Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda Mərkəzi Bank əsasən, dünya Mərkəzi Banklarının atdığı addımlara paralel davranmağa və makroiqtisadi göstəriciləri nəzərə almağa çalışır:
"Bir də Mərkəzi Bank ABŞ və dünyanın bir çox başqa ölkələrində faiz qərarlarının hansı yöndə olacağı ilə bağlı gözlənti içindədir. Çünki, qlobal iqtisadi proseslər də ölkəmizə təsir edə bilər. Ona görə də dünyadakı proseslərə paralel olaraq faiz dərəcəsini sabit saxladı”.
Ekspertin sözlərinə görə, sentyabr ayında çox güman ki, Mərkəzi Bank faizləri 0,25 faiz aşağı çəkəcək:
"Çünki həmin zaman həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".