Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır.
Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, oktybarın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, istintaq başladılıb.