Podolyak: Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu

Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak CNN kanalına bildirib. Podolyakın qeyd edib ki, Ukrayna bu döyüşlər hesabına zaman qazanmalı və Rusiya ordusunu itkilərə məruz qoymalı idi: “Ordu tapşırıqları artıqlaması ilə yerinə yetirdi. Ordumuz bir tərəfdən düşmənin döyüşə hazır əsas hissəsini məhv etmək planını reallaşdırıb, digər tərəfdən isə on minlərlə ukraynalı hərbçinin əks-hücuma hazırlaşmaq üçün təhsil və təlim almasını təmin edib”. Həmçinin bildirilib ki, daha əlverişli mövqelərə çəkilmək qərarı verilsə də, Baxmutun müdafiəsi gələcək qələbənin təməli olacaq.

Bakıda yeniyetmə oğlan itkin düşdü

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Martın 5-də Məmmədov Fərmail Urfan oğlu Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verərək oğlu 2008-ci il təvəllüdlü Məmmədov Urfan evdən çıxaraq geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə güclü külək nəticəsində 92 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib. Küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb. Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımı işlər aparılır. Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşaşayış evinin ümumilikdə 488 kv.metr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kv.metr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağac aşmış nəticədə 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb. Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılmasını istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.

Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı

Rusiya ordusu son sutkada Ukraynada 1060-dan çox hərbçi itirib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 154 830 nəfərə çatıb. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 432 tank, 6714 zirehli maşın, 2095 operativ-taktiki PUA, 488 reaktiv yaylım atəşi sistemi, 2 456 artilleriya sistemi, 253 hava hücumundan müdafiə sistemi, 303 təyyarə, 289 helikopter, 5323 avtomobil və tanker, 236 xüsusi texnikadan ibarətdir.

Bakı sakininin bank hesabından 20 min manat oğurlanıb

Bakıda bank hesabından oğurluq edilib. DİN-dən verilən məlumata görə, Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakı, Sumqayıt və Abşeron üzrə mart ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb - VİDEO

Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Milli Məclisin iclası başlayıb

Bu gün Milli Məclisin növbəti iclası başlayıb. İclasın gündəliyinə 13 məsələ daxil edilib.

Hatayda zəlzələ olub

Türkiyənin Hatay vilayətində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin gücü 4,1 bal gücündə, yerin 7,05 kilometr dərinliyində qeydə alınınb. Yeraltı təkanlar yerli vaxtla saat 01:14-də baş verib.

Nüvə müharibəsi gözlənilir

ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayı məsələsinə yenidən baxmalıdır. Sozcu.az Axar.az - a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. “İndi iki əsas nüvə rəqibi qarşısında ABŞ təcili olaraq döyüş başlıqları və döyüş sursatlarının çatdırılması sistemlərinə dair tələbləri yenidən nəzərdən keçirməlidir. Vaşinqton iki düşmənlə qarşılaşmadan əvvəl nüvə ehtiyatının nə qədər böyük olması ilə bağlı fundamental məsələləri həll etməlidir”, - Bolton bildirib. Onun sözlərinə görə, ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getmə riski var və Vaşinqton bu münaqişədən qalib çıxarsa, bu dəfə Pekinlə dərhal nüvə qarşıdurması ilə üzləşəcək.

CNN: “Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib”

Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib. “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun hərbi nümayəndəsi məlumat verib. Lakin adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir. Eyni zamanda, Hərbi Media Mərkəzinin məlumatına görə, martın 5-də şəhərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski baş çəkib. Onun sözlərinə görə, Baxmut uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb: “Müdafiəçilərimiz düşmənə xeyli ziyan vurub, çoxlu sayda texnikanı məhv edib, “Vaqner”in ən yaxşı hücum bölmələrini döyüşə atmağa məcbur edib və düşmənin hücum potensialını azaldıb”, - Sırski bildirib.

MN: İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingenti yardım göstərməyib

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdu. Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir.

Real Partiyası ləgv oluna bilər

“Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”. Sozcu.az bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bəyan edib. “Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq”-deyə İ.Məmmədov bildirib. REAL sədri partiyaya rəğbəti olanlara müraciət edərək partiyaya üzv yazılmağa çağırıb.  REAL sədrinin bəyanatından belə məlum olur ki, partiya qanunun tələb etdiyi 5 min üzv məsələsində çətinliklə üzləşib.

Zamin Salayevin ürəyində ağrılar baş qaldırıb

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir. “Salayevin səhhəti hədsiz dərəcədə ağırlaşıb. 20 kiloqram arıqlayıb, hərəkəti çətinləşib. Ciddi ürək ağrıları var. O cür qüvvətli, sağlam adam artıq çətinliklə yeriyir. Buna baxmayaraq həkimin xüsusi nəzarəti yoxdur. Dedi ki, həkim çağıranda gah gəlir, gah da gəlmir. O hələ də tibb-sanitar hissəyə köçürülməyib”, martın 6-da Zamin Salayevlə təcridxanada görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib. Vəkil öz adından, AXCP sədri Əli Kərimlinin adından Zamin Salayevdən aclığı dayandırmasını xahiş edib. “O bildirdi ki, aclığı sonadək davam etdirəcək. Ya ədalət bərpa olunaraq həbsdən azad olunacağını, ya da həbsxnadan azad insan kimi son mənzilə gedəcəyini dedi”, vəkil qeyd edib. Vəkil təcridxana əməkdaşlarının qanunsuz olaraq Salayevin qohumları və yaxınları ilə görüşünə imkan yaratmadığını bildirib. “Mən bu gün ombudsmana və prokurorluğa şikayət verəcəm. Çünki istintaq orqanı Salayevin qohumları və yaxınları ilə görüşünə qadağa qoymadığı halda təcridxana rəhbərliyi görüş üçün imkan yaratmır”, o qeyd edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya f'əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb. “Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandırmağa çağırıb. Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. “Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb. Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Şagird dərsə gecikdiyi üçün döşəmə sildi, tualet xəbərdarlığı edildi

Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün cəzalandırılıb. Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. İddia edilir ki, 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib. Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim iddia edib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır. Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır: “İdarənin əməkdaşları məktəbdə olublar. Araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Güclü külək: Daşkəsən elektriksiz qaldı

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür. Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir. Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Müsavat Divanında Qarabağda baş verənlər müzakirə olunub

Martın 6-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etməsinin 68-ci ildönümü ilə bağlı, onun xatirəsi sayğı duruşu ilə anılıb. Partiya başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri ilə keçirdikləri görüş barədə məlumat verib. Qeyd edib ki, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarınln ziyarət olunması barədə məlumat verilib. Divan üzvü Könül All qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Bakı ofisinin təşkil etdiyi tədbirə dəvət alması barədə məlumat verib. Qarabağda son durum, ölkədə və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub

Buraxılış imtahanıyla bağlı DİM-ə İTTİHAM: “Suallar çətin idi”

Dünən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Əlli mindən çox şagird öz biliyini yoxlayıb.  Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia ediblər.  Bu iddia nə dərəcədə əsaslıdır? Doğrudanmı, DİM abituriyentləri çətin suallarla sınağa çəkib?  Təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ötən gün abituriyentlərə vaxt itkisinə səbəb olan suallar ünvanlanıb: “Məsələyə bir neçə istiqamətdən baxmaq olar. Abituriyentlər çox vaxt itirirlər, psixoloji gərginlik yaşayırlar. Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Bu fəndən səhv suallar tərtib olunmuşdu. Riyaziyyat fənninə aid suallarda çətinlik vardı.  Azərbaycan dili fənnindən mətn sualları kifayət qədər geniş idi, oxumaq çox vaxt tələb edirdi.  İnglis dilində dinləmə mətni ilə bağlı problem var idi” - deyə təhsil eksperti imtahanla bağlı fikirlərini bildirib.  Buraxılış imtahanının çətin olduğunu deyən Kamran Əsədov fikrini belə tamamlayıb: “Bu qədər çətin imtahana ehtiyac yoxdur. Çünki, şagirdlərin hamısı ali məktəbə hazırlaşmır, bəziləri kollece qəbul olmaq istəyir, bəziləri isə ancaq attestat almaq fikrindədir. Bunları nəzərə alaraq, buraxılış imtahanlarını asanlaşdırmaq lazımdır ki, hər bir şagird burda nəticə əldə edə bilsin". 

İdman zalında qətl törədən şəxsə 15 il cəza verilib

Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başlayır

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. İstintaqın sonunda Əvəz Zeynallı vəkili, həmçinin bu iş üzrə təqsirləndirilən Elçin Sadıqovun müdafiəsindən imtina edib. Qeyd edək ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.APA

Ukrayna Baxmutla bağlı qərarını verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib. Sozcu.az xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib. Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər. İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.

Akşənər “Altılı masa” ilə bağlı qərarını verdi

15:53 İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Maral Akşənərlə görüş keçirib. Sozcu.az xəbər verir ki, görüş İYİ Partiyasının qərargahında baş tutub. 20 dəqiqlik görüşdən sonra tərəflər mediaya açıqlama verib. Əkrəm İmamoğlu açıqlamasında görüşdən CHP sədri Kamal Kılıçdaroğlunun xəbərinin olduğunu deyib. İYİ Partiyasının sözçüsü Kürşad Zorlu da Maral Akşənərin hər iki bələdiyyə sədrinə Türkiyənin vitse-prezidentləri olmaq təklifini etdiyini bildirib: “Bu təklif sədrimiz tərəfindən Kamal Kılıçdaroğluna da veriləcək”. Zorlu Akşənərin yenidən Millət İttifaqının toplantısına qatılacağının gözlənildiyini deyib. *** İYİ Partiyasının sədri Maral Akşənər “Altılı masa”ya qayıtmaq barədə qərar qəbul edib. Bunu İYİ Partiyasının sözçüsü Kürşad Zorlu deyib. “2 bələdiyyə sədrinin vitse-prezident olması məsələsində Maral Akşənərin təklif irəli sürdüyünü ifadə etmişdik. Kılıçdaroğlu ilə görüş keçirdilər. Akşənər Səadət Partiyasının qərargahında keçiriləcək toplantıya qatılmaq qərarını verdi”, - Zorlu bildirib.

İlham Əliyev Klaarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladı və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğuladı. Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd etdi və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini dedi. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.