabdeh özünsən... Rüşvət almaq alçaq hərəkətdir. Qazidən, şəhid ailəsindən bunu tələb etmək isə daha böyük biabırçılıqdır. Şərəfin olmamasıdır. Xəyanətdir. Vətənə xəyanətdir, dövlətə xəyanətdir...  Vətənpərvərlik sözdə olmur. Bu, əməllə üst-üstə düşməlidir. Əməlin ürək bulandırırsa, ağzınla quş tutsan da faydasızdır.  Axı rüşvət almaq həm də cinayətdir. İndi görək bu rüşvət tələb edən həkimlə bağlı hansı tədbir görüləcək?! Görülsün və ən azından, cüzi də olsa başqaları üçün dərs olsun.  Rüşvət olan cəmiyyətlər heç vaxt inkişaf etməyib. Çünki rüşvət alan da, verən də hər zaman bir-birinin qarşısında gözükölgəli olub. Gözükölgəli olmaq çox pis hissdir. Belə adamlar bir-birindən heç bir haqq-ədalət tələb edə bilməz. Bir-birinin gözünə dik baxa bilməzlər. Yox, əgər buna rəğmən bir-birinə qarşı heç nə olmamış kimi davranırlarsa, o zaman onlar dünyanın ən qırmızı adamlarıdır, heç bir ləyaqət hissləri qalmamışdır. Deməli, bu adamların pafoslu sözlərlə, təlim-tərbiyə ilə, təbliğatla, maarifləndirmə ilə düzəlməsi, ləyaqətli davranmaları mümkün deyil. Qanun işləməlidir. Söhbət yazılan qanunlardan gedir. Amma təəssüf ki, bizdə yazılmayan qanunlar daha müqəddəs hesab olunur.  Görəsən, son sutkada Azərbaycanda nə qədər uşaq rüşvətlə doğulub? Əminəm, onların böyük əksərinin eşitdiyi ilk səs rüşvət vermək üçün sayılan pulun xışıltısı olub. Əvvəllər uşaq doğulanda qulağına gözəl sözlər deyilirdi. İndi rüşvət səsi eşidirlər. Ya da rüşvət verməyə gücü çatmayan kasıb valideynlərin səs-küyünü...  Azərbaycan qəribə ölkədir; burada təkcə ananı deyil, həm də atanı "doğuzdururlar"... Elnur Məmmədli