Bakıda 10 günlük “karantin” olacaq? - AÇIQLAMA

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) üçün ölkəmizdə hazırlıq işləri görülür. Paytaxtın bir çox ərazilərində yollarda təmir işləri aparılır. Əsasən, mərkəzi ərazilərdə görülən işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində də məhdudiyyətlər tətbiq olunur. Qeyri-rəsmi məlumatlara görə, noyabrda 10 günlük məhdudlaşdırıcı tədbirlər də həyata keçirilə bilər. Belə ki, paytaxtda mötəbər tədbirlə bağlı 10 günlük yalnız zəruri xidmət sahələrində fəaliyyətə icazə veriləcəyi bildirilir. Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, müəyyən məhdudlaşdırıcı tədbirlərin olması gözləniləndir: “COP29-un Təşkilat Komitəsi hər dəfə iclas keçirəndə bu barədə ictimaiyyətə məlumat verir. Əgər belə bir müzakirə olsaydı, yəqin ki, məlumat verilərdi. Belə bir qərarın olub-olmaması barədə məlumatsızam. Amma böyük tədbir dövründə müəyyən məhdudiyyətlərin olması da qaçılmazdır. Bu nə dərəcədə əhatəli olacaq, iş yerləri bağlanacaq, yaxud yalnız xidmət və həyatı təmin edəcək iş yerlərinin fəaliyyətinə icazə veriləcəyi fikri ilə o qədər də razı deyiləm. Müəyyən məhdudiyyətlər ola bilər. Nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər ola, bəzi küçələr bağlana bilər. Dərs vaxtına düşürsə, müəyyən tətillər verilə bilər. Bunlar sadəcə ehtimallardır. Məndə heç bir məlumat yoxdur. Bütövlükdə böyük tədbirlər keçirilərkən belə məhdudiyyətlər olur. Məsələn, bu yaxınlarda G7 ölkələri toplaşmışdı. Həmin tədbirin keçirildiyi şəhər demək olar ki, iflic vəziyyətinə salınmışdı. Yaxud da İkinci Dünya müharibəsində ikinci cəbhənin açılması münasibətilə keçirilən tədbirdə Fransada bir şəhər tamamilə bağlanmışdı. Belə hallar olur. Böyük tədbirlərin keçirildiyi şəhərlərdə məhdudiyyətlər həyata keçirilir və bizdə də mütləq olacaq. Amma onun xarakteri, dərəcəsi, nələri əhatə edəcəyini tam demək olmur. İşlərin dayandırılacağı barədə dəqiq məlumatım yoxdur. Müəyyən ərazilərdə nəsə ola bilər, amma bu məhdudlaşdırıcı tədbirlər paytaxtın bütün ərazilərini əhatə etməyəcək. Düşünürəm ki, məsələn, Bakının Yasamal rayonunda və ya digər rayonlarda tədbir dövründə həyat adi qaydada davam edəcək”. 

Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda gənc oğlan dənizdə batıb.  Sozcu.az-ın məlumatına görə, hadisə Bilgəh çimərliyində qeydə alınıb. Dənizdə çimən 33 yaşlı Anar İsmayılov boğularaq ölüb. Onun meyiti sudan çıxardılaraq yaxınlarına təhvil verilib. 

Rəşid Mahmudovdan kondisonerin zərərləri barədə AÇIQLAMA: "Bütün əzələləri qıc edir və ..."

İsti yay günlərində əksər insanlar  təmiz havadan çox kondisoner işləyən ortamlarda vaxt keçirdirlər. Bəs, uzun müddət kondisoner işləyən qapalı məkanlarda vaxt keçirtməyin insan sağlamlığına nə kimi ziyanları ola bilər? Həm istidən, həm də kondisonerin zərərindən qorunmağın başqa yolları varmı? Mövzu ilə bağlı Rəşid Mahmudov Moderator.az-a danışdı: “Kondisoner insan orqanizimi üçün çox zərərlidir. Sanki insanı soyuducuya qoyursan. Biri var havanı soyudasan, kondisioneri soyudub girəsən ora.  Bir otağı soyutduqdan sonra orada otura bilərsiniz. Amma soyuq havanın sizi vurması bədəni qurudur. Kondisioner istifadəsi qorxuludur. Həmin zərərlərdən biraz da olsa qorunmaq üçün onu düzgün işlətməyi bacarmaq lazımdır. Əks halda insanlarda  bir çox problemlərin yaranmağına yol aça bilər. Həmin zərərlərdən də qorunmaq üçün kondisoneri qoşduğunuz otağda onu söndürdükdən sonra vaxt keçirtmək daha məqsədəuyğundur. Əks halda kondisoner bütün insan əzələlərini qıc edir və başqa-başqa problemlərə yol açır”. 

Yarımfinal oyunlarının hakimləri bəlli oldu

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Sozcu.az xəbər verir ki, İspaniya və Fransa yığmaları arasında keçiriləcək görüş sloveniyalı Slavko Vinçiçə həvalə olunub. Ona həmyerliləri Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək. VAR hakimi Neyts Kaytazoviç olacaq. Niderland–İngiltərə qarşılaşmasını isə Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Stefan Lupp və Marko Açmüller kömək edəcəklər. VAR-da isə Kristian Dingert yer alacaq.

Xəstəlik təhlükəsi: "Ölkəyə gələn bütün geyimlər yoxlanılmalıdır"

“İkici əl geyimlərin insan sağlamlığı üçün ziyanı olub-olmaması məsələsi həmin geyimin kim tərəfindən istifadə olunmasından daha çox onun tərkibi ilə bağlıdır. Çox təəssüf ki, bu gün üçüncü ölkələrdən Azərbaycana bu cür geyimlər daxil olur. Onların bəzilərində istifadə olunan tekstil materialları isə orqanizm üçün ziyanlıdır”. Bunu Bakupost.az -a açıqlamasında professor Adil Qeybulla deyib. O, birinci və ikinci əl geyimlər olmasından asılı olmayaraq, ölkəyə daxil olan geyim və ayaqqabıların hamısının yoxlanmasının vacib olduğunu bildirib: “Bunların nə dərəcədə radiaktivliyi, ziyanı var, bu, yoxlanmalıdır. İkinci əl geyimlərin yuyulması, kimyəvi təmizləmə mərkəzlərində təmizlənib istifadə olunması daha yaxşı olardı. Ümumiyyətlə, bəzi məhsullar var, yaxşı olar ki, onlar alınandan sonra yuyulub geyilsin”. Qeyd edək ki, ölkəmizə əsasən, Hollandiyadan gətirilən ikinci əl geyimlərin gigiyenik baxımdan təhlükəli olduğu haqqında xəbərlər yayılır. Buna baxmayaraq, ikinci əl geyimlərə təlabat hər il artmaqdadır.

"İrinli ölkə Ukraynaya 40-dan çox raket atıb" - Zelenski

"İrinli ölkə bu gün Ukraynaya 40-dan çox müxtəlif tipli raketlər atıb". Sozcu.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk şəhərləri raket hücumuna məruz qalıb. Yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib: "Rusiya artıq bir çox cinayətlər törədib. Ancaq Ukraynanın mərkəzi uşaq tibb mərkəzi olan "Oxmatdet" bu siyahıda fərqlənəcək".

Məşhur generalla bağlı şok iddia: Prokurorluqda dindirilib

Son aylarda Müdafiə Nazirliyinin bir neçə yüksəkrütbəli zabiti vəzifəsindən azad edilib. Bu yaxınlarda isə bir neçə general yaş həddi ilə bağlı ardıcıl olaraq təqaüdə göndərildi. Azərbaycan Ordusunda aparılan islahatlara uyğun olaraq təqaüdə göndərilən zabitlər peşəkar kadrlarla əvəz edilir. Yeni təyinatlarda xüsusilə Vətən müharibəsində şücaət göstərən hərbçilərə yer verilməsi şəxsi heyət və vətəndaşlar tərəfindən müsbət qarşılanır.  “Qafqazinfo”nun məlumatına görə, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi xəbəri rezonans yaratdı. 10 il Əlahiddə Ümumqoşun Orduya komandanlıq etmiş general Mustafayevin işdən çıxarılması hələ rəsmi təsdiqini tapmasa da, artıq onun yerinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidovun təyinat alması barədə məlumat yayıldı. Sözügedən hər iki məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiq və ya təkzib edilməsə də, Kərəm Mustafayev Manşet.az saytına açıqlamasında işdən çıxarılması xəbərinin doğru olduğunu bildirmişdi. Maraqlıdır ki, son aylar Müdafiə Nazirliyinin bir neçə generalı ehtiyata göndərilsə də, Kərəm Mustafayevlə bağlı müəmma davam edir. Nəzərə alaq ki, K.Mustafayev son illərdə vəzifəsindən azad edilən ilk general-polkovnik rütbəli zabitdir. General-polkovnik rütbəsi daşıyan zabitlərdən sonuncu dəfə üç il əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov işdən çıxarılıb. Bu məqamda qeyd edək ki, “Qafqazinfo”ya etibarlı mənbələrdən daxil olan məlumata görə, Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb. General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq. Qeyd edək ki, əvvəllər tabor, diviziya və korpus komandiri işləmiş K.Mustafayev 2014-cü ildən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı olub. 

Bəzi rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.  Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Sozcu.az xəbər verir ki, müraciət qurumun “X” hesabında yayılıb. “Əziz vətəndaşlar, dələduzların saxta vədlərinə və yalanlarına inanmayın. Dəqiq məlumatlar üçün rəsmi mənbələrə müraciət edin və şübhəli şəxslərlə təmasdan çəkinin. Təhlükəsizliyiniz üçün hər zaman diqqətli olun”, - müraciətdə bildirilib.

Müsavat deputatlığa namizədlərinin bir qismini irəli sürdü

İyulun 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra sentyabrın 1-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Divan 27 dairə üzrə partiyanın namizədlərini irəli sürüb: 1. Razim Əmiraslanlı -10 saylı dairə 2. Almaz Əliqızı – 16 saylı dairə 3. Nüşabə Sadıxlı – 17 saylı dairə 4. Gülağa Aslanlı – 21 saylı dairə 5. Afər Şirvanlı – 23 saylı dairə 6. Ərzulla Bulud -31saylı dairə 7. Oktay Zeynalov – 38 saylı dairə 8. Şayəddin Qasımov – 39 saylı dairə 9. Mail Vəliyev – 40 saylı dairə 10. Cavad Cavadlı – 43 saylı dairə 11. Söhrab Əmrahov -57 saylı dairə 12. Şövkət Ramazanlı – 58 saylı dairə 13. Əliş Əzizov – 66 saylı dairə 14. Yusif Mehdi – 69 saylı dairə 15. Azər Əskər – 71 saylı dairə 16. Rahim Axundov. – 72 saylı dairə 17. Şəmsəddin Əmirli – 73 saylı dairə 18. Tahir Hüseynov – 80 saylı dairə 19. Dünyaxanım Cərullayeva – 89 saylı dairə 20. Zabit Bədəlov – 90 saylı dairə 21. Zakir İsmayıl – 94 saylı dairə 22. Yusif Namazoğlu – 96 saylı dairə 23. Malik həsənov – 97 saylı dairə 24. Etibar Əkbərov – 101 saylı dairə 25. Tahir Səfərli – 114 saylı dairə 26. Bakıxan Qəribli – 115 saylı dairə 27. Hidayət Allahverdi – 120 saylı dairə Məlumatda bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək. Sonda cari məsələlər müzakirə olunub.

Azərbaycanda tələbə qəfil ürəktutmadan öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, ADPU-nun Məktəbəqədər Təhsil fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə son kurs tələbəsi Mehri Məhəmmədova dünyasını dəyişib. Onun qəfil ürəktutmasından öldüyü bildirilib.

7 iyul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

7 iyul II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sozcu.az-a açıqlamasında bildirib ki, açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin iki həftə sonra elan olunması nəzərdə tutulur: “İyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq".

Rasim Balayevin səhhətində problem: Əməliyyat olundu

Xalq artisti Rasim Balayev əməliyyat edilib. Sozcu.az bildirir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib: "Əməliyyat edildim, xəstəxanada bir gün qaldım. Hazırda evdəyəm. Sol ayağımda problem vardı, yaxşı hərəkət edə bilmirdim. Neçə ildir, bu xəstəlikdən əziyyət çəkirdim. Həkimlər əvvəl əməliyyat etmək istəmirdilər, mən də fizioterapiyaya gedirdim. Gördüm, faydası yoxdur. İyunun 4-də əməliyyata getdim, indi hər şey qaydasındadır". Qeyd edək ki, Rasim Balayevin 75 yaşı var.

Bakıda klinikada faciə: sünnət olunan uşaq öldü

Bakıda faciəli hadisə baş verib. Hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb. Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib. Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.  Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. 

"Avtomobil bazarında ucuzlaşma müvəqqətidir, çünki..." - Açıqlama

"Hazırda avtomobil bazarında ucuzlaşma müşahidə olunur. Bu, qısamüddətli vəziyyətdir. Bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O qeyd edib ki, ucuzlaşmaya səbəb köhnə avtomobillərdir. Bu avtomobillərin çoxu taksi kimi istifadə olunurdu. Yeni qaydalara görə, köhnə avtomobillər artıq taksi xidməti göstərə bilmir. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Bu da istər-istəməz qiymətlərə öz təsirini göstərir: “Bir müddət sonra bazarda qiymətlər yenidən stabilləşəcək. Avtomobil gətirən sahibkar köhnə maşına tələbat olmadığını görüb daha onları gətirməyəcəklər. Artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.

Bakı həbsxanasında ölən məhkumların sayı 17-yə çatdı

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Fərmayıl Verdiyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 17-ci ölüm hadisəsidir.

CHP-nin sədr müavini: “Ermənistan bizə şərt qoya bilməz, ona ehtiyacımız yoxdur” - MÜSAHİBƏ

44 günlük savaş dövründə Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) Azərbaycana qarşı davranışı hər kəsdə heyrət doğurdu. Partiya bir çox məqamda bizə qarşı erməni mövqeyindən çıxış etdi. Azərbaycana düşmən mövqeyi ilə seçilən sabiq səfir Ünal Çevikgöz faktoru isə hələ də qalmaqdadır. Modern.az saytı bu kimi məsələlərlə bağlı partiya sədrinin müavini İlhan Üzgeldən müsahibə alıb. Müsahibimiz öncə bildib ki, CHP-nin yeni rəhbəri Özgür Özel 2023-cü ilin noyabrında sədr seçildikdən sonra keçirilən partiya qurultayında ilk iki səfərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana etmək niyyətində olduğunu deyib. O, Azərbaycanla yaxşı əlaqələri inkişaf etdirmək istəyini dilə gətirib. - CHP ilə əlaqədar Azərbaycan ictimaiyyətində çox da yaxşı rəy yoxdur. Bəs CHP Azərbaycan ictimaiyyətindəki mövcud rəyi dəyişdirmək üçün nə etməyi planlaşdırır? - CHP Azərbaycanı dost və qardaş bir ölkə olaraq görür. Tək millət, iki dövlət anlayışına bağlıyıq. Bağlarımız tarixə söykənir. Qüvvətli Azərbaycan qüvvətli Türkiyə, qüvvətli Türkiyə qüvvətli Azərbaycan deməkdir. Hər iki ölkə bir-birindən güc almaqdadır. Azərbaycan Türkiyənin Türk dünyasına açılan qapısı, Türkiyə Azərbaycanın Qərbə açılan qapısıdır. Ölkələrimizin taleyi bir-birilə sıx bağlıdır. Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Azərbaycanın rifahı Türkiyənin rifahıdır. CHP-nin İdarə Heyətində də, seçicilərində də Azərbaycana dair çox isti hisslər var. Bunun başqa cür olması da mümkün deyil. - Kamal Kılıçdaroğlu partiyanın lideri olduğu zaman "həyatımın ən böyük layihəsi adlandırdığı" "Tarixi İpək Yolunu canlandırma layihəsi"ndə Azərbaycana yer verməmişdi. İndi "Tarixi İpək Yolunu canlandırma layihəsi” ilə bağlı CHP-nin düşüncəsi necədir? - CHP Cənubi Qafqazda Azərbaycanın daxil olmadığı heç bir layihəni dəstəkləmir. Dünyada enerji, ticari əlaqələr getdikcə daha da əhəmiyyət kəsb etməkdədir. O baxımdan Türkiyə ilə Azərbaycanın bu istiqamətdə atacağı addımlar var. Azərbaycanı kənarda qoyacaq heç bir layihə və razılığı dəstəkləmərik, hətta bu vəziyyəti dəyişmək üçün əlimizdən gələni edərik. Azərbaycandan keçməyən İpək Yolunun bizim üçün heç bir mənası və qiyməti yoxdur. Məqsədimiz Şərq-Qərb əsaslı ticarət və enerji keçid xətlərinin mümkün qədər dost və qardaş Azərbaycan üzərindən keçməsidir. Bu mənada Zəngəzur dəhlizinin açılmasını da müdafiə edirik və həmin  məsələdə əlimizdən gələni etməyə hazırıq. Bu dəhlizin açılması Türkiyəni Azərbaycan və Türk dünyası ilə qovuşdurub, əlaqələrini gücləndirəcək. - Türkiyə-Ermənistan sərhədlərinin açılması yubanır. Buna səbəb təbii ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamamasıdır. Məsələyə partiyanızın mövqeyi maraqlıdır... - Biz Cənubi Qafqazda sülh və sabitliyi müdafiə edirik. Bölgəyə sabitlik gətirib Türkiyə əleyhinə siyasətə son verəcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşmasını dəstəkləyirik. Amma yeridəcəyimiz siyasətin Azərbaycana zərər verməməsi məsələsində çox həssas davranırıq. Türkiyə regionun ən güclü ölkəsidir. Ermənistan kimi bir ölkənin Türkiyəyə şərt qoyması, Azərbaycan və Türkiyə əleyhinə siyasət aparmağı qəbul edilə bilməz. Türkiyə ilə quru sərhədlərinin açılmasına Ermənistan ehtiyac duyur. Türkiyənin buna ehtiyacı yoxdur. - CHP-nin Türk dünyası ilə bağlı hansı layihələri var? - CHP Türk dünyası ilə əlaqələrini gücləndirmək istəyir. Türk dünyası və region ilə əlaqələr məsələsi səmimi demək lazımdır ki, indiyə kimi daha çox Türkiyədəki sağ partiyaların maraq dairəsində qalıb. Ən böyük layihəmiz CHP ilə Türk dünyasını yenidən qovuşdurmaqdır. Bu istiqamətdə yaxın vaxtlarda aktiv cəhdlərimiz olacaq. CHP Atatürkün partiyasıdır. O Atatürk ki, Azərbaycana çox böyük əhəmiyyət verib və ona məhəbbət bəsləyib. Böyük Atatürk “Azərbaycanlıların dərdləri öz dərdimiz və sevincləri öz sevincimiz kimi olduğu üçün onların istəklərinə nail olmaqları, hürr və bağımsız olaraq yaşamaqları bizi həddindən artıq sevindirər" deyib. CHP bu mirası götürüb. Bu, Atatürkün CHP-yə buraxdığı ən önəmli miraslardan biridir.

İbtidai siniflərdə summativ qiymətləndirmələrin ləğvi müzakirə olunur - Rəsmi

İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Sozcu.az xəbər verir ki, bunu “Report”a Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur: “2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”.

Adil Əliyev icra başçısı təyin olunur

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.  “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.  Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.  Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür. 

Beyləqanda süpürgəçini maşın vurub öldürdü

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.  Sozcu.az xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.  Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı zərbədən hadisə yerində həyatını itirib.  Faktla bağlı araşdırma aparılır. 

Rəsmi Bakının Pezeşkiandan gözləntisi - XİN rəhbəri danışdı

İranda yeni prezident vəzifəsinin icrasına başlayandan sonra əsas gözləntimiz Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətindədir. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Bilirsiniz ki, bu yaxınlarda İranda növbədənkənar seçkilər keçirildi və yeni prezident seçildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev ona (Məsud Pezeşkian) təbrik ünvanladı. Mən onu da qeyd etmək istəyirəm ki, biz bundan sonra da Azərbaycanla İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq”, - nazir qeyd edib.

Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...

Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.  Sozcu.az xəbər verir ki, bu barədə qonşu ölkədə səfərdə olan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, özünün facebook səhifəsində bildirib ki, gürcülər üçün AB ölkələrinə vizasız rejimdir deyə, işçi qüvvəsinin bir hissəsi Avropaya gedib: “Ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır. Biznes üçün də cənnətdir – kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır”. Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb: “Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar”. Onun sözlərinə görə, gürcülər Gürcü Arzusundan bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər: “Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar”. 

Bakıda polisi qətlə yetirdilər - Əməliyyat başında - FOTO

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az -a bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.