“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..”

“Bax, məhz bu cür cəzasızlığın nəticəsidir ki, belə “mütərəqqi” seçki “ənənələri”ni Azərbaycandakı seçkilərdən nümunə kimi götürən Gürcüstandakı soydaşlarımız da oktyabrın 26-da qonşu ölkədə keçirilmiş parlament seçkilərində bu “ənənəyə” sadiq qaldıqlarından foto və video-görüntüləri bütün aparıcı beynəlxalq agentlik və kanallarda yayılmaqla bizləri bir xalq olaraq külli-aləmdə biabır etdilər...”

Yenicə yapılmış Milli Məclisin qəbul etdiyi ilk qanun layihələrindən biri də tullantıların, yəni zibillərin qutulardan kənara və yaxud avtomobildən birbaşa küçəyə, yola  və s. atılmasına görə cərimələrin 5-6 dəfə artırılması ilə bağlı oldu.  Bua da cəmiyyət, xüsusilə yoxsul təbəqələrin ən azı sosial şəbəkələrdə etiraz etdi. Çünki fiziki şəxslər üçün artırılmış cərimə, demək olar ki, minimum əmək haqqı məbləğindədir. Və belə çıxır ki, ayda 300-400 manat əmək haqqı alan bir süpürgəçi, fəhlə və s.(qeyd edək ki, ölkədə bu məbləğə görə işləyən müəllimlər də var) tələsdiyindən, yaxud saysız maddi problemləri ucbatından fikirli olduğundan bir kiçik torba zibili tullantı qutusundan kənara atacaqsa, dərhal bunu görən polis başının üstünü kəsəcək və o, bir aylıq maaşını cərimə kimi ödəməli olacaq. Yaxşı, qəbul edək ki, bəlkə belə yüksək məbləğdə cərimə ölkədə son onilliklərdə, təəssüf ki, əksəriyyətə tərgidə bilmədiyimiz zibili hara gəldi atmaq adətini tərgitdirmək üçün effekt verəcək. Doğrusu, bu sətirlərin müəllifi də Azərbaycanda piyadanın, yaxud sərnişinin əlindəki zibili, siqaret kötüyünü, su qabını və s. hara gəldi atmaq, küçədə yerə tüpürmək, parkda, yaxud avtobusda, qatarda çırtladılan tumun qabıqlarını ayağının altına tökmək və s. kimi biabırçı  “ənənələrə” nifrət edir və bu haqda dəfələrlə tənqidi yazılarla çıxış edib, eyni zamanda belə davranışlara yol verənləri bacardıqca birbaşa üzlərinə qınayıb...

Fəqət, “zibili qutuya atmamaq” ifadəsini eşidən, oxuyan kimi yadıma düşən digər bir nifrətəlayiq, zibil ənənəmizi də xatırlatmaq istərdim: seçki qutularına topa-topa bülleten atmaq... Tanış gəlirmi sizə, hörmətli mandat sahibləri? İnanmıram ki, kimsə bunu unuda, xüsusən də belə hallar videokameralı smartfonların və sosial şəbəkələrə girişin kütləviləşdiyi son onillikdəki, demək olar ki, hər seçkilər zamanı külli-məmləkətə bəlli olandan sonra... Lütfən, hər kəs öz vicdanı qarşısında, milli(!) ənənələrimiz, Konstitusiya, Seçki Məcəlləsi, digər qanunlar və s. prizmasından düşünüb cavab versin; seçkilər zamanı seçki qutusuna topa-topa, lap özününkündən əlavə bircə bülleten atmaq həm hüquqi, həm mənəvi baxımdan zibili tullantı üçün qutuya atmamaqdan, yerə tüpürməkdən  və s. neçə dəfə ağır, alçaldıcı və biabırçı cinayətdir. Bu, xalqın səslərini oğurlamaq, vətəndaşların haqlarını, seçki hüququnu tapdamaq, qanunlara, Konstitusiyaya tüpürmək demək deyilmi, cənablar, xanımlar?.. Bəs niyə indiyədək seçki qutularına namizədlərdən birinin xeyrinə əlavə bülletenlərin atılması halları ilə bağlı cəza, heç olmasa, cərimə təyin olunmayıb?.. Müstəqil olduğumuz son 33 ildə kimsə belə cinayətə(!) yol verdiyinə görə cəzalanıbmı? Bəlkə cəzalanıb, bizim xəbərimiz yoxdur?..

Bax, məhz bu cür cəzasızlığın nəticəsidir ki, belə “mütərəqqi” seçki “ənənəsi”ni Azərbaycandakı seçkilərdən nümunə kimi götürən Gürcüstandakı soydaşlarımız da oktyabrın 26-da qonşu ölkədə keçirilmiş parlament seçkilərində bu “ənənəyə” sadiq qaldıqlarından foto və video-görüntüləri bütün aparıcı beynəlxalq agentlik və kanallarda yayılmaqla bizləri bir xalq olaraq külli-aləmdə biabır etdilər... Bu davranışı törətmiş şəxsin – Rövşən İsgəndərlinin adı indi çox mənfi mənada  dillər əzbəridir...

Odur ki, hörmətli parlament üzvləri, xahiş edirik, heç olmasa, növbəti dəfə Azərbaycan vətəndaşlarına qarşı cərimələr barədə qanun layihələrini müzakirəyə çıxaranda “seçki qutularına namizədlərdən birinin xeyrinə əlavə, topa-topa bülletenlərin atılması halları” ilə də bağlı cərimələri mütləq gündəmə gətirin... Bunu kim və ya kimlər etsə, biləcəyik ki, əsil mənada “millət vəkili” adlanmağa xeyli yaxınlaşıb...

P.S. Sözsüz ki, bu yazdıqlarımız və təklifimiz Azərbaycandakı saxtakarlıq aşiqlərinin, ustalarının və azarkeşlərinin qətiyyən ürəyincə olmayacaq və dərhal düşünəcəklər: “Belələrini birdəfəlik susdurmaq, onlardan canımızı qurtarmaq üçün qəti tədbirlər görmək gərəkdir!”... Bəli, bizlərdən can qurtarmaq sizlər üçün çox asandır. Hərəmiz gec-tez bir cana borcluyuq və Allah, xalq,Vətən, dövlət, dövlətçilik, Haqq yolunda boynumuz qıldan incə... Fəqət, sizlər əvvəl-axır bu dünyada xalqın, sonda da o dünyada Allahın əlindən canınızı necə qurtararaqsız, o barədə düşünün...

Sultan Laçın

Moderator.az

Share on Facebook