O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializmin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu. Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi və İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperalizmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı.
Hərfləri öyrənməyə başladığım zaman böyüklərin Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyası tərəfindən ölkəmizin işğal edilmək istəndiyi söhbətləri hələ də qulaqlarımda eşidilir.
“Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Uşaqlar anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac, susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi.
Dağlarda bir həftə ac, susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlidikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün deyildi.
Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm.
Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər, bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb və gözümüzün qabağında güllələdilər.
Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardıyca aclıq və xəstəlik yayılmağa başladı. O sırada, kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik.
Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözü yaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi.
1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər.
Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi.
Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zaman təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi?! Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm, kommunist və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi...
Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm.
1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zamanda köhnə Çarlığı yenidən diriltməyə çalışan
Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi...
Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qaşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi.
Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi. Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq, 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu Azərbaycan türklərinin 100 ildi axan göz yaşının quruduğu gün idi. Bu Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi. Bu 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi.
Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlərdi. Azərbaycanın şanlı tarixi və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər.
28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa bir zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi həm də iqtisadi yardımını əskik etmirdi.
Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı və Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmamışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisi də, şəhərlisi də, cavan və qocasında da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu.
Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım.
Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi: millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərini sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq, millətləri aldatmaq məqsədi güdürdülər.
Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar.
Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi.
Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik.
Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı.
Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımı ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanların, artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər.
Əlavə olaraq onu da demək istəyirəm: kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmış, kommunizmə qarşı baş qaldıracaq üsyanalara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist cəsuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi.
İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarların aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi.
Bundan əlavə olaraq, kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı.
Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi.
Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil.
Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir.
Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərləri kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq, milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır.
Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Və buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir.
Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar.
Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks təbliğatlar aparmalıyıq.
Mənbə: Rus İşğalının mahiyyəti ( xatirələr )
Türkcəmizə uyğunlaşdıranlar:
Nigar Musazadə & Dilarə Begili