Rusiya Ukraynada NƏ QƏDƏR texnika itirdi? - dəhşətli statistika

Rusiya ordusunun Ukraynadakı itkiləri 10 min texnikanı ötüb. Rusiyanın Ukraynada işğalçı hərəkata başladığı gündən bu yana tankların 2/3-i və piyada döyüş maşınlarının demək olar ki, yarısı məhv edilib, zədələnib və ya ələ keçirilib.

Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Oryx mərkəzi məlumat yayıb.

Gələn informasiyalara əsasən, 414 günlük müharibədə Rusiya ordusu 10014 ədəd müxtəlif hərbi texnika itirib. Buraya Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilmiş, zədələnmiş, tərk edilmiş və əsir götürülmüş (və foto və ya videoda çəkilmiş) texnika da daxildir.

Rus ordusu ən çox itkiləri tanklarda (1908 ədəd) və piyada döyüş maşınlarında (2288 ədəd) verib. Bu, 2022-ci ilin fevralında işğal başlamazdan əvvəl Rusiyanın Quru qoşunlarında xidmətdə olan tankların sayının 65%-ni və piyada döyüş maşınlarının sayının 44%-ni təşkil edir (anbarda olan maşınlar istisna olmaqla).

2023-cü ilin martında Ukraynanın Forbes jurnalı Rusiyanın itirdiyi avadanlıqların ümumi dəyərini 25 milyard dollar qiymətləndirib. Bu, 2 trilyon rubldan çox və ya Rusiya Federasiyasının 2023-cü il federal büdcəsinin bütün xərclərinin təxminən 7% -ni təşkil edir.

Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin 2023-cü ildə 1500 tank istehsal edəcəyinə söz verib.

Hərbi ekspert Roman Svitan bu rəqəmi tamamilə qeyri-real adlandırıb: “Hələ sanksiyalardan əvvəl Rusiya müdafiə sənayesi ildə 200-ə yaxın (ayda 16-17) tank istehsal edirdi. İndi müəssisələrin 3 növbəli iş rejiminə keçidini nəzərə alaraq, onlar ayda cəmi 20 yeni tank istehsal edə, 30-a yaxın texnikanı anbardan gətirib yeniləyə bilərlər. Yeni fabriklər tikmədən bu rəqəmi artırmaq mümkün deyil, çünki buna illər lazımdır”,-deyə o, bildirib.

Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri Qərbin raket əleyhinə sistemləri (Javelin, TOW) sayəsində zirehli texnikanı Rusiyanın istehsal edə bildiyindən daha tez məhv edir.

Share on Facebook