Bank kartlarından oğurluqlar davam edir.
Sozcu.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmadıqca aldanacaqlar.
O qeyd edib ki, xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, kəşbek tələləri onlarla şəxsin pullarının talanmasına səbəb olub:
"Mayın 14-15 tarixlərində ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub. Etməyin, zənglər üzrə nömrələrin hansı ölkədən olmasına baxın, onlayn kəşbek linklərinə daxil olmayın, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmayın".
E.Hacıyev bildirib ki, bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar:
"Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər", - deyirlər".