Xilaskar

Atam müəllim idi. Aylıq məvacibi gündəlik çörəkpuluna güclə çatırdı. Ailədə üç uşaq idik. Böyük qardaşım, bacım və mən. Onlar ali məktəbdə oxuyurdular. Mən isə doqquzuncu sinifə gedirdim. Mənimlə eyni sinifdə İlqar adlı oğlan da oxuyurdu. İmkanlı ailədən idi. Amma çox sadə, gülərüz biri kimi tanınırdı. İlqar mənimlə dostluq edirdi. Amma onun atası həmişə dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara - “Səviyyəli uşaqlarla dostluq et! Bundan sənə dost olmaz!“ demişdi. Yaxşı xatırlayıram, İlqarın ad günü idi. Bir qol saatı alıb, İlqargilə getdim. Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın atası açdı. Salam verib, içəri daxil olmaq istəsəm də, o, məni evlərinə buraxmayaraq-“İlqar sənin tayın deyil, get tayını tap!”- dedi. Bu hadisədən sonra İlqar dəfələrlə məndən üzr istəsə də ona yaxınlaşmayıb, həmişə ondan uzaq gəzməyə çalışdım. Aradan bir neçə ay keçmişdi. Yay tətilində ailəmə kömək etmək üçün yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim. Həmin günlərin birində gecədən xeyli keçmiş işdən evə gəlirdim. Maşın dayanacağının yanından keçərkən qulağıma inilti səsi gəldi. Qaçaraq səs gələn tərəfə gedəndə bir kişinin huşsuz vəziyyətdə yerdə inildədiyini gördüm. Adamın üzü-gözü qan içində sifəti tanınmırdı. Mən özümü itirməyərək təcili tibbi yardıma zəng vurub gördüklərimi danışdım və ünvanı dedim. Qısa vaxt ərzində təcili yardım maşını hadisə yerinə gəldi və xəstə ilə məni xəstəxanaya apardı. Dərhal əməliyyat otağına aparılan xəstənin yaxınları gələnə qədər mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan həkim xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət vəsiqəmi həkimə təqdim edib mənim də qanımı yoxlamasını xahiş etdim. Həkim qan qrupumu müəyyənləşdirib təcili qan verməyimi istədi. Otağa keçib lazımi miqdarda qan verdim. Bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu bildirdi. İzahatım alındıqdan sonra sabah valideyinlərimlə polis şöbəsinə gəlməli olduğumu dedi. Evə səhərə yaxın gəldim. Qan verdiyimə görə başım gicəllənirdi. Özümü zorla çarpayının üstünə atdım və həmin an da, yuxuya getdim. Günorta anamın səsi məni oyatdı -“Gecə harada olmusan? Atanla səni polis şöbəsinə çağırırlar - dedi. Mən, gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim etdiklərimdən razı qaldılar. Mənə verdikləri tərbiyyəyə görə qürurlandıqlarını üzlərindən oxumaq olurdu. Yemək yeyəndən sonra atamla rayon polis şöbəsinə getdik. Bizi dünənki müstəntiq qarşıladı və sorğu-suala tutdu. Məndən gecə saat ikidə nə üçün küçədə olduğumu soruşdu. Mən isə işimdən gileylənib, toy qurtardıqdan sonra evə yollandığımı dedim. Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da səbrli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, axşam etdiyim yaxşı əməlimə görə az qala peşman olacaqdım. Axı mən cinayət etməmişdim?! Kiminsə həyatını xilas etmişdim. Hiss olunurdu ki bizdən umacağı var. Uzun çək-çevirdən sonra müstəntiq bizi evə buraxaraq, “Çağıranda gələrsiniz”- dedi. Biz evə gəldik. Bir neçə gündən sonra həkimdən zəng gəldi. O məndən xəstəxanaya gəlməyimi xahiş elədi. Xəstəxanaya getdim. Həkim mənə-“Xilaskar, belə olmaz. Heç gəlib xəstənin halını soruşmursan. Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir”-dedi. Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O isə mənə -“Narahat olma, Qurban müəllimə deyərəm yoluna qoyar.”-dedi. Ondan palatanın nömrəsini öyrənib xəstənin yanına tələsdim. Palataya daxil olanda çarpayıda başı və üzü sarıqlı bir nəfərin uzandığını gördüm. İlqarla anası da, palatada idilər. Mən İlqardan burada nə etdiklərini soruşmaq istədikdə çarpayıdakı şəxs xırıltılı səslə üstümə qışqıraraq:

- Alə, sənə neçə dəfə demişəm, İlqardan uzaq dur?! Adama sözü neçə dəfə deyərlər?- dedi. Və mən başa düşdüm ki, “Qurban müəllim” İlqarın atası imiş.

Mən onu gözümdə o qədər böyütdüm ki, alt dodağı yer süpürdü, üst dodağı göy. Sonra o birdən, əyilib Qanq çayından su ovuclayıb içdi. İstəyirdim ki, qışqırıb ona deyəm:

- Qurban əmi, Qanq çayı zəhərlidir, içmə! Qurban əmi, bunu mənə coğrafiya müəllimim öyrədib. İnanmırsansa ondan soruş! Qanq çayında vəba var, içmə o sudan! Sonra qəfil xəyallarım sivişib Qurban əminin düz yatağının ayaq ucunda Gorgo kimi dayandı. O dili zəhərli ilanlarını bir-bir yuxudan oyadıb, Qurban əminin ayaqlarına salışdırdı. İlanlar Qurban əmini zəhərləyirdi. Deməli İlqarın atası yaxşı insanmış. Deməli bu lənətə gəlmiş Gorgonun ilanları Qurban əmini zəhərləyirlərmiş! Qurban əmi! Qurban əmi.i.i.i! Dilini dişlə Qurban əmi! Dilini dişinlə çərtməsən, vücudundan qan çıxmasa, bu zəhər səni tezliklə öldürəcək! Qurban əmi.i.i.i.i!

İlahi! Gorgo gözlərini mənə zilləyib, mən qaçıb aradan çıxmalıyam!

Tez geriyə çevrilib otaqdan çıxmaq istəyəndə, həkimlə toqquşdum! Ana, and olsun Allaha həkimlə toqquşmasaydım, özümə gəlməyəcəkdim. 

- Az oxu, o yunan mifalogiyasını!

- Axı burda yunan mifalogiyasının heç bir günahı yoxdur?! Günah Qurban əminin dilindədir...

- Unut o adamı!

- Bilirsən nə oldu? Həkim Qurban əmiyə dedi ki, sənin xilaskarın bax, bu oğlandır. Qurban əmi yumuşadı. Kövrəldi. Nəsə demək istədi, udğundu, deyəsən dilini uddu. İlqar da gəlib, düz yanımda dayandı. Atasına baxdı, baxdı, sonra heç nə demədi.

 - Sonra nə oldu? Arvadı da heç nə demədi?

- Heç nə olmadı, arvadı da heç nə demədi. 

- Sən nəsə dedin?

- İlqara baxıb gülümsədim, evə qayıtdım. Nəyə gülürsən ana?

- Sənin təbəssümünə.

- Təbəssüm və sevgi yoluxucudur. 

- Zəhərli dil də...

Əbil Həsən

Share on Facebook