"8 Martda təhsil işçiləri üçün bahalı hədiyyə alınması, külli miqdarda pulun verilməsi pedaqoji dəyərlərə uyğun deyil"

Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur: "Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik. Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər"./Report

Bakı İrəvana qarşı bu prosesi başlatdı

27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Ermənistan, hərbi güc yolu ilə Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən Azərbaycanı məhrum etməklə, Azərbaycanın enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub. Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir. Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25%-nin cəmlənməsi, buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib. Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib. Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib. Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, bu əlavə icazəsiz qurğuların hasilatı açıq şəkildə Ermənistana “ixrac mənbəyi” kimi müəyyən edilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən Ermənistana elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” vermişdir. İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib. Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib. Ermənistan həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir. Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.

İrana daha bir zərbə: 12 nəfər də qara siyahıya salındı

Kanada daha 12 nəfəri İrana qarşı sanksiyalar siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Kanada İranda insan haqlarının pozulması səbəbindən sanksiya siyahısını genişləndirib. Qara siyahıya salınan şəxslərin Kanadaya girişinə qadağa qoyulması ilə yanaşı, bank hesabları dondurulacaq.

Jurnalist Fərid İsmayılov Bayram Səfərovla aralarında olan mübahisədən danışdı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla ona sual ünvanlayan jurnalistin dialoqu müzakirələrə səbəb olub. Jurnalist B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib. Sualdan yayınan icra başçısına jurnalist növbəti dəfə sual verdikdə, o əsəbiləşib. Media nümayəndəsinin “Jurnalist sizdən hesab sora bilməz?” replikası isə gərginliyi artırıb. Bəzi media nümayəndələri bu məsələdə jurnalistə dəstəyini bildirsə də, onu tənqid edənlər də olub. Həmin mübahisənin tərəflərindən biri olan jurnalist Fərid İsmayılov Globalinfo.az-a açıqlamasında Bayram Səfərovla bu situasiyanın iki dəfə təkrarlandığını bildirib: “Mən müxtəlif media qurumlarında çalışmışam və istənilən materialıma görə hesabat verməyə də hazıram. Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı reportaj hazırlamaq üçün “Ana fəryadı” abidəsinə getdim. Bu zaman kənarda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dayandığını gördüm. Ona yaxınlaşdım, çalışdığım redaksiyanın adını və kim olduğumu qeyd etdim, müsahibə üçün icazə istədim. O da heç bir problemin olmadığını bildirərək razılıq verdi. Yaxa mikrofonunu icazəsi ilə icra başçısının üzərinə yerləşdirdim və çəkməyə başladım. Ona, “Məlumat yayılmışdı ki, siz Şuşaya gedə bilməmisiniz. Bəs indi vəziyyət necədir?” – deyə, sual ünvanladım. B.Səfərov isə qarşılığında mikrofonu çıxararaq, “Get işinlə məşğul ol” dedi. Mən də təşəkkür edib, yanından ayrıldım”. F.İsmayılov icra başçısının sualdan bir neçə dəfə aqressiv münasibət bildirərək yayındığını deyib: “Daha sonra ondan digər jurnalistlərin də açıqlama aldığını gördüm, yaxınlaşıb çəkməyə başladım. Həmin media nümayəndələrinin də sualları elə icra başçısının Şuşaya səfəri, həmçinin rayon icra hakimiyyətlərinin ləğvi mövzusunda idi. Bu arada mən B.Səfərovun özünün Şuşaya gedib-getməməsini soruşdum. O isə, “Bunun sizə dəxli yoxdur” cavabını verdi. Sualı təkrar etdim, yenə eyni şəkildə cavabladı. Dəqiq cavab ala bilmədiyim üçün sualı bir daha təkrarladım, çünki mənim bir jurnalist kimi oxucu qarşısında öhdəliyim var. Cəmiyyətdə də Bayram Səfərovun Şuşaya gedə bilməməsilə bağlı fikirlər səsləndirilir, bu səbəblə mən həmin suala cavab almağa çalışdım. Hətta o Şuşa üç ay əvvəl getdiyini, bunun yanvar ayında baş verdiyini də dedi. 3 ay əvvəl necə yanvara təsadüf edə bilər? Müsahibə bitdikdən sonra da demək olar ki, heç bir montaj edilmədən, sadəcə loqo yerləşdirməklə videonu yayımladıq”. Jurnalist media nümayəndələrinin məmurdan hesabat tələb etmə haqqı ilə bağlı fikirlərə də cavab verib: “Sonra sualım ictimai müzakirəyə çıxarıldı, haqqımda tənqidi yazılar yayımlandı. Halbuki, o məqalələri hazırlayanlar bir müddət əvvəl məni xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirdilər. Təsəvvür edə bilirsiniz, Azərbaycanda bir jurnalist xüsusi xidmət orqanlarına işləyə və hüquq mühafizə orqanları buna susa? Bu mümkün deyil. Təəssüf ki, Bayram Səfərov özünü heç kimə hesabat verməyə məcbur hiss etmir. Çünki onun qanunən vətəndaş qarşısında öhdəliyi olsa da, real öhdəliyi yoxdur. Həmçinin, jurnalistin hesabat tələb etmə hüququnu da sorğulayırlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nəinki jurnalist, vətəndaş belə məmurdan hesabat tələb edə bilər. Çünki həmin məmur vətəndaşın ödədiyi vergi hesabına büdcədən əməkhaqqı alır. Bu baxımdan jurnalist ictimaiyyəti maraqlandıran məsələyə aydınlıq gətirmək üçün sualı dəfələrlə təkrarlaya bilər. Düşünürəm ki, məsələ Bayram Səfərovla bitmir. Azərbaycanda məmur vətəndaş qarşısında hesabatlı deyil”. Xatırladaq ki, Fərid İsmayılov Toplum TV portalının əməkdaşıdır. Sozcu.az

Lənkəranın mərkəzi xəstəxanası, Lənkəran bazarı ilə müqayisə olundu - Müraciət

Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib:  Sozcu.az həmin müraciəti təqdim edir:  "Hörmətli TƏBİB ! Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"

DYP dumanlı hava ilə bağlı müraciət edib

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir: O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”

Nazirliyin keçmiş şöbə müdirinin həbs müddəti uzadılıb

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin keçmiş müdiri İlkin Nəsibovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, İ.Nəsibovun həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin keçmiş Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bunun sülh planı olduğunu düşünmürəm - Zelenski

Mənə elə gəlir ki, bu, Çinin sülh planı deyil, mövcud vəziyyətlə bağlı düşüncələrdir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bunun sülh planı olduğunu düşünmürəm. Mənə elə gəlir ki, Çin sadəcə öz fikirlərini bildirib. Yaxşı ki, Çin Ukraynadakı müharibədən danışmağa başlayıb. Digər sual isə sözlərin arxasında nəyin dayanmasıdır”, - Zelenski bildirib. Qeyd edək ki, Pekin bundan əvvəl 12 bəndlik sülh təklifi ilə çıxış edib.

Günün qoroskopu: Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - bu gün başlayacağınız istənilən işə ciddi yanaşın. Maliyyə sahəsində qayda yaradın. Pulla bağlı məsələləri əvvəlcədən düşünün. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli güman etdiyinizdən artıq vaxt ala bilər. Artıq alışmalı olacaqsınız. Sonradan faydalı olacaq, həyatınızda önəmli yer tutacaq tanışlıqlar baş tuta bilər. Danışdığınız insanları tanımağa çalışın. Yanılmayın, səhvlərə yol verməyin. Buğa - müttəfiqlər və həmfikirlərin sayəsində qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Nüfuzlu insandan dəstək alacaqsınız. Əməlləriniz və qərarlarınızı dəstəkləyəcəklər. Alış-veriş, anlaşmalar, sövdələşmələr üçün münasib gündür. Maliyyə işlərində uğur qazana bilərsiniz. İctimai və siyasi həyata maraq artacaq. Dəvət aldığınız tədbirdə vaxtınız pis keçməyəcək. Münasibətlərdə diqqətli olun. Yeni münasibətlər ciddi sonuclar vəd edir. Əkizlər - istənilən formatdakı problemlərin həlli üçün əlverişli zamandır. Məqsədə doğru ən qısa yolu tapın. Gərəkli nəticələrə nail olun. Bu gün yaranacaq yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi anlayırlar. Kömək və dəstəksiz qalmayacaqsınız. Günün ikinci yarısında anlaşma, sövdələşmələri nəzərdən keçirmək olar. Ünsiyyət üçün xoş gündür. İşgüzar müstəvidə və şəxsi münasibətlər sahəsindəki irəliləyişlər pozitiv nəticələr vəd edir. Xoş xəbər və qəfil təkliflərin alınması istisna deyil. Etiraflar da ola bilər. Xərçəng - çətin, qarışıq, laübəli gündür. Problemlər az deyil. Heç gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə üzləşəcəksiniz. İşdə rəhbərliklə münaqişə və fikir ayrılığı, həmkarlarla mübahisə yarana bilər. İş yerindəki müəyyən narahatlığa rəğmən məhsuldar çalışa bilərsiniz. Uğurlarınız yaxın ətrafınızdakı insanların paxıllığına səbəb olacaq. Alış-veriş üçün əlverişli zaman deyil. Pulları boş işlərə xərcləməyin, amma ifrat xəsislik də etməyin. Yaşlı qohumlarınız sizi dəstəkləyəcək, yaxşı məsləhətlər verəcəklər. Yaşca sizdən kiçik olan qohumlar isə əhvalınızı yaxşılaşdıracaq. Şir - əlverişli və yaxşı gündür. Ciddi nailiyyətlərə, önəmli qələbələrə nail olmaq olar. Məhsuldarlıq, zəhmətkeşlik səviyyəsi yüksək olmalıdır. Ciddi çətinliklər də sizi qorxutmamalıdır. Narahat və ya nigaran olanda belə soyuqqanlı davranın. Ən azı zahiri sakitliyi qoruyun, təmkinli davranın. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanların sayğısını qazana bilərsiniz. Pulla bağlı qərarları düşünülmüş şəkildə qəbul edin, səhv riskini minimuma endirin. Rəğbətinə nail olmağa çalışdığınız insanla ünsiyyət üçün yaxşı gündür. Alış-veriş etmək olar. Qız - müvazinəti qorumaq asan deyil. Ən xırda məsələlər, kiçik detallar sizi sinirləndirə bilər. İşdə həmkarların davranışı sizi sinirləndirir. Bunu aşkar nümayiş etdirməyin, hisslərinizə hakim olun. Əks halda həmkarlar və ya tərəfdaşlarla münasibətlər pisləşəcək, birgə fəaliyyət gərəkli nəticə verməyəcək, xoş təəssüratlar yaratmayacaq. Nüfuzlu və ya yüksək vəzifəli şəxslə dil tapmaq asan deyil. O, hər şeyi açıq deməyinizi bəyənmir. Maliyyə problemlərinin yaranması, nəzərdə tutulan alış-verişdən imtina da istisna deyil. Yaxınlarınızın yardıma və dəstəyə ehtiyacı var. Ümumi məqsədlər uğrunda maraqlarınızın bir qismini qurban vermək olar. Ətraflı Tərəzi - yeni münasibətlərə başlamaq, işgüzar təmasları möhkəmləndirmək üçün yaxşı vaxtdır. Tərəfdaşlıq və əməkdaşlıq etdiyiniz insanlar zəif yönlərinizlə bahəm güclü məziyyətlərinizə də bələddirlər. Əməkdaşlığın sərfəli olmaqla yanaşı, gərginlik yaratmamasına çalışın. Müzakirələr, danışıqlar, sövdələşmələr pis keçməyəcək. Potensial sifarişçi ilə söhbət zamanı diqqətli olun. Böyük məbləğdə sifariş qəbul etmək və ya yeni işə başlamaq olar. Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə də hiss olunur. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq və həssas davranın. Sevdiyiniz insana xoş sürprizlər edin, dostlar və qohumları sevindirin. Axşam saatlarında qonaq gələcək. Əqrəb - önəmli saydığınız işlərdə əhəmiyyətli inkişafa və irəliləyişə nail ola bilərsiniz. Qətiyyətli olun, çətinliklər yarananda geri çəkilməyin. Can atdığınız məqsədə mütləq şəkildə çatacaqsınız. İşgüzar münasibətlər dostyana təmaslara çevrilə bilər. Yetər ki, istəyəsiniz. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün əlverişli zamandır. İşlər çox olsa da, yanınızdakı insanlara yardım etməyə vaxt tapın. Buna görə minnətdarlıq gözləməyin. Sərfəli alış-veriş, hədiyyə, romantik sürprizlər ola bilər. Oxatan - enerji və qüvvənizin bol olduğu gündür. Nikbinliyi bir an da itirməyin, istənilən səddi və yolunuzda yaranan maneələri dəf edin. Uğurlar və qələbələr əhəmiyyətlidir. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər istisna deyil. Məqsədə çatmaq üçün ifrat səy göstərməyə ehtiyac yoxdur. Maraqlı təkliflər almaq olar. Yeni işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Oğlaq - pis gün deyil. Hadisələrin rəvan axarına müdaxilə etməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Şəxsi və işgüzar məziyyətləriniz diqqətdən kənar qalmayacaq. Müttəfiq və hami tapmaq, əməkdaşlıqla bağlı maraqlı təklif almaq şansları var. Qüvvənizə olan inam hissi cazibədarlığınızı artırır. Sizinlə tərəfdaşlıq etmək istəyənlərin sayı artacaq. Yaxın ətrafınızdakı insanlara yardım edin. Problemlərin öhdəsindən müstəqil şəkildə gələ bilməyən şəxsə arxa olun. Dostlarla görüş üçün əlverişli zaman olsa da, gələcəklə bağlı planları müzakirə etmək üçün bir müddət tək qalın. Dolça - xoş təəssüratlar yaratmaq və ya özünüzlə bağlı rəğbət hissinə nail olmaq istədiyiniz insanlarla görüş üçün əlverişli gündür. Həssas, zövqlü, səbirli olmağa çalışın. Diqqəti cəlb etmək üçün əlahiddə səylərə ehtiyac yoxdur. Bilik və bacarıqlarınızı görəcəklər. Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil. Təmaslar səmimiyyət, qarşılıqlı sayğıya əsaslanmalıdır. Maliyyə baxımından əlverişli gündür. Yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək, sövdələşmələr və anlaşmalara nail olmaq mümkündür. İntuisiyanız sizi aldatmayacaq. Balıqlar - yetərincə çətin və mürəkkəb gündür. Kiməsə rəğbət və ya antipatiyanız məhsuldar əməkdaşlığa, işgüzar münasibətlərin inkişafına mane olmamalıdır. Sizi aldatmağa çalışırlar. Fırıldaqçının və ya intriqanın toruna düşməyin. Təxribatlara uymayın. İmkan verməyin ki, sizinlə manipulyasiya etsinlər. Yüksək vəzifəli şəxslə təmaslar, iş və karyerinizlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Axşam saatlarını sizi sevən insanların yanında keçirin. Onlar sizin nöqsan və zəiflikliklərinizi görürlər. Səhvə yol verəndə sizi tənqid etməyən insanları unutmayın.

Qanda xolesterini azaldan ən faydalı 3 məhsul

Qanda xolesterinin səviyyəsini aşağı salan qidalardan biri də yağlı balıqdır. Sozcu.az xəbər verir ki, bu barədə diyetoloq-endokrinoloq Alena Barredo məlumat verib. "İlk olaraq xolesterini azaldan məhsullar siyahısına yağlı balıqları daxil edərdim. Məsələn, skumbriya, qızılbalıq, koho qızılbalığı, ümumiyyətlə tərkibində çoxlu omeqa-3 turşusu olan bütün dəniz balıqlarını. Bəzi turşular bədəndəki xolesterini azaltmağa kömək edir, qaraciyərin faydalı xolesterin istehsal etməsinə kömək edir, bu da damarların təmizlənməsinə kömək edəcək. Bundan əlavə, çaytikanı yağından istifadə etməyə dəyər. Tərkibində omeqa-7 turşuları var ki, bu da orqanizmdə xolesterin səviyyəsini aşağı salan antiinflamatuar sitokinlər istehsal etməyə kömək edir. Kələm də həmçinin. Məhz onun tərkibində bağırsaqlarda yağların aktiv şəkildə udulmasına mane olan lif var, bunun nəticəsində daha az xolesterin əmələ gəlir", - o bildirib. (publika)

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sozcu.az-ın məlumatına görə, 2023-cü il fevralın 27-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, türk lirəsi isə 0.0901 təşkil edib. 1 Rusiya rublu və avro ucuzlaşaraq müvafiq olaraq 0.0224 manata və 1,7934 manata enib.

Borrell Çinin sülh planını tənqid etdi

Ukraynadakı vəziyyətin nizamlanması üçün Çinin təklif etdiyi fəaliyyət planını dinc adlandırmaq olmaz. Sozcu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. Onun fikrincə, Çin sənədi qurbanla təcavüzkarı eyni səviyyəyə qoyur: “Əslində, bu, sülh planı deyil və Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzi bəndlərini bölüşürük, lakin vacib olanlar çatışmır”.

"Lavrovun nə azarı var Azərbaycanda?!" - Rəsul Quliyevdən rusiyalı nazirin gəlişinə SƏRT REAKSİYA - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyev "TV Müsavat"ın efirində qonaq olub. Sozcu.az  xəbər verir ki, Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya nəzərdə tutlan səfərindən danışıb.  Ətraflı videoda:

Ermənistanla sülh mümkündürmü? Arif Hacılının “Kavkazski uzel”ə cavabı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanla Ermənistan  arasında sülhün yaranmasının mümkün olduğunu bildirib. “Xocalı faciəsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-26-da biz 613 şəhid vermişik… 150 nəfər itkin düşüb, onlar haqqında bu günə qədər heç bir məlumat yoxdur. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir danışıqlar aparılmamalıdır. Gələcək nəsillər bu faciəni xatırlayacaq. Amma xalqımızın əksəriyyəti sülhün mümkünlüyünə inanır… Təbii ki, iki dövlət arasında sülh müqaviləsi imzalansa, sərhədlər açılsa, diplomatik əlaqələr qurulsa, beynəlxalq hüquqa hörmət olarsa, o zaman iki xalqın dinc yanaşı yaşaması da mümkündür”, – deyə o, “Kavkazski uzel”in müxbirinə bildirib. A.Hacılı qeyd edib ki, hazırda Ermənistanda da  Türkiyə və Azərbaycanla sülh istəyənlərin sayı az deyil. Basta

Estoniyanın müdafiə naziri Kiyevə səfər edib

Estoniya müdafiə naziri Hanno Pevkur Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, o, Kiyevdə ukraynalı həmkarı Oleksey Reznikovla görüşüb. Reznikov bildirib ki, bu, Pevkurun Kiyevə ilk səfəri deyil. Nazir xatırladıb ki, Estoniya ölkənin ÜDM-nin 1 %-dən çoxunu Ukraynaya yardım edib. "155 mm-lik haubitsalar, “Ukrayna üçün 1 milyon 155 mm-lik mərmilər” təşəbbüsü, səhra xəstəxanaları və əsgərlərimizin müalicəsi. Bu, dost Estoniyanın bizim üçün etdiklərinin kiçik siyahısıdır”, - o qeyd edib.

Dini həssaslıq

Xəqani Cəfərli 11 mart 2011-ci ildə Yaponiyanın Hönsü adasının şərq sahillərində 9.1 bal gücündə zəlzələ baş vermişdi və yeraltı təkanlar dənizdə sunami yaratmışdı. Sunami nəticəsində yaranan 36 metr hündürlükdə nəhəng dalğalar 9 metr hndürlükdə dalğaların qarşısını almaq üçün düşünülmüş səddləri aşaraq sahilyanı yaşayış məntələrində dağıntılara səbəb olmuşdu. Nəticədə 19 759 nəfər həlak olmuş, “Fukusima-1” Atom Elektrik Stansiyasında qəza baş vermişdi. “Fukusima-1” AES-də baş verən qəza Bavariya ilə yanaşı Almaniyanın iki dindar əyalətindən biri olan Baden-Vürtemberqdə Xristian Demokrat partiyasının məğlubiyyətinə, Yaşılların qələbəsinə səbəb oldu. Baden-Vürtemberqin dinadar seçiciləri Xristian Demokrat partiyasının enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz edən Yaşılların mövqeyini dəstəkləyərək onları iqtidara gətirdi. Bütün bunlar dünya avtomobil sənayesinin beşiyi hesab olunan, nəhəng maşınqayırma sənayesinə malik əyalətdə baş verdi. “BMW”, “Porsche”, “Daimler-Benz”, “Bosch”, “IBM”, “Sony”, “Mitsubishi” kimi firmaların zavodların yerləşdiyi, nefti emalı, təyyarələr, avtomobillər və avtobusların istehsal olunduğu, poliqrafiya sənayesinin 40 faizinin yerləşdiyi əyalətdə iqtisadiyyat enerjidən asılı olsa da, seçicilər nüvə enerjisindən imtinanı təbliğ edən Yaşıllara səs verdi. Son yüz ildə yalnız 7 baldan yuxarı 20-dən artıq dəhşətli zəlzələnin olduğu Türkiyə başına gələn faciələrdən təəssüf ki, dərs çıxarmır. Bütün çağdaş cəmiyyətlərin təbii fəlakətlərə qarşı hazır olmaq istədiyi bir zamanda Türkiyə toplumunun böyük bir hissəsi başına gələn faciəyə “kader” deyib, dözməyə çalışır. Bu kimi halları tənqid edənləri isə Türkiyənin dini həssaslığını nəzərə almaqdan bəhs edirlər. Toplumlar dini həssaslıqları ilə ağıllarının göstərdiyi yol arasında seçim etməlidir. Doğru seçim edənlər almanlar və yaponlar kimi irəli gedəcəklər. Səhv seçim edən toplumlar Türkiyə kimi ağır itkilər verməyə məhkumdurlar. İlahiyyatçı Hacı Şahin Həsənlinin aşağıdakı fikirləri də alman və yaponların seçiminin ən doğru yol olduğunu təsdiqləir: “İnsan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri ilə formalaşdırır”. Təəssüf ki, nə başqa xalqların keçdikləri inkişaf yolu, nə də Hacı Şahin Həsənli kimi ilahiyyatçıların fikirləri düşüncələri bədəvi ərəb zehniyyəti ilə daşlaşmışları dəyişməyə qadir deyil.

Rusiya parçalansa, postsovet dövlətlərin taleyi... - Putindən ŞOK AÇIQLAMA

“Əgər biz bu yolla getsək (Rusiyanın süqutu və parçalanması), hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin şəkildə, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər”. Publika.az xəbər verir ki, bunu Rusiya pezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib. Onun fikrincə, Qərb dövlətləri Rusiyanı və digər postsovet dövlətlərini “kassifikasiya etmək” niyyətindədirlər. "Rusiya sivil xalqların qondarma ailəsinə qəbul edilə bilər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrıca. Qərb Rusiyanın süqutunu və onun keçmiş hissələri üzərində nəzarəti bərqərar etməyi hədəfləyir. Belə bir ssenaridə rus xalqı indiki formada qorunub saxlanmaya bilər və onun yerinə muskovitlər, urallar və başqaları peyda olacaq”, - Putin qeyd edib. O, əmindir ki, bu, yalnız “bu hissələrin ətrafında sıxışdırıb öz nəzarəti altına almaq” üçün ediləcək. “Rusiya xalqı birləşəndə ​​bizim tayı-bərabərimiz yoxdur. Bu, bizim bütün nailiyyətlərimizin və bütün qələbələrimizin əsas şərtidir”, - Putin vurğulayıb.

Veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib. Sozcu.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirərmiş Q.Əliyev komadan ayımayıb. "Viləş", "Şəmkir", MOİK, "Masallı" komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb. O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçidir. Q.Əliyev 1983- 1985-ci illərdə "Neftçi"nin formasını geyinib. Əliyev "Avtomobilçi" (Bakı) (1976-1981), "SKA Xabarovsk" (1981-1983), "Gənclik" (Bakı) (1985-1986), "Avtomobilçi" (Meingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib. Allah rəhmət eləsin!

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatdı

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Dollar bahalaşdı, Tehran ayağa qalxdı

Dünən gecə saatlarında Tehranın müxtəlif bölgələrində dolların kəskin bahalaşması səbəbilə hökumət əleyhinə etiraz nümayişləri keçirilib. Aktual.az xəbər verir ki, Çitqar, Ekbatan qəsəbəsi, Punək, Firdövs bulvarı, Narmək, Niyavəran, Darabadda keçirilən nümayişlərdə etirazçılar hökumət əleyhinə fikirlər söyləyib, dolların qalxmasına etirazlarını bildiriblər. Əllərində "Bir dollar 56 min tümənə bərabərdir” yazılı plakatlar tutan bəzi etirazçılar dolların və digər valyutaların qiymətinin hər saat artması ilə bağlı "boz təbəqə”nin susmasına etiraz ediblər.

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

Rusiyanın raket hücumlarının tezliyinin azalması, düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidə şiddətli zərbə endirmə taktikası ola bilər. Sozcu.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil. O, bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir: "Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".

Xocalı sakini 31 il əvvəldən danışır: "Gözümün qabağında meyitlər küçələrə səpələnirdi"

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"un Qarabağ bürosuna danışıb. `Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi. "Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı". Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. "Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır". Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmən əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşı oğlu olub. "Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib". 31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü 31 saniyə əvvəl olubmuş kimi xatırlayır. Hazırda onlar o acılı illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər. Xocalılılar doğma yurdlarına tezliklə qayıdacaqlarına inanırlar.

“Çelsi”nin baş məşqçisi bu gün işini itirə bilər

“Çelsi”nin baş məşqçisi Qrem Potter bu gün Premyer Liqanın 25-cü turunda “Tottenhem”lə oyundan sonra istefaya göndərilə bilər. Mənbə iddia edir ki, “Çelsi”nin sahibi Todd Boeli mütəxəssisin gücünə inanır. Lakin “zadəganlar” London derbisində uduzsalar, Qrem Potter qovulacaq. Rəhbərlik bir müddətdir ki, Potterin işindən narazıdır. Qeyd edək ki, “Çelsi” Premyer Liqada 23 matçdan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb.

Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.  "Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. "Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib. Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər. Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.