Avropa Parlamentinə seçkilərlə əlaqədar dünən axşamdan bəri hay-küy var, amma yekun nəticəyə baxanda ciddi dəyişiklik olmadığını görürük.
Sağ mərkəz və sol mərkəzdən ibarət 2 ana blok – Avropa Xalq Partiyası (EPP) ilə Sosialist və Demokratların Proqressiv Alyansı (S&D) öz gücünü qoruyur. Hətta EPP alman xristian-demokratların qələbəsi sayəsində yerlərinin sayını artırıb. Yəni radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək.
Doğrudur, milli səviyyələrdə ifrat sağın yüksəlişi var, xüsusən Fransada Milli Birlik (keçmiş Milli Cəbhə) Partiyasının qələbəsini (31,5%) ayrıca qeyd etmək lazımdır. Lakin bu, dəhşətli bir sürpriz deyil, çünki Milli Cəbhə hələ 10 il əvvəl Fransada Avropa Parlamentinə seçkilərin qalibi olmuşdu. Partiyanın lideri Marin Le Pen sonuncu (2022) prezident seçkilərində 41,5% kimi çox yüksək səs almışdı Bir az da keçmişə getsək, xanım Le Penin atası və partiyanın qurucusu Jan Mari Le Pen 2002-ci prezident seçkilərində 2-ci tura çıxmışdı. Milli Cəbhə Fransa siyasətində 70-ci illərdən bəri mövcud olan realitedir və seçkidən seçkiyə bəzən səs artırır, bəzən yerində sayır. Onun ənənəvi dəyərlərin, milli identikliyin, fransız mədəniyyətinin qorunmasına, milli suverenlik, antiqlobalizasiya və avroskeptisizmə əsaslanan proqramı və islamofobik fikirləri Fransa toplumunda hər zaman özünə dəstək tapıb.
Son prezident seçkilərindən sonra M.Le Pen sədrliyi 27 yaşlı (indi 29) Jordan Bardellaya ötürdü və o vaxtdan partiyanın siyasətində müəyyən korrektələr gözə çarpır. Məsələn, vaxtilə Rusiya bankından kredit almış və Putinə simpatiyasını gizlətməyən Le Pen Ukraynada müharibə başladıqdan sonra Rusiyanı birmənalı qınadı. Ötən həftə Zelenski Fransa parlamentində çıxış edərkən onu ayaqda alqışlayanlar arasında Le Pen də var idi. Atası əlcəzairli, anası italyan olan fransız millətçisi mösyö Jordan Bardella Ukraynaya hərbi yardımın əleyhinə olmadıqlarını deyir, sadəcə, onun fikrincə, bu siyasəti ehtiyatla aparmaq lazımdır ki, Fransa nüvə dövləti Rusiya ilə üz-üzə gəlməsin. Bütün bunlar Milli Birliyin müəssəs-nizamla mümkün qədər uyum içərisində çalışmaq niyyətindən xəbər verir.
Şübhəsiz ki, son illər kəskinləşən illeqal miqrasiya məsələsi və onun yaratdığı çeşidli problemlər (o cümlədən asayiş və təhlükəsizliklə bağlı) Fransa başda olmaqla, qitə Avropasında bəzi əhali təbəqələrinin millətçi-mühafizəkar qüvvələrə yönəlməsini şərtləndirən başlıca faktordur. Almaniya da bu baxımdan istisna deyil. Orada radikal sağçı AfD (Almaniya üçün Alternativ) 16%-lə ikinci oldu. Bu partiyanın yüksəlişinin yeganə səbəbi miqrant problemi deyil. AfD-nin əsas elektoral bazası şərq torpaqlarıdır, yəni keçmiş ADR coğrafiyası. Birləşmədən sonrakı dövrdə ölkənin şərqi ilə qərbi arasındakı sosial-iqtisadi inkişaf fərqləri hələ tam aradan qaldırılmayıb. İki fərqli sistemdə uzun müddət yaşadıqları üçün insanlar arasında mentalitet fərqi də var - şərq liberal dəyərlərə daha məsafəlidir. Bu sosial-iqtisadi və mental disbalans qeyri-sistem partiyalarını böyüdən amillərdən biridir. Amma AfD-nin aldığı nəticəni də tükürpədici sensasiya kimi təqdim etməyə ehtiyac yoxdur. Bir neçə ay əvvəlki sorğularda bu partiya hətta 22%-ə yüksəlmişdi, sonda 16%-lə kifayətləndi.
Onu da qeyd etmək lazımdır ki, Şröderin 5 illik, Merkelin 17 illik idarəçiliyi nəticəsində “Deutschland”dən “Gazpromland”ə çevrilmiş ölkə ötən 2 ildə radikal dönüş yaşadı (Zeitenwende) və Rusiyadan enerji asılılığına son qoymaq istiqamətində siyasət apardı. Uzun illər ucuz rus qazından faydalanan alman sənayesi və ev təsərrüfatları bu “iynə”dən vaz keçilməsinin fəsadlarını yaşadı. Qiymət artımları və inflyasiya baş verdi, bu da əhalinin narazılığını artırdı. Nəticədə qırmızı-sarı-yaşıl koalisiyanın səsləri azaldı.
Son olaraq, Macarıstanda Viktor Orbanın partiyası “Fidesz”in ötən seçkilərlə müqayisədə 9% səs itirməsi də diqqətəlayiq nəticələrdən biridir. Belə görünür ki, Orbanın və partiyasının qarşısına nəhayət ki, ciddi rəqib çıxmaqdadır. Daha əvvəl “Fidesz”in üzvü olmuş və müxtəlif vəzifələrdə çalışmış, həyat yoldaşı isə ədliyyə naziri olmuş 43 yaşlı Peter Madyar son aylar ölkədə sürətlə populyarlıq qazanıb. Onun faktiki lideri olduğu “Tisza” Partiyası dünən 30% səs aldı. P.Madyar Orban hökumətini sərt tənqid edir və Avropa Birliyi ilə münasibətlərin təkrar istiləşməsinə tərəfdardır.
Şahin Cəfərli, politoloq