Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan məruzə edib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb. "Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir", - o bildirib.

Lənkəranda yük maşını sürücünün üstünə aşıb

Lənkəranda yük maşını sürücünün üstünə aşıb. Hadisə Qurumba kəndində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub. S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.(Report)

Küləkli hava nə vaxtadək davam edəcək?

Mayın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir. Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.

Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir

Dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Növbəti mərhələdə isə 2 ölkə arasında ən mürəkkəb məsələlərdən biri olan anklav kəndlərin taleyi həll olunacaq.  Hazırda Ermənistan içərisində Azərbaycana məxsus 4, Azərbaycan sərhədləri daxilində isə Ermənistanın 1 anklav kəndi mövcuddur. Ermənistan Azərbaycana məxsus anklavları qaytarsa, rəsmi İrəvan Başkəndi tələb edə bilər. Bəs Gədəbəy rayonu ərazisində olan Ermənistan anklavının aqibəti necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın bir hissəsi qarşılığında Başkənd Bakının yurisdiksiyasında qalmalıdır:  “Bu tip məsələlərdə çox müxtəlif ehtimallar və variantlar irəli sürmək olar. Amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycan rəsmi qurumları və bu prosesi aparan nümayəndələr hansı mövqedə olacaq. Düşünürəm ki, Başkənd məsələsinin ən optimal yollarından biri, Ermənistanın Qarabağdakı işğalı dövründə Azərbaycana vurduğu milyardlarla dollar zərəri və o cümlədən mənəvi zərərin cüzi bir qarşılığı olaraq, Başkəndin Ermənistandan tələb olunmasıdır. Hətta Ermənistan mətbuatında da bu barədə tez-tez fikirlər səsləndirilir”.  Politoloq sovet dövründə Başkəndin Ermənistana mübahisəli formada verildiyini də diqqətə çatdırıb:  “Onsuz da, gec-tez ölkəmizə vurulmuş ziyanın kompensasiyası ödənilməlidir. Bunun cüzi bir hissəsinin qarşılığında Başkənd məhz Azərbaycanın yurisdiksiyasında saxlanmalıdır. Digər tərəfdən Başkəndin özünün Ermənistana verilməsi məsələsi də bir daha araşdırılmalıdır. SSRİ dövründə Azərbaycanın razılığı olmadan Kommunist Partiyasının qərarı ilə həyata keçirilən inzibati dəyişiklik prosesi yenidən müzakirə edilməlidir. Bu baxımdan Ermənistan üçün də ən optimal variantlardan biri də məhz elə kompensasiyanın bir hissəsi müqabilində Başkənddən əl çəkməkdir”. 

Bakıda ən ucuz evlər bu qəsəbədə satılır

Bir çox elan saytlarında kütləvi şəkildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən həyət evlərinin satışı müşahidə olunur. Son bir neçə həftə ərzində özünü göstərən bu tendensiya müzakirələrə səbəb olub. Bazar qiymətindən xeyli aşağı - 30-35 min, hətta 24-25 min manata təklif olunan həyət evləri alıcıların marağına səbəb olub.  Binədə evlər niyə Bakının digər qəsəbələri ilə müqayisədə xeyli ucuzdur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu evlərin mütləq əksəriyyətinin çıxarışı və sənədi yoxdur:  “Ümumiyyətlə, elan saytlarında qoyulan evlərin əksəriyyətinin çıxarışı yoxdur. Bu evlər qanunsuz və sənədsiz formada tikilən evlərdir. Ən çox satışa təqdim olunan və əksər vaxtlarda aylarla satışda qalan, amma alıcı tərəfindən istənilməyən belə evlərin çıxarışı olmur. Belə evlər təkcə Binə qəsəbəsində deyil, Bakıda və Abşeron rayonunda kifayət qədər çoxdur. Hətta alıcı olanda belə, bu evlərin ilkin baxışdan sonra tikinti normalarına uyğun gəlmədiyi və kommunal təchizatı zəif olduğuna görə sövdələşmə baş tutmur”.  Ekspert bu evlərin kommunal təchizat sarıdan olduqca bərbad vəziyyətdə olduğunu qeyd edib:  “Onların bir çoxunda su təchizatı demək olar ki, mövcud deyil. Çünki bu evlərə su xəttləri qanunsuz birləşmələr vasitəsi ilə çəkilir. Əksəriyyətinin kanalizasiyası yoxdur. Belə evlərə demək olar ki, tələbat yoxdur. Ümumiyyətlə, fərdi yaşayış evlərinə tələbat olsa da, bu seqmentdə olan evlərə maraq olduqca aşağıdır. Belə evləri alanlar bir müddət sonra sadalanan problemlər ucbatından evlərini satmağa çalışır. Bu evlərin satış bazarında kifayət qədər çox olmasının başlıca səbəbi məhz elə bununla bağlıdır. Digər tərəfdən, bu qəbildən olan evlərin yerləşdiyi ərazilər əksər hallarda plansız və pərakəndə formada salınır. Bu səbəbdəndir ki, kütləvi satışlar özünü göstərir”. 

Prezident iki səfirin etimadnaməsini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun və Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Türkiyə 23 şəhidin qisasını aldı: bu terrorçu məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən “Bozdoğan-40” əməliyyatı çərçivəsində “boz” kateqoriyada yer alan “Sofi” kod adlı Mehmed Yıldırım məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat Diyarbəkir vilayətinin Lice rayonunda baş tutub. Bildirilib ki, M. Yıldırım müxtəlif vaxtlarda 6 terror aktını törədib. Nəticədə təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı və 15 dinc sakin şəhid olub.

Rusiyanın itkiləri 500 mini ÖTDÜ

Ukrayna müharibənin 822-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 500 080 hərbçi, 7 650 ədəd tank, 14 786 ədəd zirehli döyüş maşını, 12 929 ədəd artilleriya sistemi, 1 082 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 814 hava hücumundan müdafiə sistemi, 356 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 17 608 ədəd avtomobil texnikası, 10 414 ədəd PUA, 2 209 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 104 xüsusi avadanlıq itirib.

Paşinyanın helikopteri məcburi eniş etdi

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

Hansı yollarda tıxac var? - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 17. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Daha bir şəhidimiz 30 il sonra dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.  Sozcu.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.  Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.  Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.  Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. 

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ

Mayın 27-si saat 11:00-dan etibarən işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri üçün iyun ayı üzrə biletlər satışa çıxarılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 729 reys həyata keçirilib, 29 718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mustafayev Nuhu Mustafa oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu. Sozcu.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Qeyd edək ki, Mustafayev Nuhu Mustafa oğlu 1994-cü ildə Kəlbəcərin Təkəqaya kəndi uğrunda döyüşlərdə itkin düşmüş sayılırdı.

Gəncə üsyanından başlayan mübarizə - Valiyə xanım Kazımbəyli

Gəncə üsyanını xatırlayarkən unutmayacağımız insanlardan biri Valiyə xanım Kazımbəylidir. 1920-ci ilin may ayının sonlarında onun bütün ailəsi işğalçı ruslara qarşı səfərbər olmuşdular. Atası Hüseynqulu xan Xoylu, həyat yoldaşı Cahangir bəy Kazımbəyli, anası Şirinbəyim xanımın dayıları Məhəmməd Mirzə Qacar, Kazım Mirzə Qacar prosesin önündə gedirdilər. Valiyə xanım Cahangir bəy ilə 1919-cu ildə evlənmişdilər. Evliliklərinin birinci ilində onlar silaha sarılmışdılar. Ta ki, ölənə qədər nə silahı yerə qoydular, nədəki mübarizədən geri çəkildilər. Üsyan amansızlıqla yatırılsada onlar mühacirətdə mübarizəni davam etdirdilər. Qardaşı Zahid xan yazır ki, 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy, Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi. O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik". Zahid xan Xoy'lunun xatirə yaddaşından: 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy Kazımbəyli Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi.  O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik.  1944-cü ildə sovet ordusu Varşavaya girəndən sonra ailəmiz məcbur olub Almaniya sığındı. Cahangir bəy isə Vyanaya yollandı. 1945-ci ildə Avstriya köçdük. Müharibə bitdi. Biz artıq İtaliyada yerləşmişdik. Cahangir bəy Romada öz evində Azərbaycana yardım komitəsi təşkil etdi. Bildiyimiz kimi, müharibə zamanı əsir düşən azərbaycanlı əsgərlərdən ibarət Almaniyada Azərbaycan legionu mövcud idi. Müharibə qurtardıqdan sonra həmin legionun çox hissəsi ingilislərin əlinə keçmişdi. Onların aqibəti faciəli idi. Yaltada bağlanan müqavilədən sonra ingilislər həmin legiondan olan əsr əsgərləri Stalinə “hədiyyə” verdilər. Bununlada ingilislər Stalinin rəğbətini qazanmaq iddiasındaydılar. Həmin “hədiyyə” verilənlər arasında polkovnik İsrafil bəy Seyfəlidə var idi. 1945-ci ildə bunlar, o cümlədən də bizim qeyrətli soydaşlarımız Stalinin əmri ilə Moskvada boğazdan asıldılar. Ümumiyyətlə, o çağlarda mən ingilislərin, fransızların, amerkanların Stalinin gözündə özlərini şirin salmaq üçün sovet əsirlərinin başlarına açdıqları oyunlardan yaxşı xəbərdaram.   Hə, Romadakı komitə barədə söhbətimə davam edim: buradakı ingilislərin əsarəti altında 100-dən çox azərbaycanlı əsgər və zabit var idi. Xəbər tutumuşduq ki, ingilislər onları da Stalinə peşkəş etmək niyyətindədirlər. Komitəmiz dərhal ingilislərlə danışığa başladı. Biz eyni zamanda Türkiyə hökümətinə və Misir kralı Faruqa müraciətlə bu məsələdə bizə yardım göstərmələrini xaiş etdik. Cahangir bəy həyat yoldaşını( mənim bacımı) təyyarə ilə İstanbula göndərə bildi.    1947-ci ilin noyabr ayında Misir kralı Faruqdan bir teleqraf aldıq. Teleqrafda xəbər verilirdi ki, “Prens Əmir İbrahim gəmi ilə yola çıxdı”...  Bir neçə gün sonra kralın əmisi oğlu olan Əmir İbrahim Romaya bizim evimizə təşrif buyurdu. Bir neçə günlük söhbət və məşvərətdən sonra Əmir İbrahim şəxsən gedib ingilis komandanlığı ilə görüşdü və nəticədə 100-ə yaxın azərbaycanlının həyatını xilas etdi. Beləliklə də bu soydaşlarımızı baş götürüb dünyanın müxtəlif yerlərinə səpələndilər. Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özüylə apardı. Təbii ki, orada mən Misirin kralı Faruqun qəbulunda oldum və millətimizin nümayəndələrinə göstərdiyi böyük iltifat və yardım üçün Azərbaycan Komitəsi, ümumiyyətlə azərbaycanlılar adından ona dərin minnətdarlığımı yetirdim. Əmir İbrahimin xilas etdiyi azərbaycanlı əsirlərin əksəriyyəti də Misirə gəlmişdi. Onların da yerbəyer olduqlarını, evlə-işlə təmin edildiklərini yəqinləşdirib, arxayınlaşdım, rahat nəfəs aldım.  Fəqət Romadan çox acı bir xəbər aldım: bacım Valiyə təyarə ilə İtanbuldan Romaya döndüyü zaman Afina üzərində qəza baş vermiş və bütün sərnişinlər həlak olmuşdu.   Valiyə xanımın cəsədini İstanbula gətirdik. Dəfn mərasimində demək olar, bütün İstanbul əhli iştirak edirdi. Xalq onu millət qurbanı, millət yolunda şəhid kimi torpağa basdırdı. Biçarə anamın və atamın belləri o gündən etibarən qırıldı. Ceyhun Nəbi 

Nəşi 31 ildən sonra tapılan şəhid Ağsuda dəfn olundu - Fotolar

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. Sozcu.az xəbər verir ki, Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb. V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunub.

Bakıda zəlzələ təlaşı: Bu binalar söküləcək

Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.  Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırki binaların müasir standartlara tam cavab verdiyini düşünür. Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı ortalama 8-9 bal olaraq nəzərdə tutulub:  “Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.   Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib: “Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələki istinad edəcəyimiz mənbə Türkiyədə baş verən zəlzələdən sonra, dövlət qurumlarımızın açıqladığı məlumatlardır ki, onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəriciləri normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmazsa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”. 

Tut yeyərkən ölən 11 yaşlı Zəhranın FOTOSU

Ötən gün Cəlilabadda 11 yaşlı Zəhra Niftiyevanı elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az Metbuat.az-a istinadən xəbər verir ki, o, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub. Qeyd edək ki, hadisə ötən gün 17:00 radələrində baş verib. Məktəbli ağacda tut yeyərkən onu elektrik cərəyanı vurub.

4 kəndin azad edilməsi - Hansı strateji üstünlük qazandıq?

Qazaxın 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi. 4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var: 1. Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır; 2. Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu; 3. Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlər; Və ən mühüm məqam Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan ərazilərin azad edilməsinə nail olmasıdır. Bu, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır. Asif Nərimanlı

Azərbaycan nə qədər ərazini geri qaytardı? - Rəsmi

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub. "Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.

Azərbaycanlı iş adamı Rəisiyə görə həbs edildi

Tanınmış azərbaycanlı iş adamı və “Sönməz” zavodunun sahibi Əli Rehyani Kücüvar və bir neçə yaxını həbs edilərək Təbriz həbsxanasına köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə azərbaycanlə vəkil Qasım Bodi məlumat yayıb. Onun sözlərinə görə, iş adamı “hökumətə qarşı təbliğat”, “İbrahim Rəisini təhqir etmək”də ittiham edilib. Qeyd edək ki, Əli Reyhani Kücüvar ötən ilin ən yaxşı istehsalçısı adına layıq görülüb və mükafatlandırılmışdı.

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub. Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar. Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.

Bu tibb işçiləri işdən çıxarılır - RƏSMİ

Son illər müxtəlif sahələrdə sertifikatlaşdırma prosesi həyata keçirilir. Belə ki, müəllimlər, tibb işçiləri sertifikasiya imtahanına cəlb edilirlər. Təkrar sertifikasiyadan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Tibb işçilərinin də növbəti sertifikasiya imtahanı gözlənilir. Bəs sertifikasiyadan keçə bilməyən səhiyyə işçiləri təkrar imtahana cəlb edilirlərmi, yoxsa ilk sertifikasiyadan keçə bilmədikdə əmək müqaviləsinə xitam verilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Sertifikasiya Komissiyasından verilən məlumata görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46 maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil alan şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər: “Yuxarıda qeyd edilən qanunun 49-1. maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qanununda nəzərdə tutulmuş qaydada sertifikasiya imtahanına cəlb edilirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1. maddəsinə əsasən Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan ərazisində tabeçilik və mülkiyyət formasından asılı olmayaraq praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün ali və orta ixtisaslı mütəxəssislər sertifikasiya imtahanına cəlb edilməlidirlər. Hazırda, keçirilən imtahanlarda mülki tibb işçiləri, güc strukturlarının tibb heyəti, o cümlədən ölkəmizdə praktik tibb fəaliyyətini həyata keçirən əcnəbilər və vətəndaşlığı olmayan tibb mütəxəssisləri sertifikasiya imtahanında iştirak edirlər. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan şəxslər sertifikasiyadan keçən hesab olunurlar”. Qeyd olunb ki, imtahandan keçid balını toplaya bilməyən şəxslər 6 ay müddətində müvafiq təkmilləşmə kursunda iştirak etdikdən sonra təkrar imtahana cəlb olunurlar: “Sertifikasiya imtahanından təkrarən keçid balını toplaya bilməyən tibb işçiləri ilə bağlanan əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 215.4. maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”. (Cebhe.info)

Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik - Prezident

“Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var”. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində deyib. “Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz”, - dövlət başçısı bildirib.

“Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib” - Paşinyandan yeni İTTİHAM

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini yenidən ittiham edib. Sozcu.az xəbər verir ki, Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən ittihamı belə ifadə edib: “Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar... Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”. Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu. “2022-ci ilin sentyabrında da cəhd etdilər, yenə alınmadı. Sonra 2023-cü ilin sentyabrında sosial şəbəkələrdə insanları seçilmiş hökumətə qarşı çıxmağa çağıranda cəhd etdilər, amma o zaman da alınmadı. Ardınca 9 may 2024-cü ildə cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq. Sərhədin delimitasiyası ilə Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq bir çoxlarını sərhəddə qarşıdurma törətmək imkanından məhrum etdi. Əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib. Paşinyan KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa, siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi blokun əsası 15 мая 1992-ci ildə  Rusiyanın təşəbbüsü ilə qoyulub. Hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.