Azərbaycanda körpə uşaqlar niyə ölür? – Komitə səbəblərini açıqlayıb

Ölkədə 1 yaşadək uşaqlar arasında ölüm hallarının sayı və səbəbləri açıqlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Açıqlanan məlumata görə, 2024-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1 420 nəfər olub. Bu o deməkdir ki, doğulan hər 10 min körpədən 276-sı 1 yaşına çatmadan vəfat edib.

Ölüm hallarının sayı oğlan uşaqları arasında daha çoxdur. Belə ki, 804 oğlan uşağı 1 yaşına çatmadan həyatını itirib. Nəticədə, diri doğulan hər 10 min oğlan uşağından 148-i 1 yaşına çatmadan ölüb. Qız uşaqları arasında isə bu göstərici 128 olub. Ötən il diri doğulan 616 qız uşağı 1 yaşına çatmadan həyatını itirib.

Ölümün əsas səbəbləri arasında perinatal dövrdə (doğuş zamanı və doğulduqdan sonrakı ilk günlər) meydana çıxan hallar birinci yerdədir. Bildirilir ki, 735 uşaq bu səbəbdən həyatını itirib. Körpə ölümlərinə səbəb olan sonrakı əsas səbəblər tənəffüs sistemi xəstəlikləri (178 ölüm), anadangəlmə anomaliyalar (inkişaf qüsurları) və xromosom pozuntuları (101 ölüm), sinir sistemi xəstəlikləri (32 ölüm), həzm sistemi xəstəlikləri (10 ölüm) və bəzi infeksion xəstəliklər (47 ölüm) olub.

Bunlardan başqa, il ərzində travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən 12, digər səbəblərdən isə 305 uşaq 1 yaşına çatmadan həyatını itirib.

Share on Facebook