“İstənilən silah bizim üçün narahatlıqdır və onun böyük-kiçikliyi yoxdur”.
Bu sözləri Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Fransa və Hindistandan Ermənistana göndərilən silahların Azərbaycan üçün potensial təhlükələri barədə danışıb:
“Düşünmürəm ki, Ermənistan o silahlardan sabah bizə qarşı istifadə edəcək. Çünki o silahların işlək vəziyyətə gətirilməsi üçün Ermənistana müəyyən müddət lazım olacaq. Yəni kadrlar hazırlamalı, mütəxəssislər o silahı poliqonlarda istifadə etməlidir ki, deyə bilək, bu silahları erməni hərbçiləri artıq rahat şəkildə istifadə edə bilərlər”.
Ü. Cəfərovun sözlərinə görə, Ermənistanı faktiki olaraq Azərbaycana qarşı kökləyirlər:
“İrəvanın havadarları onu revanşist addım atmağa məcbur edəcəklər. Ermənistan mütləq buna gedəcək, çünki həmişə böyük dövlətlərin aləti olub. Bunu nəzərə almalıyıq.
Doğrudur, həmin silahlar müəyyən təhlükə yaradır, amma bunun faciəvi bir durum olduğunu hesab etmirəm. Çünki müəyyən addımlarımız var. Amma Fransa və Hindistandan alınan silah-sursat bizim üçün müəyyən qədər çətinliklər yarada bilər.
Yəqin ki, Azərbaycanın hərbi rəhbərliyi bu barədə götür-qoy edib. Gürcüstanda aparılan müzakirələrdə yəqin ki, bu məsələ əsas mövzu olub. Lakin Ermənistanın bir neçə il sonra Azərbaycana əzələ nümayiş etdirməsi labüddür. Mənə elə gəlir ki, İrəvana verilən silah-sursat onları şirnikləndirəcək”.