Elimizin toy kimi adəti var. Təəssüf ki, illər keçdikcə bu ənənə öz milliliyini və keyfiyyətini itirməyə doğru gedir. Toya dəvət olunan insanlar, hətta məhşur simalar da bu məclislərdən narazıdır. Buna səbəb məclislərin təşkil olunma qaydası, ən əsası isə süfrəyə qoyulan təamlardır.
Masanın üstündə bolluq olsa da, yeməklərin dadı və keyfiyyəti insanların toydan razı qalmasına əngəl olur. Bəs, şadlıq saraylarında bu məsələlərə niyə riayət olunmur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə "Yeni Sabah"a açıqlama verib. Bildirib ki, bu sahədə tələb təklifin önünə keçir:
"İctimai rəy ən yaxşı ekspertizadır. Bəli, bu rəy var və doğrudur. Hazırda bir adam üçün 400-500 manat nəzərdə tutulan restoranlar da var. Burada əsas məbləğ qidaya xərclənmir. Daha çox pul məkana gələn müğənnilər, servis və digər xidmətlər üçün sərf olunur. Bunun da nə gəlinə, nə də bəyə faydası, xeyiri var. Ümumiyyətlə, toy edən insan düşünür ki, bu yer bahalıdırsa, mənim toyum yaxşı keçəcək, normal servis var. Lakin bilmir ki, səs rejimi, temperatur və digər hər şərait insanların tez rədd olub getməsi üçün təşkil edilib. Sifarişçi istədiyini restorandan tələb edə bilmir. Bunun da səbəbi odur ki, tələb, təklifi üstələyir. Nə qədər ki, azərbaycanlı baba, nənələr nəvələrinin başını sığallayıb onlara universitetə daxil olmağı arzulamaq yerinə, deyirlər ki, sənin toyunu görəydim, bu belə də davam edəcək. Yaşlı və cavan nəslin şüurunda belə fikirlər olduğu müddətcə həmin biznes inkişaf edəcək".
E.Hüseynov, həmçinin, qeyd edib ki, şadlıq saraylarında çox sayda qanun pozuntuları var:
"Əlbəttə, şadlıq evlərində təhlükəli yeməklər verilir. Bəzi salatların saxlama müddəti 4 saatdan çox olmadığı halda, bu qidaları saatlarla süfrədə saxlayırlar. Yeməklərin keyfiyyətinə isə demək olar ki, fəal nəzarət yoxdur. Qida Təhlükəsizliyi Agentliyi gəlib baxır, onları reyestra daxil edir, vəssalam. İnsanların cibinə girməklə yanaşı, restoran sahibləri həmçinin, vergidən də yayınırlar. Külli miqdarda pul ödənilməyinə baxmayaraq, kassa çeki təqdim edilmir. İnsanlar bu sahədə çoxlu problemlər yaşayırlar. Toy məclisini əhatə edən bir neçə saat ərzində çox sayda istehlakçı hüquqlarının pozulması halı baş ver verir. Ona görə də, şadlıq saraylarındakı bu kimi halların qarşısını almaq üçün qaydalar təyin edilməlidir".