Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı dəyirmi masa keçirilib.
Sozcu.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib.
İdarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev çıxış edərək bildirib ki, 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır:
"Bəzi mənfi hallar mövcud olsa da, onların aradan qaldırılması istiqamətində işlər gedir. Demək olar ki, xidmət üzrə 90 faiz korrupsiyaya qalib gəlinib. Xidmətdə çalışmayan bəzi "işbazlar"a qarşı da mübarizə aparılır".
Ə.Hidayev qeyd edib ki, xidmət üzrə qeyri-qanuni hallarla bağlı mübarizə əsas prioritetlərdən biridir:
"2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin hazırkı vaxtınadək isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Bundan başqa, 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayı ərzində 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov isə xidmət tərəfindən görülən işlərlə bağlı məlumat verib.
Şöbə rəisi qeyd edib ki, hazırda Dövlət Xidmətindən elektronlaşma işləri aparılır:
"Bütün sahələrdə olduğu kimi, bizim xidmətdə bu işlər surətlə aparılır. Vətəndaşlar my.gov.az vasitəsilə ona gələn bildirişləri, arayışları əldə edə bilir və hər bir müraciət edən şəxs ətraflı məlumatlandırılır. Bu da şəffaflığa xidmət edir. Həmçinin, xidmət məmnuniyyətinin artırılması, bir çox hallarda məsafədən xidmət göstərilməsinə şərair yaradır".
Görüşdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.
