Rəşad Ergün
“Qarabağ”ın Konfrans Liqasında “Gent”ə uduzaraq mübarizəni dayandrmasından sonra əndazələri, sərhədləri aşan bir məqam diqqətimi çəkdi: “köhlən atlar”ı uğursuz çıxışına görə tənqid edənləri tənqid edənlərin canfəşanlığı, israrı, hirsi-hikkəsi.
Kim deyib ki, “Qarabağ” toxunulmazdır?
Kim deyib ki, jurnalistin işi tənqid etmək yox, tərifləmək, dəstəkləməkdir?
Jurnalist təhlil etməlidir, tənqid etməlidir, sorğulamalıdır! Bu, jurnalistika adlı çətın peşənin Azərbaycan seqmenti üçün özəl deyil, bütün dünyada belədir, belə də olmalıdır.
“Qarabağ”ın rəqabət səviyyəsinin yerlə bir olduğu Azərbaycan Premyer Liqasında mübarizə aparması bizim günahımız deyil. Nə jurnalistlərin, nə azarkeşlərin.
“Qarabağ”ın süni örtüklü meydançalarda, ya da qoyunun belə, otlamağa ot tapa bilməyəcəyi bərbad təbii örtüklü qazonlarda oynamasının günahkarı da jurnalistlər deyil. Heç azarkeşlər də deyil.
“Qarabağ”ı “Gent”ə uduzduğu üçün tənqid edən elə bir jurnalist tanımıram ki, “Xəzər Lənkəran”ın dağılmasında iynənin ucu boyda günahı olsun.
Elə bir jurnalist görməmişəm ki, “MKT-Araz”ın, “Karvan”ın, “Şəmkir”in, “Viləş”ın “rəhmətə getməsində” əli olsun.
Mən heç vaxt hansısa idman jurnalistinin Azərbaycan Premyer Liqasının reqlamentini dəyişdiyini, kefi istəyəndə çempionata 10-12, kefi istəməyəndə 8 komanda buraxdığını nə eşitmiş, nə də görmüşəm.
Mən heç özünə, karyerasına hörmət edən hansısa əcnəbi futbolçuya azərbaycanlı jurnalistlərdən kiminsə mesaj yazıb, zəng edib, “Başın xarabdır? Nə itin azıb Azərbaycanda? Özünə hörmət edirsənsə, bura gəlmə” dediyini də nə görmüşəm, nə eşitmişəm.
Kim Azərbaycan futbolunu, Azərbaycan çempionatını bu günə salıbsa, sözünüzü onlara deyin, onları tənqid edin. “Qarabağ”ın “yandırılmış meşədə ayaq üstə qalan tək ağac” olmasının günahkarı “Gent”ə uduzduğu üçün komandanı tənqid edən jurnalistlər deyil!
Bilirəm, bəzən biz də zaman-zaman “Qarabağ”ın bu çempionatla, bu ölkənin şərtləri ilə avrokuboklarda uğur qazanmasının çətinliyini qabartmışıq. Amma…
Bir daha bu aksiomu xatırladıram: Jurnalistin işi təhlil etmək, sorğulamaq, tənqid etməkdir, çəpik çalmaq, alqışlamaq yox. Azarkeşin işi komandası harda oynayır oynasın, nəticə tələb etməkdir. İstəyir Konfrans Liqasında “Gent”lə oynasın, istəyir stadionunun tribunaları da, özü də qəzalı vəziyyətdə olan “Kəpəz”lə.
Aydındır?
Komanda.az