Fevral ayının 28-də Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahibləri yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.
Nazirlikdə sahibkarları nazir müavini Vüqar Kərimov qəbul edib.
Sahibkarların Sozcu.az saytına verdikləri məlumata görə, görüşdə Vüqar Kərimova bildiriblər ki, onlara məxsus olan iaşə obyektləri dövlət layihəsi əsasında tikilib və Prezident İlham Əliyevin adından onlara təminat verilib ki, layihəni bitirdikdən sonra müqavilə ilə təmin olunacaqlar. Ancaq buna baxmayaraq, dövlət orqanlarının qapılarında qalıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun sahibkarlara köməklik göstəriləcəyini soz verdiyini deyən sahibkarlar qeyd ediblər ki, Vüqar Kərimov bildirib ki, Prezidentin adı olan heç bir işdə onlara problem yaradıla bilməz. Onlara müqavilə ilə təmin olunmaları ilə bağlı köməklik göstəriləcək.
Vüqar Kərimov sahibkarlara əllərində olan sənədləri toplayaraq, yaxın günlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə gəlmələrini bildirib.
Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, iaşə obyektlərini turizim xəttinə uyğun verilən layihəyə ilə yenidən tikmələri tapşırığı verilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin adından sahibkarlara təminat verərək bildirib ki, layihə tikilib təhvil verildikdən sonra, sahibkarlar müqavilə sənədi ilə təmin olunacaqlar.
Sahibkarlar isə bildirirlər ki, layihəni bitirsələr də nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.