“Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək”.
Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır:
“Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərini sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək.
Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq.
Yeni layihə sosialyönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək”.
Qurumdan bildirilib ki, bu, ölkə başçısının müvafiq fərmanının icrası məqsədi ilə edilib:
“Bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər.
Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası – vətəndaş bundan sonra hansısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq.
Həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək”.
Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq.
“Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar.
Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”, – qurumdan “bizim.media” saytına verilən məlumatda bildirilir.