Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerləşdiyi inzibati bina üçün aylıq icarə haqqı açıqlanıb.
Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentliyin icarələdiyi ofisin sahəsi 2000 kvadrat metrdir.
Nazirlik inzibati binanın sahibi, icarədar Emil Orucovla 320 067 manatlıq müqavilə bağlayıb. Müqavilənin müddəti 1 ildir.
Beləliklə, agentliyin ofis üçün aylıq icarə haqqı, təxminən, 26 670 manat müəyyənləşib.
Xatırladaq ki, daha əvvəl açıqlanan məlumata görə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin isə yerləşdiyi inzibati binanın aylıq icarə haqqı bir ay üçün 63 800 manatdır. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yerləşdiyi inzibati binanın icarə haqqı isə aylıq 48 707,1 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu üç qurum üçün hər ay 140 000 manat icarə haqqı ödəyəcək.