ABŞ Ukraynaya “Tomahavk” qanadlı raketlərini verməyi qərara alsa, onları idarə edənlər ukraynalılar deyil, amerikalılar olacaq.
Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.
Qərb hərbi rəsmisinin sözlərinə görə, raketlər kifayət qədər qısa müddətdə, amerikalı podratçıların iştirakı ilə Ukraynaya göndərilə bilər. Onlar raketlərin istifadəsində köməklik göstərəcək, bu isə Vaşinqtona hədəflərə nəzarəti saxlamağa və ukraynalı hərbçilərin uzunmüddətli təlimini istisna etməyə imkan verəcək.
Eyni zamanda, NATO dairələrində hesab edilir ki, Moskva bu addımı ABŞ-ın münaqişəyə birbaşa müdaxiləsi kimi qiymətləndirə bilər. Alyans rəsmilərindən biri bildirib ki, Rusiya nüvə şantajı elementləri ilə məsuliyyətsiz ritorika nümayiş etdirə və Ukraynaya daha genişmiqyaslı zərbələr endirə bilər.
Bununla belə, ekspertlər hesab edirlər ki, bu qərar oyunun qaydalarını köklü şəkildə dəyişməyəcək və “Tomahavk” raketləri sadəcə Ukraynanın uzaqmənzilli PUA zərbələrinə əlavə kimi xidmət edəcək.
Analitiklərin hesablamalarına görə, ABŞ bu raketləri Ukraynaya təhvil versə, onların atəş məsafəsinə Rusiyanın təxminən 1950 hərbi obyekti, o cümlədən 76 aviabazası daxil olacaq.