Məni bu günə salanlar utansın - hekayə

Sən Nadir haqqında nə eşitmisən? Bilirəm, indi deyəcəksən ki, Nadir yaxşı müəllim idi. Bu doğrudur. Başqa nə eşitmisən? Nadir çörək pulunu güclə tapırdı. Bu da doğrudur. Yəqin bir də eşitmisən ki, Nadir zəmanə adamı deyil. Ətrafda elə insan tapılmazdı ki, onun haqda pis nəsə danışsın. O, bu hörməti həm xarakterinə, həm də savadına görə qazanmışdı. Təbii ki o, dolanmaqda çətinlik çəkirdi. Axı mən bir az əvvəl bu barədə sənə dedim?! Yazığın aylıq məvacibi növbəti aya çatmırdı. Üstəlik oğlu da xəstə idi. Səhv etmirəmsə bundan da xəbərin var. Nadirin oğlu müharibəyə sağlam gedib yarımcan qayıtmışdı. Düzdür, güllə yarası almamışdı. Ancaq günlərlə ac qalmaqdan, soyuq və nəm səngərdə yatmaqdan mədəsi və digər orqanları sıradan çıxmışdı. Bütün bunlara görə Nadir müəllim ailəsini dolandırmaq üçün dərsdən sonra müxtəlif işlər görürdü. Gah bənnalıq edir, gah da dənizkənarı bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa birtəhər ailəsini dolandırırdı. Bir dəfə Saray bağlarındakı villalardan birinin həyətində zibilləri maşına yükləyirdi. Villanın sahibi zəhlətökən adama oxşayırdı. Elə bil Nadir müəllimi incitməkdən xüsusi bir zövq alırdı. Villanın eyvanında oturb Nadir müəllimin üstünə qışqırırdı. Nadir müəllim isə "bir tikə" çörək xatirinə bütün bunlara dözürdü. Nəhayət qaranlıq düşənə yaxın o, işini bitirdi. “Xozeyin” həyətə düşüb Nadir müəllimi yanına çağırdı: -“Ə.ə.ə, bir bəri gəl! Məni tanıdınmı?” – Nadir müəllim diqqətlə ona baxıb tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə Nadir müəllimin şagirdi olmuşdu. Qasım dərslərini yaxşı oxumurdu, avara və tərbiyəsiz uşaq idi. Nadir müəllim onun qapısının zibilini təmizlədiyi üçün pis oldu. Belə bir görüşü heç arzulamırdı. Birdən Qasım burnunu qurdalaya-qurdalaya dedi:

 - “Ə.ə.ə, müəllim, yadındadı mənə deyirdin ki, səndən bir şey çıxmayacaq. Görürsən, indi rayonda böyük bir idarənin rəhbəriyəm. Bilirəm utanırsan, utanma müəllim, yaxına gəlib zəhməthaqqını al. Burada sənin bir illik məvacibin var”-deyib, hırıldaya-hırıldaya əlini cibinə saldı. Bir ovuc pul çıxardıb Nadir müəllimə tərəf uzatdı. Nadir müəllim isə ona: – “Mən qəbəhahətli bir iş görməmişəm ki, utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub? Mənim kimi müəllimləri bir parça çərəkpulu üçün sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım?” – deyib pulu da götürmədən qapını Qasımın üzünə çırpıb getdi. Nadir müəllimin sözləri keçmiş şagirdinin sifətinə sillə kimi dəydi. Qasımın atası, Qasıma hər şey vermişdi, pul, maşın, villa, bir sözlə hər şey. Bircə tərbiyə verməmişdi.Çünki özü də tərbiyəsiizin biri idi. Villadan ayrılan Nadir müəllimi isə bir sual düşündürürdü. Görəsən, millətin gələcəyinin qarantı olan müəllimlər nə vaxtadək dərsdən sonra fəhləlik etməyə məcbur olacaqlar?!…

Əbil Həsən

Share on Facebook