Məhəmməd Altunbay
O
dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı
mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu
zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr
yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu
vaxt onun 6 yaşı var idi. Və kommunist imperializmin zülmləri yaddaşına
yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış
və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir
olmuşdu. Onun qəlbi kommunist
imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən
uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi.
1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan
qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin
Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi və İrana məcburi eniş edildi. Məhəmməd
Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə
qovuşa bildi. Ancaq “qırmızı” imperalizmə qarşı olan kini də özü ilə bərabərində
aparmışdı.
Hərfləri öyrənməyə başladığım zaman böyüklərin
Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya
yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər.
Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam
xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyası tərəfindən ölkəmizin
işğal edilmək istəndiyi söhbətləri hələ də qulaqlarımda eşidilir.
“Leninin əsgərləri gəlir” sözləri eşidilməyə
başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq.
Uşaqlar anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə
dağlarda ac, susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist
Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri
yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi.
Dağlarda bir həftə ac, susuz qaldıqdan sonra şəhərə
qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri
ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlidikcə cəsədlərin sayı artırdı. Və elə
bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün deyildi.
Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri
üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm!
Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə
türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu
bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm.
Şəhərin türk kişilərinin cəsədləri ilə dolu
olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər, bizi bir zirzəmiyə
saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim.
Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın
yanına düzüb və gözümüzün qabağında güllələdilər.
Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər
şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz
və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardıyca aclıq və xəstəlik
yayılmağa başladı. O sırada, kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr
atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik.
Kommunist rejimi deyiləndə yadımda bu zülmlər
və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən
bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan
qadınları gözü yaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə
və cinayətlərinə dözmək demək idi.
1929-cu ilin oktyabr ayında Azərbaycan
türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman
mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini
gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də
yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı
Ordunun tankları altında can verdilər.
Kommunist imperializmin zülmlərinə dözdüyümüz
kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük.
Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb
atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə
olan bu kini belə aşkarlaya bilirdi.
Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə
kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zaman təyyarənin
yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox
idi?! Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə
kommunizm, kommunist və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə
idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim
deyildi...
Bir az da Azərbaycan Cümhuriyyətinin
quruluşundan əvvəlki zamanı və milli
hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm.
1914-cü il dünya müharibəsinin sonunda Rusiya
Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş
ümidi yaranmışdı. Ancaq o zamanda köhnə Çarlığı yenidən diriltməyə çalışan
Denikin ordusu ilə birlikdə Moskva silahları
ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə
başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə
üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar
qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi...
Nuru və Mürsəl paşanın komandanlığı altında
olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı.
Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli
insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi.
Ölkənin hər yerində türkiyəli qardaşlarını qaşılamaq üçün şənliklər qurulurdu.
Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi.
Böyük vətənpərvər və qəhrəman olan 2 türk
komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri
azəri türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı
savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi. Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində
Azərbaycan əsarətdən xilas olaraq, 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti
olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün
idi. Bu Azərbaycan türklərinin 100 ildi axan göz yaşının quruduğu gün idi. Bu
Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu üçrəngli və ay-ulduzlu
Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi. Bu 5 min Anadolu igidinin Azərbaycanın
istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi.
Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və
müqqədəs günlərdi. Azərbaycanın şanlı tarixi
və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər
savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu
qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər.
28 May 1918-ci ildə qurulan Azərbaycan
Cümhuriyyəti qısa bir zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir
dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan
Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm
maddi həm də iqtisadi yardımını əskik etmirdi.
Öz torpağımızda öz millətimizə dayanaraq milli
hökumətimizi qurmuşduq. Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi
bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı və Sibir sürgünləri,
nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmamışdı. Azərbaycan
xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi.
Həmin vaxt ölkənin kəndlisi də, şəhərlisi
də, cavan və qocasında da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək
və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu.
Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il
keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal
etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım.
Beləliklə, Azərbaycan türkləri olaraq biz həm
Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki,
kommunistlərin iddiası belə idi: millətlərin
daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər
davamlı olaraq özlərini sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat
aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə
əhəmiyyət verən insanlar olaraq tanıdaraq, millətləri aldatmaq məqsədi güdürdülər.
Həqiqətdə isə kommunistlər qədər dostluğa,
sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi.
Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın
rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq
tanıdır və bu işdə uğur da qazanırdılar.
Bəli, kommunistlərin təlqin və yalanlarına
inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və
yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin
içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə
xidmət edirdi.
Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz
Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı
idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində
idik.
Fikrimcə, dünyanın hürr məmləkətlərində
kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir.
Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı.
Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə
I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar
hökumətin dəstək və yardımı ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər.
Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanların, artıq kommunizmlə
mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını
dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər.
Əlavə olaraq onu da demək istəyirəm: kommunist
rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə
uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ
biləcək bütün üsyanlar əvvəlcədən hesablanmış, kommunizmə qarşı baş qaldıracaq
üsyanalara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə
göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə
davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar
arasına belə yerləşdirilən kommunist cəsuslar rejim əleyhinə danışılan ən kiçik
sözü belə xəbər verirdi.
İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə
belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarların
aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində
ayaqda qalmaqda idi.
Bundan əlavə olaraq, kommunist rejim dünya ilə
bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək
ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı.
Bu yolla kommunist rejimdə yaşayan insanlar
zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək
imkanından məhrum edilirdi.
Görünən odur ki, kommunist sistemə keçdikdən
sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda
kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə
hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik
etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil.
Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə
məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ
və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli
duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir.
Kommunizmin nə olduğunu və kommunist rejimin
hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərləri
kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki
kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm
silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna
qarşılıq olaraq, milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi
aparılmalıdır.
Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi
oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət
sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar
hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti
qorumalı olduqlarını da anlamırlar. Və buna görə də onlara davamlı olaraq xəbərdarlıq
edilməlidir.
Kommunizmlə aparılan fikir mübarizəsində üstün
durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil.
Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr
edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə
aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o
an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail
olacaqlar.
Azərbaycan türkləri kommunizmə qarşı üsyan
qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu
qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi.
Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək
əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş
çıxarmaq üçün davamlı olaraq əks təbliğatlar aparmalıyıq.
Mənbə: Rus İşğalının mahiyyəti ( xatirələr )
Türkcəmizə uyğunlaşdıranlar:
Nigar Musazadə & Dilarə Begili