Şəhid Sahil İbrahimov Əmircanda dəfn edildi

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb. Şəhid üçün cənazə namazı qılınıb. Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub. Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

Azərbaycanda 600-dən yuxarı bal toplayan məzunlarının sayına görə öndə olan məktəblər açıqlanıb. Sozcu.az-ın "Abituriyent 12" jurnalında əldə etdiyi məlumata görə, aşağıdakı məktəblərin məzunları 2024-cü ildə 600-dən çox bal toplayan şagirdlərin say nisbətinə görə öndə olub. 1. Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya 2. Bakı Türk Liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Diyanət Vəqfi) 3. Kimya-biologiya təmayüllü lisey 4. Fizika, riyaziyyat və informatika təmayüllü lisey 5. Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-lisey 6. Akademik Z.Əliyeva adına lisey 7. Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyi 8. Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyi 9. Sumqayıt şəhəri “İstedad” liseyi 10. Xəzər Universitetinin nəzdində “Dünya” məktəbi 11. Qubadlı rayonu Çaytumas kənd tam orta məktəbi 12. Qax rayonu 4 saylı şəhər tam orta məktəbi 13. Qax rayonu 9 saylı şəhər tam orta məktəbi 14. BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 15. Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi 16. Bakı Avropa liseyi 17. İsmayıllı rayonu Diyallı kənd tam orta məktəbi 18. Akademik Z.Əliyeva adına Zaqatala rayonu Texniki fənlər liseyi 19. Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbi 20. Kəlbəcər rayonu 56 saylı tam orta məktəb 21. M.İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi 22. Şirvan şəhər kimya-biologiya təmayüllü lisey 23. Şərur rayonu Fizika-riyaziyyat təmayüllü lisey 24. Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbi 25. Bakı şəhəri 213 saylı məktəb-lisey 26. Şəki rayonu Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü lisey 27. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Quba rayonundakı sinifləri 28. Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey 29. Sumqayıt şəhəri 24 saylı tam orta məktəb 30. Bakı şəhəri 287 saylı “ZəkaIar” liseyi 31. Mingəçevir şəhəri 9 saylı şəhər tam orta məktəbi 32. M.Füzuli adına Ordubad rayonu İnternat tam orta məktəbi 33. Kəlbəcər rayonu 117 saylı tam orta məktəb 34. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbi 35. Culfa rayonu 2 saylı şəhər tam orta məktəbi 36. Bakı şəhəri 264 saylı məktəb-lisey 37. Bakı şəhəri 188 saylı tam orta məktəb 38. Şəmkir rayonu Şəmkir şəhər Morul tam orta məktəbi 39. Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi.

“Ekspertiza Mərkəzi “Yelo bank”ın təsiri altında özünə qarşı rəy verib

İyunun 4-də Bakı Apelyasiya Məhkəməsində mənim evimi əlimdən almaq istəyən “Yelo bank” ilə məhkəmə çəkişməmiz davam edəcək. Yadınızdadırsa, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən hazırlanmış ekspertiza rəyində mənim mənzilimin girov qoyulması müqabilində 2008-ci ildə dostuma verilən kreditin manatla verildiyi və artıqlaması ilə ödənildiyi göstərilmişdi. Apelyasiya Məhkəməsinin hakimi Sabit Bəhramzadə həmin rəyi əsas götürərək bizim xeyrimizə qərardad çıxarmaq əvəzinə, bankın tələbilə işi artıq 6-cı dəfə ekspertizaya qaytarmışdı. “Yelo bank” Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə necə təsir göstəribsə, qurum nəinki mənə qarşı, hətta özünə qarşı rəy çıxarıb. Ekspertiza Mərkəzi heç bir əsaslandırmaya ehtiyac duymadan bankın iddiasını olduğu kimi təkrarlayıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi eyni iş üzrə bundan əvvəlki 14 dekabr 2023-cü il tarixli rəyində borcun manatla verildiyi və ümumi məbləğin faizlə birlikdə 40 015 AZN olduğu göstərildiyi halda, 22 aprel 2025-ci il tarixli digər rəydə isə borcun 38 990 ABŞ dollar olduğu barədə saxta rəy çıxarıb. Bir daha deyirəm, kredit manatla verilib, müvafiq ipoteka müqaviləsi manatla tərtib edilib. Bankın tərtib etdiyi ödəniş tapşırığında (“платежка”) məbləğ manat ilə göstərilib. Vəsait təhvil alınarkən verilən qəbzdə də məbləğ manatla göstərilib. 33 500 manata qarşı banka 59 800 manat qaytarılıb. Amma “Yelo bank” verdiyi kreditdən iki qat bəhrələndiyi halda, əlavə olaraq devalvasiyadan da bəhrələnmək üçün, onun sahibinin ana dilində desək, наглым образом əlavə olaraq 40 000 dollar tələb edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi davamlı təsirlərdən sonra məni Marina Kulişovaların, Vasili Xamazaların ayağına verdi. Narahatam ki, iyunun 4-də Apelyasiya Məhkəməsi də bunu edə bilər. Mən Qarabağ qazisi olsam da, hökumətdən nə mənzil, nə maşın almışam. İndi öz evimi də əlimdən almaq istəyirlər. Bütün yaxşı insanlardan ictimai dəstək istəyirəm. Mustafa Hacıbəyli (Kreditin manatla verildiyini sübut edən sənədlər – ipoteka müqaviləsi, bankın tərtib etdiyi ödəniş tapşırığı və pulun təhvil verildiyi vaxt imzalanan qəbz).(Basta)

Ehkam zamanı - Hekayə

Bu gün nədənsə canım çox sıxılırdı. İçimdəki darıxmaqlıq hissi məni rahat buraxmadığından biraz hava alım deyib, hər zaman üzüntülərimin qucağı sandığım təbiətin insan əli dəyməyən meşəliyinə üz tutdum. Çılpaq ağacların arasında gəzərkən yerdə quru  ağac budaqlarıyla yaşıl yosunluğun arasında üzümə dikilmiş muncuq kimi bir cüt gözə sataşdı gözlərim. Əyilərək baxdım və soyuqdan büzüşüb titrəyən bir canlının olduğunu gördüm.  Hər tərfəfi Günəş işığının aydınlığına bürünmüş dünyada, kiçik ağac budaqlarının kölgəsinə sığdırmışdı bir əl qədər, kiçicik canını. Elə böyük bir üzüntüylə baxırdı ki, o gözlərin cevrəsindəki kirpikıər qorxunun sərt qandalları kimi saplanmışdı həndəvərinə. Səssiz-səssiz baxan bəbəklərindən  iniltinin acı və üzüntülü harayı duyulurdu... Mənim işıqlı  sandığım dünya qaranlıq köynəyini çəkmişdi bu gözlərin üstünə. Ölü kimi çökmüşdü yaş torpağa. Dünyası o qədər qaranlıqdı ki, bir işıq damlasının  parıltısını görmək ümidinə gücünün yetə biləcəyi qədər ön ayaqları arasında düşüb qalmış başını qaldırmağa çalışırdı. Hənirtimi hiss etmiş kimi yaralı pəncələrini də qurd düşmüş vücudana dayaq etmək istəyirdi. Zəif, çarəsiz olduğu qədər yorğun və məsumca baxırdı. Bütün məsumiyyəti ilə baxır və danışan baxışlarıyla canına taraşan qurdların bədənini yeyib bitirəcəyi ehtimalını düşünmək istəmidiyini bəyan edirdi... Susqun və çarəsiz... Sadəcə inləyirdi... Səsiylə deyil, baxışlarıyla İmdad diləyirdi... Kim bilir, bəlkə də onun hayqırmaq istəyən səsini elə üstünə çökmüş qorxuya əsir edən insan adlı varlıqlar susdurmuşdular... Çarəsizliyin, aclığın, səfalətin bataqlığından üzümə baxıb bir damlacıq ümidin məndən gələcəyini diləyən bu məsumiyyət əslində mənim, mən insan övladının qaranlığında boğulan mənliyi insanlığıydı! Əlimi ona uzatdım, sadəcə baxdı, və o səssiz iniltisini içinə çəkdi. Kirpiklərinə çökmüş qorxunun soyuq nəfəsi dəydi sanki üzünə və oyandı. Oyanması nəyə yarardı ki..? Nə duracaq qüvvəti, nə yeriyəcək halı, nə gizlənəcək köşəsi vardı. Tək sığınacağıydı onu ağuşunda saxlayan qorxunun qucağı. Bir az onun oyanmışlığıyla baş -başa buraxıb gözlərinin içinə baxdım. Baxışlarımla içindəki qorxunu yox etməyə çalışdım, lakin bacarıb- bacarmadığımı bilmək üçün ona yenidən toxunmalı olduğumu düşündüm. Yenidən əllərimlə üzünə toxundum, bu dəfə baxışlarından deyil, içindən gələn çingiltili bir səs duydum. Bu səs onun ümid qığılcamlarına oyanmış səsiydi. Kövrək bir sevgiylə onu oxşamağa başladım. Mən çənəsinin altını sığalladıqca içindən gələn cingiltili səsin də artıb çoxaldığını duydum.  Bu ona qucaq açmış sevgiyə baxan gözlərindən yağan sevincin çığırıqlarıydı. Artıq nə ona sarılmış qurdlar, nə onun çarəsizlikdən boğulan hıçqırıqları, nə səssiz çığırıqları, nə də gözlərindəki acının qara qorxusu vardı. Sadəcə yalvarışlı baxış və ümidinin ilıq hərarətinə diksinmiş qulaqları. Əlimi boğazıma aparıb boynumdakı yaylığı çıxardım. Onun qurd basmış yarasındakı qurdları yaylıqla sığallayıb təmizlədikdən sonra gödəkçəmi də çıxarıb onu gödəkçəmə bükdüm. Mən bunları edərkən o imidinin kölgəsində şirin xəyala dalmış kimi sakit, səssiz-ssəsiz məni izləyirdi. Onu ağuşuma aldım. Körpə bir uşaq kimi başını köksümə qoydu. Aclıqdan, xəstəlikdən pis qoxuyan iyli nəfəsini üzümdə hiss etdim. Bu nəfəsdə qəlbinin həyacanı ilə zəifliyinin çırpıntıları bir-birinə qarışmışdı sanki. Burnunun dəliklərindən bir ağırlıq, zingiltiyə bənzər səslər duydum. Canı çox incinmişdi...Onu qucağıma alıb yeridikcə burun dəliklərinin səsi artıb çoxalırdı...Sanki o da qucağımda yox mənimlə birgə yeriyirdi. Gödəkcənin üzərindən o bir əlimi belinə qoydum. Nəfəsində duyduğum bütün səslərin xışıltısı bir anda əlimin içini yararaq bütün vücuduma yayıldı sanki. Canındakı ağrıları bütün varlığımla hiss etdim. Onu iki əlimlə də köksümə sıxıb üzümü üzünə dayadım. Qucağımda mən insan oğlunun biganəliyindən ağrınan bir can daşıyırdım...Boğazımda düyünlənmiş qəhər böyük bir hönkürtü  kükrəməsiylə töküldü gözlərimdən. Səsimdəki acıya içimdəki Tanrı oyandı. Ehkam zamanı! Reyhanə Aslan

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır. İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir. Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq. Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür.

Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb. Sozcu.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar barədə ilkin fikrini ifadə edib. "İstanbulda danışıqlar indicə başa çatıb və mən müdafiə naziri Umerovun tam hesabatını gözləyirəm. Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar və biz hərbi əsirlərin yeni azad edilməsinə hazırlaşırıq", - Zelenski vurğulayıb. Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, vəziyyət bu gün aydın görünür. "Rusiya İstanbuldakı görüşü boş söhbətə çevirsə, təzyiqin yeni səviyyəsi, təkcə Avropadan deyil, digər yerlərdən də yeni sanksiyalar olmalıdır. ABŞ da daxil olmaqla, G7 səviyyəsində və dünyada sülh istəyən hər kəsin birgə sanksiyalarına ehtiyacımız var", - Zelenski vurğulayıb. Prezident hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Rusiyanın neft ticarətini və onun tankerlərdən istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün lazımdır. Zelenskinin fikrincə, sanksiyalar, o cümlədən ikinci dərəcəli sanksiyalar - tariflər və neftin maksimal qiymətinin aşağı salınması işə yaraya və Rusiyanı sülh bağlamağa vadar edə bilər.

Mingəçevirdə 2 yeniyetməni maşın vurdu

Mingəçevirdə avtomobil iki piyadanı vurub. Sozcu.az xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ə.Nəzirlini və onun həmyaşıdı M. Məmmədlini vurub. Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib. Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 9. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 14. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 18. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında; 19. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində; 20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 21. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 22. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.

Sabahdan hava dəyişir: Leysan, dolu... - XƏBƏRDARLIQ

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq İyunun 2-si axşamdan 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Sabirabadda 16 yaşlı oğlan kanalda boğuldu

Sabirabadda 16 yaşlı oğlan kanalda boğulub. Sabirabad rayonu Əhmədabad kənd sakini, 2009-cu il təvəllüdlü Bilalov Bayram Şahin oğlu su kanalında çimərkən batıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.Report.az)

32 yaşlı müəllim vəfat etdi

Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Fərqanə Sadıqova vəfat edib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı müəllim ötən gün dünyasını dəyişib. Onun uzunmüddətli xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.

Ukrayna Rusiyanı daxildən vurdu və sübut etdi ki... - Ekspert

Ukraynanın “Hörümçək” əməliyyatı həm möhtəşəm planlaşdırması, həm də hərbi baxımdan yaratdığı dərin və geniş əks-səda ilə seçilən xüsusi əməliyyatlardan biridir. Bu əməliyyat uzun müddət ərzində – təxminən bir il yarım – Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. Belə mürəkkəb bir əməliyyatın təkbaşına icrası çətin olardı. Lakin Ukraynanın xüsusi xidmət orqanları bunu ustalıqla planlaşdıraraq uğurla həyata keçiriblər. Bu fikirləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, əməliyyat beynəlxalq miqyasda böyük rezonansa səbəb olub və Rusiya güc strukturlarında ciddi boşluqları üzə çıxarıb: “Murmansk və İrkutskda yerləşən 40-dan çox strateji bombardmançı təyyarənin sıradan çıxarılması, Rusiya prezidentinin Təhlükəsizlik Şurasının təcili iclasını çağırması bu əməliyyatın miqyasını göstərir. Dəqiq demək çətindir, amma böyük ehtimalla əməliyyat zamanı əldə olunan kəşfiyyat məlumatlarının toplanmasında NATO mütəxəssislərinin də müəyyən rolu olub”. Ekspert qeyd edir ki, Rusiyanın bu əməliyyatdan əvvəlcədən xəbər tuta bilməməsi ölkədəki ciddi böhrandan xəbər verir: “Bu barədə dəfələrlə demişəm. Priqojin hadisəsi, Moskvaya yürüş, güc strukturlarının ehtiyatlı və qorxaq davranışı, Moskvanın, eləcə də Kursk və Bryansk bölgələrinin zərbələrə məruz qalması – bütün bunlar Rusiyanın xüsusi xidmət orqanlarında dərin boşluqları göstərir. Bu, həm də Rusiyanın yanlış daxili və xarici siyasətinin nəticəsidir”. Ekspertin sözlərinə görə, Ukrayna bir daha sübut etdi ki, müharibəni Rusiyanın ərazisinə daşımaq imkanına malikdir.

Rusiyanın itkiləri 990 minə yaxınlaşır

Ukrayna müharibənin 1195-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 989 700 hərbçi, 10 874 ədəd tank, 22 663 ədəd zirehli döyüş maşını, 28 575 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 175 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 462 ədəd avtomobil texnikası, 38 622 ədəd PUA, 3 271 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 905 xüsusi avadanlıq itirib.

Rusiyanın məhv edilmiş təyyarələri... - İlk peyk görüntüləri

Ukraynanın Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasına hücumundan sonra bazanın ilk peyk görüntüləri yayılıb. Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, şəkillər aviabazadakı dağıntıları göstərir və Tu-95MS və Tu-22M3 təyyarələrinin vurulduğunu təsdiqləyir. Görüntülərə əsasən, hücum nəticəsində 4 ədəd Tu-22M3, 3 ədəd Tu-95MS təyyarəsinin məhv edildiyi, bir Tu-95MS-in isə zədələndiyi ehtimal olunur. Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, ən azı 41 təyyarə vurulub.

Rusiyada daha bir qatar qəzası baş verdi

Gecə saatlarında Kursk vilayətinin Jeleznoqorsk rayonunda yük qatarının keçdiyi körpü uçub. Sozcu.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib. “Körpünün uçması nəticəsində vaqonların bir hissəsi avtomobil yoluna düşüb”, - Xinşteyn bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində teplovoz yanıb.

Venesuela kəşfiyyatı rusiyalı məmuru həbs etdi

Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnfobae” nəşri məlumat yayıb. Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb. Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir: “Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”.

Xaçmazda 20 yaşlı gənc dəm qazından öldü

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb. İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb. A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 988 mini ötdü

Ukrayna müharibənin 1194-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 988 560 hərbçi, 10 872 ədəd tank, 22 656 ədəd zirehli döyüş maşını, 28 527 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 173 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 325 ədəd avtomobil texnikası, 38 366 ədəd PUA, 3 268 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 903 xüsusi avadanlıq itirib.

Rusiyada qatarın keçdiyi körpü partladıldı: 7 ölü, 66 yaralı

Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib. “388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, - Boqomaz bildirib. Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.

Mina terroru: 400 vətəndaşımız ölüb, bu, ermənilərin məqsədli addımıdır - Hacıyev

2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. "Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.

Təyyarə yaşayış binasına çırpıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib. Sozcu.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib. Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Salyanda güclü yanğın: iki mindən çox bağlama...

Salyan rayonunda baş verən yanğın hadisəsi zamanı, iki mindən çox ot bağlaması yararsız hala düşüb. Sozcu.az xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus təsərrüfatda baş verən yanğın zamanı iki mindən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Avtobus körpüdən aşdı: 21 idmançı öldü

Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb. Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub. İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırdılar. Nəşrin məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılır.

Türkiyədə meşə yanğını: 7 helikopter cəlb olundu

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda meşə ərazisində yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir. Əraziyə bir təyyarə, yeddi helikopter və digər texniki vasitələr cəlb olunub. Hadisənin səbəbi məlum deyil.