Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu - MEHMET ALTUNBAY

Məhəmməd Altunbay            O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializmin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu.  Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi və İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperalizmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı. Hərfləri öyrənməyə başladığım zaman böyüklərin Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyası tərəfindən ölkəmizin işğal edilmək istəndiyi söhbətləri hələ də qulaqlarımda eşidilir. “Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Uşaqlar anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac, susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi. Dağlarda bir həftə ac, susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlidikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün deyildi. Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm. Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər, bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb və gözümüzün qabağında güllələdilər. Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardıyca aclıq və xəstəlik yayılmağa başladı. O sırada, kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik. Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözü yaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi.                                                               1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər. Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi. Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zaman təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi?! Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm, kommunist və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi... Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və  milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm.  1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zamanda köhnə Çarlığı yenidən diriltməyə çalışan                                                          Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi... Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qaşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi. Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi.  Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq, 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu Azərbaycan türklərinin 100 ildi axan göz yaşının quruduğu gün idi. Bu Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi.  Bu 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi. Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlərdi. Azərbaycanın şanlı tarixi  və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər. 28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa bir zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi həm də iqtisadi yardımını əskik etmirdi. Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı və Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmamışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisi də,  şəhərlisi də, cavan və qocasında da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu.  Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım. Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi:  millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərini sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq, millətləri aldatmaq məqsədi güdürdülər. Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar.  Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi. Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik. Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı. Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımı ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanların, artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər. Əlavə olaraq onu da demək istəyirəm: kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmış, kommunizmə qarşı baş qaldıracaq üsyanalara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist cəsuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi. İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarların aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi. Bundan əlavə olaraq, kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı. Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi. Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil. Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir.                                                    Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərləri kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq, milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır. Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Və buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir. Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar. Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks təbliğatlar aparmalıyıq. Mənbə: Rus İşğalının mahiyyəti ( xatirələr ) Türkcəmizə uyğunlaşdıranlar: Nigar Musazadə & Dilarə Begili

Mansur Yavaş əlinin öpülməsinə icazə vermədi

Ankara bələdiyyə başqanı Mansur Yavaş yenidən gündəmə gəlib.  Sozcu.az “TRT Haber”ə istinadla xəbər verir ki, həyat yoldaşı Nurşen Yavaş ilə birlikdə Malatya Ticarət və Sənaye Palatasının (MTSO) üzvləri ilə görüşən M.Yavaşın balaca qızcığazla söhbəti sosial şəbəkələrin Türkiyə seqmentində viral olub.  Görüş əsnasında gənc qızla söhbət edən Ankara  bələdiyyə başqanı  uşağın onun əlini öpməsini istəməsinə etiraz edib. Həyat yoldaşının sözlərinə görə, buna səbəb bələdiyyə başqanında yaşlılıq sindromunun olmasıdır. “Əlini öpdürməyi sevmir, belə olanda özünü yaşlı hiss edir”, - N.Yavaş söyləyib. 

Ölkəmizdə repetitor fəaliyyəti ləğv edilir? – Rəsmi

Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz: "Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni, repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək".

İrəvan hərbçilərimizi dərhal azad etməlidir! - Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məktəb direktorları niyə işdən çıxarılır? – Nazir açıqladı

Qanunvericiliyə əsasən hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə insanların şikayəti və hüquq anlayışı əsasdır: "Yəni, insanlar bir-birindən narazı olduğundan müxtəlif iddialar ola bilər. Misal olaraq, həyatda bəzi hallar baş verir, lakin müəyyən edilməsi mümkün olmur. Belə hallar da olur. İkinci məsələ isə direktorların seçimini bacardığımız qədər şəffaf şəkildə icra edirik. Şəffaf yolla seçilən məktəb rəhbərinin mütləq şəkildə nöqsanı olmayan anlayışı da ola bilməz. Yaxud da nəyisə qəsdən etməyəcək deyə bir şey də yoxdur. Edəcəksə təbii ki, işdən azad olunacaq. Direktorun işdən azad edilməsi üçün də zəruri şərtlər var. Kimsə şikayət edəndə dərhal direktoru da işdən çıxara bilmərik. Çünki həmin şəxsin də əmək hüquqları var. Əmək qanunvericiliyi çərçivəsində işdən azad olunması mümkündür. Əks halda direktor öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib işə bərpa oluna bilər. Yəni, prosedur düzgün olmasa həmin şəxslər geri qayıda bilirlər. Bu mənada qaydalara əməl etmək vacibdir".

DSX əsgərinə narkotik gətirən yaxın qohumu saxlanıldı

Aprelin 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb. DSX-dən Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib. Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Problemli kreditlərin həcmi açıqlandı

2023-cü il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, milli valyuta ekvivalentində 20259,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) Sozcu.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 16656,3 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,1 faizi banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,4 faiz azalaraq 583,8 milyon manat olub və ümumi kredit portfelinin 2,9 faizini təşkil edib.

Azərbaycanda hərbçi qəzaya düşdü

Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək. Report-un xəbərinə görə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir. Onun hərbçi olduğu bildirilir.

Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib

Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib. Sozcu.az-ın verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, terrorla mübarizə qətiyyətlə davam edir. “Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, - o deyib.apa

Videosu ilə təhdid olunan qadın intihara cəhd etdi

Aprelin 14-də Abşeron rayonu Xırdalan şəhərində intihara cəhd hadisəsi baş verib. Sozcu.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü İ.Mahmudova (şərti) saat 19 radələrində yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd edib. Xəstəxanaya çatdırılan 42 yaşlı qadına tibbi yardım göstərilib və o, evə buraxılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Mahmudova intim görüntüləri yayıldığı üçün intihara cəhd edib. O, videosunu çəkərək yayan şəxslə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, bu ilin yanvar ayında Qaradağ rayonu ərazisindəki evdə təmizlik işləri aparan zaman həmin evin sahibi olan Nurlan (şərti) adlı şəxsin təcavüzünə məruz qalıb. O, həmin şəxsin onu soyunduraraq videoya çəkdiyini və hədə-qorxu gələrək 410 manat pulunu almasını qeyd edib. Şikayətçi qadın həmçinin bildirib ki, Nurlan onun çılpaq görüntülərini daha sonra iş yoldaşına göndərərək videonu yayıb. Baş vermiş hadisə və polisə şikayətlə bağlı araşdırmalara başlanılıb.

Gələn aydan quru sərhədlər açılır? - Deputatdan AÇIQLAMA

“Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı”. Bu sözləri millət vəkili Vüqar Bayramov özünün “Facebook” profilində qeyd edib. O bildirib ki, əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilərlər: “Bu baxımdan təklif edirik ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji  vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”. Millət vəkilinin sözlərinə görə, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur: “Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70%-i Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir”. “2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”, - deyə V.Bayramov əlavə edib.

Bu məktəbin direktoru olmaq üçün 67 nəfər imtahan verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. İdarədən Modern.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Emin Hüseynov: “Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları artıq hazırdır”

“Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin Baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. E.Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işi yekunlaşıb

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədi ilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs: - Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov; - Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov; - Abşeron rayonunun Saray, Şəki rayonunun Qoxmuq, Qazax rayonunun Daş Salahlı, Salyan rayonunun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov; - Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov; - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Azərbaycana dərman idxalı 17%-dən çox artıb

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63,25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% və ya 28 milyon 693 min dollar çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycana 163 milyon 369,57 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4,77%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,58%-nə bərabər olub. Xatırladaq ki, Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991,42 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 32,7 dəfə çoxdur. 2022-ci ilin yanvar-mart aylarında ölkədən 366,38 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edilib.

Bakıda külək güclənəcək, bəzi rayonlarda duman olacaq - HAVA PROQNOZU

Azərbaycan ərazisində aprelin 18-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

"Başqalarının uşağına irad bildirmək düzgün deyil" - Psixoloq

Tanınmış rusiyalı psixoloq İqor Meinhardt başqalarının uşaqlarına irad bildirməyin düzgün olmadığını deyib.  Sozcu.az lent.az-a istinadən bildirir ki, psixoloq bu barədə müsahibəsi zamanı deyib.  Onun sözlərinə görə, valideynlər təhlükəli olmayan hallarda uşaqların təkbaşına hərəkət etməsinə şərait yaratmalıdırlar.  Psixoloq bildirib ki, tanımadığınız birinin uşağının hərəkətlərindən narahat ola bilərsiniz, ancaq bu sizin ona acıqlanmağınıza və ya söz deməyinizə imkan vermir.  "Oğlunuzu və ya qızınızı qorumaq  istəyi başa düşüləndir. Amma ən azı bir neçə müddətlik fasilə verməlisiniz. Məsələn, uşağınız onları incidən sözlərə necə reaksiya verir? Əgər bunlara çox fikir vermirsə, ona qarışmağa ehtiyac yoxdur. Uşaq tədricən başqaları ilə ünsiyyət qurmağı öyrənməlidir və bu "başqalarının" hamısı mehriban və sakit olacağı mənasını vermir. Uşaqlarınız həmin yeni tanışlarla problem də yaşaya bilər, sözləri tutmaya bilər. Siz çalışın belə məsələlərdə qarışmayın. Onlar onsuzda aralarında məsələni həll edəcək".  Psixoloqun sözlərinə görə, əgər qarşı tərəfdəki uşaqla problem həll olunmursa, bu zaman onun valideyni ilə danışmaq daha məqsədə uyğundur. Qətiyyən uşağa irad bildirməkdən çəkinmək lazımdır. Bu onların qüruruna çox pis təsir edir və onlarda aqresiya yaradır. Buna görə çalışıb uşaqların valideynləri ilə əlaqə saxlamaq məsləhətdir. 

İmsak vaxtı bu kompotu için

İmsak vaxtı zəncəfil kompotu içmək orqanizm üçün çox faydalıdır.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, zəncəfil kompotu orqanizm üçün faydalı olan vitaminlərlə zəngindir.  Zəncəfil kompotu həmçinin bədəndəki əlavə yağları əridərək arıqlamağa kömək edir.  Zəncəfil kompotunu hazırlamaq üçün lazım olan məhsullar: 5 dilim zəncəfil 2 xörək qaşığı kişmiş 1 litr su 1 alma 1 çubuq darçın

Laporta Messinin "Barselona"ya qayıdacağını açıqladı

"Barselona"nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya klubuna qayıdacağını bildirib. Sozcu.az xəbər verir ki, klub rəhbəri La Liqanın 29-cu turunun “Hetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri "Barselona"nın prezidentinə Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal cavab verib: "Bəli". Funksionerin fanatlarla ünsiyyətini əks etdirən video Cadena Ser Carrusel Deportivo-nun sosial şəbəkələrində yayımlanıb. Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Kremldə hamı şokdadır - Qalyamov

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən sonra Putin və ətrafı depressiyaya düşüb. Sozcu.az “Radio NV”yə istinadla xəbər verir ki, bunu politoloq, publisist Abbas Qalyamov deyib. O bildirib: “Hamı şoka düşüb. Həbs qərarı Putinin ətrafında çox güclü və çox mənfi təəssürat yaratdı. Ağlı olanlar hələ müharibənin əvvəlində başa düşürdülər ki, bundan uzaq durmaq, birtəhər qarşısını almaq lazımdır”. Qalyamovun fikrincə, Rusiya rəhbərinin əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, onun cinayətlərinə şərik olacaq və liderlə birlikdə məhkəmə qarşısına çıxacaqlar. Buna görə də Kremldə dəhşətli depressiya başlayıb: “İndi onlar çaşqındır və nə edəcəklərini bilmirlər. Onların sağ qalma strategiyası yoxdur”.

“Erməniləri diz çökdürüb sülhə məcbur etməliyik, qalanı boş söhbətlərdir”

“Bu gün hamımız sülhdən danışırıq. Amma belə bir dövlətlə, millətlə və cəmiyyətlə sülhdən danışmaq heç məqsədəuyğun deyil və məncə, yersizdir. Ermənilər bütün hərəkətləri, çıxışları və bəyanatları ilə düşmənçilik mövqeyindən əl çəkmirlərsə, ərazi iddiası edirlərsə, bunlarla hansı sülhdən danışmaq olar?!”  Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. O, ermənilərin 2 hərbçimizi əsir götürüb onlara işgəncə verməsi ilə yanaşı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasından sonra iki ölkə arasındakı sülh danışıqlarının yekun motivlərinə toxunub.  “Yəhudiləri bir məsəli var: “düşmənlə sülhdən danışmaq onda məqsədəuyğun hesab olunur ki, artıq düşmən yoxdur”. Yəni nə qədər ki bunlar var, bunlarla sülhdən danışmağın mənası yoxdur. Yalnız bunları sülhə məcburetmədən söhbət gedə bilər. Biz öz fəaliyyətimizlə bunları sülhə məcbur etməliyik. Elə belə, xoşa-xoşluqla ermənilərlə sülhdən danışmaq məsələsi yersizdir. Biz nə qədər sülhdən danışıb, humanistlik göstəririksə, bunlar əks cavablarını verirlər”. “Yadınızdadırsa, yaralı erməni əsgərinə hərbçilərimiz tibbi yardım göstərirdilər. Ona qarşı necə insani münasibət bəslənilirdi. Amma ermənilər tərəfindən əsir götürülən 2 əsgərimizin başına açılan oyunları, onlara verilən işgəncələrə baxın! Bizim insani hərəkətlərimizə qarşı ermənilərin vəhşiliklə cavab verməsi onu göstərir ki, bu millətlə barışıqdan danışmaq mənasız bir şeydir. Biz onları qarşımızda diz çökdürüb sülhə məcbur etməliyik. Onlar məcburən tabe olub sülhə gəlməlidirlər. Başqa yolu yoxdur”, - yekunlaşdırıb.

Azərbaycanda nikahların sayı azalıb, boşanma artıb - Rəsmi

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Sozcu.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub. 2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Əməliyyat olunan Səidə Dadaşovanın vəziyyəti açıqlandı

Müğənni Səidə Dadaşova anidən vəziyyəti pisləşdiyi üçün əməliyyat olunub. Sənətçinin hazırkı səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.media-nın əməkdaşı müğənninin həyat yoldaşı Məhəmməd bəylə əlaqə saxlayıb. O, S.Dadaşovanın vəziyyətini belə şərh edib: “Səidə xanım dörd saat davam edən ağır əməliyyat keçirdi, ötən gün xəstəxanadan evə buraxıldı. Hazırda özünü yaxşı hiss edir”.  Qeyd edək ki, S.Dadaşova ginekoloji əməliyyat keçirib.

Əsədin əmisi oğlu öldürüldü

Prezident Bəşər Əsədin əmisi oğlu, Suriyada ələvilərin yaşadığı Kardaha kəndinin (Suriyanın şimal-qərbində, Latakiya yaxınlığında) təhlükəsizliyinə cavabdeh olan Arua Diba atışmada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. Məlumata görə, o, narkotik alveri ilə məşğul olub və cinayətkarlarla münahisə zamanı güllələnib.