Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq.
Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var.
"Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər.
"Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var.
Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır.
Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.)
Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...)
Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı.
Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s...
Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir.
Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.)
Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır.
Şahin Cəfərli, politoloq