Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etdiyini bilmir"

Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etmək lazım olduğunu bilmir, yoxlanmamış ideyalarla təhsili daha da çətin vəziyyətə salır”

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Təhsil Nazirliyinin son qərarlarını kəskin tənqid edib. Onun sözlərinə görə, nazirlik hansısa addımlar atmaq istəsə də, nə etməli olduğunu dəqiq bilmədiyi üçün “ağlasığmaz və analiz olunmamış” ideyalarla çıxış edir.

Soltanlı bildirib ki, müəllimləri səhərdən axşama qədər məktəbdə saxlayan sistem həm onları fiziki, həm də mənəvi olaraq tükəndirir:

“Təhsil Naziri müəllimi məktəbə qapatmaqla, onu yorub əldən salmaqla olan-qalan təhsili də məhv etməsə, görünür, düzələnə oxşamır,” – deyə o, vurğulayıb.

Onun sözlərinə görə, aylıq cəmi 40 manat verilən sinif rəhbərliyi məsələsi indi bütün müəllimlərin üzərinə yüklənmək istəyir. Soltanlı hesab edir ki, əgər nazirlik sinif rəhbərliyini gücləndirmək istəyirsə, əvvəlcə bu vəzifəyə ciddi məvacib ayrılmalı, sinif rəhbərləri şagirdlərlə, valideynlərlə və fənn müəllimləri ilə koordinasiyalı şəkildə işləyə bilməlidirlər.

O, həmçinin məktəblərin real şəraitinə toxunub:

“Otaq çatışmazlığı üzündən bir sinifə 35–40 şagird yığan nazirlik dərsdən sonra hansı otaqlarda müəllim və valideynlərə şərait yaradacaq? Bölünməli olan şagird qruplarını bölməyib büdcəyə qənaət edən nazirlik indi birdən-birə nədən comərd olub?”

Səxavət Soltanlı iddia edir ki, bu qərarların tətbiqi təhsilin keyfiyyətini daha da aşağı salacaq:

“Əgər Təhsil Nazirliyinin dediyi kimi olarsa, bir aydan sonra təhsilin indiki pis vəziyyəti daha da pisləşəcək.”

O, nazirliyi sinif rəhbərlərinin maaşını və məsuliyyətini artırmağa çağırıb, müəllimlərin, şagirdlərin və valideynlərin yersiz yüklənməsinə qarşı çıxıb. Soltanlıya görə, problemi həll etməyin yolu geniş ictimai müzakirələrdən keçir:

“Təhsildə çıxış yolu sadə deyil. Geniş ictimai müzakirə açılmalıdır. Problemsiz müzakirə olmadan çıxış yolu tapılmır.”

Share on Facebook