Bəzi ilkin əlamətlər göstərir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər.
Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz bəzi ilkin əlamətlər müşahidə etdik ki, bunlar həmin təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulması ehtimalını göstərir. Bu hadisənin araşdırılması ilə bağlı Azərbaycan və Qazaxıstana kömək təklif etmişik", – deyə Con Kirbi bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.