İsti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir. Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil. Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bakı metrosunda bunu da ETDİLƏR - FOTO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Bakı metrosunda vaqonda stul qoyub oturan gənc diqqət çəkib. Onu digər sərnişinlər mobil telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

"Onlar portaldan icazə alır”-günorta saatlarında şəhərdə hansı yük maşınları hərəkət edə bilər?

“Günün müəyyən saatlarında yük avtomobillərinin şəhər mərkəzində hərəkəti məhdudlaşdırılıb. Yalnız axşam saat 10-dan sonra şəhərə girə bilirlər. Səhər saat 7:30-dan axşam saat 10-na qədər şəhərdə olmalı deyillər. Əgər olarlarsa bu artıq qanun pozuntusudur” Bunu Moderator.az-a açıqlamasında ekspert Elməddin Muradlı deyib. O daha sonra bildirib ki, burada da istisnalar var. “Şəhərdə gördüyünüz yük maşınları isə xüsusi icazə ilə, portal vasitəsilə hərəkət edir. Bura bəzi şirkətlər, müəssisələr və idarələrin bəzi avtomobilləri daxildir. Başqa hallarda onların şəhərdə hərəkəti qayda pozuntusu sayılır, nəqliyyat vasitəsi saxlanılır, duracağa qoyulur. Yalnız axşam saat 10-dan sonra sürücü gedib maşını götürə bilər. Nişanın tələbini pozub şəhərə girdiyinə görə isə 40 manat məbləğində cərimə olunurlar” deyə ekspert bildirib.

Ərdoğan Akşenerlə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ partiyanın keçmiş sədri Meral Akşeneri qəbul edib. Sozcu.az xəbər verir ki, görüş dünən baş tutub. 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib. Görüşdən sonra açıqlama verilməyib. Qeyd edək ki, Meral Akşener İYİ Partiyasının qurucusu və ilk sədridir. O,  aprel ayının əvvəlində partiya sədrliyinə namizəd olmayıb.

Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmadı

May ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Sozcu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.

Müsahibədən keçə bilməyən müəllimlərin sayı AÇIQLANDI

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Eşqi Bağırov adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini vurğulayıb: "Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Agentlikdən yaşı 65-dən yuxarı olan müəllimlərə XƏBƏRDARLIQ

Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir. Lakin onların əksəriyyəti peşəkar müəllimlərdir. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada deyib. O bildirib ki, bir çox hallarda yaşı 65-dən yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər: "65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onların əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq".

Ukrayna bu neft zavodunu üçüncü dəfə vurdu

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavodunda partlayışlar olub və güclü yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumatı Rostov vilayətinin qubernatoru Vasili Qolubev də təsdiqləyib və bildirib ki, “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna PUA-ları tərəfindən vurulub: “PUA hücumu nəticəsində “Novoşaxtinsk” neft emalı zavodunda yanğın baş verib. Aidiyyəti qurumlar hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”. Qeyd edək ki, bu, Ukrayna PUA-larının “Novoşaxtinsk” neft emalı zavoduna üçüncü zərbəsidir.

İsrail Livanı vurdu: Çoxlu itki var

İyunun 6-na keçən gecə İsrail ordusu Livan boyu bir neçə hədəfə zərbələr endirib, nəticədə çoxlu itki var. Sozcu.az xəbər verir ki, bu barədə “Al Mayadin” məlumat yayıb. “Livanın cənubundakı Vadi Hilo bölgəsində yuyucu toz fabrikinə zərbə nəticəsində 4 nəfər yaralanıb. Bundan bir neçə saat əvvəl Livanın cənubundakı Bint-Ceybel şəhəri yaxınlığında Beyt Yahunuya edilən hava hücumu nəticəsində isə 7 nəfər yaralanıb. İsrail aviasiyası Siddiqin, Adçit, Odayse və Kunin şəhərlərini də hədəf alıb”, - məlumatda deyilir.

Bu gün faciəli şəkildə həlak olan hərbçimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nürəddin oğlu Əhmədovun paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. Faciəli şəkildə həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçumuzun fotoları yayılıb. Sozcu.az Oxu.Az-a istinadən həmin fotoları təqdim edir:

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi - STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Sozcu.az-ın məlumatına görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Dövlət qurumu borclar ödənmədiyi təqdirdə Akimovun Azərbaycandan kənara çıxışına məhdudiyyət qoyulmasını xahiş edib. Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. (lent.az)

Tbilisi kritik dövrə hazırlaşır: Saakaşvili qayıdır və…

Gürcü Arzusu hakimiyyətdə son günlərini yaşayır. Onları təhdid edən bütün sələfləri məğlubiyyətə düçar oldular. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın Respublikaçılar Partiyasının liderlərindən David Berdzenişvili deyib. Onun sözlərinə görə, sentyabrda ölkənin müxalifət cəbhəsində iki nəhəng rəqib arasında siyasi birləşmə olacaq. Onlardan biri Mixail Saakaşvili və tərəfdaşlarının yaratdığı birlik, digəri isə Salome Zurabişviliyə yaxın qrupların birliyi olacaq: “Saakaşvili müxalifətin az qala yarısının lideridir. İndi o çalışır ki, konstruktiv rol oynasın. İki versiya var: biri qrand-koalisiya və ya vahid böyük siyahının yaradılması, digəri isə Mixail Saakaşvili və tərəfdarlarının olduğu birlik. Güman edirəm, böyük birləşmələr yaşanacaq, onların da Zurabişvilinin müxalifət lideri olması ilə bağlı narazılığı olacaq”. Qeyd edək ki, Gürcüstan oktyabrda parlament seçkisinə gedəcək. Ölkədə xarici agentlər haqqında qanunun dəyişməsindən sonra bunun ölkə üçün həyati əhəmiyyətli olacağı təxmin edilir. Saakaşvili artıq hökumətə qarşı müxalifətin birləşməsi ilə bağlı çağırış edib. Bəzi ekspertlər isə oktyabr seçkilərini avrointeqrasiya və Rusiya tərəfdarları arasında mübarizə kimi qiymətləndirirlər.

Qordon: “Beş aydan sonra Krıma girəcəyik”

Yaxın gələcəkdə Krım ərazisindəki bütün hədəflər, eləcə də Krım körpüsü vurulacaq. Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon bildirib. “Əgər bərə keçidləri, körpü yoxdursa, bütün hərbi hədəflər vurulubsa, Rusiya nə edə bilər? Sadəcə, qaça bilərlər. Bunu da edəcəklər. Ona görə də Ukraynanın 5 ay ərzində Krıma girəcəyini düşünürəm”, – Qordon bildirib.BakuPost)

İyunun 14-ü "Son zəng"dir

İyunun 14-ü məktəblərdə son zəng çalınacaq. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır. Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür. Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən usta həbs olundu

Şəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs olunub. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib. Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 64 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmmədin əlindən çıxan şagird məktəbin arxa tərəfinə qaçıb. Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib. Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib. Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib.

Qarabağ müharibəsində itkin düşmüş şəhid dəfn olundu

18:10 Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovun meyitinin qalıqları Şirvan şəhərinə gətirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şirvan şəhərində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilir. E.Çıraqov Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, 1970-ci ildə Şirvan şəhərində doğulan Elman Almaz oğlu Çıraqov 1992-ci il avqustun 21-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. *** Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Çıraqovla Şirvan şəhərində keçirilən vida mərasimi başa çatıb. Şəhidin nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurban bayramının namaz vaxtı açıqlandı

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib. Qeyd olunub ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq: “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

24 il nazir müavini olan Toğrul Musayev işdən çıxarıldı

Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib. Bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib.  Qeyd edək ki, Toğrul Musayev 24 ildir ədliyyə nazirinin müavini idi./Qafqazinfo

Bakıda ana və qızını avtomobil vurdu

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb. Sozcu.az Apa-ya istinadən xəbər verir ki, qəza Gəncə prospektində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Fəridə Quliyeva anası 1967-ci il təvəllüdlü Rəsmiyyə Quliyeva yolun əks tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar hər ikisi ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Rus ordusu Donbasda ağlasızmaz itkilər verir

Ukrayna müharibənin 833-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 513 700 hərbçi, 7 806 ədəd tank, 15 036 ədəd zirehli döyüş maşını, 13 385 ədəd artilleriya sistemi, 1 092 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 830 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 297 ədəd avtomobil texnikası, 10 805 ədəd PUA, 2 270 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 223 xüsusi avadanlıq itirib.

Ukrayna bu aerodromu “Bayraqdar”larla doldurdu

Ukrayna Silahlı Qüvvələri “Bayraqdar” PUA-ları üçün Nikolayev vilayətindəki Kulbakino aerodromundan istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb. “İndi Kulbakino aerodromundan PUA-lar üçün istifadə olunmağa başlanıb. Bəli, sadə deyil, agentlərimizin dediyinə görə, ciddi PUA-lar, “Bayraqdar"lar orda qalxıb-enir”, - mənbə bildirib.

Baqrat sərhədimizdə mitinq keçirəcək

“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bu gün Azərbaycanla sərhədə gəlir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Baqrat Göyçə mahalında 18:00-da mitinq keçirəcək. Həmçinin keşiş bildirib ki, yaxın gələcəkdə Zəngəzura da getmək niyyətindədir.

Avro-2024: Az qaldı - Qrup mərhələsinin TƏQVİMİ

Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.  Sozcu.az xatırladır ki, 24 komanda 4 səbətə bölünüb, bundan sonra püşkatma nəticəsində hər biri 4 komandadan ibarət 6 qrup müəyyənləşib.  Futbol azarkeşlərinin marağını nəzərə alaraq, həmin təqvimi təqdim edirik:   14 iyun (cümə)  A qrupu: Almaniya - Şotlandiya (Keçiriləcəyi şəhər: Münhen) 15 iyun (şənbə)  A qrupu: Macarıstan - İsveçrə (Keçiriləcəyi şəhər: Köln) B qrupu: İspaniya - Xorvatiya (Keçiriləcəyi şəhər: Berlin) B qrupu: İtaliya - Albaniya (Keçiriləcəyi şəhər: Dortmund) 16 iyun (bazar günü)  C qrupu: Sloveniya - Danimarka (Keçiriləcəyi şəhər: Ştutqart) C qrupu: Serbiya - İngiltərə (Keçiriləcəyi şəhər: Gelsenkirchen) D qrupu: A yolunun qalibi - Niderland (Keçiriləcəyi şəhər: Hamburq) 17 iyun (bazar ertəsi)  D qrupu: Avstriya - Fransa (Keçiriləcəyi şəhər: Düsseldorf) E qrupu: Belçika - Slovakiya (Keçiriləcəyi şəhər: Frankfurt) E qrupu: Rumıniya - B yolunun qalibi (Keçiriləcəyi şəhər: Münhen) 18 iyun (çərşənbə axşamı)  F qrupu: Türkiyə – C yolunun qalibi (Keçiriləcəyi şəhər: Dortmund) F qrupu: Portuqaliya – Çexiya (Keçiriləcəyi şəhər: Leyptsiq) 19 iyun (çərşənbə)  A qrupu: Şotlandiya - İsveçrə (Keçiriləcəyi şəhər: Köln) A qrupu: Almaniya - Macarıstan Keçiriləcəyi şəhər: (Ştutqart) B qrupu: Xorvatiya - Albaniya (Keçiriləcəyi şəhər: Hamburq) 20 iyun (cümə axşamı)  B qrupu: İspaniya - İtaliya (Keçiriləcəyi şəhər: Gelsenkirchen) C qrupu: Danimarka - İngiltərə (Keçiriləcəyi şəhər: Frankfurt) C qrupu: Sloveniya - Serbiya (Keçiriləcəyi şəhər: Münhen) 21 iyun (cümə)  D qrupu: A yolunun qalibi - Avstriya (Keçiriləcəyi şəhər: Berlin) D qrupu: Niderland - Fransa (Keçiriləcəyi şəhər: Leyptsiq) E qrupu: Slovakiya - B yolunun qalibi (Keçiriləcəyi şəhər: Düsseldorf) 22 iyun (şənbə)  E qrupu: Belçika - Rumıniya (Keçiriləcəyi şəhər: Köln) F qrupu: Türkiyə - Portuqaliya (Keçiriləcəyi şəhər: Dortmund) F qrupu: C marşrutunun qalibi - Çexiya (Keçiriləcəyi şəhər: Hamburq) 23 iyun (bazar) A qrupu: İsveçrə - Almaniya (Keçiriləcəyi şəhər: Frankfurt) A qrupu: Şotlandiya - Macarıstan (Keçiriləcəyi şəhər: Ştutqart) 24 iyun (bazar ertəsi)  B qrupu: Albaniya - İspaniya (Keçiriləcəyi şəhər: Düsseldorf) B qrupu: Xorvatiya - İtaliya (Keçiriləcəyi şəhər: Leyptsiq) C qrupu: İngiltərə - Sloveniya (Keçiriləcəyi şəhər: Köln) C qrupu: Danimarka - Serbiya (Keçiriləcəyi şəhər: Münhen) 25 iyun (çərşənbə axşamı)  D qrupu: Fransa – A yolunun qalibi (Keçiriləcəyi şəhər: Dortmund) D qrupu: Niderland – Avstriya (Keçiriləcəyi şəhər: Berlin) 26 iyun (çərşənbə) E qrupu: B yolunun qalibi Belçika (Keçiriləcəyi şəhər: Ştutqart) E qrupu: Slovakiya - Rumıniya (Keçiriləcəyi şəhər: Frankfurt) F qrupu: Çexiya - Türkiyə (Keçiriləcəyi şəhər: Hamburq) F qrupu: C yolunun qalibi - Portuqaliya (Keçiriləcəyi şəhər: Gelzenkirxen) A yolunda bizi yarımfinalda Polşa - Estoniya və Uels - Finlandiya matçları gözləyir. B yolunun yarımfinalında İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna görüşləri, C yolunun yarımfinalında isə Gürcüstan - Lüksemburq, Yunanıstan - Qazaxıstan oyunları keçiriləcək. A, B və C yollarının qalibləri Avro 2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.  Avropa çempionatının son qalibi İtaliya yığmasıdır. 

Bank kartlarından oğurluq edən şəxs tutuldu

Bakıda polis kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlayıb. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub. E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib. Bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.