İranın Hatəm əl-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri , general-mayor Qulam-Əli Rəşidinin İsraillə əməkdaşlıq edən hər bir ölkəni təhdid etməsi fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyub. Düşmənimizlə kordinasiya və əməkdaşlıq edən bütün mərkəz və bazaları hədəfə alacağıq deyən iranlı generalın sözlərini ciddi qəbul edənlərin sayı az olsa da, cinayətkar Tehran rejimindən hər cür riyakarlıq gözləyənlər kifayət qədərdir. Bəs görəsən İranın bu hədələri nə dərəcədə real ola bilər? İsraillə əməkdaşlıq edən ölkələrə Tehranın təcavüz etməsi mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İran rəsmilərinin bu cür riyakar və həyasız bəyanatları heç bir məntiqə sığmır: “Onlar öz işləri ilə deyil konkret olaraq terrorçuluq və iqtisadi cinayətlərlə məşğuldurlar. Bu cür təhdidlər artıq bizi təəccübləndirmir və buna alışmışıq. Digər tərəfdən İranın İsraillə əməkdaşlıq edən ölkələrə qarşı guya savaş elan etməsi həqiqətə uyğun deyil və riyakarlıqdır. Təbii ki, burada əsas hədəf Azərbaycandır. Əgər İran doğurdan da İsraillə əlaqə saxlayan, orada səfirlik açan və nümayəndəliyi olan ölkələri hədəf seçibsə, o zaman niyə Ermənistana indiyə qədər bu barədə irad bildirməyib. Əksinə Tehran İrəvanı daha çox dəstəkləyib və mehriban münasibətlər qurub. Digər tərəfdən dünyada 200-ə yaxın dövlət mövcuddur və onların mütləq əksəriyyəti İsraillə əməkdaşlıq edir və münasibətlər qurur. Bu baxımdan İran rəsmisinin fikirləri blefdən başqa bir şey deyil. Rəsmi Tehran İsraillə əlaqə quran dövlətlərə qarşı heç vaxt savaş aça bilməz”.
Politoloq əlavə edib ki, İranın təhdidləri hay-küy salmaqdan başqa bir şey deyil və rəsmi Tehran Azərbaycanın güclənməsindən qorxuya düşüb: “Hesab edirəm ki, İran terrorist və cinayətkar rejimin idarə etdiyi bir dövlət olaraq istənilən avantüraya getmək haqda düşünə bilər. Amma bunları gerçəkləşdirmək imkanları kifayət qədər məhduddur. Çünki Tehran Arazdan şimala yan baxmağa cəhd etsə, o zaman başına gələcəklərə görə özü məsuliyyət daşıyacaq. Ən azından bizim 40 minə yaxın soydaşımız fars-molla rejiminin altını-üstünə çevirər, Azərbaycanın güclü ordusu İranın fitnəkarlığına layiqli cavab verər. Digər tərəfdən Türkiyə kimi müttəfiqimiz rejimin cinayətkar əməllərini cavabsız qoymaz. İran bunu yaxşı anlayır. Bu cür riyakar və cinayətkar şəxslər İranda nə qədər ki, hakimiyyətdədir, Tehranın təhdidləri olacaq. Amma fars-molla rejimi heç bir təhdidin cavabsız qalmayacağını anlamalıdır”.