"İlk dəfə deyil ki, Ermənistan idman, mədəniyyət proseslərini siyasi məqsədlərlə istismar edir. Biz müxtəlif illərdə bu cür situasiyaların şahidi olmuşuq".
Bu sözləri politoloq Yeganə Hacıyeva İrəvanda Azərbaycan bayrağının yandırılması hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, yandırılan Azərbaycan bayrağının dərhal alışması onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış təxribatdır: "Məlum məsələdir ki, bayraq həmən alışıb, yana bilməzdi. Bayrağın tez alovlanması sübut edir ki, onun tez alışması üçün xüsusi yağ maddələrindən istifadə olunub. Yəni, bu, xüsusi planlaşdırılmış təxribat idi".
"Azərbaycan hansı addımlar atmalıdır?" sualına politoloq bu cür cavab verdi: "Azərbaycan artıq addımlar atır. Zatən idmançılarımızın orada təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var idi və indi bu narahatlıqlardan biri özünü artıq doğruldur, indi idmançılarımızın oradan sağ-salamat geri dönməsi, bir sözlə, təhlükəsizlik məsələləri sual doğurub, telefonlarına zəng çatmır və sairə.
Ermənistan son günlərdə bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törətməkdədir. Əsgərlərimizə işgəncə verilir, daha sonra bayrağımız yandırılır. Azərbaycan bütün bu təxribatları dünyanın diqqətinə çatdırmalı, Ermənistanın əsl simasını göstərməlidir. Bunun üzərindən həm yerli, həm də beynəlxalq, regional səviyyədə kampaniya aparmalı, bu məsələnin izini biraxmamalı və bu istiqamətdə işlər həyata keçirməliyik. Bu cür təxribatları törətdiklərinə görə Ermənistanı peşman etdirməliyik".