Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - IV hissə

Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alması və həmin dönəm fəaliyyəti

Anadan olmasının 150 illiyinə həsr olunur

                    IV hissə

Transqafqaziyanın dağılmasından sonra azərbaycanlıların üz-üzə qaldığı məsələlər erməni və Gürcüstandakılardan olduqca fərqli idi. Azərbaycanlılara görə Türkiyə bir düşmən deyil, ancaq bir müttəfiq idi. 28 mayda Tiflisdə Seyimin azərbaycanlı üzvüləri və Müsəlman Milli Şurasının üzvüləri Azərbaycanın istiqlaliyyətini elan etdilər. Fətəli Xan Xoylu Baş nazir seçildi(2, 151).     Həmin günü Fətəli Xan Xoylu rəhbərlik edəcəyi hökümətin tərkibini elan etdi və həmin hökümətdə Xəlil bəy Xasməmmədli Ədliyyə naziri vəzifəsini tutdu. İyun böhranına qədər Xəlil bəy həmin vəzifəni icra etmişdi.     İyun böhranı zamanı birinci hökümət kabinəsi fəaliyyətini dayandırdı. İyunun 17-də axşam F.X.Xoylunun rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldı. İkinci kabinədə Xəlil bəy portfelsiz nazir vəzifəsi tutmuşdu.      İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən - M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə, Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət Dağlılar respublikası ilə münasibətlərə də aid idi(1, 92).     İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq"(1, 94).     1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəliklər Sultanın qəbuluna dəvət edilmişdilər. Lakin Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədli və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi ki, "sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə kimi qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzu edirəm". Bu qəbul barəsində Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"(1, 130-131).     Oktyabr ayının axırlarında İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndələri, Mərkəz ölkələri tərəfindən respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdılar. Sonuncu olaraq noyabr ayının 1-də X.Xasməmmədli İstanbuldan Bakıya yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədlinin və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı(1, 152).     X.Xasməmmədli  İstanbuldan döndükdən sonra 1918-ci il oktyabrın 6-da aparılan kabinədaxili dəyişikliklərdən sonra X.Xasməmmədli yollar naziri təyin edilmişdi. Fətəli Xan Xoylunun rəhbərlik etdiyi 3-cü hökumət kabinəsində (26.12.1918 – 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etməyə başlayır.  Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etdi. Azərbaycan Cümhuriyyəti dönəmində Daxili İşlər orqanlarının təkmilləşdirilməsi, kadr potensialının artırılması, polis orqanları ilə bağlı hüquqi bazanın dahada inkişafı Xəlil bəy Xasməmmədlinin adı ilə bağlıdır.     X.Xasməmmədlinin nazirliyi dövründə onun əmri ilə 14 fevral 1919-cu ildə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin Təftiş İstintaq Komissiyası yaradılmışdı. Onun təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təşkili haqqında” qanun layihəsinə baxmışdı. (Parlamenti Mühafizə Dəstəsi sonra alaya çevrilmişdi)(4, 107).     X. Xasməmmədlinin başçılıq etdiyi Daxili İşlər Nazirliyi öz fəaliyyətində Milli Ordu ilə qarşılıqlı fəaliyyət göstərirdi. Bunu Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi məlumatlardan da bilmək olar. X.Xasməmmədlinin nazirliyi zamanı Daxili İşlər Nazirliyinin məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisinin sayı rəsmən 9661 nəfərə çatmışdı. Bundan 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keşikçilər 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi(7, 47). Həmin vaxtdan əvvəllər ləğv edilmiş Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-muşdu. Bu qurum birbaşa Azərbaycan DİN-ə tabe idi. 3-5 yanvar 1919-cu i il Bakıdakı Böyük Britaniya Müvəqqəti Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DİN-in birgə əməliyyatları nəticəsində milli hökumətimizə qarşı yönəlmiş İrandakı sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin üstü açılmışdı(4, 108).     Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabineti zamanı daxili işlər naziri işləmiş X. Xasməmmədli yorulmaz və barışmaz şəxsiyyət olmuşdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və bunu tabeliyində olanlardan da tələb edirdi. Onun ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahəsində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi. Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniş iclasında çıxış edən daxili işlər naziri X. Xasməmmədov demişdi: - ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iştirakına da aiddir”. Xəlil bəy Parlamentdəki həmin çıxışında Quba, Göyçay, Gəncə və bəzi başqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə yanaşı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yollarından da bəhs etmişdi. Nazir Qazax qəzasında polisin istintaq orqanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını bildirmiş, həmçinin Ağstafa stansiyası vasitəsilə qonşu Gürcüstan və Ermənistana daşınıb 1 pudunun 20 manata satıldığı neft alverindən bəhs edib bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə çatdırmışdı.     18 yanvar 1919-cu il Bakıdakı müttəfiq dövlətlərin müvəqqəti Polis Komissarlığının razılığı və təşəbbüsü ilə Bakı Polismeysterliyinin yeni ştatlar üzrə Xəfiyyə Polisi təsis olunmuşdu. Bu vaxtadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin edilmişdi. Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X. Xasməmmədlinin əmri ilə mərkəzi Şuşa şəhəri olan, tərkibinə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının daxil olduğu Qarabağ General-Qubernatorluğu təsis edilmişdi. Gəncə quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-da Xosrov bəy Sultanov təyin edilmişdir.     Xəlil bəy Xasməmmədli Daxili İşlər nazirliyinin rəhbəri olarkən bolşevizmə, onun təbliğatına qarşı ciddi işlər görürdü. Onun bolşevizmə qarşı mövqeyi birmənalı idi. Milli hökümətimiz qurulmamışdan əvvəl belə Gəncədə İctimai Təşkilatların İcrayə Komitəsinin rəhbəri olarkən o açıq şəkildə bolşevizmə qarşı mübarizə elan etmişdi.     Daxili İşlər naziri olarkən 8 aprel 1919-cu ildə general-qubernator doktor X. Sultanova “ N.Nərimanovun Azərbaycan ordusunda bolşevizmin təbliğatını apardığına görə həbs edilməsi barədə” sərancamgöndərmişdi. Həmin sərəncamda yazılmışdı: “Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət”dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə catmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədli”(6, 224).     Xəlil bəy Xasməmmədli tutduğu bütün postlarda hüququn aliliyi prinsipini qorumağa, dövlətin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün gücü və enerjisini səfərbər etmişdi.      Gəncə qubernatoru polkovnik İ.Vəkilov 1919-cu ill martında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi raportda bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi “fitnə-fəsadlar” aşkar edilmişdir.Yerli bolşeviklərlə birləşən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.     1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli Ordunun paradı keçirilmişdi. Respublika hərbi naziri, tam artillerya generalı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içərisində X. Xasməmmədlidə var idi) paradda iştirak etmək üçün Gəncəyə gəlmişdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili İşlər Nazirliyinin vəzifə daşıyan yüksək rütbəli məmuru qubernator, polkovnik İ.Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Bununla bərabər, daxili işlər naziri X. Xasməmmədlinin verdiyi təqdimatlar və Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər nümunəvi xidmətinə görə İbrahim ağa Paşa oğlu Vəkilova general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan Xoyluya isə polkovnik rütbəsi verilmişdi(4, 115).     Xəlil bəy Xasməmmədli 1919-cu ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi ilk hökümət kabinetində qısamüddətli Daxili İşlər naziri çalışır. Həmçinin Nəsib bəyin rəhbərlik etdiyi sonuncu, 5-ci kabinədə o Ədliyyə naziri olur. Ümumilikdə götürdükdə Azərbaycan Cümhuriyyətinin hüquq, ədliyyə və polis sisteminin qurulmasının ağırlığı Xəlil bəy Xasməmmədlinin üzərində olub. Hüquq sahəsindəki savadı, işin praktiki tərəfini mükəmməl bilməsi bütün bu məsuliyyətləri ona tərəf yönləndirib. Dövlət Dumaları və Seym zamanı qazandığı təcrübə ona bu işlərdə geniş imkanlar yaratmışdı.     Tadeuş Svyataxovki Xəlil bəy Xasməmmədli haqqında bildirirdi ki, o çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşunas kimi ona verilirdi.     O öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökümət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə : “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılmasıda Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri Xəlil bəyin böyük qardaşı Ələkbər bəy Xasməmmədli təyin edilmişdir(3, 190). Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə o bu vəzifəyə təyin edilmişdi. O həmçinin Mülki departamentə rəhbərlik edir. Ələkbər bəy Xasməmmədli gələcək fəaliyyətlərində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfindən işlənib hazırlanmış prinsipləri rəhbər tutcaqlarını, ədalət mühakiməsini qorxuya görə deyil, vicdana görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və ədalətə riayət edəcəklərini bəyan edir (5, 49-50).     1920-ci ilin aprel ayında Xəlil bəy Xasməmmədli Azərbaycan Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edilir. Həmin ilin apreli Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son ayı idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilir. Bu xəbəri Xəlil bəy İstanbuldan eşidir. Bu xəbər onun üçün çox ağır və məyyusedici idi.     Həmin xəbərdən sonra bir çox silahdaşlarının - F. Xoylunun, H.Ağayevin, M.Vəkilovun, Ş. Rüstəmbəylinin və başqalarının o zaman Tiflisə gələrək orada yaşadıqlarını bilən Xəlil bəy də bu şəhərə gəlmiş, bir müddət orada yaşamışdı. Lakin duyurdu ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurtara bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan hökumətinin sabiq baş naziri və daxili işlər naziri Fətəli xan Xoylunun muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil bəy erməni terrorçusu ilə atışmada özü də yaralanmışdı. Xəlil bəy boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmişdi) daha Tiflisdə qalmayıb Türkiyəyə, İstanbula mühacirət etmiş və ömrünün sonunadək orada yaşamışdı.(4, 120). Fətəli Xanın qətlinin və Xəlil bəyin vurulmasının bilavasitə icraçıları erməni daşnakları olsada, polkovnik-leytenant Korbelin fikrincə bu cinayətin arxasında Azərbaycanda üsyançı hərakatı başsız qoymağa ümid edən bolşeviklər durmuşdu(3, 50).

1. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009

 2. Firuz Kazımzadeh “TRANSKAFKASYA İÇİN MÜCADELE (1917-1921) Türkiye-İngiltere-Rusya, İstanbul, 2016

3. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015

4.  Iltifat Şahevən(Əliyarlı), Tahir Behbudov – “İstiqlal fədailəri- Azərbaycan Xalq Cümhuriyyətinin  Daxili İşlər Nazirləri və silahdaşları (1918-1920), Bakı, 2013.

5. Mehman Dəmirov “Azərbaycan prokrorluğu- tarix və müasirlik”, Bakı, 1997

6. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018.

7. İltifat Əliyarlı- Şahsevənli “ Azərbaycan polisinin yaranması və təşəkkül tarixindən”, Bakı, 2018.

Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Share on Facebook