Qanunsuz tikililərdən narazı qalan vətəndaşlar nə etməlidir? - AÇIQLAMA

Son illər Bakı və ətraf ərazilərdə qanunsuz tikililərin sayı artıb. Xüsusilə zirzəmilər obyektə çevrilir... Aidiyyəti qurumlar isə “qanunsuzdur” deməklə kifayətlənirlər. Verilən vədlər sözdədir, əməl isə göz qabağındadır. Abşeron, Yasamal, Nəsimi rayonu kimi ərazilərdə icra hakimiyyətləri öz bildiklərini “oxuyurlar”. Bir sözlə, sahibkar öz işini görür, danışmaq, yazmaq isə vətəndaşa qalır. Problemin ən acınacaqlı tərəfi də məhz pərakəndə tikilən obyekt və binalar səbəbindən kanalizasiya sistemlərinin yağış yağan zaman yaratdığı mənzərədir... 

Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında problemin mənbəyindən danışıb: 

“Problemin kökü bu sahədə şəffaflığın olmamasındadır. Nəticə olaraq, ictimai nəzarət də yoxdur. Normal sistemi olan ölkələrdə şəffaflıq var. Yəni daşınmaz əmlakın dövlət reyestri şəffafdır, kimin nəyi varsa - torpağı, əmlakı, yaxud nə tikirsə, nəyə icazə alıbsa, hamısı sistemdə görünür. Hər kəs internet vasitəsilə girərək, bu məlumatları əldə edib, özü məsələni qaldıra, tədbir görə bilər. Vətəndaş harada bir tikinti işi gedibsə, heç kimə müraciət etmədən sistemə daxil olur, görür ki, bunun nə icazəsi var, nə də heç nəyi... Bizdə isə bu yoxdur. Heç aşağı mərtəbədə yaşayan bina sakini üstündəki qonşunun kim olduğunu bilmir. Həmin mənzil kimə məxsusdur? Gizlidir. Bizdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda bu məlumatlar qapalıdır. Bu qapalıdırsa, başqa şeylər də qapalıdır. Yəni heç nə görmürük, məlumatlar qapalıdır. Buna görə də problemlər həllini tapa bilmir. Çünki bu sahədə işləyən məmurlar bunda maraqlı deyillər. Sadəcə, maraqlıdırlar ki, korrupsiya olsun. Təbii ki, belə bir şəraitdə korrupsiya da var. Kiminsə əməlinə göz yumulur. Buna görə problemin həlli yolu yalnız və yalnız şəffaf sistem qurulmasındadır”, - o bildirib. 

Share on Facebook