Ruslar panikaya düşdü, ərazini minalamağa başladılar

Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar panikaya düşür və buna hazırlaşmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Dmitraşkovski deyib. Polkovnik rusların xüsusilə cəbhənin iki istiqamətində təşvişə düşdüyünü qeyd edib: "Əks-hücum həqiqətən də Rusiya silahlı qüvvələrinin sıralarında belə çox güclü çaxnaşma yaratdı. Düşmən panikaya düşdü və bu, təkcə Donetsk istiqamətində deyil, Zaporojyedə də nəzərə çarpır". O qeyd edib ki, ruslar işğal etdikləri əraziləri aktiv şəkildə minalamağa başlayıblar.

Müsavat Başqanı Almaniyaya dəvət olundu

Aprelin 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiya başqanı Arif Hacılı ötən həftə Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirakı ilə bağlı məlumat verib. Tədbirdə başqanın müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəyli də iştirak ediblər. Beynəlxalq tədbirdə Rusiya silahlı qüvvələrinin Cənubi Qafqazdan çıxarılması barədə mövqe ifadə edilib. Arif Hacılı Almaniyanın hakimiyyət koalisiyasında təmsil olunan Azad Demokratlar Partiyasının (FDP) aprelin sonunda keçiriləcək qurultayına dəvət olunduğunu bildirib. Daha öncə Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdüyünü xatırladan başqan Müsavatın beynəlxalq əlaqələrinin getdikcə genişləndiyini vurğulayıb. Ukrayna ordusunun Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə gözlənilən əks hücumu, Türkiyədə keçirilən seçkilər və digər proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.

“İran Təbrizdəki konsulluğumuzu şərləyərək bağlamaq istəyir” - Şok iddia

“Son hadisələr sübut etdi ki, İran hakimiyyəti arzuolunmaz bir rejimə və İranı Azərbaycan üçün təhlükəli bir ölkəyə çevirib. Hərçənd İran əhalisinin böyük bir hissəsini Azərbaycan türkləri təşkil edir, amma soydaşlarımızın olduğu ölkə öz soydaşları üçün təhlükə mənbəyinə çevrilib. Bunu edən Tehran rejimidir. Bu, Tehran rejiminin regiona və Azərbaycana münasibətidir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib.  O, İranda anti-Azərbaycan təbliğatı aparan “Huseyniyyun” təşkilatının Azərbaycanın Təbrizdəki konsulluğunun önündə etiraz aksiyası keçirəcəyi ilə bağlı yayılan xəbərlərə, habelə İran hakimiyyətinin Azərbaycana qarşı dəyişməyən münasibətinə toxunub. S.Soltan söyləyib ki, İran hakimiyyəti regionda müxtəlif terrorçu və silahlı təşkilatlar qurub:  “Məsələn, Livanda “Hizbullah”ı qurub, Fələstində isə “İslami Cihad Hərkatı”nı maliyyələşdirir. Belə təşkilatlardan biri də Azərbaycan üçün qurulmuş “Huseyniyyun”dur. Bu təşkilatın da maliyyələşdiricisi İrandır və onun üzvlərinin də bir çoxu Azərbaycandan qaçmış və ölkəmizə xəyanət yolunu tutmuş şəxslərdir. Bunlar əvvəl də belə bir aksiya keçirmiş və elan etmişdilər ki, Azərbaycanın Təbrizdəki konsulluğu MOSSAD-ın casus mərkəzidir və bu diplomatik missiya bağlanmalıdır”.  Analitik xatırladıb ki, İranın “persona non-grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarından sonra Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.  Onun sözlərinə görə, nazirlər iki ölkə arasındakı problemləri müzakirə edib, o cümlədən İran tərəfi iqtisadi layihələrin davam etdirilməsini vurğulayıb: “Bu fonda İran tərəfinin Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında belə bir aksiya keçirmək niyyətində olması çox məntiqsiz davranışdır. Burada iki məna var: nazirlər arasındakı danışıqlar alınmayıb və tərəflər öz mövqelərindən geri çəkilməyib; yaxud İran tərəfi Azərbaycana təzyiqləri artırmaq üçün Təbrizdəki konsulluğu bağlamaq və ya Azərbaycan diplomatlarının ölkədən çıxarılması niyyətindədir. Çünki konsulluğun MOSSAD-ın casus yuvası elan edilməsi artıq İran rejiminin Azərbaycanın Təbrizdəki konsulluğuna münasibətinin göstəricisidir. Yəni İran hakimiyyəti Təbrizdəki konsulluğumuzu şərləyir və onu yaxın perspektivdə bu adla ölkədən çıxara bilər”.  “İkinci bir tərəfdən, hadisələr sübut etdi ki, İran hakimiyyəti ölkədə yerləşən diplomatik missiyaların, səfirliklərin və konsulluqların binasının qorunmasına məsuliyyətsiz yanaşır. Çünki Azərbaycan səfirliyinə hücumdan bir neçə il əvvəl Səudiyyə Ərəbistanının konsulluğuna hücum edib binanı yandırmışdılar. Bu ilin yanvarındakı terror hücumu isə bu məsələni bir daha təsdiqlədi.  Mövcud İran rejiminin səfirlik və konsulluqlara hücum etmək kimi bir “ənənə”si var. 1979-cu ilin noyabrında Tehrandakı ABŞ səfirliyinə hücum, eləcə də diplomatların 444 gün girov götürülüb saxlanılması, habelə Argentinadakı yəhudi məbədinə, o cümlədən Tanzaniyadakı səfirliyə hücum və s. Bunların sayını artırmaq olar. Bu, İran hakimiyyətinin diplomatik “təzyiq vasitəsi”dir”, - müsahibimiz əlavə edib.  O, hesab edir ki, Azərbaycanın İrana şərtlərindən biri ölkəmizin Tehrandakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, səfirliyə hücum edən şəxsin cəzalanması və Azərbaycan istintaq qrupunun araşdırmada iştirakının təmin etməsidir:  “Həmçinin, Azərbaycanın Təbrizdəki baş konsulluğunun təhlükəsizliyinə də təminat verməlidirlər. Hələ ki İran tərəfi bu barədə bizə hər hansı bir təminat verməyib. Çünki versəydi, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə açıqlama verərdi. İran hakimiyyətinin belə bir açıqlaması olmayıb. Bu da onu göstərir ki, Tehran rejimi bu məsələyə etinasız, sayğısız və məsuliyyətsiz yanaşmaqdadır”. 

Ukrayna Rusiyanın Mi-24 helikopterini məhv etdi

Ukrayna müdafiəçiləri Rusiyaya məxsus Mi-24 helikopterini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Mi-24 Ukraynanın Donbas bölgəsinin Avdeyevka ərazisində məhv edilib.

İran ritorikasından əl çəkmir: İstənilən dəyişiklik...

Qafqazda yaşanan gərginlik və münaqişələr heç bir ölkəyə sərf etmir, eyni zamanda İranın bu regionda istənilən coğrafi dəyişikliyə qarşı olduğunu göstərir. Sozcu.az xəbər verir ki, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib. “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür, - Şamxani bildirib.

"İran Ermənistanla hansı əməkdaşlığı qurubsa, biz də İsraillə eyni dostluq əlaqələrini yaradırıq"

"İran uzunmüddət və əbədi şəkildə bu regionda ağalıq edə biləcəyini hesab edirdi. Azərbaycanı hədələməklə qorxuzmağa çalışırdı, amma alınmadı. Azərbaycanın qətiyyətli və sərt mövqeyini gördü". Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.  Onun sözlərinə görə, İran hesab edirdi ki, bütün diqtə etdiyi məsələlərlə Azərbaycanı razılaşdıracaq, Azərbaycan isə bütün o tələbləri qəbul edəcək: "Ancaq İranın bu planı alınmadı, çünki Azərbaycan əvvəlcə yumşaq vasitələrdən istifadə etdi. Eyni zamanda, dövlətimiz sərt mövqe nümayiş etdirməyə qadir bir dövlət olduğunu göstərdi. Əgər kimsə hesab edir ki, islam dəyərlərinə sadiq Azərbaycan dövlətinə düşmən olan, məscidlərimizi məhv edən, müsəlman məscidlərində donuz saxlayan ölkələrlə dostluq etmək normal bir haldır, çox yanılır. Çünki biz belə hallara çox mənfi baxırq və bunu qəbul edə bilmərik.  Eyni zamanda, biz onu da görürük ki, İran Ermənistanla nəinki dostluq edir, hətta qarşılıqlı olaraq, Qafanda və Azərbaycanın qədim şəhəri Təbrizdə baş konsulluqlar açılır. Biz buna necə yanaşmalıyıq? Necə reaksiya verməliyik? Bizim təbii ki, öz suveren xarici siyasət prioritetlərimiz var və bu prioritetlərə İsraillə də münasibətləri normal səviyyədə saxlamaqdır. İran Ermənistanla hansı əməkdaşlıq münasibətləri qurubsa, biz də İsraillə eyni dostluq əlaqələrini yaradırıq. Biz artıq heç kəsdən bunu soruşmamalıyıq, xüsusilə İrandan. Bu, heç kəsi narahat etməməli və qıcıqlandırmamalıdır. Bu, heç də o demək deyil ki, hansısa bir dövlətə və xüsusilə İrana biz tərəfdən yönələn addımdır.  Bizim bundan sonrakı addımlarımız da ancaq öz maraqlarımız çərçivəsində atılacaq. Biz heç kəslə düşmənçilik, nə də münaqişə etmək fikrində deyilik. Düşünmürəm ki, İranla Azərbaycan arasında genişmiqyaslı münaqişə baş versin. Amma müəyyən toqquşmalar və mübahisələr ola bilər. Təbii ki, biz də ayıq-sayıq olmalıyıq!".

Azərbaycana 37 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Aprel ayının 9-da saat 02:20-də DSX-nin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb. Xatırladaq ki, bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb./Report

SON DƏQİQƏ: İtən hərbçilərimizdən 1-i Ermənistanda saxlanıldı

Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb. Bu barədə erməni mənbələri xəbər yayır.  Turkustan.az xəbər verir ki, əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.  Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  2 hərbçimizin iytikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.  Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür. 

Sentyabr döyüşləri: Neçə erməni meyiti təhvil verilib?

12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində meyiti tapılaraq təhvil verilən və azad edilən erməniəsilli şəxslərin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində həlak olmuş 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib: "Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçiləri olub".

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukrayna ordusunun əslən azərbaycanlı olan zabiti Elvin İlqar oğlu Novruzov müharibədə həlak olub. Sozcu.az xəbər verir ki, bu haqda “Hərbi Xəbərlər” Teleqram kanalı məlumat yayıb. 35 yaşlı Elvin Novruzov əslən Biləsuvar rayonundandır, Ukrayna vətəndaşıdır. Ailəli idi, bir övladı var.

"Vaqner" rəhbəri etiraf edib: “Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”

“Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”. Bunu Rusiyanın “Vaqner” muzldu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”. Y.Priqojinin sözlərinə görə, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz - düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”. Qeyd edək ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı. Ukrayna müdafiə naziri Oliksiy Reznikov isə söyləmişdi ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər. Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığını təsdiqləmiş və Kiyevi dəstəkləyəcəyini demişdi.

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub. Hadisə bu gün səhər saatlarında baş verib. Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb

“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib. O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”. Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər. Qeyd edək ki, altı aydan çoxdur, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə aldıqlarını deyirlər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.

İranda kütləvi etirazlar gözlənilir

İranda aprelin 10-na kütləvi etirazlar təyin edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilərin kimyəvi qazdan müəmmalı zəhərlənməsinə görə bu günə ümumxalq etirazlarına çağırışlar yayılmaqdadır.

"Solaxay olmağım işimə yaradı..."

Əziz dostlar! Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün - bazar ertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin on-line qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam! Fazil Mustafa, millət vəkili

Dünya okeanlarının temperaturu rekord həddə çatdı

İqlim üzrə çalışan alimlər peyk qeydləri başlayandan bəri qlobal okean səthinin temperaturu üzrə yeni rekorda imza atıblar. ABŞ hökumətinin məlumatlarına görə, səthin temperaturu indi 21,1 dərəcəyə çatır. Sozcu.az bizim.media-ya istinadən bildirir ki, bu barədə "The Guardian" yazıb. Məlumata görə, bundan əvvəlki rekord 2016-cı ildə qeydə alınıb. O vaxt səthin temperaturu 21 dərəcə olub. Alimlərin fikrincə, indi okeanların yuxarı qatlarında daha çox istilik toplanır. Bu, ilin sonunda Ekvatorial Sakit okeanda El Nino hadisəsinə gətirib çıxara bilər, ekstremal hava riski artır və qlobal temperatur rekordlarını daha da yüksəldə bilər. Bununla yanaşı, okeanın sularında istiliyin miqdarının artmasının tufan ehtimalını artırdığı qeyd edilir.

De Byazi istefaya göndəriləcəkmi? - Rəsmi açıqlama

Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir: "Baş məşqçinin də hesabatı dinləniləcək". AFFA rəsmisi qeyd edib ki, hazırda milli komandanın baş məşqçisi Canni de Byazinin istefaya göndərilməsi gündəmdə deyil. Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında "Avro-2024"ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə). 

General itkin düşən əsgərlərin ailələrinə deyib ki, bəlkə Mübariz İbrahimov kimi...

Naxçıvan Muxtar Respublikasında hərbi  xidmətdə olan   itkin düşən hərbçilərin kimliyi bəlli olub. Gununsesi.info-nun xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu, digəri isə Bəbirov Aqşin Qabil oğludur. Qeyd edək ki, Müdafiə Nazirliyinin  açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir. Saytın əldə etdiyi xəbərdə isə hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, hər iki şəxs sadə əsgər olsa da komandir onları post yoxlamaya göndərib. Bu göndərişdən sonra hər iki hərbçi yoxa çıxıb. Yoxa çıxan əsgərlərin valideynləri bildirir ki, vəzifə borcları olmadığı halda iki əsgərin post yoxlamaya getməsi faktı araşdırılmalıdır. Bundan başqa itkin düşən əsgərlərin valdeynləri  Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşsə də normal cavab ala bilməyib:  “Kərəm Mustafayev deyir ki,  bəlkə Mübariz İbrahimov kimi ermənilərin üstünə gediblər. Biz övladlarımızı ona əmanət etmişik. Elə bil ki, iki 18 yaşlı gənc itməyib. Soyuqqanlı şəkildə deyir ki, gedin, evinizdə oturun, bir xəbər olsa biləcəksiniz”.

İllərlə eyni rayona rəhbərlik edən icra başçıları - SİYAHI

Son günlər Azərbaycanda icra hakimiyyətlərinin ləğvi prosesi akuallaşıb. Müzakirələrə səbəb icra hakimiyyətlərinin sovetdən qalma bir qurum olması və qeyri-şəffaf fəaliyyət göstərməsidir. Xatırladaq ki, Prezident işğaldan azad olunmuş ərazilərə öz nümayəndəsini təyin edir. Bu halda isə icra hakimiyyətləri, icra başçıları öz səlahiyyətlərini itirmiş kimi olurlar. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin mövcudluğu saxlanılır, eləcə də illərdi eyni rayona başçılıq edən icra başçıları var. Faktmedia.az uzun müddət eyni rayonda vəzifə tutan icra başçılarını araşdırıb: Taleh Qaraşov – Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 11 ildir ki, Lənkərana başçılıq edir. Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başlayıb. Həmçinin adında mülklər, bahalı maşınların olması haqqında mətbuatda yazılar dərc olunur. Qəzənfər Ağayev – Dövlət başçısının 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Hələ ki, sakitcə öz otağına çəkilən bu icra başçısı haqqında ciddi “söhbətlər” dərc olunmayıb. 11 il müddətində rayona rəhbərlik edir. Süleyman Mikayılov - Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Adı qalmaqallardan ayazımayan icra başçılarından biridir. 13 ildir ki, Qaradağın icra başçısıdır. Mətbuatın yazdığına görə, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir.  Zakir Fərəcov - Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ildən artıqdır ki, Azərbaycanın ikinci ən böyük şəhərində başçıdır. Zakir Fərəcov işlədiyi illərdə adı qalmaqalsız ötüşməyib. Zaman-zaman haqqında mətbuatda faktlar dərc olunur. Ayaz Əskərov - Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayonda heç bir failiyyət göstərməməsi, vətəndaşları qəbul etməməsi, problemlərini dinləməməsi ilə bağlı məlumatlar yer alır. 7 ildən artıqdır ki, kiçik bir rayona rəhbərlik edir. Sevindik Hətəmov - 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 7 ildir Salyanda icra başçısı vəzifəsini tutur. Yardımlı rayonuna başçılıq edən zaman onun müavini Mahir Mirzəyevlə yola getməməsi haqqında danışılırdı. Bildirilirdi ki, “oliqarxlıq” edən müavini Mahir Mirzəyev bütün səlahiyyətləri özü icra edirmiş.  Ziyəddin Əliyev -  Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O da 6 ildir ki, Qubaya başçılıq edir.

“Ata bala ilə düşməndir, bala ana ilə düşməndir“ - Aktrisa

“Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb". Sozcu.az xəbər verir ki, bunu "Instagram"da aktrisa Xuraman Əlizadə bildirib. Videoda ağlayaraq o bildirib: “Biz kimik ki?! Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək, heyif.  Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir. Bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala ana ilə düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Bircə bilirik ki, sonumuz buradır”. 

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq

“Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq”.  Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.  O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər olub.  "Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər neft və qaz ixracına əsaslanır. Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq”, - deyə səfir əlavə edib. 

Xırdalanda parkdan oturacaq və idman aləti oğurlandı

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman aləti oğurlanıb.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Hadisə barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.