BMT-nin Baş katibi: İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var

BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq mina xəbərdarlığı və mina fəaliyyətinə yardım günü ilə bağlı müraciət ünvanlayıb. BMT-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, müraciətdə deyilir: "Silahlı münaqişələrin tüğyan etdiyi ərazilərdə yaşayan milyonlarla insan, xüsusilə də qadın və uşaqlar üçün atılan hər addım təhlükəli ola bilər. Döyüşlərin bitməsindən sonra belə münaqişələrin qorxulu mirası qalır – insanların yaşadığı yerləri çirkləndirmiş mina və partlayıcı sursatlar. Sülhün əldə olunması heç bir təhlükəsizlik təminatı vermir - əgər yollar və əkin sahələri minalanıbsa, partlamamış hərbi sursatlar köçkünlərin geri qayıtmasına təhlükə törədirsə və uşaqların yerdə tapıb oynadığı parlaq cisimlər partlayırsa. BMT-nin Minalardan Təmizləmə Xidməti bu ölümcül silahları aradan qaldırmaq, milli hökumətləri dəstəkləmək, habelə evlərə, məktəblərə, xəstəxanalara və tarlalara təhlükəsiz çıxışı təmin etmək üçün tərəfdaşları bir araya toplayır. Bu Xidmət həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün layihələndirilməsini və Ukrayna limanlarından taxıl və gübrənin təhlükəsiz ixracını dəstəkləyib. Bununla belə, insanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var. Mən üzv dövlətləri Piyada əleyhinə minaların qadağan olunması konvensiyasını, Kasset tipli sursatlara dair konvensiyanı və Müəyyən adi silahlar haqqında konvensiyanı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram. Gəlin bu beynəlxalq gündə ölümcül silahların törətdiyi təhlükəyə son qoymaq üçün birgə hərəkətə keçək, icmaları bərpa prosesində dəstəkləyək, insanların dinc və təhlükəsizlik şəraitdə yurdlarına qayıtmasına və həyatlarını yenidən qurmasına kömək edək".

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib, 11 nəfər ölüb

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan(botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni isə həşarat sancıb. Zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizimdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 9-u kişi, 2-si qadındır.

Nigar Əhmədovaya yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb. Sozcu.az  xəbər verir ki, o, bundan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək. N.Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb. N.Əhmədova vaxtilə bir sıra aparıcı media qurumlarında çalışıb, 2019-cu ildən isə nazirliyin komandasına qoşulub.

Parisdə artıq 2 Eyfel var

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsi artıq bir deyil, ikidir. Sozcu.az musavat.com-a istinadən bildirir ki,şəhərdə qüllənin 1/10 ölçüsündə, bənzər daha bir Eyfel qülləsi inşa edilib. Qüllələr arasında məsafə isə 200 metrdir. Eifela adlanan balaca qüllənin boyu 32 metr, çəkisi isə 23 tondur. Filipp Maindron tərəfindən inşa edən balaca Eyfelin 10 aprelə qədər nümayiş etdiriləcəyi bildirib.

A vitamini çatışmazlığı nələrə səbəb olur?

Vitamin çatışmazlığı orqanizmdə bir çox xəstəliklərə səbəb olur. B12 çatışmazlığı anemiyaya, D vitamini çatışmazlığı yorğunluğa və daimi zəifliyə səbəb ola bilər. Fiziki və ruhi sağlamlığı qorumaq üçün vitaminləri düzgün və uyğun miqdarda qəbul etmək vacibdir.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bədənin bütün orqan və sistemlərinə təsir edən vitaminlərin qeyri-kafi qəbulu müxtəlif əks-təsirlərə səbəb olur. Vitamin çatışmazlığı yaşamamaq üçün balanslı qidalanmalı, tərəvəz və meyvələrə üstünlük verilməlidir.  A vitamininin qəbulu vacibdir. A vitaminin çatışmazlığı mütəlif xəstəliklər xəstəliklərin yaranmasına səbəb ola bilər. 1. Görmə pozğunluqları baş verir. 2. Dərini qurudur, saç və dırnaqların qırılması baş verir. 3. İnfeksiyalara qarşı müqavimət azalır və yorğunluq yaranır. 4. Dodaqlarda yaralar və dildə qızartılar yaradır. Hər gün tərəvəz və meyvə yemək kifayət qədər A vitamini almağa kömək edir. Bəs, lazım olduğundan artıq qəbul edilərsə, orqanizmdə nə baş verər? 1. Qaraciyərin böyüməsi, 2. Dəridə soyulma, 3. Sinir sistemində pozğunluqlar, 4. Ovucda və ayaq altlarında rəng dəyişikliyi, 5. Ürək bulanması

Zidan gəlsə, Neymar gedəcək

Fransız mütəxəssis Zinəddin Zidan PSJ-yə baş məşqçilik etməsi ehtimalı daha da artıb.  Sozcu.az xəbər verir ki, bu barədə "Mundo Dpoertivo" məlumat yayıb. 50 yaşlı fransalı məşqçiliyə PSJ-də qayıtmaq niyyətindədir. Belə olan halda Paris klubu futbolçusu Neymarla yolları ayıracaq. Bu məsələnin səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Zidan əvvəllər Fransa millisinə baş məşqçilik etmək istəyirdi. Lakin yerli federasiya hazırkı baş məşqçi Didye Deşamla müqaviləni uzatmağa qərar verib.

Ermənistan buna son qoymalıdır! - XİN

30 il ərzində erməni işğalı zamanı 3345 azərbaycanlı, o cümlədən 357 uşaq mina qurbanı olub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb. O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə şikəst olub: “Ermənistan mina təhdidlərinə son qoymalıdır”

Neftin qiyməti 85 dolları keçdi

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 85,31 dollara, yüngül neftin bir barreli isə 80,80 dollara təklif edilir.

Ermənistanın məsuliyyətə cəlb edilməsi... - XİN

Beynəlxalq Mina Maarifləndirilməsi Günü ayrı-seçkilik olmadan minaları yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitterdə paylaşım edib. Bildirilib ki, minaların yaratdığı insan tələfatına son qoyulmalıdır. Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Demet Akalın Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıda konsert verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert iyulun 2-i Bakı Konqres Mərkəzində baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 20, maksimum isə 250 manatdır.

Təbriz konsulluğumuza qarşı “xəbərdarlıq” edildi

Təbrizdəki Baş konsulluğumuza qarşı təhlükənin olduğu haqda yazmışdıq: keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı “Hüseyniyyun” terror qruplaşmasının addımı İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır. Burada iki məqam xüsusilə diqqət çəkir: Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”; İkincisi, İran mediasının qruplaşmanın “etiraz aksiyası”nı “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir. Tehran rejimi konsulluğumuzu “MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi “Təbriz gənclərinin “MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər.

İsrail Fransa ilə İrana qarşı birgə hərəkət edəcək

İsrail İranın bölgə və dünyanı təhdid edən nüvə proqramına qarşı Fransa ilə kordinasiyalı şəkildə mübarizə aparacaq. Sozcu.az xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen Çexiyaya səfəri öncəsi mediaya verdiyi açıqlamada bildirib. “Qərb ölkələrinin koordinasiyalı şəkildə qəti və sürətli addımları, ciddi sanksiyalar İran hökumətinin siyasətində dəyişikliklərə səbəb ola bilər”, -nazir vurğulayıb. Kohen, həmçinin, qeyd edib ki, o, ABŞ, Fransa, Almaniya və İngiltərədən olan həmkarları ilə birgə MAQATE-ni iyunda keçiriləcək iclasda İrana qarşı təcili addımlar atmağa sövq etmək üçün məsləhətləşmələr aparıb.

Zelenski Moskvanın BMT TŞ-dəki “kreslosunun” arxasında gizlənə bilməyəcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin BMT Təhlükəsizlik Şurasındakı "kreslosu" və ya qaz borularınn arxasında gizlənə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moskva bütün cinayət əməllərinə görə məsuliyyətə cəlb olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri ənənəvi axşam videomüraciətində danışıb. “Kreml BMT Təhlükəsizlik Şurasında kreslo, qaz boruları və ya başqa bir şeyin arxasında gizlənə bilməyəcək. Ukrayna torpaqlarında törədilən hər bir Rusiya cinayətinə görə, şübhəsiz ki, qanuni və ədalətli şəkildə məsuliyyətə cəlb olunacaq”, - Ukraynanın ali baş komandanı deyib. Siyasətçi Rusiyanın həm Beynəlxalq Cinayət Məhkəməsində, həm də Ukrayna məhkəmələrində məsuliyyətə cəlb olunacağını diqqətə çatdırıb.

Ukraynaya 70 milyardlıq silah göndərilib - NATO

Son bir ildə Qərb müttəfiqləri Ukraynaya 70 milyard dollardan çox həcmdə hərbi yardım göndəriblər. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində deyib. “Putinin sülhə hazırlaşması ilə bağlı heç bir əlamət yoxdur. O, yeni müharibəyə hazırlaşır”, - deyə alyans rəhbəri bildirib.

Rusiyada naməlum PUA komissarlığa zərbə endirdi

Rusiyanın Bryansk vilayətində naməlum PUA hərbi komissarlığa zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib. O bildirib ki, Sevsk rayonunda baş verən hadisə zamanı komissarlığın yerləşdiyi bina zərər görüb, xəsarət alan yoxdur.

Fəhlələri daşıyan maşın aşdı - 5 ölü

Türkiyədə fəhlələri daşıyan maşın aşıb. Hadisə zamanı 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Hadisə Karamanda dağ yolunda baş verib. Cip model maşın Aybastı kəndi yaxınlığındakı ərazidə idarəetməni itirib. Qəza yerinə xilasedicilər cəlb edilib.

Sabah Tramp Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsini tərk edərək məhkəməsinin keçiriləcəyi Nyu-Yorka yola düşüb. Bu barədə MSNBC məlumat yayıb. Məlumata görə, Onun məhkəmədə çıxışı aprelin 4-də saat 22:15-ə təyin edilib. Qeyd edək ki, Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Belə ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər. Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair "sükut" üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.

Ukraynalılar Baxmut uğrunda inadla döyüşür - Kirbi

Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, - deyə o bildirib.

ABŞ SEPAH-a görə aviadaşıyıcını Suriya sahilinə gətirdi

Suriyada ABŞ hərbi bazasına hücumdan sonra bu ölkənin sahillərinə “USS Corc H. W. Buş” aviadaşıyıcı gəmisi göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqx deyib. “Biz SEPAH-la əlaqəli qruplaşmaların Suriyada hərbçilərimizə hücumlarının artdığını müşahidə edirik və buna görə də ehtiyat tədbiri olaraq aviadaşıyıcının yerini dəyişdirdik ki, o, bir az yaxın olsun. Lakin o, əvvəlki kimi Avropa komandanlığının sərəncamındadır”, - deyə o bildirib.

"Cəsus şəbəkəsi ifşa olunarkən günahsız insanların saxlanmasına rəvac verilməməlidir" - Müsavat Partiyası

Aprelin 3-də  Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəylinin Gürcüstana səfəri və beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. Sonra təşkilati məsələlər müzakirə olunub. İclasda Azərbaycandakı ictimai siyasi vəziyyət müzakirə olunub. Qeyd edilib ki, xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı cəsus şəbəkəsinin ifşa olunaraq zərərsizləşdirilməsi hüquq-mühafizə orqanlarının görəvidir. Eyni zamanda həyata keçirilən hər bir həbs əsaslı və qanuni olmalı, günahsız insanların saxlanmasına rəvac verilməməlidir. Qarabağda son durum, Ukraynada vəziyyət bə digər proseslər haqda fikir mübadiləsi aparılıb. Siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili təklif edilib. Sonda cari məsələlər müzakirə olunub.

"Mən Putinə ömrünün qalan hissəsini zirzəmidə, ayaqyolu yerinə vedrə ilə keçirməyi arzulayıram"

"Bu kəndin sakinləri əzablardan, işgəncələrdən, müsibətlərdən keçib..." Zelenski yüksək vəzifəli almanların yanından Putinə ekstravaqant arzusunu çatdırıb... Ukrayna prezidenti Vladimir Zelenski Çerniqov vilayətinin Yaqodnoye kəndini ziyarət edib. Ötən il rusiyalı hərbçilər orada təxminən 370 yerli sakini, demək olar ki, bir ay müddətində zirzəmidə saxlayıb.  Sozcu.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, Zelenski ilə bərabər Almaniyanın Ukraynadakı səfiri Anka Feldquzen, prezident Ofisinin rəhbəri Andrey Yermak və bu gün Kiyevə səfərə gələn Almaniyanın vitse-kansleri Robert Xabek də ziyarət edib. "Yerli sakinlər, həm böyüklər, həm də uşaqlar burada işgəncələrə məruz qalıb. Mən onlara çox minnətdaram ki, sağ qalıb, döyüşçülərimizi gözləyib. Onlar Rusiyanın, rusiyalı hərbçilərin öz rəhbərlikləri və öz prezidentləri ilə birgə törərdikləri faciəni bütün dünyaya danışıblar", - Zelenski deyib və qeyd edib ki, Yaqodnoye kəndinin sakinləri əzablardan, işgəncələrdən, qeyri-insani münasibətlərdən keçib. "Burada tərəfdaşlarımızın bizimlə birgə olması və bunların hamısını görməsi çox vacibdir. Belə zirzəmilərdə baş verənləri görmək, bunu anlamaq və Ukraynaya yardım etmək üçün çox vacibdir", - Zelenski əlavə edib. O, Rusiya prezidenti Vladimir Putinə bir il öncə işğal zamanı Ukraynanın bu kəndinin sakinlərinin yaşadıqlarını yaşamağı arzu edib. "Bir şeyi əlavə edə bilərəm: bütün bunları Rusiya prezidentinə arzu edirəm- öz həyatının qalan hissəsini zirzəmidə, ayaqyolu əvəzinə vedrə ilə keçirsin", - Zelenski deyib. 2022-ci ilin martın 3-də Rusiya qoşunları Çerniqov vilayətinin Yaqodnoye kəndinə daxil olub. Onlar sakinləri öz evlərindən qovaraq məktəbin zirzəmisinə salıb.  Ümumilikdə, rusiyalı hərbçilər sahəsi 197 kv metr olan zirzəmidə 367 nəfər, o cümlədən 50 uşaq və körpəni, - ən balacası ayyarımlıq olub, - bu zirzəmidə saxlayıb.  Kəndin 11 sakini qeyri-insani şəraitə tab gətirməyərək, dünyasını dəyişib, daha 10 nəfərini rusiyalılar güllələyib. 2022-ci ilin iyununda Ukrayna Prokurorluğu Rusiya Silahlı Qüvvələrinin səkkiz hərbi qulluqçusunu Yaqodnoye kəndində mülki insanların ölümündə şübhəli bilib. Həmin ilin yanvar ayında daha iki rusiyalı hərbçisinin şübhəli bilinməsi barədə məlumat verilib. Bu gün isə Zelenski özünün "Telegram-kanal"ında Çerniqov vilayətində çəkilən dəhşətli fotoşəkilləri dərc edib." "Rusiyalılar haraya daxil olubsa, oraya müsibət və əzab gətirib. İşğala məruz qalan yerlərdə insanları şıkəst edib və güllələyib. Şəhər və kəndləri məhv edib. İşğalçı bütün bunlara görə tam məsuliyyət daşımalıdır", - Zelenski deyib.

Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

“Dinc insanları öldürən və şikəst edən minaları basdıranlar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır”. Bunu Beynəlxalq Diplomatiya və Dialoq Şurasının direktoru, fransalı politoloq Erik Qozlan deyib. Onun sözlərinə görə, minalar mövcud olan ən “çirkli” silahdır. “Təəssüf ki, getdikcə daha tez-tez münaqişələrdə qurbanları dinc sakinlər olan mina basdırılması kimi hallara şahidlik edirik. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır”, - o bildirib. E.Qozlanın fikrincə, ölkələr münaqişənin mahiyyətini unutmalıdırlar, çünki bir müddət sonra münaqişələrin və müharibələrin əsas qurbanları günahsız insanlar, müharibələrin baş verməsinə görə məsuliyyət daşımayan uşaqlardır. “Düşünürəm ki, mina xəritələrinin mübadiləsi üzrə danışıqlar atəşkəsdən və münaqişə başa çatdıqdan sonra ölkələrin etməli olduğu ilk işdir”, - politoloq fikrini yekunlaşdırıb. Xatırladaq ki, 4 aprel Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bu yana 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həlak olub.

Fazil Mustafaya hücum edən şəxs görün kim imiş - Yeni detal

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov da var. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Aztəminatlı şəxslərin pullarını mənimsədilər: 823 min manat…

Sosial təminat və məşğulluq məsələləri adı ilə aztəminatlı şəxslərin pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Bəşir Xəlilovun Ülviyyə Əsədova, Seyidağa İsayev və Şöhrət Nağıyevlə qabaqcadan əlbir olaraq Bakı şəhəri və regionlarda yaşayan aztəminatlı şəxslərə müxtəlif dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları vasitəsilə əmək pensiyalarını təyin, əlilliyə görə dayandırılmış müavinətləri isə bərpa etmə və digər imkanları barədə yalan vədlər verərək onlara məxsus pul vəsaitlərini ələ keçirmələri, eləcə də bu əməlləri ilə vətəndaşları rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib. İbtidai istintaq zamanı toplanmış sübutlar əsasında vətəndaşlara Bəşir Xəlilov tərəfindən 379 min manatdan, Ülviyyə Əsədova tərəfindən 328 min manatdan, Seyidağa İsayev tərəfindən 64 min manatdan və Şöhrət Nağıyev tərəfindən 52 min manatdan artıq maddi ziyan vurulması təsdiq olunub. Qeyd edilən şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 32.4, 312.2, (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vətəndaşı rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.3.2 (qabaqcadan əlbir olan şəxs tərəfindən təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.